Azərbaycanda din — Vikipediya

Azərbaycanda din[1][2]
İslam
  
93.4%
Xristianlıq
  
3.1%
Dinsizlik
  
3%
Digər
  
0.5%

Azərbaycanda dinAzərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. 2023-cü ilin statiskalarına görə Azərbaycan əhalisinin 93,4 %-i müsəlman, 3,1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir. Yerdə qalan 0,5 %-ə isə digər dinin mənsubları aiddir. Azərbaycan Respublikasının ərazisində dövlət tərəfindən rəsmi qeydiyyatdan keçmiş 500-dən çox dini icma fəaliyyət göstərir.

Azərbaycanda qeyri-müsəlman dinləri

[redaktə | vikimətni redaktə et]

Din və xalqın inancları problemi Azərbaycan toplumunu vaxtaşırı həyəcanlandıran önəmli problemlərdən biri olaraq qalmaqdadır. Bu sahədə sovetlər sonrası dönəmdə nəzərəçarpan dəyişikliklər baş vermişdir.

Ötən illər boyu bu dəyişikliklər heç də birmənalı qarşılanmamış, bir çox durumlarda ziddiyyətli olmuşdur. Bir yandan sovet ideoloji sisteminin dağılması insanların mənəvi yaşamlarında boşluqlar yaratmışdır. Əksəriyyət kommunist ideologiyasının əsassız olduğunu görmüş, mənəvi yaşamlarını dəyişdirərək, çeşidli dinlərə üz tutmuşdur. Məsələ burasındadır ki, Sovet sistemi dinlərə qarşı ateizm siyasəti aparırdı. Din çox vaxt xalqın adətləri və milli dəyərləri ilə qarışıq şəkildə təqdim edildiyindən ona qayıdış mədəni və əxlaqi köklərimizə dönüş kimi dəyərləndirilmişdir.

Dinə dönüş proseslərinə Azərbaycandakı dayanıqlı olmayan hərbi-siyasi durum da öz təsirini göstərmişdir. Ermənistanla savaş, çoxlu sayda qurbanların verilməsi və qaçqınların ortalığa çıxması ilə sonuclanmışdır. Elə bu olaylar da dinə meyilliliyə yol açmışdır. Çünki bu kimi ekstremal durumlarda bir çox insanlar faciələrin nədən yaranmasının köklərini arayaraq, bunların səbəblərini özlərinin və toplumun günahkar olmasında görürlər. Belə duyğular isə onları xilasın dində olduğu fikrinə gətirib çıxarırdı.

Sovet sisteminin dağılması və sərhədlərin açılması xarici dini missionerlərin ölkəmizə gəlməsinə gətirib çıxarmışdır. 1980-ci illərin sonundan etibarən azərbaycanlıların ayrı-ayrı dinlərə və təriqətlərə axını başlamışdır.

Krişnaçılar, yəhudilər və bəhailərin fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Missioner aktivliyini ilk olaraq Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin ardıcılları göstərmişlər. Bakı və başqa şəhərlərin mərkəzi küçələrinə çıxaraq öz inanclarını mütəmadi təbliğ edən krişnaçıların yığıncaqlarında həmin dövrdə çoxlu adam iştirak etmişdir. Adi insanlarla söhbətlər etmək, onları yığıncaqlarına çağırmaq, kitabları satmaq onların təbliğat formaları idi.

1980-ci illərdə apardıqları aktiv təbliğata baxmayaraq, krişnaçıların populyarlığı azaldı, xalq kütlələri arasında öz inanclarını yaya bilmədilər. Onların təlimi bir çox məqamlarda mürəkkəb olduğundan, sadə insanlar onu qavramaqda çətinlik çəkirdilər. Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin vitse-prezidentinin sözlərinə görə, günümüzdə Bakıda yerləşən krişnaçıların yığıncaqlarına 350 nəfərdən artıq insan qatılmır. Onlardan isə inanclarında aktiv olanların sayı 150-dən çox deyildi. 1996-cı ildə ələ keçirilmiş 20.000-i kitab, 2002-ci ildə Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin səlahiyyətliləri tərəfindən Bakıya geri qaytarılmışdır.[3]

Yəhudi dinin ardıcıllarının sayı respublikada on minlərlədir, onların əksəriyyətini tatlar təşkil edir. Quba rayonunun Qırmızıkənd qəsəbəsində kompakt halda yaşayan tatlar Oğuzda və respublikamızın digər şimal rayonlarında da məskunlaşmışlar. Paytaxtımızda isə onlardan başqa Avropa yəhudiləri də yaşayırlar. Bakıda, Qubada, Oğuzda müstəqillik dönəmində bir neçə yeni sinaqoq tikilmiş, bəzilərində isə əsaslı yenidənqurma və bərpa işləri aparılmışdır. Azərbaycanda 16.000-dən çox Yəhudi yaşayır, onlardan 11.000-i Dağ Yəhudiləridir. Dövlətimizin ərazisində 3 Yəhudi icması var: Dağ Yəhudiləri, Aşkenazi Yəhudiləri və Gürcüstan Yəhudiləri. Ölkəmizdə bir neçə Yəhudi təşkilatı mövcuddur. Azərbaycanın Yəhudi icmaları "Sokhnut", "Agudit İsrael" və "Teshuva İsrael" kimi beynəlxalq təşkilatlarla, eləcə də ABŞ, İngiltərə və Avropa icmaları ilə sıx əlaqələr saxlayır. Azərbaycanda Yəhudilər üçün kolleclər və məktəblər, eyni zamanda İbrani, Yəhudilik və Yəhudi mədəniyyəti kursları mövcuddur.

Müstəqillik illərində bəhai icmaları da Azərbaycanda fəaliyyətlərini bərpa etmişdir. Bəhailik XIX yüzilliyin sonu — XX yüzilliyin ilk illərində indiki Azərbaycan Respublikası ərazisində yayılmağa başlamışdır.[4] Bu inancın kökləri o zaman İranı bürümüş Babilər hərəkatından gəlir. Bəhailər XX yüzilliyin 90-cı illərində Gəncə, Bakı, SumqayıtSəlyanda öz icmalarını yaratmışdılar. Hazırda respublikamızda 9 bəhai icması fəaliyyət göstərir.[5] Onların fəaliyyəti rəsmi dövlət qurumları ilə razılaşdırılmışdır.

Xristian icmalarının çağdaş durumu

[redaktə | vikimətni redaktə et]

Rus Pravoslav Kilsəsi

[redaktə | vikimətni redaktə et]

Azərbaycanın ənənəvi xristian kilsələrindən biri Rus Pravoslav Kilsəsidir. Onu təmsil edən ən böyük və nüfuzlu qurum Bakı və Azərbaycan Yeparxiyasıdır. Ölkəmizdəki pravoslavların sayı müsəlmanlardan sonra ikincidir. Son zamanlar respublikada bir çox köhnə pravoslav kilsəsi təmir olunub ibadət üçün açılmışdır. Rus Pravoslav Kilsəsinin və digər pravoslav kilsələrin yüksək nümayəndələri vaxtaşırı Azərbaycana gəlir, onların ölkə başçıları və müsəlman xadimləri ilə çox yaxşı münasibətləri vardır. Azərbaycanda yaşayan pravoslavların fəaliyyəti ölkə qanunvericiliyinə tam uyğundur.

Alban-Udin xristian icması

[redaktə | vikimətni redaktə et]

2003-cü ildə Alban-Udin xristian icması rəsmi olaraq qeydiyyatdan keçmişdir. Bu da keçmişdə mövcud olmuş Alban kilsəsinin yenidən qurulması yönündə ilk addım kimi dəyərləndirilir. Alban kilsəsinin varlığına XIX yüzilliyin birinci yarısında son qoyulmuş, onun strukturu və əmlakı Erməni kilsəsinə verilmişdir.[6] Bu səbəbdən də Erməni kilsəsi bütün Azərbaycan ərazisini öz kanonik yeri saymaqla bərabər, erməni təcavüzünü dəstəkləyir və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını haqlı hesab edir.[7]

Alban kilsəsinin ardıcıllarının sayı o qədər də çox deyildir, beş minə yaxın yaxındır.[8]

Katolik və Lüteran kilsələri

[redaktə | vikimətni redaktə et]

Respublikamızda katoliklüteranlar azlıq təşkil edir. Lüteranlar yığıncaqlarını Rusiya imperiyası dönəmində paytaxtımızda inşa edilən Kirxada keçirirlər. Bundan başqa, vaxtilə böyük alman icmasının yaşadığı Göygöl rayonunda da tarixi lüteran kilsəsi təmir edilmiş, ibadət üçün açılmışdır. Katoliklər üçün isə Bakıda kilsə ucaldılmışdır. Onlar, həmçinin kimsəsizlər üçün ev də saxlayırlar.

Başqa kilsələrin missionerlik fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Digər xristian təriqətləridenominasiyaları isə Ermənistanla savaşın qızğın çağlarında Azərbaycanda xüsusi fəallıq göstərməmişlər. Bu da onların təhlükəsizliyi baxımından doğru addım olmuşdur. Çünki həmin dövrdə xristian yönümlü inancların yayılmasına cəhd edilməsi düşmən təbliğatına dəstək vermək kimi dəyərləndirilə bilərdi. Əslində Azərbaycan-Ermənistan savaşı heç zaman dinlərarası qarşıdurma halını almamışdır. Buna baxmayaraq, savaşın aktiv fazası zamanı Xristian təbliğatçıları öz inanclarını açıq şəkildə yaymaqdan çəkinmişlər. Bəzi xristian təriqətləri isə hələ o çağlarda öz işlərini yarıgizli olaraq həyata keçirmişlər.

1994-cü ildə Ermənistanla atəşkəs anlaşması bağlanandan sonra Azərbaycan onu bürümüş dərin böhrandan çıxmağa başladı. Bu yeni durumda xarici ölkələrdən gəlmiş missionerlər Azərbaycan əhalisi arasında genişmiqyaslı açıq təbliğata başlamışdılar. Xüsusilə Qərb ölkələrindən gəlmiş çeşidli protestant kilsələrinin dəvətçiləri Bakı, Gəncə və başqa şəhərlərdə öz yığıncaqlarını keçirmiş, bu məqsədlə geniş konsert zallarını icarəyə götürmüş, orada dualar, moizələr və dini məzmunlu mühazirələr oxumuşdular.

Həmin dövrdə xaricdən ölkəmizə gəlmiş xristian-protestant mühazirəçilər və din xadimlərinin səyləri nəticəsində dini təriqətlərə çoxlu adam cəlb edilmişdi. Bir çox dini dəvətçilər kəndlərdə, eləcə də sadə insanların yaşadıqları yerlərdə evləri icarəyə götürərək xalqla ünsiyyətə girib, orada təbliğat aparmış, gəncləri öz təriqətlərinə cəlb etmişdilər.

Onların missioner çalışmaları nəticəsində, bir çox həmyerlimiz bu təriqətlərin inanclarını mənimsədilər. Bunun bir çox subyektiv və obyektiv səbəbləri var idi. Birinci növbədə sosial səbəblər gəlirdi. Həmin illərdə ölkənin durumu olduqca pisləşmiş, insanların bu günə və gələcəyə inamları yoxa çıxmışdı. İqtisadi problemlər, əhalinin yoxsulluğu da bir çoxların dini təbliğatlara uymağa məcbur edirdi. Çünki tarixin bu kimi çağlarında xalqlar sakrallığa meyilli olur, ideal dünyada xilaskar axtarışında olur, möcüzələrə inanır, məsih-xilaskarı gözləyirlər. Elə təriqət təbliğatçıları da onlara psixoloji təsir göstərərək ardıcıllarını dini trans hallarına salır, vədlər verirdilər. Xarici təriqətlərin dəvətçiləri göylərdən gələn xilas vədləri ilə kifayətlənməmiş, həm də dünyəvi vasitələrdən də istifadə etmişlər.

Əhalinin o zamankı yoxsul durumundan yararlanaraq, azərbaycanlılara maddi yardımlar etmiş, yaşamlarında olan çeşidli problemlərini çözmüşdülər. Bu və ya başqa təriqətin üzvü olmaq bəziləri üçün çox əlverişli olmuşdur. Bundan başqa, onlar dini təriqətlərin vasitəsilə ingilis və başqa Avropa dillərinə yiyələnmə, xarici təhsil ocaqlarında oxuma, yaxşı iş tapma şanslarını əldə edirdilər. Həm də təriqətlərə üzv olmaq insanların xarici ölkələrə köçmək imkanlarını da asanlaşdırmış olurdu. Bu isə o zamankı ağır durumda çox adamın arzusu idi.

Bəzən isə yabançı din təriqətçilərinin təbliğatı siyasi xarakter daşımışdır. Onlardan bəziləri öz dinlərinin ermənilərlə azərbaycanlıların barış əldə etməsinə yardımçı olacağını iddia edirdilər. Onların fikrincə, bu halda azərbaycanlılar da ermənilər kimi, xristian olacaq və xristian qardaşlığı ideyaları ilə bu savaşı çözmək mümkün olacaqdır.

Eyni zamanda azərbaycanlılara, onların yurdlarının əslində ərəb, sonra isə türk "istilaçıları" tərəfindən sıxışdırılıb çıxarılan tarixi xristian ölkəsi olduğu fikri aşılanırdı. Deməli, İslam dini Azərbaycana xas olmayan yad inanc kimi qələmə verilirdi.

Azərbaycanda Xristianlığın "bərpa edilməsi" mövzusunu qaldıran xarici təriqətçi qurumların nümayəndələri millətlərarası problemlərə də toxunurdular. Öncədən onların hamısı azərbaycanlıların İslamın praktiki tələblərini icra etməsələr belə, kütləvi şəkildə Xristianlığa üz tutmalarının mümkünsüz olduğunu bilirdilər. Çünki İslam dini bu xalqın şüuraltı qatında yer almış və azərbaycanlılar öz milli kimliklərini və mədəniyyətini bu dinlə bağlayırlar.

Bu səbəbdən də təriqətçilər ölkədə özəlliklə milli azlıqlara yönəlmiş təbliğat aparmışlar. Təşviqatda prioritet yönüm kimi, onlar respublikanın şimalında yaşayan Qafqaz mənşəli xalqlara önəm vermişlər. Onlar bu xalqları Qafqaz Albaniyasının birbaşa varisləri kimi qələmə verərək, bu fikri onlara yeritmişlər. Azərbaycanın türk və iran mənşəli əhalisini isə gəlmə, qafqazlılara yad olan İslam dinini aşılayan xalqlar kimi təqdim etmişlər.

Beləliklə, xarici missioner təriqətlərinin Azərbaycandakı fəaliyyəti bəzi durumlarda millətlərarası gərginlik yaratmış və əhalinin bir hissəsində separatist əfval-ruhiyyənin yaranmasına təkan vermişdir. Bu kimi problemlər üzrə Azərbaycan mətbuatında vaxtaşırı materiallar yayımlanmışdır.

Erməni tərəfi də Xristianlığın Azərbaycanda yaşayan etnik azlıqların arasında yayılmasını dəstəkləmiş, etnik qarşıdurmalar yolu ilə ölkəni parçalamaq istəyində olmuşlar. Həmin mövzular üzrə İrəvanda bu günədək konfranslar keçirilməkdədir.

Həm də çeşidli missioner qurumlarının üzvləri və təbliğatçıları İslam əleyhinə təşviqatlar aparmışlar. Onlar İslamı mürtəce və vəhşi din kimi dəyərləndirmiş, müsəlman mədəniyyətinə, inanclı müsəlmanlara qarşı təhqirlər səsləndirmişlər.[9]

Ayrı-ayrı təriqətlərin təlimlərini qəbul etmiş azərbaycanlılara onlara uyğun gəlməyən cəmiyyətlə və ailələrlə ixtilafa girmək fikri aşılanırdı. Missionerlərin dilə gətirdikləri məqsədləri bütün Azərbaycanın xristianlaşması olmuşdur. Bu yolda, ilk olaraq, hər beşinci azərbaycanlını xristian etmək planı açıqlanırdı.

Təriqətçilər gənclər arasında daha fəal olmuş, ordu sıralarında da öz təbliğatlarını aparmağa cəhd göstərmişlər. Missionerlər "humanizm" prinsiplərini gənclərə aşılamış, onları ələ silah almaqdan çəkindirmişlər. Bununla belə, onlar ermənilərin xristian azərbaycanlıların din qardaşları olması duyğularını aşılamışlar.[10] Sonra isə həmin təriqətlərin əksəriyyətinin erməni əks-kəşfiyyatı ilə bağlantıda olması faktı ortalığa çıxmışdır.

Qanunvericiliyin möhkəmlənməsi və missioner fəallığının zəifləməsi

[redaktə | vikimətni redaktə et]

Ancaq təriqətçilərin hamısı neqativ işlərlə məşğul olmamışlar. Onların arasında səmimi inanclılar da olmuşdur, Ancaq bütövlükdə, bu dini qurumların fəaliyyəti yuxarıda göstərilən amillər üzrə Azərbaycan dövlətçiliyinə zidd olmuşdur. Buna görə də möhkəmlənmiş dövlətimiz 1995-ci ildən sonra təhlükəli təriqətlərə qarşı aktiv tədbirlər planı həyata keçirməyə başlamışdır. Destruktiv fəaliyyətlə məşğul olan xarici dini təbliğatçılar ölkədən qovulmuş, çeşidli dini qurumların maliyyə axınları gözaltına alınmışdır.[11] Çünki bütün dini qurumlar öz fəaliyyətlərini Azərbaycan qanunvericiliyi ilə uyğunlaşdırmalı idilər.

Bu istiqamətdə tədbirlər həyata keçirildikdən sonra təriqətçi qurumların aktivliyi azalmış və xalq arasında nüfuzlarını itirmişlər. Onların üzvlərinin sayı minimum həddə enmiş və insanlar getdikcə bu təriqətlərdən uzaqlaşmışlar. Günümüzdə Azərbaycan qanunvericiliyinə zidd olmayan təriqətlər ölkədə fəaliyyətlərini davam etməkdədirlər. Rəsmi dairələrin bildirdiklərinə görə, qeyri-ənənəvi təriqətlərin ardıcıllarının sayı o qədər də çox deyildir və bu dini icmaların heç biri Azərbaycanın milli maraqlarına təhlükə törətmirlər/[12]

Bununla belə, bəzi beynəlxalq qurumlar Azərbaycanda aparılan din siyasətini tənqid edib ölkə rəsmilərini dini azadlığın boğulmasında suçlayırlar. Buna örnək kimi ABŞ Dövlət Departamentinin 2010-cu ildə yayımlanan hesabatını göstərmək olar.[13] Ancaq Azərbaycan rəsmiləri bu kimi hesabatı tamamlanmamış, dəqiqləşdirilməmiş və düzəlişlərə ehtiyacı olan sənəd kimi dəyərləndirirlər.[14] Məsələ burasındadır ki, Azərbaycanda dini qurumların fəaliyyəti üçün qanunvericilik işlənib hazırlanmışdır. Sözügedən təriqətlərin hamısı yalnız ölkə qanunlarına zidd işlərə yol vermədikləri halda fəaliyyət göstərə bilərlər.

Təriqətçi qurumların fəaliyyətinin zəifləməsinin əsas səbəbi təkcə qanunvericilik bazasının yaradılması yox, Azərbaycanın əvvəllər yaşadığı böhranlı vəziyyətdən çıxması olmuşdur. Tədricən insanların bir çox problemləri çözülmüş, onlar yaxşı yaşamağa, bu günə və sabaha inamla baxmağa başlamışlar. Eyni zamanda cəbhə xətti sabitləşmiş, hərbi geriləməyə son qoyulmuş, ordu möhkəmləndirilmişdir. Ölkənin güclənməsi yabançı dini qurumların Azərbaycanı xristianlaşdırmaq planlarını pozmuşdur.

Xristian dini təriqətçiliyinin qarşısında daha önəmli bir amil də olmuşdur: yüzilliklər boyu sürmüş azərbaycanlıların adət-ənənələri. Bu adət-ənənələr çox vaxt İslam dünyagörüşü ilə qarışıq olaraq özünü göstərməkdədir. İslam azərbaycanlılar üçün praktiki cəhətdən icra edilən dindən çox, mədəniyyətlərinin ayrılmaz parçasıdır. Buna görə də Azərbaycan toplumunun böyük hissəsi yabançı təriqətlərin aktiv təbliğatına qarşı olmuşdur. Ölkə vətəndaşlarının çoxu bu təbliğatı anlamaq belə istəməmiş, ona uyanları isə qınamışlar. Ailələrdə və ictimai yerlərdə bu zəmində qarşıdurmalar da olmuşdur. Bəlkə də elə həmin təriqətlərin aktivləşməsi əhalinin bu cür reaksiyasına gətirib çıxarmışdır.

Beləliklə, Azərbaycan Respublikasının müstəqillik illərində qeyri-İslam təriqətləri yönümündə aparılan siyasəti uğurlu saymaq olar. Bu siyasətin sayəsində ölkədə dini dözümlülük hökm sürür, bütün dinlər və təriqətlər qanun çərçivəsində fəaliyyət göstərirlər.

Azərbaycanda İslam

[redaktə | vikimətni redaktə et]

Rəsmi rəqəmlərə görə, müsəlmanlar ölkə əhalisinin 93–96 % təşkil edirlər.[15] İslam dini təkcə ibadət ediləcək inanclar sistemi deyil, həm də Azərbaycan xalqının mədəniyyətinin tərkib hissəsidir.

Azərbaycan əhalisinin İslamın hansı qollarına aid olması barədə son zamanlarda heç bir dəqiq statistika aparılmamışdır. Buna görə, Azərbaycan müsəlmanlarının 60%-nin şiə, 40%-nin sünni olduğu güman edilir.[16][17] Bununla belə, Azərbaycanda sekulyar (dünyəvi) prinsiplər üstünlük təşkil edir. Buna görə, vətəndaşların böyük çoxluğu öz gündəlik həyatlarında İslam ehkamlarını tətbiq etmir və müsəlman təriqətlərinin arasındakı fərqlərə varmır. Beləliklə, Azərbaycanda şiə-sünni bölgüsü çox vaxt formal xarakter daşıyır.

Cənubi Qafqazda islam

[redaktə | vikimətni redaktə et]

Cənubi Qafqaz müsəlmanlarının arasında yayılan dünyəvi düşüncənin yeni dönəmimizdə artıq 150 illik tarixi vardır. Bilindiyi kimi, onlar rus-türk və rus-iran savaşlarının sonunda Rus imperiyasının tərkibinə qatılmağa zorlanmışdırlar. Qafqazda yaşayan müsəlmanların çoxu türk soylular idi, onlar da çağdaş azərbaycanlıların çoxusunun əcdadları hesab edilir. Onların soyu Səlcuqlara, Səfəvilərə, Əfşarlara, Qacarlara gedib çıxırdı. Türk soylular isə ruslardan öncə bu yerlərdə öndə olan hakim imperiya xalqı idi. Elə bu yerlərdə olan xanlıqları da türk soylular yaradıb idarə edirdilər.

Buna görə də Cənubi Qafqaz Rusiya imperiyasına qatılandan sonra türk soylu maarifçilər arasında keçmişdə böyük imperiya xalqı olan türklərin enməsi və ruslara yenilib, müstəmləkəyə çevrilərək mövqelərini itirməsi səbəblərini axtarırdılar. Onlardan bir çoxları bunu millətin həddən artıq dini ehkamlara və adətlərə bağlı olmasında görmüşdürlər. Onların fikrincə, dini ehkamlarla çərçivələnmiş türklər irəlləyiş edə bilməmişdirlər. Onların rəqibləri isə bütün ehkamlardan azad olaraq, sərbəst olmuş, türklərin üzərində üstünlük əldə edə bilmişdirlər.

Beləliklə, 19-cu yüzilliyin ikinci yarısında Cənubi Qafqazda türk maarifçilərinin fəaliyyəti başlanmışdır. Bu fəaliyyətin ən başlıca məqsədi irəliləyən Avropa mədəniyyətinə yiyələnmək idi, Ancaq bu yolda əsas maneə milli və dini adətlər olmuşdurlar. Buna görə də elə bu dəyərlər maarifçilərin kəskin tənqidlərinə uğramışdırlar. Demək olar, o çağların bütün tanınmış şairləri, yazarları, düşünürləri dünyəvi ideyaları ortalığa atmış, bir çox ənənələri və ehkamları tənqid etmişdirlər. Bununla belə, onlar dini tam inkar da etməmiş, sadəcə onun cəmiyyətdəki rolunun və nüfuzunun azaldılmasını istəyirdilər. Bununla paralel olaraq, Avropa dəyərlərinə yiyələnmə istəyi ilə yanaşı, milli özünü tanıma prosesi də güclənmişdir.

Bütün bu proseslər, eləcə də Rusiya imperiyasının dağılması 1918-ci ildə müstəqil Azərbaycan Demokratik Respublikasının (ADR) yaranması ilə sonlanmışdır. Yeni yaranmış ölkənin üstünlük verdiyi başlıca prinsiplər dünyəvi milliyətçilik və avropalaşma olmuşdur. Bununla belə, İslam dəyərləri də millətin mədəni dəyəri kimi qiymətləndirilmişdir.

ADR-ə bolşeviklərin basqını son qoymuş, ancaq onun yerinə sovet Azərbaycanı yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet Sosializmi dövründə ölkədə ateizm və komunizm ideyası təbliğ edilirdi. Habelə, məscidlərin, dinin ölkədə öz nüfuzunun zəifləməsi, marksizm-leninizmin, ateizm idealogiyasının geniş yayılması müşahidə olunurdu. Bu dönəmdə dünyəviləşmə prosesləri davam etmişdir. Bununla belə, bu dönəmdə ifratlara da yol verilmişdir. Bunun da səbəbi, xalqımızın dini dəyərləri tanımayan o zamankı bolşevizm ideologiyasında olmuşdur. Azərbaycanın 71 il Sovetlər Birliyində olmasının sonunda yurddaşlarımızın dinə bağlılıqları ən aşağı həddə gəlib çatmışdır. İslam dininin ehkamlarına və rituallarına çox az adam riayət edirdi. Məscidlərin sayı minimuma endirilmişdir, dini məktəblər heç olmamışdır. Azsaylı din xadimlərini Orta Asiyanın mədrəsələrində yetişdirirdilər, lakin daha sonradan xalqımızın öz dininə geri qayıtması, habelə Sovet Sosializmi dövründə dağıdılan məscidlərin və İslam dininin xalqımızın milli-mənəvi dəyəri kimi bərpa edilməsi müşahidə edilirdi.

Bütün bunlarla yanaşı, o dönəmdə xalq ayrı-ayrı dini bayramları keçirdi, ölüləri İslam qaydaları ilə torpağa tapşırırdı, işlərinin düzəlməsi üçün sədəqələr verib qurbanlar kəsirdi, dini qaydalarla kəbin kəsirdi, Ancaq din o zaman mövhumat formasını almışdır. Hər yerdə ölü müqəddəslərin məzarlarına və başqa sakral obyektlərə ziyarətlər edilirdi. Onların araçılığı ilə insanlar xəstəliklərdən saqalma və öz işlərinin düzəlməsini diləyirdilər.

O çağlarda bəlli qədər dini sinkretizm də olmuşdur. Özlərini müsəlman sayan bir çox kəslər öz problemlərinin çözülməsini diləmək üçün xristian kilsələrinə gəlirdilər. Ənənəvi xristian olan sakinlər isə müsəlmanların ziyarət etdikləri müqəddəs yerlərə üz verirdilər. Bakıda fəaliyyət göstərən iki mərkəzi məscidlərin girəcəklərində kilsələrdəki kimi şamlar yandırılırdı.

Müstəqillik dönəmi

[redaktə | vikimətni redaktə et]

Azərbaycan yenidən müstəqillik qazanandan sonra ölkədə İslam haqqında bilgilər çoxalmış, yeni məscidlər tikilmiş, mədrəsələr və universitetlər qurulmuş, gənclər xarici ölkələrdə ilahiyyat elmləri üzrə təhsil almağa getmişdirlər. Buna baxmayaraq, yuxarıda göstərilən mövhumatlar sadə xalq arasında günümüzdə də qalmaqdadır. Hətta bütün bunlar daha da inkişaf etmişdir.

Ölmüş müqəddəslərin məzarları və başqa sakral obyektlər daha da abadlaşdırılmış, onların üstündə dini mahiyyətli binalar ucaldılmışdır. Orada nəzirlərin yığımı davam etdirilmişdir. Çoxlu insanlar o yerlərə inanclarını bağlayıb ziyarətə çıxırlar. Bunun nəticəsində problemlərinin çözülməsinə inanırlar. Xalq arasında kiminsə o yerlərə ziyarət etdiyindən sonra sağalması, kiminsə işlərinin çözülməsi kimi rəvayətlər yayılır.

Müqəddəs ölülərin məzarlarından başqa, Azərbaycanın ayrı-ayrı bölgələrində totemizmə yaxınlaşan ibtidai inanclar da vardır. Örnək üçün Bakının yaxınlığında dəvə və ilan ocaqları vardır. Oraya gələn uşaqları olmayan qadınlar dəvənin altından keçərək hamilə olacaqlarını sanırlar, ilanlardan isə sağalma diləyirlər. Animistik (ölülərin ruhların gəlişinə inanc) inanclar da vardır.

Bu inancların çox əski köklərinin olmasına baxmayaraq, xalq içində onların hamısını İslamla bağlayırlar. Deməli bu kimi sadə xalq inancları müsəlman dəyərləri ilə qarışmış və "islamlaşdırılmışdır".

Birbaşa İslam dininə bağlı olan strukturlara, qurumlara, təhsil və ibadət ocaqlarına gəldikdə isə, Azərbaycanın müstəqilliyi boyu onların sayı görünəcək qədər artmışdır. 2011 ildə ölkədə məscidlərin sayı 1802-ə yüksəlmişdir.[18] Onlardan çoxusu hələ Sovetlər dönəmindən öncə tikilmiş köhnə binalardır. Yeni tikilən məscidlərin sayı isə 595 olmuşdur.[18] Həmin ilə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çoxusu müsəlmanların olan 534 dini icmalar qydiyyatdan keçmişdir.[18]

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Din-dövlət münasibətlərini düzənləmək, dini qurumları qeydiyyata almaq, onların Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmaq üçün 2001-ci ildə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) yaradılmışdır. Bu Komitədə qeydiyyanından keçməyən dini icmaların fəaliyyəti qanuna uyğun sayılmır. Həm də bu Komitədə ölkəmizə xaricdən gələn dini ədəbiyyata nəzarət edilir, onun dinşunaslıq ekspertizasından keçməyən kitabların satışa buraxılmasının qabağı alınır. Dini ədəbiyyat isə yalnız özəl, icazəsi olan yerlərdə satıla bilər.

Dinşünaslıq ekspertizasının gördüyü çox gərəkli işlərə baxmayaraq, ölkədə yayılması üçün məsləhət görülməyən ədəbiyyat İntertet və başqa çağdaş informasiya kanalları ilə yenə də özünə yol tapır. Buna görə də gələcəkdə bu işin səmərə verəcəyi şübhə altında qalmaqdadır. İnternetdə saytların və başqa resursların yaradılması ilə çeşidli dini icmalar bu ekspertizanın rəyinə baxmayaraq istifadəçilərə öz istənilən ədəbiyyatlarını və informasiyanı çatdıra bilirlər. Artıq İnternetdə saytların və forumların yaradılması, eləcə də sosial şəbəkələrdə səhifələrlə bloqların açılması hər bir dini qurumun fəaliyyətinin tərkib hissəsidir. Son zamanlar onların Azərbaycana yayımlanan şəbəkəsi çox genişlənmişdir. Günümüzdə çox iri tutumlu dini-siyasi və ehkamçı portallar, eləcə də elektron kitabxanalar və başqa bu kimi resurslar yaradılmışdır.

Bundan başqa, Azərbaycanda vaxtaşırı dəyişikliklərə uğrayan "Vicdan azadlığı haqqında" qanun qəbul edilmişdir. Bu qanunda din-dövlət münasibətlərinin qanuni əsasları yer almışdır. Bu qanuna görə, bütün müsəlman icmaları Qafqaz Müsəlmanları Dini İdarəsinə tabedirlər. Bundan başqa, bu qanuna görə, xarici vətəndaşların ölkə ərazisində dini təbliğat aparılması yasaq olunmuşdur.[19] Eləcə də rəsmi dövlətin icazəsi olmadan başqa ölkələrin dini məktəb və universitetlərini bitirmiş adamların dini vəzifələr tutması da bəyənilmir.

Həm də Azərbaycanda hələ Rusiya imperiyası və Sovetlər dönəmlərindən bəri Qafqaf (öncə Zaqafkaziya) Müsəmanlarının Ruhani İdarəsi (QMRİ) fəaliyyət göstərir. Bu idarəyə müsəlmanların bütün ibadət yerləri və dini topluluqları tabe olunmuşdur. Bu qurumda şiə və sünnü dini icmaları birləşdirilmişdir. Sovetlər dönəmindən qoyulan qaydaya görə, QMRİ sədri şiə, onun birinci müavini sünnü olmalıdır.

Müstəqil Azərbaycanda dini təhsil

[redaktə | vikimətni redaktə et]

Müsəlmanların dini təhsil ocaqlarına gəldikdə isə, onların fəaliyyətinə yalnız Təhsil nazirliyinin verdiyi lisenziya əsasında yol verilir. Bundan öncə isə onlar bu nazirliyə DQİDK-dan onların qanuna uyğunluğunu doğrulayan sənədi çatdırmalıdırlar.[20] Azərbaycanın dini təhsil ocaqlarının məzunlarına dini təbliğatın aparılması və dini vəzifələrin tutmasında üstünlük verilir.

Ölkəmizdə Bakı Dövlət Universitetinin nəzdində ali təhsilli ilahiyyatçı kadrları yetişdirən İlahiyyat fakültəsi də fəaliyyət göstərir. Bu fakültə 1992/93-cü illərdə Azərbaycanın Təhsil nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyənin Dəyanət Vakfı arasında bağlanmış anlaşmanın əsasında açılmışdır. Orada oxuma müddəti dörd ildir, məzunlar isə dinşünaslıq ixtisasını alırlar.[21]

Müstəqillik illərində Azərbaycanda Bakı İslam Universiteti kimi daha bir böyük tədris ocağı açılmışdır. O QMRİ-nin nəzdində fəaliyyət göstərir. Bu universitetdə 2 fakültə İslamşünaslıq və Şəriət fakültələri vardır. Onun həm də ölkənin başqa şəhərlərində filialları vardır.

İslam təriqətlərinin fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Bilindiyi kimi, müstəqillik əldə etmiş Azərbaycanda dinə qayıdış müəyyən qədər artmağa başlamış, buraya xarici təbliğatçılar gəlmış, ənənəvi olmayan təlimlər yayılmağa başlamışdır. Ən böyük fəallığı da elə çeşidli İslam təbliğatçıları göstərirdilər. Bu da təbii idi, çünki ölkənin əhalisi daha çox müsəlman idi və onların çağırışlarını başqa dinlərin dəvətçilərinin çağırışlarından daha yaxşı anlayırdılar, Ancaq çağdaş İslamın həddən artıq siyasiləşmiş olduğuna görə, bəzi istisnaları çıxmaqla, bütün müsəlman qurumlarının arxasında Qafqaz regionunda hansısa siyasi və iqtisadi maraqları güdən siyasi güclər dururlar.

Azərbaycandakı bir çox müsəlman təşkilatları iran, türk və ərəb yönümlüdürlər. İranlıların Azərbaycanda öz dini-siyasi və humanitar qurumları vardır. Onlar əsasən şiə müsəlmanları üçündür. Türklərin də Azərbaycanda öz təşkilatları vardır və onlar əsasən sünni əhalisi arasında fəaliyyət göstərirlər.

Çeşidli ərəb təşkilatlarına gəldikdə isə, onların çoxu dindarların bir qismi arasında yayılan sələfi yolundadırlar. Ancaq son zamanlar onların ölkədəki nüfuzu duyulacaq qədər enmişdir. Bunun səbəbi birinci növbədə onların öz aralarında baş vermiş parçalanmalar olmuşdur. "Əbu Bəkr" məscidindəki faciəli olaydan sonra isə ölkə rəsmiləri bu kimi topluluqlara qarşı nəzarəti sərtləşdirmiş, bunun sonunda da onlar bir qədər zəifləmişdirılər.[22]

Sələfi icmalarından başqa Azərbaycanda "İslamda ortaytol (vəsətiyyə)" adlanan bir layihə də fəaliyyət göstərir. Bu daha da çox müsəlmanların arasında radikalizmə qarşı yönəlmiş maarifləndirici bir layihədir. Onun nümayəndələri xalq kütlələri arasında genişmiqyaslı dini təbliğat aparmır, humanitar işlərlə, ədəbiyyatın buraxılması ilə, dəyirmi masaların keçirilməsi ilə məşğul olurlar. Onları "İdrak" cəmiyyəti təmsil edir.

Bütün bunlarla birlikdə yerli dini qruplar da vardır. Onlar QMRİ ilə birlikdədirlər və ölkənin rəsmiləri tərəfindən dəstəklənirlər.

Yuxarıda anılan çeşidli müsəlman qruplaşmaları əhatə dairələrinin genişlənməsi uğrunda rəqabət aparırlar.

Siyasiləşmiş İslam tərəfdarları

[redaktə | vikimətni redaktə et]

Bu gün siyasətlə açıq məşğul olan müsəlman təşkilatları o qədər də çox deyildir. Sünnülərin siyasi aktivliyi açıq olaraq görsənməməkdədir. Siyasətə qatılanlar daha çox şiə topluluqlarıdır. Onlardan da ən tanınanı ölkənin rəsmi qeydiyyatından keçməyən Azərbaycan İslam Partiyasıdır (AİP). Müstəqilliyimizin ilk çağlarında bu kimi dini-siyasi qurumlar daha çox olmuşdur, ancaq sonra onların sayı duyulacaq qədər azalmışdır.

AİP Azərbaycanda İslam rejiminin qurulması üçün mübarizə aparan və əsasən İranın müəyyən dini dairələrlə işbirliyində olan partiya kimi təqdim edilir, Ancaq bu qeydiyyatdan keçməyən partiyanın üzvləri onlara qarşı irəli sürülən ittihamlarla razılaşmır, hakimiyyəti onları təqib olunmasında və yalanlamaqda suçlayırlar. AİP-in Azərbaycanda sosial dayaqları güclü deyildir. Onlara yalnız ölkədə ümumi sayları onsuz da az olan aktiv dindarların yalnız bir hissəsi dəstəkləyir.[23]

Bu partiyadan başqa yenə də dini-siyasi güclər vardır. Onlar rəsmi olaraq özlərinin siyasətə qatıldıqlarını səsləndirməyərək, daha çox insan hüquqlarının, ənənəvi dəyərlərin qoruyucuları kimi fəaliyyət göstərirlər. Onların da çoxu şiə təmayüllüdür. Belə islamçı qurumlar zaman-zaman Azərbaycanda dini problemlərlə bağlı ictimai-siyasi xarakterli problemləri qaldırırlar. Örnək üçün, 2003-cü ildə prezident seçkiləri zamanı onların bəzi öndə gedənləri müxalifətçilərə dəstək vermişdirlər. O zaman onlardan bəziləri tutulmuşdurlar.[24]

Siyasiləşmiş dini-ictimai qurumlar arada din adamlarının hüquqlarının qorunması ilə bağlı çeşidli problemləri qaldırırlar. Bunlardan ən kəskikini qadın örtüyü olan hicab problemidir. Öncə kimliyi (şəxsiyyət vəsiqəsini) almaq üçün başı açıq fotoşəkil çəkdirmək istəməyən qadınların məsələsi qaldırılmışdır. Bunun çevrəsində gedən çəkişmələrə baxmayaraq, onlar heç bir uğur əldə edə bilməmişdirlər.[25]

Bundan sonra, 2011-ci ildə Təhsil nazirliyi Respuçlikada bütün məktəblilər üçün bir olan məktəbli formasının geyilməsi haqqında göstəriş vermişdir. Bu formada hicaba yer verilmədiyi üçün, buna qarşı bəzi müsəlman qurumları və ayrı-ayrı dindar ailələri etiraz etmişdirlər. Bu barədə çəkişmələr bu günə kimi sürməkdədir.[26]

Bununla belə, dünyəvi olan Azərbaycan əhalisinin çoxluğu bütün bu proseslərə qatılmamışdır. Hicab ətrafında gedən çəkişmələrdən belə vətəndaşların bir çoxunun ən azı Təhsil nazirliyinin göstərişinə qarşı olmadıqları bilindi. Bəziləri isə bu göstərişi açıq olaraq dəstəklərilər. Onların fikirlərinə görə, kiçik yaşlı uşağların seçimi yoxdur. Onlar tərbiyə aldıqları ailələrdə ata-ananın təsiri altında hicabı, ya da başqa dini atributları geyinirlər. Buna görə də orta məktəblərdə hicab geyilməməlidir. Yalnız yetkinlik yaşına çatandan sonra, basqı altında olmayan o uşaqların özləri, azad seçim edib hicabı geyməlidirlər. Dindarlar da bu arqumentlərə qarşı öz dəlilləri ilə çıxış edib, dinin qanunlarına, insan hüquqlarına, dini etiqadda azadlıqlara istinad edirlər. Beləliklə, hicab məsələsində dindarların bir qisminin aktivliyi yüksək olsa da, onlar heç bir irəlləyişi əldə edə bilməmişdirlər.

Hicab problemindən başqa, ölkənin rəsmi qurumlarının məhkəmələrin verdiyi qərarlara dayanaraq bəzi qanunsuz tikilmiş məscidlərin sökməsi də çəkişmələrə gətirib çıxartmışdır. Bunun sonu olaraq, respublikada məhkəmələr tərəfindən qanunsuz tikilmiş qərarı varilən bir neçə ibadət yerləri sökülmüşdür, Ancaq bu dəfə də, bəzi dinidarların və ictimai-dini təşkilatların etirazlarına və hətta açıq çıxışlarına baxmayaraq, durumu nəzarət altında saxlamaq mümkün olmuşdur. Buna səbəb yenə də ölkə əhalisinin çoxluğunun , dünyavi olduqlarına görə, bu proseslərə qatılmadıqları, onlara biğanə olması idi.[27]

Eurovision konkursu keçiriləndə mətbuatın məlumatına görə, ona qarşı bəzi radikal dindarlar təxribatlar hazırlamışdırlar, Ancaq o planları yerinə yetirə bilməyərək həbs edilmişdirlər.[28]

Sələfi qrupların da siyasiləşməsi müşahidə edilməkdədir. 2014-cü ildə mətbuatda çoxlu sayda Azərbaycan səsəfilərinin Suriya savaşında iştirak etmək üçün o ölkəyə yollanması xəbərləri yayılmışdır/[29][30] Həm də Sumqayıtda sələfi və "xəvaric" adlanan qrupları arasında silahlı qarşıdurma da olmuşdur. Bundan sonra respublikanın bir neçə bölgələrində radikal dindarlar həbs edilmişdir.

Bundan sonra Azərbaycanda xaricdə silahlı münaqişələrdə iştirak üçün qrup yaradanlara cəzaların verilməsi ilə bağlı qanun Arxivləşdirilib 2015-09-12 at the Wayback Machine qəbul edilib.

Daha bir siyasiləşmiş qrup olan nurçiların Azərbaycanda siyasi şəbəkəsnin üstü açılmışdır. Məlum olmuşdur ki, bu qrup hakimiyyət səviyyələrində öz nümayəndələrini yerləşdirmək məqsədini güdmüş və buna qismən nail olmuşdur. Bundan sonra bir neçə dövlət məmuru istefaya yollanmışdır. fəaliyyəti 2014-cü ildə.[31]

  • Aydın Əlizadə. Müstəqillik dönəmində Azərbaycanda qeyri-müsəlman inanclarının yayılması və bugünkü duruma dair // Bakı: Dövlət və din. N (1) 27, 2012, s. 25–32 — (1. "Müstəqil Azərbaycanda qeyri-müsəlman dinləri" fəslinin mənbəyi).
  • Aydın Əlizadə. Çağdaş Azərbaycanda İslam dini və din-dövlət münasibətləri // Bakı: Dövlət və din. N (2) 28, 2012, s. 60–66 — (2. "Azərbaycanda İslam" fəslinin mənbəyi).
  • Али-заде A. Религия в современном Aзербайджане периода независимости // Pоссия и мусульманский мир № 1. M.,2013, c. 50–69 — (hər iki məqalənin birlikdə rus dilində tərcüməsi).
  1. "Berkley Center for Religion Peace and World Affairs". Georgetown University. July 2012. 5 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  2. "Arxivlənmiş surət". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  3. "Exo" qəzeti № 196, 25 oktyabr 2008.
  4. "Bəhai icmasının tarixi". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
  5. "Bəhai icması bu gün". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
  6. "Alban-udin kilsəsinin tarixi". 2015-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
  7. Сармакешян. Наука в интересах справедливости / Новости Армении. 11.09.2007.
  8. "Robert Mobili: "Azərbaycanda özümüzü eyni ailənin üzvləri sayırıq"". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
  9. Azərbaycan "missioner yuvası"na çevrilir [ölü keçid] / Yeniçağ qəzeti.
  10. Azərbaycan ordusundakı protestanstlar ermənilərə qarşı döyüşməyəcəklər — İslam universitetininin rektoru. [ölü keçid] / Trend.
  11. Миссионерские организации в поле зрения азербайджанских спецслужб. Arxivləşdirilib 2022-08-22 at the Wayback Machine Newsru.com, 2001.
  12. ""Hansısa təriqət və ya təriqət mənsubları dövlət üçün problem yaradacaq gücdə deyil"". 2010-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
  13. U. S. Departament of State / International Religious Freedom Report 2010. Azerbaijan. Arxivləşdirilib 2012-01-13 at the Wayback Machine
  14. Dini Komitə alqışlayır və təəssüf edir / Ayna qəzeti, 08.10.2011
  15. Hidayət Orucov: "Üç il ərzində Azərbaycanda 512 dini icma qeydiyyatdan keçib" [ölü keçid] / Səs informasiya agentliyi.
  16. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. Prezident Kitabxanası: Administrative Department of the President of the Republic of Azerbaijan – Presidential Library – Religion (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi – Prezident Kitabxanası – Din) Arxivləşdirilib 2011-11-23 at the Wayback Machine.  (ing.)
  17. Mapping the Muslim population Arxivləşdirilib 2018-06-19 at the Wayback Machine  (ing.)
  18. 1 2 3 Həmən yerdə.
  19. Milli məclis bir neçə qanunu dəyişdi Arxivləşdirilib 2020-10-23 at the Wayback Machine / Müsavat.com
  20. Mail Ağaxanov . Azərbaycanda mədrəsələr və dini təhsil. Arxivləşdirilib 2017-09-04 at the Wayback Machine
  21. Bakı Dözlət Universitetinin İlahiyyat fakültəsinin rəsmi saytı Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine / Fakültənin tarixi.
  22. Əbu Bəkr məscidində törədilən partlayış Azərbaycanda sabitliyi pozmağa xidmət edir — məscidin imamı Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine / Trend.az
  23. İran xüsusi xidmət orqanları ilə əlaqəli həbs edilənlərin dövlətə xəyanətdə ittiham edildiyi bildirilir (təhlil) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine / Amerikanın səsi
  24. Посольство Норвегии в Азербайджане выступило прибежищем для редактора оппозиционной газеты и ахунда мечети Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine / Кавказский узел.
  25. Dindarların geyiminə qoyulan yasaqlara qarşı imzatoplama kampaniyası bu gün başa çatır [ölü keçid] / Dəyərlər.az
  26. Təhsil nazirliyinin qarşısında Hicaba azadliq mitinqi Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine / Youtube.com
  27. Avropa Şurasının Baş katibi Azərbaycanda məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine / Trend.az
  28. Sumqayıtda 11 dindan həbs edilib Arxivləşdirilib 2020-10-23 at the Wayback Machine / Musavat.com
  29. Suriyada döyüşən azərbaycanlıların sayı açıqlanıb Arxivləşdirilib 2013-08-04 at the Wayback Machine / Apa.az
  30. Sumqayıtda "Vəhhabilər"in lideri də həbs olundu. Arxivləşdirilib 2015-03-19 at the Wayback Machine / Qafqazinfo.az
  31. "Elnur Aslanovla Elşad İsgəndərovun nurçularla birgə layihələri vardı" Arxivləşdirilib 2020-10-20 at the Wayback Machine / Anspress.com