FIM-92 Stinger — Vikipediya
FIM-92 Stinger | |
---|---|
| |
Tipi | Yer-hava tipli, IR passiv başlıqlı, qısa mənzilli, alçaqdan uçan hədəflərə qarşı effektli olan daşınan raket silahı (MANPADS) |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1981 - hal-hazırkı dövr |
İstismara başlanması | 1981 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | General Dynamics |
Konstruksiya tarixi | 1967 |
İstehsalçı | Raytheon Missile Systems |
İstehsal illəri | 1978 - hal-hazırkı dövr |
Xüsusiyyətləri | |
Ağırlığı | 15.2 kq |
Uzunluğu | 1.52 m |
Vikianbarda əlaqəli mediafayllar |
FIM-92 “Stinger” (ingil. FIM-92 Stinger — iynə, sancaq) — Amerika istehsalı daşınan zenit-raket kompleksi (DZRK), alçaqdan uçan hava hədəflərinin (təyyarə, helikopter, Pilotsuz uçuş aparatı (PUA)) vurulması üçün nəzərdə tutulur. Bir adam tərəfindən daşınan, çiyinə alınaraq atəş açılan, infraqırmızı və ultrabənövşəyi şüalarla idarə olunan, passiv atəş aç-unut prinsipi ilə işləyən raket sistemidir. Bir ekipaj tərəfindən MANPADS (Çiyindən atılan) istifadəsi, yüksək təsirlilik və məhvetmə xüsusiyyətlərinə malik olması quru qoşunlarında vacib bir silah növü kimi istifadəsinə səbəb olmuşdur.
ABŞ-də “General Dynamics/Raytheon Corporation” şirkəti tərəfindən və lisenziya altında Almaniyada “EADS” şirkəti tərəfindən istehsal olunur. İlk 260 ədədi 1979-cu ilin ortasında istehsal olunub, bundan sonra istehsalçı şirkət 2250 ədədlik ABŞ ordusu üçün ümumi dəyəri 105 milyon ABŞ dolları olan növbəti partiyanın sifarişini alır. 1981-ci ildən istehsalına başlanılmış və eyni zamanda silahlanmaya qəbul olunub. Ən yayılmış DZRK-dan biridir. ABŞ-dən əlavə 30 dövlətin silah arsenalına daxildir. İstehsal olunmuş “Stinger” raketlərinin sayı 70 mindən artıqdır.
Raket silahı 1,52 metr uzunluğa, 70 mm çapa, 10,1 kq ağırlığa, kanister başlıqla birlikdə 15,2 kq ağırlığa sahibdir. Mənzili 1-4,8 kilometr arasında dəyişir.
Dünyadakı ən məşhur daşınan zenit raket komplekslərinə, "İqla" və "Strela" ilə birlikdə, əlbəttə ki, ABŞ-nin FIM-92 "Stinger" DZRK-larını da aid etmək vacibdir. "Stinger" ABŞ ordusunda FIM-92 ümumqoşun indeksinə malikdir və digər ölkələrdən olan "həmkarları" kimi aşağıdan uçan hava hədəfləri: PUA-ları, helikopterləri və təyyarələri məhv etmək üçün nəzərdə tutulur. Bundan əlavə "Stinger" operatora zəif zirehli yerüstü və suüstü hədəflərə atəş açmaq üçün məhdud imkanlar da yaradır. 1981-ci ildə ABŞ ordusu tərəfindən silahlanmaya qəbul edilən kompleks hələ də xidmətini davam etdirir.
1981-ci ildə yaradılan kompleks yalnız ABŞ ordusunun silahlanmasında yer almır, həm də fəal şəkildə ixrac olunur. ABŞ-dən başqa onun istehsalı ilə Almaniyada "European Aeronautic Defence and Space Company" (EADS) və Türkiyədə ROKETSAN şirkəti məşğul olub. Bütün istehsal müddətində bu komplekslər üçün 70 mindən çox raket istehsal edilib. Bu komplekslər dünyanın ən məşhur DZRK-larından biridir, hazırda 30 ölkənin silahlanmasında mövcuddur.
"Stinger" təyyarə, helikopter və PUA-ları həm qarşı, həm də təqib kurslarında məhv etmək üçün nəzərdə tutulur. Aşağı və çox aşağı hündürlükdə uçan hədəflər də bura daxildir. Kompleksin inkişafı üçün "General Dynamics" şirkətinin mütəxəssisləri cəlb edilib. "Stinger" DZRK-nın inkişafını, ilk ABŞ "Red Eye" kompleksinin kütləvi istehsalından qısa bir müddət əvvəl, 1960-cı illərin ortalarında başlayan "Advanced Seeker Development Program" (ASDP) layihəsi təmin etdi. Bu fəaliyyətlərin məqsədi, "Red Eye 2" daşınan kompleks konsepsiyasının infraqırmızı başlıqlı zenit raketi ilə istifadəsinin həyata keçirilməsinin nəzəri cəhətdən öyrənilməsi və eksperimental təsdiqindən ibarət idi.
Bu proqramın uğurla həyata keçirilməsi, 1972-ci ildə ABŞ Müdafiə Nazirliyinə dərhal "Stinger" adını qəbul edən perspektiv DZRK-nın inkişafını maliyyələşdirməyə imkan verdi. Kompleksin inkişafı, proses ərzində qarşıya çıxan çətinliklərə baxmayaraq 1977-ci ildə tamamlandı. Eyni ildə "General Dynamics" nümunələrin ilk partiyasını istehsal etdi. 1979-1980-ci illərdə ABŞ-də keçirilən sınaqlar uğurla başa çatdı.
İnfraqırmızı (IR) özütuşlanan başlıqla (dalğa diapazonu 4.1-4.4 mikron) təchiz edilən FIM-92A zenit raketinə malik DZRK-nın sınaqları nəticəsində kompleksin qarşı kurslarda hava hədəflərini məhv etmək qabiliyyəti təsdiqləndi. Göstərilən nəticələr ABŞ Müdafiə Nazirliyinə komplekslərin seriyalı istehsalına və silahlanmaya qəbuluna dair qərar verməyə imkan yaratdı. 1981-ci ildən kompleks kütləvi şəkildə ABŞ-nin Avropadakı Quru Qoşunlarının silahlanmasına daxil olmağa başladı.
1977-ci ildən başlayan və 1980-ci illərin əvvəllərində son mərhələyə qədəm qoyan yeni POST (Passive Optical Seeker Technology) özütuşlanan başlığın yaradılmasında əldə olunan nailiyyətlər nəticəsində FIM-92A modifikasiyasında olan raketlərin istehsalı əhəmiyyətli dərəcədə azaldıldı.
FIM-92B raketində istifadə edilən iki diapazonlu POST özütuşlanan başlığı həm infraqırmızı, həm də ultrabənövşəyi dalğa uzunluqlarında çalışa bilir. FIM-92A raketinin başlığında hava hədəfinin optik oxa nisbətdə vəziyyəti ilə bağlı məlumat, fırlanan ekran (raster) tərəfindən modulyasiya edilən siqnaldan çıxarılırdısa, yeni raketdə hədəfin vəziyyəti barədə məlumat ekransız koordinat sistemi vasitəsilə əldə edilir. İki rəqəmsal mikroprosessorla eyni dövrədə infraqırmızı və ultrabənövşəyi şüalanma sensorlarının çalışması da təmin edilir.
Bu isə özütuşlanan raket başlığına fonun maneələri şəraitində belə hava hədəfini seçməyə, eləcə də infraqırmızı diapazonda əks təsir vasitələrinə qarşı qorunmaya imkan verir.
Bu raketlərin istehsalı 1983-cü ildə başlayıb, lakin 1985-ci ildə "General Dynamics" yeni FIM-92C raketinin yaradılması üzərində işə başladığı üçün FIM-92B idarəolunan zenit raketlərinin istehsal tempi daha əvvəl planlaşdırılana nisbətən xeyli azaldıldı. 1987-ci ildə tam inkişaf etdirilən yeni raketdə, təkrar proqramlana bilən bir mikroprossesor ilə təchiz edilən yeni POST-RPM başlığından istifadə edildi. Bu isə raketə maneə və hədəf vəziyyətinə uyğun proqram xüsusiyyətlərini seçərək mühitə adaptasiya olunmağa imkan verdi. Tipik proqramların saxlanıldığı, dəyişdirilə bilən yaddaş blokları "Stinger-RPM" DZRK-nın korpusunda yerləşdirilib. 1991-ci ilə qədər təxminən 20000 ədəd FIM-92C raketləri buraxılıb, onların da hamısı ABŞ ordusuna verilib. POST-RPM özütuşlanan başlıq ilə təchiz edilən raketlərin təkmilləşdirilməsi ilə bağlı əlavə çalışmalar, FIM-92C raketinin litium batareya, dairəvi lazer giroskop, təkmilləşdirilən sürət sensoru ilə təchiz edilməsi istiqamətində həyata keçirildi.
İnfraqırmızı və ultrabənövşəyi diapazonlarda fəaliyyət göstərən ikitərəfli, maneədən qorunan özütuşlanan başlıqla təchiz edilən FIM-92E Blok I raketləri geniş yayıldı. Bu mərmilər 3 kq ağırlığında qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olundu, onların uçuş məsafəsi 8 km-ə, sürəti isə M 2.2 Max (təxminən 750 m/s) təşkil etdi. FIM-92E Blok II raketləri, optik sistemin infraqırmızı sensorunun fokus müstəvisində yerləşən çoxrakurslu termal görüntüləmə imkanlı özütuşlanan başlıqla təchiz olundu. 1995-ci ildə ABŞ ordusunda ilk FIM-92E raketlərinin istifadəsinə başlandı. ABŞ ordusunda mövcud olan bütün "Stinger" raket ehtiyatları yeni raketlərlə əvəzləndi.
"Stinger" DZRK, bütün modifikasiyaları da daxil olmaqla aşağıdakı əsas komponentlərdən ibarətdir:
- Nəqliyyat-atıcı konteynerdə idarə olunan zenit raketi;
- Atıcı mexanizm;
- Hava hədəfinin vizual aşkarlanması və izlənməsi, həmçinin hədəfə məsafəni təxminən müəyyənləşdirilməsi üçün optik nişangah;
- Elektrik batareyasına malik enerji təchizatı və soyutma qurğusu, eləcə də maye arqonlu konteyner;
- AN/PPX-1 "özümün-özgənin" tanınma (identifikasiya) elektron bloku (kompleksin operatorunun kəmərində daşınır).
"Stinger" DZRK raketi, "ördək" aerodinamik konfiqurasiyasında hazırlanır. Raketin burnunda dörd aerodinamik qanad mövcuddur, onlardan ikisi idarə edilir, digər ikisi isə raketin korpusuna sabit olaraq bərkidilir. Bir cüt aerodinamik qanaddan istifadə edərək raket oxu ətrafında uzununa fırlanır, qanadlara ötürülən idarəetmə siqnalları isə bu oxa nisbətən hərəkət ilə uyğunlaşdırılır. Zenit raketi başlanğıc fırlanma sürətini start mühərrikinin dəliklərinin korpusa nisbətən maili yerləşdirilməsi hesabına əldə edir. Uçuşda raketin fırlanma sürətini qorumaq üçün, raketin quyruq tənzimləyicisi kimi raketin NAK-dan buraxıldıqdan sonra açılan və korpusda müəyyən bucaq altında yerləşdirilən qanadlardan istifadə edilir. Bir cüt qanad ilə idarəetməyə nail olmaq konstruktorlara kütləni və uçuşa nəzarət avadanlıqlarının dəyərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. Raket "Atlantik Research Mk27" tipli iki rejimli sürətləndirici mühərriki ilə təchiz olunub. Bu mühərrik raketin sürətini 750 m/saata çatdırmağa və bütün uçuş müddətində bu sürəti saxlamağa imkan verir. Raketin marş mühərriki, başlanğıc sürətləndiricisinin ayrılmasından və raketin operatordan təhlükəsiz məsafəyə (təxminən 8 metr) qaldırılmasından sonra aktivləşdirilir. Hava hədəflərinin məhv edilməsi təxminən üç kiloqram ağırlığında güclü qəlpəli-fuqas başlığın partladılması ilə təmin edilir. Döyüş başlığı zərbə tipli partlayıcı və bu partlayıcının qorunmasını ləğv edən, həmçinin hədəfdən yayınma halında raketin özü-özünü məhv etməsinə komanda verən mühafizə mexanizmi ilə təchiz edilir.
Zenit raketi inert qazla dolu olan fiberqlas materialdan hazırlanan, silindrik NAK-larda yerləşdirilir. Bu konteynerin hər iki ucundakı qapaqlar atəş zamanı açılır. O, onlardan ön tərəfdəki infraqırmızı və ultrabənövşəyi şüalanmanı keçirən materialdan hazırlanır ki, konteynerin germetikliyi pozulmadan, raketin başlığı hədəfi ələ keçirərək izləyə bilsin. DZRK-nın avadanlıqlarının kifayət qədər yüksək etibarlılığı və NAK-ın germetik dayanıqlılığı, zenit raketlərinin orduda 10 il müddətində texniki xidmət göstərilmədən saxlanılmasını təmin edir. Raketin atəşə hazırlığının həyata keçirilməsinə kömək edən atıcı quğu, NAK ilə xüsusi kilidlərdən istifadə edərək birləşdirilir. Atəşə hazırlıq mərhələsində atıcı mexanizmin korpusuna quraşdırılan enerjiyə qənaət və soyutma qurğusunun elektrik batareya bloku, raketin korpus şəbəkəsinə bir ştepsel ilə qoşulur. Maye arqonlu konteyner isə digər bir ştepsel vasitəsilə soyutma sisteminə birləşdirilir. DZRK-nın atıcı mexanizminin alt səthində "özümün-özgənin" identifikasiya avadanlıqlarını birləşdirmək üçün nəzərdə tutulan ştepsel yuvası, dəstəkdə isə iki aktiv və bir neytral mövqeyə malik tətik mövcuddur.
Tətiyi basdıqdan və onu ilk aktiv rejim vəziyyətinə gətirdikdə enerji təchizatı və soyutma bloku işə düşür, sonra isə batareyadan elektrik enerjisi (gərginlik 20 voltdur, fəaliyyət müddəti 45 saniyədən az davam etmir) və maye arqon zenit raketinin korpusuna daxil olaraq özütuşlanan başlığın soyudulmasına, giroskopun fırlanmasına və zenit raketinin atəşə hazırlıqla əlaqəli digər funksiyalarının yerinə yetirilməsinə imkan yaradır.
Operatorun tətiyin növbəti təzyiqi ilə ikinci aktiv rejimə keçməsi korpusun elektrik mühərrikini işə salır və elektron avadanlıqları 19 saniyə ərzində qidalandıraraq zenit raketinin start mühərrikinin detonatorunu (atəşləyicisini) fəallaşdırır.
Döyüş əməliyyatları zamanı hava obyektləri haqqında məlumatlar, həm xarici aşkarlama və hədəf göstərmə sistemindən, həm də hava məkanını müşahidə edən ekipaj üzvündən daxil ola bilər. Hava hədəfi aşkar edildikdən sonra, atıcı operatoru "Stinger" DZRK-nı çiyininə qoyur və kompleksi seçilən hədəfə yönləndirir. Özütuşlanan raket başlığı hədəfi ələ keçirərək onu müşayiət etməyə başladıqdan sonra kompleks bu barədə siqnal səsi ilə operatora xəbərdarlıq edir.
Sonra operator düyməni basaraq giroskopu aktivləşdirir. Raketin buraxılmasından əvvəl operator önləmə bucaqlarını daxil edir. Göstərici barmağı ilə operator buraxılış düyməsinə basır, naticədə korpus batareyası aktivləşir. Batareyanın normal iş rejiminə keçməsi, sıxılmış qaza malik mərminin işə salınmasını təmin edir, bu isə qoşulma ştekerini kənara ataraq elektik təchizatı blokundan raketin qidalanmasını və soyudulmasını dayandırır və raketin start mühərrikini işə salmaq üçün detonatoru aktivləşdirir.
"Stinger" DZRK-nın heyəti iki nəfərdən - operator və komandirdən ibarətdir, onların sərəncamında NAK-da yerləşən 6 ədəd raket, hava şəraitini əks etdirən elektron xəbərdarlıq bloku və ərazi vasitəsi mövcuddur. DZRK heyətləri ABŞ ordusunun diviziyalarının tərkibindəki zenit divizionlarının (75 ədəd zirehli tank, 90 ədəd yüngül atıcı, 72 ədəd isə hava desant diviziyalarında), həmçinin "Patriot" və "İmproved Hawk" zenit raket komleksləri divizionlarının silahlanmasında mövcuddur.
ABŞ-nin daşınan "Stinger" kompleksləri son onilliklərdə müxtəlif lokal münaqişələrdə, o cümlədən Əfqanıstan mücahidləri tərəfindən Sovet qoşunlarına qarşı fəal şəkildə istifadə edilib. Termal tələlər təyyarələri və helikopterləri raket zərbələrindən xilas edə bilmirdi. "Stinger" DZRK raketinin güclü döyüş başlığı Su-25 hücum təyyarələrinin mühərriklərini effektiv şəkildə məhv edirdi. SSRİ aviasiyası Əfqanıstanda "Stinger" kompleksi tərəfindən ciddi itkilərə məruz qalırdı. Müxtəlif hesablamalara görə, Əfqanıstanda itirilən 450 sovet təyyarə və helikopterinin yarısından çoxu məhz bu komplekslərin payına düşür. 1986-cı ilin sonunda və 1987-ci ilin əvvəlində Əfqanıstandakı ABŞ "Stinger"lərinin peyda olması sovet aviasiyası üçün ciddi bir problemə çevrildi. Yalnız 1987-ci ilin ilk doqquz ayı ərzində ABŞ 900 ədəd bu kompleksi Əfqanıstan mücahidlərinə təhvil verib. Düşmənin geniş şəkildə DZRK-dan istifadə problemini müxtəlif üsullarla, o cümlədən hava vasitələrinə termal tələlər quraşdırmaqdan əlavə digər üsullarla həll etməyə çalışdılar.
Döyüş və nəqliyyat təyyarələrinin, helikopterlərin istifadə taktikası dəyişdirildi. Nəqliyyat təyyarələrinin uçuşları, DZRK raketlərinin onlara çata bilməməsi üçün daha yüksək hündürlükdə həyata keçirilməyə başladı. Təyyarələrin enməsi və qalxması, kəskin yüksəklik itirilməsi və ya əksinə, sürətlə hündürlük əldə etməsi ilə "spiral" trayektoriya üzrə həyata keçirilməyə başladı. Helikopterlər isə uçuş zamanı tam əksinə, ultra-aşağı yüksəkliklərdən istifadə edərək yerə sıxılaraq gizlənməyə çalışırdılar. Bütün tədbirlərə baxmayaraq, mücahidlər tərəfindən müasir DZRK-ların kütləvi istifadəsi, Əfqanıstan müharibəsinin son mərhələsində sovet aviasiyasının effektivliyini tam azaltdı. Qeyd edək ki, "Stinger" kompleksi alternativ döyüş istifadə variantlarına da malikdir. Onlardan yüngül zirehli yerüstü və suüstü hədəflərə də atəş açmaq mümkündür. Onun xüsusiyyətləri və imkanları "yer-yer" tipli raketlərin imkanlarına cavab verir. Bu məqsədlə "Stinger" DZRK-nın istifadəsi, 2003-cü ilin yazında Texasdakı "Fort Bliss" bazası yaxınlığındakı Makqreqor poliqonunda keçirilən ABŞ-nin dəniz piyada korpusunun və ABŞ Ordusunun birgə sınaqları zamanı nümayiş etdirildi.
Sınaqlar zamanı "Stinger" raketləri ilə M880 ordu pikapı, furqonlu yük maşını, "Amtrack" tipli üzən zirehli personal daşıyıcısı, yüksək sürətli motorlu qayıq təyyarə məhv edildi. Bu sınaqlar əsasında daha bahalı olan "Javelin" TƏİRK sistemlərinin əvəzinə "Stinger"dən istifadə ehtimalı nəzərdə tutulurdu, lakin həyata keçirilmədi.
Qeyd etmək lazımdır ki, 1970-ci illərdə hazırlanan kompleks hələ də aktualdır. Bu ABŞ əsgərlərinin istifadəsində olan yeganə DZRK-dır. Təxminən 15 il yaddan çıxan komplekslər yenidən gündəmə gəlir. 2018-ci ilin əvvəlində "defensenews.com" portalı məlumat yaydı ki, ABŞ Ordusu son illərdə demək olar ki, keçirmədiyi FİM-92 "Stinger" DZRK operatorları üçün təlim proqramlarını bərpa edib.
""Stinger" DZRK-nın qaytarılması, ABŞ ordusu tərəfindən də qəbul edilən boşluqla əlaqələndirilir. Biz hava hucumundan müdafiə qoşunlarının döyüş bölmələrinə yaxın radiusda fəaliyyət göstərən raket sistemlərini geri qaytarırıq.
Yeni operator təlim proqramına görə DZRK ilk növbədə, çoxsaylı PUA və zərbə helikopterlərinə qarşı mübarizə aparmaq üçün istifadə olunacaq. PUA-lar getdikcə hərbi məqsədlər üçün daha fəal istifadə olunur, buna görə Avropa ölkələrini qorumaq üçün belə vasitələrə ehtiyacımız mövcuddur", - deyə "Air Defense Integrated Office" (Hava Hucumundan Müdafiə İnteqrasiya Ofisi) təlim proqramlarına rəhbərlik edən polkovnik-leytenanat Aaron Felter jurnalistlərə açıqlamasında bildirib.
Başqa sözlə, ABŞ hərbçiləri DZRK-dan istifadənin hesabdan silinməsinin hələ erkən olduğunu vurğulamaq istəyir.
FIM-92 "Stinger" raketinin taktiki-texniki xüsusiyyətləri:
Təqib kursunda hədəf məsafəsi - 4750 m-ə qədər (FIM-92E raketi üçün 8000 m-ə qədər);
Minimum hədəf məsafəsi - 200 m;
Məhv edilən hədəf yüksəkliyi - 3500–3800 m-ə qədər;
Raketin maksimal sürəti - 750 m/s;
Raketin diametri - 70 mm;
Raketin uzunluğu - 1.52 m;
Raketin başlanğıc kütləsi - 10.1 kq;
Döyüş başlığının kütləsi - 3 kq;
Döyüş vəziyyətində kompleksin kütləsi - 15.2 kq;
Döyüş başlığı - qəlpəli-fuqas.[1][2][3][4][5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://ordu.az/ru/news/145594[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2019-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- ↑ "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- ↑ "Arxivlənmiş surət". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- ↑ "Arxivlənmiş surət". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.