Fərəhli — Vikipediya

Kənd
Fərəhli
41°06′16″ şm. e. 45°08′42″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Sahəsi 13.14[1]
Mərkəzin hündürlüyü 764 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 917[1] nəfər
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Fərəhli xəritədə
Fərəhli
Fərəhli

FərəhliAzərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyində yerləşir.[2]

Fərəhli oyk, sadə. Qazax r-nunun Alpout i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin II yarısında r-nun Ağköynək kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılar oykonimin əslinin Fəxrəli olduğunu güman edirlər. XX əsrin əvvəllərində Qazax qəzasında Faxralı adlı qışlaq və Fərəhli adlı kənd qeydə alındığından bunlar ayrı-ayrı toponimlərdir. Türk dillərində fərəhli sözü "genişlik, açıq yer" mənasında işlənir. 1917-ci ildə Cavanşir qəzasında Fərəhqanlı adlı yaşayış məntəqəsi də qeydə alınmışdır.[3]

  • 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 864 nəfər əhali yaşayır. Əhalinin 427 nəfəri kişilər, 437 nəfəri isə qadınlar təşkil edir.[4]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]

Muxtar Hacıyev (1876 – 21.04.1938-ci il) - Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri.

•Mühüd Qurban oğlu Orucov - (13.07.1984 – 03.04.2016-cı il). Azərbaycan Silahlı qüvvələrinin kapitanı. M.Orucov ön cəbhədə bir neçə uğurlu əməliyyatın iştirakçısı olmuşdur. 2014-cü ilin avqust ayında düşmənə qarşı aparılmış uğurlu əməliyyatlardan sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təltif edilmişdir. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2-ci və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “90 illiyi” və “95 illiyi” yubiley medalları ilə, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

• Əhməd Nazim oğlu Məmmədov - (25.08.1994 – 08.11.2020-ci il). Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

• Elfak Elton oğlu Daşdəmirov - (26.04.1996 – 26.10.2020-ci il). Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

• Kamran Nüsrəddin oğlu Kərimov - (01.01.1972 – 27.12.1993-cü il). Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Qazax rayonunun erməni hücumlarından müdafiə olunmasında tankçı kimi fəal iştirak etmiş və şəhid olmuşdur. Qazax rayonu Fərəhli kənd ümumi orta məktəbi K.Kərimovun adını daşıyır.

• İsfəndiyar Mahmud oğlu Həsənov - (15.07.1909 – 1962-cü il). 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə ilə bitirmişdir. 1942-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirak etmiş, kapitan rütbəsində ordudan tərxis olunmuşdur. 1948-ci ildə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1954-cü ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak etmiş, qızıl medala layiq görülmüşdür. 50-yə yaxın elmi məqalənin, 1 monoqrafiyanın müəllifidir. “Qırmızı ulduz” ordeni və bir neçə medalla təltif olunmuşdur.

İkram Eyyubov (1925 – 2011). Qazax rayonunun Ürkməzli kəndində anadan olmuş, əslən Fərəhli kəndindəndir. 1941-ci ildə Qazax pedaqoji texnikumunu bitirmiş və 1945-cilə qədər müəllim işləmişdir. Sonradan Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olaraq 1950-ci ildə oranı fərqlənmə ilə bitirmiş və institutda assistent kimi çalışmışdır. 1958-ci ildə dissertasiya müdafiə edərək baytarlıq elmləri namizədi alimlik dərəcəsi almış və elmi fəaliyyətini Azərbaycan Elmi-tədqiqat Baytarlıq institutuna dəvət almış və 1994-cü ilə qədər orada baş elmi işçi, laboratoriya müdiri kimi çalışmışdır. Respublikanın əməkdar baytar həkimi, professordur. 135 elmi məqalənin, 5 kitabın, 1 tədris vəsaitinin, 3 səmərələşdirici təklifin müəllifidir. Professor İ.Eyyubovun rəhbərliyi ilə bir neçə elmlər namizədi yetişmişdir.

• Nəriman Mehdi oğlu Məmmədov - (20.10.1931 - 08.01.2003-cü il). 1948-ci ildə Qazax kənd təsərrüfatı texnikumu bitirmiş, həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olmuş, 1953-cü ildə institutu bitirərək AMEA-nın Zoologiya İnstitutuna göndərilmişdir. İnstitutda müxtəlif vəzifələrdə və sonradan laboratoriya müdiri kimi çalışmışdır. 1960-cı ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Zoologiya elmi üzrə Azərbaycanda ilk dəfə bir neçə elmi kəşfin müəllifidir. 1991-ci ildən ömrünün sonuna qədər Azərbaycan Texnologiya Universitetində professor kimi elmi-pedaqoji fəaliyyət göstərmişdir. Professor N.Məmmədovun rəhbərliyi ilə 5 nəfər biologiya elmlər namizədi yetişmişdir. 160-dan çox elmi məqalənin, 2 monoqrafiyanın, 1 kitab və iki ixtiranın müəllifidir.

• Fərhad Hüseyn oğlu Nəsibov – (31.03.1936 – 03.09.2014-ci il). 1957-ci ildə Azərbaycan Pedaqoji institutunun riyaziyyat fakültəsini bitirərək Azərbaycan Neft və Kimya institutunun ali riyaziyyat kafedrasında assistent kimi çalışmağa başlamışdır. Sonradan dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almış və kafedranın dosenti olmuşdur. 18 il Türkiyə Respublikasının Kütahya Dumlupınar, Ankara Qazi və Kastamonu universitetlərinin professoru kimi elmi-pedaqoji fəaliyyət göstərmişdir. Çoxsaylı elmi məqalənin, 5 dərsliyin müəllifidir.

• Şahin İsfəndiyar oğlu Həsənov – (24.09.1941 – 10.12.2017-ci il). Gəncə şəhərində anadan olmuş, əslən Fərəhli kəndindəndir. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti), 1977-ci ildə Moskva Mərkəzi Patentşünaslıq İnstitutunu bitirmişdir. 1973-1981-ci illərdə Ümumittifaq Patent Xidmətləri Mərkəzinin Gəncə filialında baş ekspert vəzifəsində çalışmışdır. 1976-cı ildən Azərbaycan Texnologiya Universitetində dosent kimi işləməyə başlamış, təqaüdə çıxana qədər orada elmi-pedaqoji fəaliyyət göstərmişdir. 1979-cu ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Çoxsaylı elmi məqalənin, 3 dərsliyin, 2 metodik vəsaitin müəllifidir.

• Səlahin İsfəndiyar oğlu Həsənli – (1947 – 2009-cu il). Gəncə şəhərində anadan olmuş, əslən Fərəhli kəndindəndir. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə ilə bitirərək Moskva Baytarlıq Akademiyasının aspiranturasına daxil olmuş, dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ilə qədər Moskva Tibb Elmləri Akademiyasında elmi işçi kimi çalışmışdır. 1979-cu ildə Azərbaycana qayıdaraq Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda baş elmi işçi, laboratoriya müdiri, sonradan Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bir sıra dövlət və hökumət mükafatlaına layiq görülmüşdür. Çoxsaylı elmi məqalənin və tədris vəsaitinin müəllifidir.

Bilal Bilalov – (02.01.1963-cü il). AMEA-nın müxbir üzvü, f-r.e.d., professor, AMEA Rəyasət Heyətinin üzvü. 1986-cı ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986–1989-cu illərdə MDU-nun əyani aspirantı olmuş, 1989-cu ildə MDU-da dissertasiyanı müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1990–1993-cü illərdə Azərbaycan Texnologiyalar İnstitutunda assistent vəzifəsində çalışmışdır. 1993-cü ildə MDU-da doktoranturaya qəbul olmuş, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Həmin ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi işləyib. 2002-ci ildən indiyə kimi "Qeyri-harmonik analiz" şöbəsinin müdiridir. 2009-cu ildə professor, 2014-cü ildən AMEA-nın müxbir üzvüdür. "Riyaziyyat" üzrə Problemlər Şurasının sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədridir. Fəxri fərman ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədridir.

• Rasim Vəli oğlu Vəliyev – (01.01.1963-cü il). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm və texnika şöbəsinin rəisi. Dünyanın 20-dən çox ölkəsində, o cümlədən ABŞ, Kanada, Yaponiya, Almaniya Rusiya, Norveç, Türkiyə, Qazaxıstan, Vyetnam, Qatar və sair neft-qaz ölkələrində müxtəlif beynəlxalq tədbirlərdə, sərgi-konfranslarda, forumlarda SOCAR-ı uğurla təmsil etmişdir. Neft-qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə, SOCAR-ın “Fəxri fərmanı” və “Fəxri neftçi” döş nişanı ilə təltif edilmişdir. Adı məşhur neftçilər barədə dərc edilmiş “Qara qızıl ağ səadət rəngində” kitabına və Norveç Krallığı “PETRAD” beynəlxalq elmi-tədqiqat mərkəzinin xatirə albomuna daxil edilmişdir. 17 elmi-texniki məqalənin müəllifidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  2. "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629