"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı — Vikipediya

"Qız qalası" Beynəlxalq İncəsənət Festivalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Qız qalası" Beynəlxalq İncəsənət Festivalıİçərişəhərin ərazisində yerləşən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən keçirilən beynəlxalq incəsənət festivalı. Qız qalası 2000-ci ildə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir.[1] Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar.[2]

Festivalın tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 2010-cu il 26–29 may tarixlərində keçirilən ilk festivalda 18 ölkədən 20-dən çox rəssam.

2011-ci ildə keçirilən II Beynəlxalq incəsənət festivalnda isə 20 ölkədən 25 tanınmış rəssam iştirak edib.

2012-ci ildə 24 ölkədən rəssamların iştirak etdiyi "Qız qalası" III Beynəlxalq incəsənət festivalında, əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri hazırlanmışdır. Həmin maketlər rəssamlar tərəfindən bəzədilmişdir.[3] Bu festival IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi təşkilatçılığı iləkeçirilmişdi.

2013-cü il iyulun 4-də Kannın La Kruazet bulvarında "Qız Qalası" IV Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər. Ümumilikdə sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.

2014-cü il mayın 7–9 da Bakıda "Qız qalası" V Beynəlxalq incəsənət festivalı keçirilib. Festivalda 26 ölkədən 28 rəssam iştirak edib. Festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3D rəsmləri də təqdim edilib.[4]

2015-ci il iyunun 11-dən 14-dək Bakıda "Qız qalası" VI Beynəlxalq incəsənət festivalı keçirilib. Festivalda 17 ölkədən 27 rəssam iştirak edib. Builki festivalda rəssamlar Qız qalası ilə yanaşı "Bakı-2015" birinci Avropa Oyunlarının rəmzləri olan nar və ceyran maketlərini bəzəyiblər.

2016-cı il 18–21 sentyabrda "Qız qalası" VII Beynəlxalq incəsənət festivalı keçirilib. Festival çərçivəsində Bakıda 17–18 sentyabrda uşaqlar üçün "Qız qalası" festivalı keçirilib. Festivalda 30-dək iştirakçı öz əl işlərini təqdim edib. Eyfel qülləsinin yanındakı Jofr meydanında fəaliyyət göstərmiş "Azərbaycan şəhərciyi"ndə təşkil olunan festivalda 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan "Qız qalası" maketləri sərgilənib.

2017-ci il 22–25 sentyabrda "Qız qalası" VIII Beynəlxalq incəsənət festivalı keçirilib.

  1. "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower (UNESCO)". 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-17.
  2. "AzərTac(05.06.2016)". 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-17.
  3. "Heydar Aliyev Fondation". 2018-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-17.
  4. ""Qız qalası" Beşinci Beynəlxalq İncəsənət Festivalı". 2015-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-17.