Əzizə Mustafazadə — Vikipediya

Əzizə Mustafazadə
Əzizə Vaqif qızı Mustafazadə
Bakı Beynəlxalq Caz Festivalı – 2007
Bakı Beynəlxalq Caz Festivalı – 2007
Ümumi məlumatlar
Digər adı Aziza Mustafa Zadeh
Ləqəbləri The Princess of Jazz
Die Prinzessin des Jazz
Jazziza
Doğum tarixi 19 dekabr 1969(1969-12-19) (54 yaş)
Doğum yeri
Atası Vaqif Mustafazadə
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu, müğənni, cazmen
Fəaliyyət illəri 1991-ci ildən
Janr caz
Musiqi alətləri piano
Albom şirkətləri Columbia Records
Sony Corporation
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018
azizamustafazadeh.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əzizə Vaqif qızı Mustafazadə (19 dekabr 1969, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır.

Əzizənin atası Vaqif, anası isə Eliza Mustafazadədir. Vaqif, Əzizənin də bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir.

Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə, anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir: "Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç. Rastı çal'. O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs elər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, 'Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!' Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam."

Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərirdi, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxmışdır. Sonralar o bədahət-improvizasiya sənətində artan bir bacarıq nümayiş etdirmişdir. Klassik piano təhsilinə kiçik yaşlarında başlamış, İohann Sebastyan BaxFrederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərmişdir.

Dekabrın 16-sı 1979-cu ildə, Əzizənin 10-cu yaşının tamam olmasına 3 gün qalmış atası 39 yaşında, Daşkənddə ürək tutmasından vəfat edir.

Atasını çox sevən Əzizənin bu böyük itkini qarşılaya bilməsi üçün anası öz müğənnilik karyerasını buraxır və qızının yüksək istedadının inkişafına da köməkçi olur.

17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür.

Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu Always albomu ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə Contrasts II albomunu çıxartışdır. Uzun fasilədən sonra 1 iyul 2020-ci ildə Generations albomunu təqdim etmişdir.

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[1]

Əzizə Mustafazadə, anası Eliza Mustafazadə ilə birlikdə Almaniyada yaşayır.[2]

2022-ci ilin oktyabrında 14 ildən sonra ilk dəfə Azərbaycanın paytaxtında çıxış etdi. Konsert Bakı Konqres Mərkəzində keçirilib.[3]

Bakı Caz Festivalı 2007

[redaktə | vikimətni redaktə et]

Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıtmışdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert vermişdir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirmişdir. Həmin konsertdə 'Shamans'-ın çox möhtəşəm bir ifasını nümayiş etdirmişdir.

  • Əzizənin 5-ci albomunun adı, Jazziza(Cazziza), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri vardır.
  • Əzizənin ondan böyük Lalə adında, eyni zamanda pianoçu olan ögey bacısı vardır.
  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  2. Vüqar İsmayılov. "Dünyaca məşhur azərbaycanlı xanımlar" (az.). modern.az. 14.02.2015. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-17.
  3. ""Королева джаза" выступила с концертом в Баку – видео" (rus). az.sputniknews.ru. İstifadə tarixi: 2022-11-09.[ölü keçid]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]