Şahbuz rayonu — Vikipediya
Bu məqalə Şahbuz rayonu haqqındadır. Şahbuz şəhəri üçün Şahbuz səhifəsinə baxın. |
Rayon | |
Şahbuz rayonu | |
---|---|
39°29′ şm. e. 45°40′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Daxildir | Naxçıvan |
İnzibati mərkəz | Şahbuz |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 1.263 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SAH |
Poçt indeksi | 7100 |
Avtomobil nömrəsi | 71 |
Vikianbarda əlaqəli mediafayllar |
Şahbuz rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Şahbuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Naxçıvan (1978-ci ildən Babək) rayonuna verilmişdi; 1965-ci ildən yenidən müstəqil rayondur. Şimalda və şərqdə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 836,58 km2. Rayonda 1 şəhər, 1 qəsəbə, 22[2] kənd var. Mərkəzi Şahbuz şəhəridir.
Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Dağlıq ərazidir. Ən yüksək nöqtəsi Salvartı (3162 m), Üçqardaş (3156m), Keçəldağdır (3115m). Biçənək dağ aşırımı da buradan keçir. Naxçıvan Muxtar Respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular, o cümlədən badamlı, batabat, Karvansara, Biçənək mineral sular axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. Naxçıvançay və onun qolları: Küküçay, Şahbuzçay, Salvartıçay axır. Göllər – Qanlıgöl, Batabat gölü. Dağlarda meşə massivləri var. Badamlı mineral suyunun doldurulduğu zavodun yanında Badamlı istirahət zonası tikilmişdir (1400 metr yüksəklikdə).
Toponimi
[redaktə | mənbəni redaktə et]Şahbuz- Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz mahiyəsinin adı idi.[3] Şahbuz yaxınlığındakı hündür yerdə qalıqları qalmaqla olan qədim qalanın[4] adıdır. Məntəqə yaxınlığındakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya və buz (türk dillərində bayz- sıldırım) sözümüm təhrif formasından ibarətdir.[5]
Şahbuz- Şahbuz eyniadlı rayon mərkəzi. Naxçıvançay sahilində, dağətəyi ərazidədir. Erkən orta əsrlərdə orada mövcud olmuş və xarabalıqlara qalmış qalanın adı ilə adlanmışdır. Həmin qala isə adını Şahbuz (hündür, yüksək dağ) dağının adından almışdır.[6]
Şahbuz- Şahbuz rayonu (Naxçıvan MR) ərazisində çay. Naxçıvançayın qolu. Zəngəzur silsiləsindən başıanır. Çay Şahbuz kəndinin adı ilə adlanmışdır.[6]
Şahbuz- Şahbuz rayonunda (Nax. MR) kənd. Dağətəyi ərazidədir.[6]
Şahbuztəpə- Şahbuz rayonu (Nax. MR) ərazisində dağ. Dağın adı Şahbuz və təpə sözlərindən ibarətdir. Şahbuz bir fikrə görə, şah (yüksək, böyük) və buz (biz, dağ sözünün fonetik şəkli) sözlərindən ibarət olub, Böyük dağ mənasını verir.[6]
Tarixi və memarlıq abidələri
[redaktə | mənbəni redaktə et]Rayon ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Küküçay vadisində eradan əvvəl III minilliyə aid yaşayış yerləri mövcuddur. Tədqiqatçılar tərəfindən Sarıdərə, Ağbulaq, Kolanı, Kükü, Külüs, Şamlar qədim yaşayış yerləri öyrənilmişdir. Aşkar olunmuş mədəniyyət nümunələri, qəbirlər, Sikkə nümunələri eramızın əvvəllərində ərazidə böyük mədəniyyətin olduğunu sübut edir. Şahbuz qalası eramızın əvvəllərində inşa edilmişdir. Şapurqalası Şahbuz rayonunun eyniadlı kəndi yaxınlığında, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağın üstündədir. Arxeoloji abidə kimi 1990-cı ildə qeydə alınmışdır. Tapıntılar Şapur qalasında həyatın eramızın ilk əsrlərindən XV-XVI əsrlərədək davam etdiyini göstərir. Fərhad qalası Batabat yaylağında arxeoloji abidə kimi qeydə alınmışdır. Tədqiqatlar Fərhad qalasının eramızdan əvvəl I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.[7] Arxeoloji abidələri Külüs kəndi yaxınlığında Külüs qalası (m.ə. II minillik), Tunc və erkən Dəmir Dövrlərinə aid Külüs nekropolu. Aşağı Remişin kəndi yaxınlığında Tunc Dövrünə aid Sarıdərə yaşayış yeri və nekropollari. Şamlar kəndi yaxınlığında Dəmir Dövrünə aid yaşayış yeri. Naxçıvançayın sol sahilində m.ə. I minilliyə aid Qarnıyarıq yaşayış yeri, nekropol. Biçənək kəndindən şərqdə, Batabat yaylağında m.ə. I minilliyin sonlarına aid arxeoloji abidə Fərhad evi. Abidə liparid tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Divarlarda kiçik taxçalar qazılmışdır. Birinci otağın sağ küncündə quyu ocaq yeri vardır. Girişin sağ tərəfində qaya üzərində uzun saçlı kişi başı. Solunda qadın rəsmi həkk olunmuşdur.
Tədqiqatlar göstərir ki, Şahbuz bölgəsində boyalı qablar (e. ə. III–II minilliklər), Xocalı-Gədəbəy (e. ə. II minilliyin sonu – I minilliyin əvvəlləri) mədəniyyətləri yayılmışdır (Sarıdərə, Ağbulaq, Qarnıyarıq, Kükü, Külüs, Govurqala, Şamlar və s.). Sarıdərə abidələrində vahid dəfn adətinin olduğu müəyyənləşdirilmişdir. Ağbulaq kəndindən aşkar olunmuş küp qəbirlər, möhür, mis pullar və s. eramızın əvvəllərində ərazinin Qafqaz Albaniyasının tərkibində olduğunu göstərir. Orta əsrlərə aid qaynaqlarda adı çəkilən Şahbuz qalası eramızın ilk əsrlərində inşa edilmişdir. Rayon ərazisində 3–17 əsrlərə aid yaşayış yerləri (Quzey, Eyvaz, Yarnıx, Keçili, Kələkli, Kolanı, Məzrə, Xarabalıq və s.) və qəbir abidələri (Ayrınc, Batabat, Qanlıgöl, Nursu, Söyüdlü, Türkeş və s.) tədqiq edilib öyrənilmişdir.
Şahbuz rayonu ərazisində tarixi-memarlıq abidələrindən orta əsrlərə aid qala (bax Şapurqala), bürc, müdafiə istehkamları, həmçinin Karvansara, pir, məscid və s. mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr əsaslı şəkildə bərpa olunmuşdur.
Mahmudoba kəndi yaxınlığında Kəhriz yaşayış yeri (III–VIII əsrlər), Orduyurdu yaşayış yeri (VII–VIII əsrlər). Ağbulaq kəndi yaxınlığında Qızıltapılan və Xarabalıq yaşayış yerləri (V–VIII əsrlər). Keçili kəndi yaxınlığında Kolluq yaşayış yeri (V–VII əsrlər). Külüs kəndi yaxınlığında alban məbədi (VI əsr), Şapurqala yaşayış yeri (I–X əsrlər). Nursu kəndi yaxınlığında alban məbədi (VI əsr). Şahbuz şəhəri yaxınlığında Şapurqalası (VI əsr), Şahbuz və Şahbuzkənd nekropolları (X–XVI əsrlər). Kolanı kəndi yaxınlığında Kolanı və Quzey nekropolları (X–XV əsrlər). Keçəldağın ətəyində XIV–XVII əsrlərə aid daş sənduqələr və qoç fiqurlarından ibarət iki qəbiristanlıq. Biçənək kəndindən şərqdə körpü (XVI–II əsr). Sələsüz kəndi yaxınlığında körpü (XVIII əsr).
Fiziki-coğrafi xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Landşaftları və bioloji müxtəlifliyi
[redaktə | mənbəni redaktə et]Yayı quraq keçən soyuq iqlimi vardır. Ərazisindən Naxçıvançay və onun qolları (Salvartıçay, Küküçay, Şahbuzçay və s.) axır. Qanlıgöl, Batabat və s. gölləri vardır ki, onlardan su anbarı kimi istifadə edilir. Rayon ərazisində əsasən, dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-tünd-şabalıdı torpaqlar yayılmışdır. Burada bitkiliyin yarımsəhra, dağ-kserofit (friqana), dağ-bozqır, kolluq, çala-çəmən və subasar çəmən, meşə, su-bataqlıq, petrofil (qaya-tökııntü), subalp və alp çəmən tipləri yayılmışdır. Ərazi florasında kox şamı, bataqlıq mürgəkotu, atmilçək qaş səhləbi, arıbumn quşsəhləbi, sıxçiçək bellavaliya, bərk sərtdişə, bott zəravəndi, tükyarpaq suincilosu, voronov armudu , Zəngəzur armudu, nizami itburnu, badamlı gəvəni, Naxçıvan gəvəni, dəniz bağayarpağı və s. nadir və endem bitkilər yayılmışdır. Rayonun faunası üçün xarakterik olan heyvanlara qonur ayı, avrasiya vaşaqı, meşə pişiyi (Felis silvestris), canavar çaqqal, adi tülkü, porsuq, meşə dələsi, süleysin, susamuru, bezoar keçisi, asiya muflonu, qaban, boz dovşan, qulaqlı kirpi, hind tirəndazı, qonur palazqulaq yarasa, dam bayquşu, xəzər uları, dağ kətanquşu, kəklik, böyük və kiçik qayalıq sittası, adi sığırçın, çöl göyərçini, radde gürzəsi, təlxəlor, adi suilanı, qara əqrəb, qafqaz solpuqası (böv), Vayxır su anbarında çoxlu balıq növləri və s. daxildir.[8]
Relyefi
[redaktə | mənbəni redaktə et]Şahbuz rayonu dağlıq olub Dərələyəz silsiləsinin cənub yamacları və Zəngəzur silsiləsinin qərb yamaclarıdır. Biçənək aşırımı bu ərazidə yerləşir. Rayonun qərb hissəsində Küküdağ silsiləsi, şimal-şərq hissəsində Süsəndağ silsiləsi yerləşir. Rayonun mərkəzi hissəsində Məzrədağ və Qapıdaşqara silsilələri yerləşir.
Geoloji quruluşu
[redaktə | mənbəni redaktə et]Təbaşir və Neogen dövrü çöküntüləri yayılmışdır.
Çayları və su hövzəhri
[redaktə | mənbəni redaktə et]Mineral bulaqlarla (Badamlı, Biçənək, Batabat, Karvansara və s.) zəngindir. Ərazisindən Naxçıvançay və onun qolları olan Cəhri, Salvartıçay, Küküçay, Şahbuzçay və s. çaylar axır. Naxçıvançay Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənub yamacından axan bulaqların qovuşmasından yaranır. Çayın mənbəyi Keçəldağın yaxınlığındakı 2720 m yüksəklikdədir. Naxçıvançayın 16 qolu vardır. Şahbuzçay (Şahbulaqçay) mənbəyini Zəngəzur silsiləsindən götürür. Ərazi mənzərəli dağ gölləri (Batabat, Salvartı, Qanlıgöl və s.) ilə də zəngindir. Batabat gölü Naxçıvançayın hövzəsində yerləşir. Sahəsi 16 ha-dır. Salvartı dağının yamacında, okean səviyyəsindən 2849 m hündürlükdə Salvartı gölü yerləşir. Gölün uzunluğu 280 m, eni 200 m, sahəsi 3.2 ha-dır. Salvartıçay bu göldən başlayır. Şahbulaq gölü Sərpidaş dağının ətəyində, Naxçıvançayın hövzəsində, 2400 m yüksəklikdədir. Qanlıgöl gölü Küküçayın hövzəsində, Dərələyəz silsiləsinin ətəyində, 2420 m yüksəklikdədir.
Şahbuz Dövlət Təbiət Qoruğu bu rayon ərazisində təşkil edilmişdir.
Əsas zirvələri
[redaktə | mənbəni redaktə et]Əsas su hövzələri
[redaktə | mənbəni redaktə et]- Naxçıvançay (81 km),
- Küküçay (20 km),
- Şahbuzçay (27 km)
- Batabat gölü,
- Salvartı gölü,
- Şahbulaq gölü,
- Qanlıgöl
- H. Əliyev adına su anbarı
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Son illər rayonda sosial-iqtisadi inkişafın möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülmüşdür. Şahbuz rayonunda da iqtisadi və mədəni həyatın bütün sahələrində böyük irəliləyişlərə nail olunmuşdur. Şahbuz rayonu əsasən, heyvandarlıq rayonudur. Kənd təsərrüfatına yararlı torpaqlar 28146 ha-dır (2004). Bunun 2663 ha-ı suvarılan torpaqlar, 2495 ha-ı biçənəklər, qalanı otlaqlardır. Dənli və dənli-paxlalı bitkilər (buğda, arpa və s.), yem bitkiləri, texniki bitkilər, tərəvəz və kartof əkilir. Meyvə yetişdirilir.
1999-cu ildə Şahbuz rayonu üzrə aqrar islahatlar başa çatdırılmış, əhali torpaq payları ilə təmin olunmuşdur. Torpaqları suvarmaq üçün suvarma xətləri yenidən qurulmuş, yeni su mənbələri yaradılmışdır. Aqrar islahatların həyata keçirilməsi rayonda bitkiçiliyin və heyvandarlığın intensiv inkişafına, məhsul istehsalının artırılmasına müsbət təsir göstərmişdir. 2004-cü ildə Naxçıvan Muxtar Respublika sənaye məhsulunun 3,9%-i, kapital qoyuluşunun 2,8%-i, istifadəyə verilmiş əsas fondların 2,6%-i, cəmi əmtəə dövriyyəsinin 2,2 %-i, əhaliyə göstərilən pullu xidmətlərin 5,3%-i Şahbuz rayonunun payına düşür. Əhalinin hər nəfərinə düşən pullu xidmətlərin həcmi 263,1 min manat olmuşdur ki, onun da 14,1%-i məişət xidmətlərinin payına düşür.
Rayonda Badamlı mineral sular zavodu, üzüm emalı müəssisəsi fəaliyyət göstərir. Son vaxtlar Badamlı suyunun istehsalını artırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, bu suyun müxtəlif ölkələrə də satışının təşkili üçün məqsədyönlü iş aparılmışdır. Rayonda tikinti təşkilatı və kommunal müəssisələri kombinatı genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirir. Rayon əhalisinə nəqliyyat xidmətinin və digər pullu xidmətlərin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
İnfrastruktur
[redaktə | mənbəni redaktə et]Rayon ərazisinə Şahbuz şəhəri, Badamlı qəsəbəsi və Qarababa, Ayrınc, Mahmudoba, Nursu, Qızıl Qışlaq, Güney Qışlaq, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Gömür, Ağbulaq, Biçənək, Şahbuzkənd, Külüs, Kükü, Keçili, Sələsüz, Daylaqlı, Türkeş, Kiçikoba, Mərəlik, Badamlı, Şada kəndləri daxildi. Son illər rayonda xeyli quruculuq və abadlıq işləri aparılmışdır. Kükü, Mahmudoba, Qızıl Qışlaq kəndlərində, Batabat yolu üstündə Zərnətün körpüsü tikilmişdir. Rayonun Türkeş, Şada, Biçənək, Keçili, Külüs, Badamlı qəsəbə, Sələsüz, Güney Qışlaq kəndlərində müasir tipli məktəblər tikilmiş, Şahbuz şəhəri abadlaşdırılmış, ulu öndər H. Əliyevin xatirəsinə park və prospekt salınmışdır.
Şəhərdə 2002–2004-cü illərdə müasir arxitektura üsulu ilə YAP Şahbuz rayon təşkilatının, Baytarlıq laboratoriyasının, Maliyyə şöbəsinin, Kommunal müəssisələr kombinatının, MTN-nin Şahbuz şöbəsinin, Kapital Bankın Şahbuz rayon filialının, rayon məhkəməsinin, suvarma sistemləri idarəsinin, polis şöbəsinin inzibati binaları tikilib istifadəyə verilmişdir.
Rayonda qaçqın və məcburi köçkünlərin, o cümlədən Azərbaycan torpaqlarının müdafiəsində iştirak edən veteranların həyat şəraitini yaxşılaşdırmaq üçün 24 ailəyə yaşayış evi tikilib istifadəyə verilmiş, Şahbuz qəsəbəsində Şəhidlər kompleksi və rayonunun simvolu olan giriş abidə-kompleksi ucaldılmışdır.
Rayonun ərazisində aparılan yenidənqurma, quruculuq və abadlıq tədbirləri nəticəsində yaraşıqlı inzibati tikililər, milli və müasir arxitekturalı binalar, ticarət mərkəzləri, qədim üslubda meydanlar, köşklər inşa edilmiş, yollar boyu kəndlər abadlaşdırılmış, yeni körpülər (Kükü, Mahmudoba, Nursu, Qızıl Qışlaq) tikilmişdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Şahbuzlular işgüzar, qonaqpərvər və uzunömrlüdürlər. Ərazidə ulu əcdadlarimizdan qalma milli adət-ənənələr, dekorativ tətbiqi sənət nümunələri, şifahi folklor mədəniyyəti, aşıq-saz sənəti bu günə kimi əhəmiyyətini itirməmişdir.[9]
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Şahbuz qəsəbə bələdiyyəsi | 3507 |
2 | Keçili kənd bələdiyyəsi | 1663 |
3 | Kolanı kənd bələdiyyəsi | 1379 |
4 | Kükü kənd bələdiyyəsi | 1451 |
5 | Şahbuzkənd kənd bələdiyyəsi | 1187 |
6 | Külüs kənd bələdiyyəsi | 1169 |
7 | Biçənək kənd bələdiyyəsi | 1157 |
8 | Badamlı kənd bələdiyyəsi | 1078 |
9 | Aşağı Qışlaq kənd bələdiyyəsi | 904 |
10 | Nursu kənd bələdiyyəsi | 799 |
11 | Mahmudoba kənd bələdiyyəsi | 797 |
12 | Qızıl Qışlaq kənd bələdiyyəsi | 692 |
13 | Sələsüz kənd bələdiyyəsi | 588 |
14 | Badamlı qəsəbə bələdiyyəsi | 582 |
15 | Güney Qışlaq kənd bələdiyyəsi | 545 |
16 | Ayrınc kənd bələdiyyəsi | 544 |
17 | Yuxarı Qışlaq kənd bələdiyyəsi | 516 |
18 | Gömür kənd bələdiyyəsi | 474 |
19 | Ağbulaq kənd bələdiyyəsi | 436 |
20 | Türkeş kənd bələdiyyəsi | 399 |
21 | Daylaqlı kənd bələdiyyəsi | 395 |
22 | Mərəlik kənd bələdiyyəsi | 215 |
23 | Kiçikoba kənd bələdiyyəsi | 171 |
24 | Şada kənd bələdiyyəsi | 161 |
25 | Cəmi | 20809 |
Milli tərkibi
[redaktə | mənbəni redaktə et]Etnik qrup | 1979[10] sa. |
---|---|
cəmi | 16 402 |
azərbaycanlı | 16 134 |
erməni | 230 |
rus və ukraynalı | 24 |
kürd | 3 |
gürcü | 3 |
tatar | 1 |
ləzgi | 1 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://files.preslib.az/projects/azerbaijan/gl2.pdf#page31.
- ↑ "- Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-02.
- ↑ B. Ə. Budaqov, Q. Qeybullayev "Naxçivan Diyarının Yer yaddaşı" , Bakı- 2004 "Nafta-Press" nəşriyyatı. s.105
- ↑ Şopen İ. Göstərilən əsər, s.328
- ↑ Mirzəyev E. M. Göstərilən lüğəti., s.65
- ↑ 1 2 3 4 Azərbaycan Toponimləri. s.564
- ↑ İnzibati-ərazi vahidləri s.231
- ↑ Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. Azərbaycan Ekoturizmin Potensialı
- ↑ Feyruz Bağırov Nuh yurduna ziyarət Naxçıvan-2008 s.46
- ↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Шахбузский район (перепись 1979 года) Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine
Mənbə
[redaktə | mənbəni redaktə et]- http://www.mcdmerkez.org/ts_general/azl/belediye/b-6.htm Arxivləşdirilib 2009-01-19 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu
- Şahbuz rayonu
- Şahbuzlu şəhidlər
- Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
- Şahbuz rayonunun Sələsüz və Mərəlik kəndləri müasir yaşayış məntəqələrinə çevrilmişdir