Boz ay — Vikipediya

Boz ay
az.-əski. بوز آی
Od çərşənbəsində Novruz atəşi. Boz ay
Daxil olan dövrlər 4 kiçik çillə
Keçirilən mərasimlər
Əvvəlki dövr Kiçik Çillə
Sonrakı dövr Qarayaz
Digər adları Alaçalpov, Ağlar-gülə, Döl ayı, Yazın qırxlı çağı
Müddəti 22 fevral–22 mart
Qidalar kətəməz, sulux, qovut, bulama
Milli qeydiyyat nömrəsi DB0204010006[1]

Boz ay (az.-əski. بوز آی‎) və ya Boz Çillə[2]azərbaycanlıların keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayı. Boz ayda su, od, yeltorpaq çərşənbəsi qeyd olunur. Boz aya "yazın qırxlı çağı" da deyilir.[3]

Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20–22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür.[4] Kiçik Çillənin qurtarmasından Novruz bayramına, qarayaz ayına qədər davam edir.[5]

Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Ancaq başqa aylardan aldığı üçün günləri hava şəraiti baxımından bir-birinə oxşamır. [6]

Siz məni uzaqda görmüsünüz, sizin acığınıza mən də gedib buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, çölləri, yamacları cücərdəcəyəm.

— Boz ayın Böyük ÇilləKiçik Çilləyə cavabı[7]

Havanın dəyişkən keçməsinə görə Boz ay "Alaçalpov", "Ağlar-gülər" adlandırılır. Ayın dəyişkənliyi və sərtliyini vurğulamaq üçün "Boz ay bozara-bozara keçər", "Boz ay boz sifətin göstərir" deyirlər.[5][6] Boz ay dövründə qışın qurtarmasını və təbiətin oyanmasını qeyd etmək üçün ilaxır çərşənbələr qeyd edilir. Bu günlərdə od-ocaq qalanır, insanlar üzərindən atılaraq ağırlıq-uğurluqdan xilas olur.[6]

Boz ay xalq arasında "döl ayı" da adlandırılır. Bu ayda qoyunlar balalayır, quzular mələyir. Dölün başlanmasına görə çobanlar sevinir, şənliklər keçirilirdi. Bu zaman hazırlanan yeməklər kətəməz və sulux, şirniyyat isə qovutdur. Bulama payı göndərilir, oğlan uşağı qoçun üstündə sürüyə salınarsa, sürünün erkəyinin çox olacağına inanılır. [6][8]

İlin necə keçəcəyi Boz aydan bəlli olur. Bu ayda bağ-bağçaya qulluq edilir, otlaqlar səliqəyə salınır, arılar üçün şirə, ruzi payı ayrılır. Boz ayın ortalarında taxıl sahələrinin suvarılması gülənbər, döndərmə, çiçəksuyu adlandırılır. Təzə bağ salanlar şitili bu ayda basdırır.[8]

Boz ay müddətində Novruza qədər evlər təmizlənir, səməni və bayram donu hazırlanır. Havanın tutqun keçdiyini görən uşaqlar Günəşi çağırma mərasimi keçirir, Günəşin övladlarından yazı – Saçlı qızı istəyirlər.[8][9] Qışın çillələri başa çatandan, yazın gəlişinə qədərki dövrdə təzə evlənənlərin otağını bəzəmək üçün və gərdəklik üçün toxunulan xalçaya "çillə şəddəsi" deyirlər.[10]

Daxil olan mərasimlər

[redaktə | vikimətni redaktə et]
Kos-Kosa oyunu
  • Çərşənbələr. Novruzdan əvvəlki 4 çərşənbədir, 4 ünsürlə (Yel, Od, Su, Torpaq) bağlıdır.
    • Yel çərşənbəsi. Bu zaman ev-həyət təmizlənir. Havalar isinir və torpaq yumşalır. Əkin və bağ işi üçün münbit şərait yaranır.[11]
    • Su çərşənbəsi. Bu zaman əkin və bağın oyanmasını istəyənlər çərşənbə tonqalının külünü sahələrə səpir, istiliyin süni simvolunu yaradır. [12]
    • Torpaq çərşənbəsi. Torpaq isinir, yerin canına istilik gəlir, novruzgülü çıxır. Oğlan və qız uşaqları novruzgülünü çərşənbə xonçası üçün yığırlar. [12]
    • Od çərşənbəsi. Bu çərşənbədə qalanan tonqalda mütləq tikanlı kol da yandırılır. Bu, baharın gəlməsini yubatmaq istəyən şər qüvvələri qorxudur. Bütün ailə üzvləri tonqal üzərindən hoppanaraq köhnə ilin ağrısından xilas olurlar. [13]
      • Danatma vaxtı. Axır çərşənbədə Günəşin çıxması və qarşılanması mərasimidir.[14]
      • Vəsfi-hal. Dilək tasının içinə müxtəlif əşyalar (üzük, sırğa, sancaq, oymaq) atılıb üstü bağlanır və mərasim nəğməsi oxunduqdan sonra onlardan biri gizli şəkildə seçilir. Nəğmə əşyanın sahibinin niyyəti ilə bağlı olur.[15]
  • Kos-kosa oyunu. Bu oyun qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Kosanın üzlüyü (maskası) Təbiət ruhuna olan bağlılığı bildirir, kürkü tərsinə geyinməsində də müqəddəslik mənası vardır.[16]
  • Aləmin yatdığı vaxt. Qışın sonu və yazın başlanğıc anını göstərən əsrarəngiz bir vaxtdır. İlin son çərşənbə günü və ya Novruz bayramına açılacaq gecənin gündüzə çevrildiyi anda reallaşır. Çaylar, dərələr, yəni axar sular bir an üçün durur, sonra təkrar axmağa başlayırlar.[17]

Əlaqəli dövrlər

[redaktə | vikimətni redaktə et]
  • Qoçqarışan. Azərbaycanda köçəri maldarlar payızın əvvəlini "qoçqarışan" adlandırır. Bu ayda əvvəlcədən yetişdirilmiş qoçlar sürüyə buraxılır və döllənmənin qışın son ayına (boz ay) düşməsi nəzərə alınır.[18]

Poçt markalarında

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda davamlı olaraq Boz ayın çərşənbələri və Novruz bayramı ilə bağlı müxtəlif poçt markaları buraxılmışdır.

  1. "Boz ay" (az.). Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. 2024-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  2. Novruz bayramı ensiklopediyası, 2008. səh. 48
  3. "Azərbaycan qəzeti, 17 Mart 2011". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-16.
  4. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 13
  5. 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 19
  6. 1 2 3 4 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 443
  7. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 440
  8. 1 2 3 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 444
  9. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 445
  10. Novruz bayramı ensiklopediyası, 2008. səh. 57
  11. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 20
  12. 1 2 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 22
  13. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 24
  14. Abdullayeva S. A. Azərbaycan folklorunda çalğı alətləri. Bakı: Adiloğlu, 2007. — 216 s.
  15. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 25
  16. Beydili, 2003. səh. 326-328
  17. Beydili, 2003. səh. 431
  18. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 435
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
  • Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
  • Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).