Fatma Şəbsəfa Sultan — Vikipediya
Fatma Şəbsəfa Sultan | |
---|---|
فاطمہ شب صفا قادین | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Dəfn yeri | Şəbsəfa Qadın məscidi |
Fəaliyyəti | qul[d] |
Həyat yoldaşı | I Əbdülhəmid |
Uşaqları | Şahzadə Mehmed Nüsrət Aləmşah Sultan Əminə Sultan Hibətullah Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Fatma Şəbsəfa Sultan (ərəb. فاطمہ شب صفا قادین) (d. 1766 - ö. 1805) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımlarından.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Doğum tarixi tam olaraq bilinməsə də, təxminən 1766-cı il olaraq qəbul edilir. Əsli və saray hərəminə necə alınması barədə yetərli məlumat yoxdur. 20 sentyabr 1782-ci ildə ilk övladı Şahzadə Mehmed Nüsrəti, daha sonra 11 oktyabr 1784-cü ildə Aləmşah Sultanı, 4 fevral 1788-ci ildə Əminə Sultanı, 16 mart 1789-cu ildə isə sonuncu övladı Hibətullah Sultanı dünyaya gətirdi.
Ancaq yeganə oğlu Mehmed Nüsrəti və ilk qızı Aləmşah Sultanı hələ Sultan Əbdülhəmidin səltənəti davam edərkən uşaq yaşlarında itirdi. Sonuncu övladı Hibətullah Sultanın doğumundan 20 gün sonra isə əri Sultan Əbdülhəmid keçirdiyi ani iflicin ardından vəfat etdi. Saray ənənələrinə uyğun olaraq, mərhum sultanın bütün hərəmi kimi Şəbsəfa Sultan da 2 qızıyla birlikdə Köhnə saraya göndərildi. Bundan sonrakı həyatı ilə bağlı məlumat olduqca azdır. Köhnə sarayda ikən 1791-ci ildə böyük qızı Əminə Sultanı da itirən Şəbsəfa Sultan ömrünü geridə qalan yeganə övladı Hibətullah Sultanın yetişdirilməsinə sərf etdi.
Saray xəzinəsindən aldığı dul təqaüdüylə yanaşı, Saloniki yaxınlığında geniş torpaq mülkləri də olan Şəbsəfa Sultan 1798-ci ildə Aydındakı Cahanzadə Hüseyn bəyin təsərrüfatını satın aldı və beləcə, şəxsi gəlirlərini artırdı. Yeganə qızı Hibətullah Sultanı hələ 15 yaşında ikən 3 fevral 1804-cü ildə Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndirdi.
Şəbsəfa Sultan hələ əri Sultan Əbdülhəmid səltənəti davam edərkən 1787-ci ildə öz adını daşıyan və vəfat edən oğlu Mehmed Nüsrətin şərəfinə bir külliyə inşa etdirdi. Məscid, sübyan məktəbi (yetimlər məktəbi), 2 çeşmə və dükanlardan ibarət olan külliyənin 1805 tarixli bir sənədində, sübyan məktəbində qız uşaqlarına da təhsil verdiyi qeyd olunmuş, bu isə Osmanlıda qadınların təhsil alma hüququ baxımından mühüm bir addım olaraq qəbul edilmişdir.
Qızını evləndirdikdən bir il sonra - 1805-ci ildə Şəbsəfa Sultan vəfat etdi və cənazəsi öz adına inşa etdirdiyi məscidin həyətinə dəfn olundu. Ölümünün ardından bütün mal-mülkü və şəxsi xəzinəsi qızı Hibətullah Sultana qaldı.
Övladları
[redaktə | mənbəni redaktə et]- Şahzadə Mehmed Nüsrət (d. 20 sentyabr 1782 - ö. 23 oktyabr 1785)
- Aləmşah Sultan (d. 11 oktyabr 1784 - ö. 10 mart 1786)
- Əminə Sultan (d. 4 fevral 1788 - ö. 9 mart 1791)
- Hibətullah Sultan (d. 16 mart 1789 - ö. 18 sentyabr 1841)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Bosworth, Clifford Edmund (1997). The Encyclopaedia of Islam, Volume 9. Brill. p. 412. ISBN 978-9-004-10422-8
- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
- Sarıcaoğlu, Fikret (1997). Hatt-ı Humayunlarına göre Bir Padişah'ın Portresi: Sultan I. Abdülhamid (1774-1789)
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. 198 Madison Avenue, New York, New York 10016-4314: Oxford University Press. p. 312.