Azərbaycan musiqisi — Vikipediya

Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Azərbaycan musiqisi (az.-əski. آذربایجان موسیقی‌سی‎) — Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.

Azərbaycan klassik musiqisi — klassik musiqinin qollarından biri. XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı.[1]

Azərbaycan operası

[redaktə | vikimətni redaktə et]
˝Leyli və Məcnun˝ muğam operası

Azərbaycan operası — operanın qollarından biri. 1908-ci il yanvar ayının 12-də ilk milli Azərbaycan operası – Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşası, 1913-cü il oktyabrın 25-də isə ilk milli musiqili komediya "Arşın mal alan" operettasının premyerası oldu.[2][3][4][5]

Azərbaycan baleti

[redaktə | vikimətni redaktə et]

Azərbaycan baletibaletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub.

Azərbaycan xalq musiqisi — Azərbaycan və onun AvropaAsiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur.[6]

Azərbaycan musiqi alətləri

[redaktə | vikimətni redaktə et]

Azərbaycan musiqi alətləri — Azərbaycanda, ilk növbədə xalq çalğı alətləri ansamblında istifadə edilən musiqi alətləri.

Azərbaycan aşıq sənəti

[redaktə | vikimətni redaktə et]

Aşıq musiqisi — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir.[7] Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir.[7] Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.[7]

Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır.[7] Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii әһəmiyyət kəsb etmişdir.[7] 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Meyxana (fars. فیثک یاج‎) — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxananın özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir.

Sadıqcanın ansamblı

Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı.[8] Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.

Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir.[9] Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır.[9] Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir.[9] Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir.[9] Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir.[9] Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.[9]

Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir.[9] Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.[9] Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir.[9] 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Populyar musiqi

[redaktə | vikimətni redaktə et]

Azərbaycan pop musiqisiAzərbaycanda yaranan pop musiqisinin növü. Azərbaycan pop musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. Müasir Azərbaycan pop musiqisi ənənəvi Azərbaycan xalq musiqisindən öz köklərini götürür.

2010-cu illərdə qloballaşmanın təsiri nəticəsində elektropop, dans-pop, sinti popelektrohop, 1980-ci illərində başlayan rəqs, elektronika və pop musiqisinin digər formaları ilə yanaşı Azərbaycan pop musiqisinə təsir etmişdir. 2011-ci ildə Eldar QasımovNigar Camal duetinin ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya tarixinə düşdü.

Azərbaycan cazı

[redaktə | vikimətni redaktə et]

Azərbaycan cazıcaz musiqisinin qollarından biri. 1960-cı illərdə Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış və bu janrı "caz-muğam" adlandırmşdır. 2000-ci illərdə Bakı Beynəlxalq Caz FestivalıQəbələ Musiqi Festivalı kimi caz festivalları Azərbaycanda cazın inkişafında müsbət dönüş yaratdı.

Azərbaycan roku

[redaktə | vikimətni redaktə et]

Azərbaycan roku — rok musiqisinin qollarından biri. Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. 1970-ci illərdə "Üç alov" qrupu ilə Azərbaycanda rok-musiqisinin yaranmasında ən əsas rolu peşəkar qruplarla rəqabət aparan iki qrup — "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb.

Azərbaycan hip-hopu

[redaktə | vikimətni redaktə et]

Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır.

Elektronik rəqs musiqisi

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda, xüsusi ilə Bakı regionunda bir çox musiqili gecə klubları fəaliyyət göstərir.[10] Alternativ musiqi səhnəsi, əsasən Bakının inkişaf edən yeraltı klubu səhnəsindən gəlir.[11]

Azərbaycan hərbi musiqisi

[redaktə | vikimətni redaktə et]

Azərbaycan hərbi musiqisi — Azərbaycanda yaranan hərbi musiqinin növü. Azərbaycan hərbi musiqisi əsasən hərbi mahnılar və marşlardan ibarətdir.

Azərbaycan dini musiqisi

[redaktə | vikimətni redaktə et]

Azərbaycan dini musiqisi — Azərbaycanda yaranan dini musiqinin növü. Azərbaycan bəstəkarlarının yaradıcılığında həm Qərbdə yaranmış, əsasən Xristianlıqla bağlı dua mətnlərindən (məsələn, "Ave Maria") və janrlardan (rekviyem, misteriya və s.) istifadə olunması, həmçinin, Şərqdə yayılmış qədim dinlərin – Zərdüştiliklə bağlı mövzuların, təriqətlərin (Dərvişlik, Sufilik, Mövləvilik), İslam dininə xas olan dini oxuma və janrların (dua mətnləri, mərsiyə, qəsidə, şəbeh və s.) istifadə olunması nəticəsində bəstəkarların özünəməxsus musiqi üslubu formalaşmışdır.[12] Dini musiqinin bəstəkar yaradıcılığına sirayət etməsi, demək olar ki, bütün sahələrdə — musiqili teatr, vokal-instrumental, xor, simfonik və kamera instrumental musiqi sahələrində özünü müxtəllif cəhətlərdən göstərir.[12]

  1. "MUSİQİ SƏNƏTİNİN İNKİŞAFI TARIXI". www.azerbaijan.az. www.azerbaijan.az. 9 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
  2. Qarabağlı S. Şərqin 95 yaşlı ilk operası ["Leyli və Məcnun"]. "Musiqi Dünyası", № 1–2, 2003, s.58–61.
  3. Tamaşaçı. Məcnun obrazının traktovkası haqqında. "Ədəbiyyat qəzeti". № 15, 1939, 17 aprel, s.14.
  4. Qubad. Sönməyən şöhrət: ("Leyli və Məcnun" operasının tamaşaya qoyulmasının 60 illiyi münasibətilə). 1968.
  5. Ələsgərov S. Layiqli töhfə: (Ü. Hacıbəyovun musiqi əsərləri küliyyatının ilk nəşrinin I cildi. "Leyli və Məcnun" operasının partiturası). "Kommunist", № 284, 1983. 11 dekabr, s.4.
  6. "Milli musiqi tariximiz". www.ensonxeber.com. www.ensonxeber.com. 4 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 January 2016.
  7. 1 2 3 4 5 "Aşıq musiqisi". uzeyirbook.musigi-dunya.az. uzeyirbook.musigi-dunya.az. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2016.
  8. "Muğam - Muğam ensiklopediyası". mugam.musigi-dunya.az. mugam.musigi-dunya.az. 19 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2016.
  9. 1 2 3 4 5 6 7 8 9 Əhməd, Vüqar. Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr (PDF). Bakı. 2010. 28 October 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 January 2016.
  10. "Битва "электроников"". echo.az. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  11. Huseynova, Aida. Music of Azerbaijan: From Mugham to Opera. Indiana University Press. 2016. səh. 195. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2016.
  12. 1 2 Kərimova, Rövşanə. "DİNİ MUSİQİ VƏ BƏSTƏKAR YARADICILIĞININ QARŞILIQLI TƏSİRİNİN TƏDQİQİ MƏSƏLƏLƏRİ" (PDF). www.rastmd.com. www.rastmd.com. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyul 2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]