Ağstafa müqaviləsi — Vikipediya

Ağstafa müqaviləsi - Azərbaycan Sovet Sosialist Respublikası ilə Gürcüstan Demokratik Respublikası arasında "sülh və dostluq" müqaviləsi.[1]

1920-ci il iyunun 12-də Azərbaycanın Ağstafa stansiyasında imzalanmışdır. Ağstafa müqaviləsinin bağlanmasına ehtiyac Şimali Azərbaycanda Bolşevik işğalından dərhal sonra yaranmışdı. Belə ki, aprelin 28-də sovet qoşunlarının Şimali Azərbaycana müdaxiləsi nəticəsində yaranmış vəziyyətdən istifadə edən Gürcüstan hökuməti Azərbaycan sərhədinə qoşun çıxardı. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Gürcüstan elə həmin gün Poylu körpüsünü, Poylu stansiyasını, həmçinin Tiflis-Qazax yolu üzərindəki körpünü tutdu və Ağstafa istiqamətində hücuma keçdi. Azərbaycan Hökumətinin diplomatik səylərinə baxmayaraq, sərhəddə yaranmış gərginliyi xeyli müddət aradan qaldırmaq mümkün olmadı. Azərbaycan Hökuməti sərhəd məsələlərinin müzakirəsi məqsədilə danışıqlara başlamaq üçün razılıq əldə edilməsinə yalnız 1920-ci il mayın sonlarında nail oldu və bununla əlaqədar xüsusi komissiya yaratdı.[1]

Komissiyanın faəliyyəti

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Hökuməti sərhəd məsələlərinin müzakirəsi məqsədilə danışıqlara başlamaq üçün razılıq əldə edilməsinə yalnız 1920-ci il mayın sonlarında nail oldu və bununla əlaqədar xüsusi komissiya yaratdı. Həmid Sultanov Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edildi. Danışıqlar 1920-ci il iyunun 3-də Ağstafada başladı. İlkin danışıqlar 4 gün davam etdi. Həmin günlər nümayəndə heyətləri arasında gərgin mübahisələr baş verdiyindən nəticə əldə olunmadı. Gürcüstan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdi. Azərbaycan tərəfi bu iddiaların əsassız olduğunu, Gürcüstanın bir çox vilayətlərinin əhalisini azərbaycanlılar təşkil etdiyi halda, Azərbaycanın öz qonşusuna qarşı heç bir ərazi iddiası qaldırmadığını göstərirdi. Mehriban qonşuluq siyasətini əsas tutan Azərbaycan tərəfı 1920-ci il aprelin 27-nə qədər qüvvədə olan sərhəd xəttinin bərpa olunmasını təklif edirdi.[1]

Gürcüstan tərəfi isə PoyluQırmızı körpü ətrafındakı ərazilərin, vaxtilə xüsusi məqsədlə Tiflis quberniyasına daxil edilmiş Zaqatala vilayətinin və digər ərazilərin Gürcüstana birləşdirilməsini tələb edirdi. Danışıqların növbəti mərhələsində tərəflər müəyyən məsələlərdə razılığa gəldilər və bunun nəticəsi kimi 18 maddədən və ona əlavə olan 4 maddəli sazişdən ibarət müqavilə imzalandı. Sənədləri Azərbaycan tərəfindən Azərbaycan İnqilab Komitəsi sədrinin müavini, xalq xarici işlər komissarı Mirzə Davud Hüseynov, Gürcüstan Demokratik Respublikası tərəfindən hərbi nazir G.S.Lordkipanidze, Müəssislər Məclisinin sədri S.Q.Mdivani və A.S.Andronikov imzaladılar. Müqaviləyə görə, iki respublika arasında bütün hərbi əməliyyatlar dayandırılır, tərəflər bir-biri ilə möhkəm sülh və dostluq münasibətləri qurur, hərbi əsirləri qaytarırdılar.[1]

Müqavilənin şərtləri

[redaktə | vikimətni redaktə et]

Müqaviləyə görə, sərhəd xətti BorçalıQazax qəzaları arasından, Bartış dağından şimal-şərqdəki inzibati sərhəddən, Qızılqaya dağının cənub-şərqindəki bulaqlara qədər olan sahədən, Tərs dağı yüksəkliklərinin şərq yamacından, Qırmızı körpünün ortasından, XramKür çayları boyu uzanan köhnə sərhəd zolağından, Poylu körpüsünün ortasından, şimal-şərq istiqamətindəki köhnə inzibati sərhəd zolağından, köhnə cənub-şərq inzibati zolağından Palantökən dağına qədər, oradan da Zaqatalaya qədər uzanan şimal-qərb sahəsindən keçirdi. Tərəflər arasında bir il müddətində qüvvədə olacaq bitərəf zonalar yaradılırdı. Poylu və Qırmızı körpünün qarşısındakı sahə, həmçinin Kür çayının Azərbaycan ərazisindəki sol sahili müqavilə imzalandıqdan sonra bir il müddətində bitərəf zona kimi qalmalı idi. Həmin zonanın sərhədləri aşağıdakı kimi müəyyənləşdirilirdi: Qazax qəzasında İncəsu çayı, Borçalı və Qazax qəzalarının inzibati sərhədi; Qazax qəzasında Qızılhacılı, Peykanlı, Xələfli, Şəkərli stansiyaları, Kür çayının əyintisi, oradan düz xətlə Çobandağ yüksəkliyinin qərb küncündən keçən, sonra isə Çobandağ yüksəkliyinin cənub-şərqinə və Sığnax qəzasının sərhədinə qədər uzanan xətt. Bu zonada heç bir tikinti işi aparıla və hərbi hissə yerləşdirilə bilməzdi.

Bu şərtlərə əməl olunmasına nəzarət etməkdən ötrü, hər tərəfdən iki nəfər olmaqla, dörd nəfərlik qarışıq komissiya yaradıldı. Onun idarə olunması hüququ Azərbaycana verilirdi. Qırmızı körpünün Azərbaycan tərəfində qalan hissəsi Azərbaycan, qarşı tərəfi isə Gürcüstan tərəfindən qorunmalı idi. Tərs və Babəkar dağları ilə əlaqə saxlamaq üçün Gürcüstana körpüdən sərbəst istifadə etmək hüququ verilirdi. Zaqatala dairəsinin gələcəyi Gürcüstanla Rusiya arasında yaradılacaq arbitraj komissiyasında həll edilməli idi. Məsələ tam həllini tapana qədər tərəflərdən heç biri Zaqatala dairəsinə yeni hərbi hissələr gətirməməli idi. Gürcüstan və Azərbaycan bir-birinin müstəqilliyini və suverenliyini qeyd-şərtsiz tanıyır və bir-birinin daxili işlərinə qarışmaqdan qarşılıqlı surətdə imtina edirdilər. Tərəflər suveren dövlətlər kimi, bir-birinin gerb və bayraq rəmzlərini tanıyırdılar. Müqavilə bağlandıqdan dərhal sonra konsulluq səviyyəsində diplomatik münasibətlər qurulmalı, imzalanacaq xüsusi saziş ona aid olan normaları müəyyənləşdirməli idi: tərəflər öz ərazilərində Azərbaycan və Gürcüstan hökumətlərinə iddia irəli sürən hər hansı qrup, təşkilat və şəxslərin fəaliyyət göstərməsinə icazə vermirdilər;həmin qrup, təşkilat və ya şəxslərə yardım etməyəcəkləri barədə öz üzərlərinə öhdəlik götürürdülər; bir-biri üçün əlverişli ticarət və iqtisadi şərait yaradırdılar; ticarət-tranzit müqaviləsi imzalananadək azad tranzit prinsipi həyata keçirilməli idi. Vətəndaşların əmlakları qarşılıqlı surətdə qaytarılmalı, onlara aid məsələləri qarışıq komissiya həll etməli idi. Saziş imzalananadək Azərbaycan heyvandarları Gürcüstan yaylaqlarından sərbəst istifadə edə bilərdilər; ictimai və xidməti vəzifəsindən asılı olmayaraq, bütün vətəndaşlar vətənlərinə sərbəst qayıda bilərdilər; müqavilə imzalandığı andan qüvvəyə minirdi və ratifikasiya olunmalı idi. Əlavə sazişdə Azərbaycanın Gürcüstana neft və neft məhsulları göndərməsi, əvəzində Gürcüstanın Azərbaycana ekvivalent miqdarda və məbləğdə manufaktura və kağız verməsi, tərəflərin bərabər qaydada ayırdığı vəsait hesabına Gürcüstanın Poylu körpüsünü bərpa etməsi, vətəndaşlara vurulan ziyanın ödənilməsi məsələləri tənzimlənirdi.[1]

  • Qasımov M., Xarici dövlətlər və Azərbaycan (aprel işğalından SSRİ yaradılana qədərki dövrdə diplomatik-siyasi münasibətlər), B., 1998
  1. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 117-118. ISBN 9952-417-14-2.