Biçənək aşırımı — Vikipediya
Biçənək aşırımı | |
39°32′40″ şm. e. 45°48′40″ ş. u.HGYO | |
Hündürlüyü | 2346,9 m |
Ölkə | Azərbaycan |
Biçənək aşırımı — inzibati cəhətdən Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın mənbə hissəsində olan aşırımdır (hünd. 2346,9 m). Biçənək kəndi ərazisində yerləşir. Öz adını yaxınlığında yerləşən kəndin adından götürmüşdür. Mühüm əhəmiyyət kəsb edən Naxçıvan-Laçın-Yevlax avtomobil yolu aşırım ərazisindən keçir. Naxçıvan ilə Azərbaycanın tazixi torpaqları olan Zəngəzuru birləşdirir.
Alt pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacı orta pleystosen yaşlı flüvioqlasial konqlomeratlarla örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir. Aşırımın gəzdək hissəsi və yamacında şimal-qərb istiqamətli eyniadlı fay qırılması və onun şaxələri müşahidə olunur.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Tarixi qaynaqlara görə, Biçənək aşırımı qədim və orta əsrlərdə Naxçıvandan Beyləqana və oradan da Bərdəyə gedən yolun üstündə idi. IX əsr ərəb tarixçilərinin məlumatına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Bu aşırım Naxçıvanla Arranı birləşdirən yeganə yol olmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.