Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — Vikipediya
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət.
Haqqında
[redaktə | vikimətni redaktə et]1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu.
Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi.
1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı.[1]
Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə yazdığı 17 mart 1919-cu il tarixli məktubundan məlum olur ki, müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətindən yalnız 2 və ya3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilirdi. İngilis nümayəndəliyi Əlimərdan bəy Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri 3 nəfərin Parisə getməyinə razılaşırdı. Parisə Azərbaycan nümayəndələri ilə yanaşı Don, Kuban, Dağlılar Respublikası, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Əlimərdan bəy Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər. Lakin gözlənilmədən Amerika Birləşmiş Ştatları prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alınaraq nümayəndələrin Parisə getməsinə icazə verildi.[2]
1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan Nümayəndə Heyətinin üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Ceyhun Hacıbəyli tərəfindən "Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu" adlı sənəd hazırlanaraq fransız və ingilis dillərində nəşr olundu. Sənəddə qeyd olunurdu ki, "bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı."
Heyət həmçinin "Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi", "Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti" adlı sənədlər də hazırlamışdır.
1919-cu ilin may ayı ərzində Azərbaycan Nümayəndə Heyəti Polşa, Gürcüstan, İran, Ermənistan və Dağlılar Respublikasının nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Nümayəndə Heyəti bu dövrdə 12 informasiya bülleteni də nəşr etmişdir.[3]
May ayının 2-də Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vilson bildirdi ki, Azərbaycan Respublikasının nümayəndələri Versal sülh konfransına buraxılsınlar və Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi tanınmalıdır.
Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson 1919-cu ilin mayın 28-də günün ikinci yarısında Azərbaycan Nümayəndə Heyətini qəbul etdi. Qəbul zamanı Əlimərdan bəy Topçubaşov Amerika Birləşmiş Ştatları Prezidentinə müraciət edərək dedi:[4]
Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün minnətdarlığımızı, dərin hörmətimizi, azadlıq və müstəqil həyat ruhu ilə yaşamaq istəyən xalqımızın təşəkkürlərini bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciət edib xahiş edirik ki, cənab Prezident, bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verildiyini eşitməli oluruq. Doğrudur, bizi hələ yaxşı tanımırlar, biz indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq. Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri-birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq. |
Əlimərdan bəy Topçubaşov çıxışından sonra Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim etmişdi. Vudro Vilsonla görüşdə Azərbaycan Nümayəndə Heyətinin altı bənddən ibarət olan tələbləri Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim olundu:
- Azərbaycanın müstəqilliyi tanınsın;
- Vilson prinsipləri Azərbaycana da şamil edilsin;
- Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsın;
- Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin;
- Amerika Birləşmiş Ştatlarının Hərbi Departamentliyi Azərbaycana hərbi yardım göstərsin;
- Amerika Birləşmiş Ştatlarıyla Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.
Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson söhbətdə Amerikalıların dünyanı kiçik hissələrə bölmək istəmədiyini və Azərbaycan məsələsinin "rus məsələsi"ndən əvvəl həll edilməsinin mümkünsüzlüyünü bildirdi.
Əlimərdan bəy Topçubaşovun Azərbaycan Nazirlər Şurasının sədrinə Parisdən 1919-cu ilin 22–25 sentyabrında göndərdiyi məktubda isə Azərbaycanın tanınması ilə bağlı ciddi çətinliklərin olduğu qeyd edilir və müttəfiqlər Azərbaycanın müstəqilliyi ilə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, heç bunu etmək istəmədiyi yazılırdı.[5]
1919-cu ilin sentyabrnda Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Valter Çandlerlə iki müqavilə imzalamışdı. Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan Nümayəndə Heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi. Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il, oktyabrın 4-də başlamalı idi. Daha sonra 2-ci müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi. Bu müqavilə daha sonra Topçubaşov-Çandler kontraktı adlandırdıldı.[6]
Tərkibi
[redaktə | vikimətni redaktə et]- Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov — 1918-ci il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. Dekabrın 28-də isə Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinə rəhbər təyin etmişdi. Əlimərdan bəy Topçubaşov siyasi məsələlər və memorandum hazırlanması üçün məsul idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin xərclənməsinə nəzarət edirdi.
- Nümayəndə Heyətinin sədrinin şəxsi katibi Rəşid bəy Topçubaşov
- Nümayəndə Heyətinin sədrinin müavini və xəzinədar Məmmədhəsən Hacınski — iqtisadiyyat və maliyyə məsələlərinə rəhbərlik edir, Azərbaycan hökuməti adından əcnəbi iş adamları və təşkilatlarla danışıqlar aparırdı.
- Nümayəndə Heyətinin üzvü Əkbər ağa Şeyxülislamov — Əkbər ağa Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul olur, statistik göstəricilər, diaqramlar, xəritələr hazırlanması işini təşkil edir, nəhayət, Nümayəndə Heyətinin kitabxanasına baxırdı.
- Nümayəndə heyətinin üzvü Əhməd bəy Ağayev — "İttihad və Tərəqqi" liderləri ilə yaxınlığına görə təqib olunan Əhməd bəy Ağayevin Parisə getməsinə imkan verilməmişdi. O, ingilislər tərəfindən həbsə alınaraq Malta adasına sürgün olunmuşdu. Daha çox informasiya və təbliğat məsələləri ilə məşğul olmalı və Fransa mətbuatı və ictimaiyyəti ilə əlaqələr yaranmasına kömək etməli idi.
- Nümayəndə Heyətinin məsləhətçisi Ceyhun Hacıbəyli — informasiya və təbliğat məsələləri ilə məşğul olmalı və Fransa mətbuatı və ictimaiyyəti ilə əlaqələr yaranmasına kömək etməli idi.
- Nümayəndə Heyətinin məsləhətçisi Məhəmməd Məhərrəmov — xalq təsərrüfatı və əkinçilik sahələri üçün məsuliyyət daşıyır, həm də protokolların Azərbaycan türkcəsində yazılmasına nəzarət edirdi.
- Nümayəndə Heyətinin məsləhətçisi Mir Yaqub Mehdiyev — Ticarət və sənaye ilə bağlı məsələlər üçün məsul olan Mir Yaqub Mehdiyevin vəzifələri sırasına maliyyə hesabatlarını yoxlamaq da daxil idi.
- Nümayəndə Heyətinin katibi Abbas Atamalıbəyov — 1919-cu ilin avqustundaparlamentin sosialistlər fraksiyası Nümayəndə Heyətinin tərkibindəki üzvləri barəsində rotasiya qərarı çıxarmış və Məhəmməd Məhərrəmovu əvəz etmək üçün Abbas bəy Atamalıbəyovu Parisə göndərmişdi. Lakin həmin dövrdə Məmmədhəsən Hacınski artıq Azərbaycana qayıtdığından həm Məhəmməd Məhərrəmovun, həm də Abbas bəy Atamalıbəyovun Parisdə qalmaları məqbul sayılmışdı.
- Nümayəndə Heyətinin əməkdaşı Əli bəy Hüseynzadə — "İttihad və Tərəqqi" partiyası ilə əməkdaşlıqda günahlandırılaraq "Antanta" dövlətləri tərəfindən Parisə buraxılmamışdı. Daha çox tarixi-etnoqrafik və ədəbi materialların seçilməsi və təbliğatda onlardan istifadə edilməsi üçün məşğul idi.
- Nümayəndə Heyətinin əməkdaşı V. Marçevski
- Nümayəndə Heyətinin katibi Səfvət bəy Məlikov
- Nümayəndə Heyətinin katibi Ələkbər bəy Topçubaşov
- Nümayəndə Heyətinin tərcüməçiləri — A. Qafarov (fransız dili), Q.Qafarova (ingilis dili), H. Məmmədov (fransız və türk dilləri).
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, i. 35, v. 4–6.
- ↑ C.Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 353
- ↑ Р.Абуталыбов. Годы и встречи в Париже. М., 2006, с. 56
- ↑ C. Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 359–360;
- ↑ А.М.Топчибаши. Письмы из Парижа. B., 1998, с.38
- ↑ Cəmil Həsənli, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920).