Quyruqdoğdu — Vikipediya
Daxil olan dövrlər | Ballı ay |
Kəsişən dövrlər | Qorabişirən ay |
Əvvəlki dövr | Qorabişirən ay |
Sonrakı dövr | Elqovan (yayın son ayı) |
Daxil olduğu dövr | Cırcırama dövrü (yayın orta ayı) |
Digər adları | Quyruqdondu |
Quyruqdoğdu — Azərbaycan təqvim inanclarında yayın ortasında, səhərə yaxın şərqdə quyruqlu ulduzların müşahidə edildiyi dövr.
Müddəti
[redaktə | vikimətni redaktə et]Həsən bəy Zərdabiyə görə 6 avqustdan 15 avqusta qədər davam edir. Yayın orta ayına, Cırcırama dövrünə daxildir. Əvvəlki dövr qorabişirən ay (qoradöyən aydan avqustun ortalarına qədər davam edən ay), sonrakı dövr elqovan ayıdır.[1]
Təsviri
[redaktə | vikimətni redaktə et]Quyruqdoğdu dövrü keçmiş zamanlarda insanların göyü və ulduzları müşahidə etməsi nəticəsində yaranmışdır. Yay yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzlar müşahidə edilir və təsərrüfat işləri bu zamana salınırdı. Küləşi (iri saman) yığmaq üçün də quyruqdoğdunun gəlməsini gözləyərdilər. Çünki bu dövrdə yerə şeh düşür və küləş nəmlənir, daşınması rahatlaşır. Qoyunların qırxılması isə quyruqdoğdudan bir həftə əvvəl edilməli idi. Çünki quyrudoğdudan sonra havalar soyuq olduğu üçün qoyunlar xəstələnə bilər. Naxçıvanda bu dövrdən sonra mineral sulardan istifadə edilmir və payızda yarpaqların düşüb, mineral suların "kəsərini bərpa etməsi" gözlənilir.[1]
Həsən bəy Zərdabi 1905-ci ildə "Quyruq doğdu, çillə çıxdı" adlı məqaləsində qeyd edirdi:
Bizim göy üzündə gecələr görünən ulduzların hamısı həmişə görünməyir. Elə ulduz var ki, ilin bir vaxtında görünür, qeyri vaxtlarda görünməyir və bir də ulduzlar çox olduğundan onları bir-birindən ayırmaqdan ötrü dəstə-dəstə edib hər bir dəstəyə bu dəstə oxşadığı şeyin, ya heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. Bu ulduz dəstələrinə cürbəcür adlar qoyublar. O cümlədən onların bir dəstəsinə quyruq deyirlər ki, həqiqətən heyvan quyruğuna şəhabəti var. Zikr olan zaman ki, yayın ortası olur və günün itkisinin yer üzündə qalan hissəsi fəzada yox olan hissəsinə bərabər olur ki, ondan sonra yerin üzü mürür ilə soyuyur. O, quyruğa oxşayan ulduz dəstəsi bizim yerimizdə tülu edir. Hər kəs iyulun 25-də (təzə təqvimlə isə avqustun 7-də) sübh tezdən durub gündoğana baxsa, orada o quyruğa oxşayan ulduz dəstəsini görür. Quyruqdoğmanın vaxtı avqustun 6-dan 15-dəkdir. Həmin dövrdən başlayaraq havalar tədricən soyuyur.[1] |
Araşdırmalara görə, Həsən bəy Zərdabinin qeyd etdiyi "quyruğa oxşayan ulduz dəstəsi" Buğa bürcündəki Ülkər ulduzlarına aiddir. Bu dövrdə yarımköçəri maldarlıqla məşğul olan əhali qoyunlarını arxacda və ya təpənin arxasında yatırır. Bunun səbəbi ulduzun işıqlarının heyvanlara düşməməsidir. İnanca görə, ulduzların işığı heyvanların tükünü tökür.[1]
Azərbaycan xalq təqvimində quyruqdoğdu dövrü "quyruqdondu" da adlandırılır. Bunun izahı ondadır ki, bu dövrdə yaylaqlarda çobanlar quyruq əridib çöldə saxlayırlar. Əgər sonrakı gün quyruq donubsa, dağlarda soyuq hava başlayır və istinin dövrü bitir.[1]
Dövrə daxil olan və ya kəsişən aylar
[redaktə | vikimətni redaktə et]- Qorabişirən ay. Bu ay quyruqdoğdudan əvvəl başlasa da, avqustun ortalarına qədər davam etdiyi üçün onunla kəsişir. Yayın ən isti dövrüdür, bu zaman üzüm gilələri şişib qaralır.[1]
- Ballı ay. Quyruqdoğdu ayının müddətində, gəndəlaşın saçaqlı çiçəkləri qaralanda arıçılar bal kəsməyə başlayır. Bu dövrə qədər arılar kifayət qədər şirə yığırlar. Balın kəsilməsinin başlanması arıçıların sevincinə səbəb olduğu üçün onlar şadlıq edir, bir-birinə gözaydınlığı verir, yanaqlarına bal çəkir, xeyir-bərəkət diləyirlər. Arıçılar bu dövrü "ballı ay" adlandırırlar.[1]