Dizaq məlik sarayı — Vikipediya
Dizaq məliklərinin sarayı | |
---|---|
39°35′06″ şm. e. 46°57′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Tuğ kəndi |
Aidiyyatı | Dizaq məlikliyi |
Memar | bilinmir |
Tikilmə tarixi | XVIII əsr |
Vəziyyəti | Xarabalıqları qalıb |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Dizaq məliklərinin sarayı və ya Məlik Yeqanın sarayı — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidələri kompleksi. Kompleksə daxil olan tikililər müxtəlif dövrlərdə inşa edilmişdir. Əsas saray binasının birinci mərtəbəsi XVIII əsrdə, ikinci mərtəbəsi isə XIX əsrdə tikilmişdir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Ehtimal ki, saray kompleksi daha qədim tikililərin yerində inşa edilmişdir. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir.[1] Abidəni tədqiq etmiş K. Mkrtçyanın fikrincə, əsas saray binasının birinci mərtəbəsi XVIII əsrin 20-30-cu illərində, ikinci mərtəbəsi isə XIX əsrin əvvəllərində inşa edilmişdir.[1]
Qəbul otağının giriş qapısı üzərindəki portalda yerləşdirilmiş kitabədə yazılmışdır:
1737-ci ilin yayı. Bu qəbul otağı xatirədir. Belə olmuşdur. Mən, vardapet Qukasın məlik Yeqan adlı oğlu, xalq tərəfindən rəhbər seçilmiş. Ölkədə qarışıqlar zamanı şah Sultan Hüseynə və çar Təhmasibə xidmət etdim və o məni, məlik kimi təsdiq etdi. Sonra osmanlı gəldi və taxtı onun əlindən aldı. Mən ona da xidmət etdim və Dizaka gəldikdə Ərməniyyədən əsir alınmasına imkan vermədim. Artsaka gələn qüdrətli çar Nadir şah öz qoşunu ilə gələrək ölkəni osmanlının əlindən aldı. Ona da xidmət etdim və o, məni 6 xristian əyaləti – Talış, Çiləbürt, Xaçın, Vərəndə, Koçis, Dizaq - üzərində xan və bəylərbəyi elan edərək şərəf verdi. Kim ki, sonradan yazılanları oxuyacaq və əməllərimizin nə olduğunu biləcək, qoy heç olmasa bircə dəfə desin: rəhm elə, ata. Son. Amin.[2] |
Kitabədə qeyd edilənlər həmin dövrün fars, türk və erməni dilli mənbələrində də təsdiqlənir. Məlik Yeqanın məzar daşı üzərindəki kitabədə isə yazılır:
Bu, Mömin Vardapetin oğlu, Yeqan adlı cəsur knyaz, böyük məlikin məzarıdır. O hər kəs, o cümlədən Nadir şah tərəfindən sevilmişdir. Aluank ölkəsinin Artsak nahanqında hakimiyyət sürmüşdür. 1744-cü ilin yayı[3] |
Memarlıq xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Tuğ kəndinin mərkəzində yerləşən kompleks 38x13.24 metr ölçülər və planda düzbucaqlı formaya malikdir.[4] Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları vardır.[4]
Kiçik dəyişikliklərə baxmayaraq, məlik sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə çatmışdır. Sarayın qonaq və yaşayış otaqları üç istiqamətdə qruplaşdırılmışdır. Otaqların bir neçəsi birbaşa saray həyətinə açılır. Sarayın şimal-şərq hissəsinin birinci mərtəbəsində iki otaq, onların üstündə - ikinci mərtəbədə isə eyvanlı böyük zal yerləşir. Birinci mərtəbədəki otaqlar tağtavanlı xalq-yaşayış evlərini xatırladır.[1] Birinci mərtəbənin otaqlarının hər biri nir pəncərəyə malikdir. Pəncərə və qapı yerləri daş çərçivəlidir; otaqların interyerlərində buxarı və nişlər vardır. Şübhəsiz ki, bu otaqlar sarayın ən qədim tikililəridir.[4]
Düzbucaqlı həyətin qərb tərəfində yaxşı yonulmuş daşlarla üzlənmiş fasad və sütunlu eyvana malik tikili vardır.[1] Şərq divarı xaric olmaqla, bu binanın digər üç divarı kardır və qala divarlarının davamıdır. Sütunlu eyvan əlavə funksional xüsusiyyətə də malik idi; həyətdən daha yüksək mövqeyə malik və daş pilləkənlə həyətlə əlaqələnmiş eyvan, saray tədbirləri zamanı səhnəyə çevrilirdi.[1] Birinci mərtəbənin otaqlarındakı kaminlər və dərin nişlər tikilinin mülki xarakter daşıdığını göstərir. Əsas giriş binanın qərb tərəfində olsa da, ikinci mərtəbədəki eyvandan enən daş pilləkənlər onu saray həyəti ilə əlaqələndirir.[1]
Saray binasının ən böyük zalı parad pilləkənindən sağda yerləşməklə, cənub-şimal oxu üzərindədir. Zal üç qapıya malikdir. Əsas qapı qərb divarında, digər iki qapı isə şərqdə yerləşir.[1] Sarayın qonaq otağı parad pilləkəninin üstündə yerləşməklə, bütün tikililərdən yüksək mövqe tutur. Otağın eyvanından bütün ətraf ərazilərə gözəl mənzərə açılır. Parad girişi, qonaq otağı və uzun zal arasında orqanik əlaqə yaradılmışdır və buna görə də saray öz dövrünün ən gözəl mülki memarlıq nümunələrindən biri hesab edilir. Tuğun mərkəzində yerləşən saray kəndin mülki və dini tikililəri arasında bir növ, əlaqələndirici mövqe tutur.[1]
İkinci mərtəbənin otaqları sonradan tikilib və plan xüsusiyyətlərinə görə Tuğun ənənəvi evlərini xatırladır. Sarayın daha qədim hissəsi ilə ikinci mərtəbənin oxşar xüsusiyyətləri geniş pəncərə çərçivələri, geniş və çoxsütunlu eyvanlardır. Saray kompleksinin inşası zamanı Füzuli rayonu ərazisindəki daş karxanasından olan ağ və sarımtıl rəngli əhəng daşlarından, həmçinin yaxşı yonulmuş boz bazalt daşlarından istifadə olunmuşdur.[5]
Məlik Yeqanın iki mərtəbəli qəbul otağı sarayın cənub hissəsində, qala divarlarından 25 metr aralıda yerləşir. Otaq ilkin görünüşünü saxlayaraq dövrümüzə çatmışdır. Qəbul otağı kiçik ölçülər, tağtavan və ikitağlı ön hissəyə malikdir. Qəbul otağı divar hörgüsünün ustalıqla həyata keçirilməsi ilə seçilir və bu baxımdan tağların inşası xüsusi diqqət çəkir. Giriş timpanı yaxşı yonulmuş daşlarla inşa edilmiş və kitabəyə malikdir.[5]
Qəbul otağının birinci mərtəbəsi tamamilə yerin altında yerləşir və yeraltı yol vasitəsi ilə sarayı qarnizonla əlaqələndirir. Qəbul otağının ikinci mərtəbəsi isə yer səviyyəsində yerləşir. Mkrtçyan81 XIX əsrdə qəbul otağının üstündə üç tərəfdən eyvanlarla əhatə olunmuş şəhər tipli yaşayış otaqları inşa edilmişdir.[6]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Mkrtçyan, 1989. səh. 80
- ↑ Папазян, Акоб. Надпис на входе в приемную мелика Егана (№5). Ереван: Лрабер, АН Арм. ССР. 1985. 78.
- ↑ Bərxudaryan, 1895. səh. 75
- ↑ 1 2 3 Mkrtçyan, 1989. səh. 79
- ↑ 1 2 Mkrtçyan, 1989. səh. 81
- ↑ Mkrtçyan, 1989. səh. 82
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
- Bərxudaryan, Makar, Арцах, Bakı, 1895