Firudin bəy Daryal — Vikipediya

Firudin bəy Daryal
Fərman bəy Alıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri Təzəkənd, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1985
Vəfat yeri
Dəfn yeri
Dəfn tarixi 1985
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Xalq Cümhuriyyəti, Türkiyə
Qoşun növü Azərbaycan Cümhuriyyəti Quru Qoşunları
Türkiyə Quru Qoşunları
Xidmət illəri 1918-1965
Rütbəsi Albay
Döyüşlər
Təltifləri "İstiqlaliyyət" medalı

Firudin bəy Daryal və ya Fərman bəy Alıyev (1900, Təzəkənd, Laçın rayonu1985, Türkiyə və ya İstanbul) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.

Qarabağ və Zəngəzur döyüşlərində, GəncəQarabağ üsyanlarında, iştirak edib.

Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 45 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Fərman bəy Alıyev 1900-cü ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. Kazanda hərbi məktəbdə təhsil alıb[1].

Azərbaycan Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

Qarabağ döyüşləri

[redaktə | mənbəni redaktə et]

1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra[2] 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb[3]. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi[4]. Fərman bəy bu döyüşlərə süvari alayının tərkibində qatılıb. Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçmiş, 8 oktyabr 1918-ci ildə Şuşa şəhəri bütünlüklə erməni–daşnak qüvvələrindən təmizlənmişdir[5].

1918-ci il noyabrın 18-də "podpraporşik" hərbi rütbəsində Gəncə Podpraporşiklər Məktəbini bitirib və I piyada diviziyasının III Gəncə piyada alayı komandirinin sərancamına həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilib[6]. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Fərman bəyin xidmət etdiyi süvari alayı göstərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb. Hərbi nazirin 31 mart 1919-cu il tarixli 169 №-li əmri ilə növbəti "praporşik (piyada üzrə)" hərbi rütbəsi verilib. 18 noyabr 1919-cu il tarixdə Hərbi nazirin 535 №-li əmri ilə 08 noyabr 1919-cu il tarixdən Qarabağ general-qubernatorunun sərancamına həqiqi hərbi xidmətini davam etdirmək üçün ezam edilib. Nümunəvi hərbi xidmətlərinə görə Nazirlər Şurası Sədrinin 21 mart 1920-ci il tarixli və Hərbi nazirin 24 mart 1920-ci il tarixli 167 №-li əmri ilə "podporuçik (piyada üzrə)" hərbi rütbəsinə layiq görülüb[7]. Cümhuriyyət ordusunun gənc zabiti Fərman bəy Alıyev Sultan bəy Sultanovun başçılıq eydiyi yerli özünümüdafiə dəstələri ilə birgə Zabux dərəsi adlı ərazidə erməni generalı Andranik Ozanyanın ordusunun məhv edilməsi əməliyyatında iştirak edib[8].

1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar[9]. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Fərman bəy Alıyev də, süvari alayın tərkibində bu döyüşlərdə iştirak edib[10]. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir[11].

Gəncə və Qarabağ üsyanları

[redaktə | mənbəni redaktə et]

Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşərək QaryaginCəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar[12].

Ayaq üstə duranlar, soldan sağa: Baba bəy Behbud, Gülməmməd bəy Qazax, Firudin bəy Daryal, Dəmir bəy

Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[13]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatıblar[14] Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur. Fərman bəy Alıyev 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[15].

1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında XV süvari alayın komandiri kimi iştirak edib. Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb[16]. Bu döyüşlərdə yaralanaraq qazi olub[16].

Sağaldıqdan sonra 1922-ci il avqustun 26-dan Türkiyənin qərb bölgəsinin yunanların işğalından azad edilməsi üçün başladılan "Böyük hücum" əməliyyatlarında iştirak edib. 1922-ci il sentyabrın 9-da öz bölüyü ilə İzmirə girən ilk süvarilərdən olub[17]. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib[18]. 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib[16].

1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı və 1937-ci ildə Dersim üsyanlarının yatırılmasında iştirak edib[16].

Mühacirət dövründə sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün adını dəyişmək məcburiyyətində qalıb. Ad olaraq əmisi oğlu Firudinin adını seçib[1]. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra[19] özünə "Daryal" soyadını götürüb[1].

1936-cı ildə "Qafqaz almanaxı", 1953-cü ildə isə "Qaf dağı" adlı əsərlərini yazıb[20].

Xidməti dövründə bölük, tabor, alay komandiri, İzmir və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra edib. 1950-ci illərdə Kağızmanda Tuqay komandiri olub. 1965-ci ildə təqaüdə çıxıb və İstanbul şəhərində yaşayıb[21]. Azərbaycandan və Şimali Qafqazdan olan mühacirlərlə və xüsusilə də Xosrov bəy Sultanovla yaxın əlaqələri olub[22].

Firudin bəy Daryalın əlyazması

1985-ci ildə dünyasını dəyişib. Cənazəsi xüsusi hərbi mərasimlə, Qaracaəhməd məzarlığında dəfn edilib[23]. Ölməmişdən əvvəl baş daşına İstiqlal savaşı qazisi, süvari albay olmasını, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində yerləşən Təzəkənd kəndində anadan olduğunu və "Arxadaş: Başın taclı, altın taxtlı dəxi olsa millətin və vətənin olmadan bədbəxtsən!" sözlərinin yazılmasını vəsiyyət edib[24].

Firudin bəy Daryal ilk dəfə İstanbulda hərbi təhsil alarkən ailə həyatı qurub. Bu nikahdan bir oğlu və bir qızı olub. Oğlu Prof. Dr Əli Murad Daryal Türkiyədə yaşayan ilahiyyatçı alimdir. Firudin bəy Daryal ikinci dəfə 1952-ci ildə ailə qurub. Bu nikahdan övladı olmayıb[25].

  1. 1 2 3 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 51. ISBN 978-9952-5513-4-1.
  2. Nəsiman Yaqublu. Qafqaz İslam Ordusu Azərbaycanda (PDF). Bakı: Ol. 2013. səh. 32. ISBN 978-9952-484-53-3. 2023-02-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-24.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 106. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  4. Mehmet Rıhtım, Mehman Süleymanov. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 214. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  5. Mehman Süleymanov. Nuru paşa və silahdaşları. Bakı. 2014. səh. 137. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  6. Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 497. ISBN 978-9952-37-141-3. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  7. Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 498. ISBN 978-9952-37-141-3. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  8. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 52. ISBN 978-9952-5513-4-1.
  9. Şəmistan Nəzirli. "İyirminci ildə Qarabağ döyüşləri" (az.). anl.az. 2017-08-08. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  10. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 53. ISBN 978-9952-5513-4-1.
  11. Azərbaycan Milli Ensiklopediyası / ƏSGƏRAN DÖYÜŞÜ (1920). VIII. Bakı: AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. Archived from the original on 2020-04-07. İstifadə tarixi: 2023-02-15.
  12. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 57. ISBN 978-9952-5513-4-1.
  13. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  14. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  15. Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  16. 1 2 3 4 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 58. ISBN 978-9952-5513-4-1.
  17. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 200. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  18. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 42. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  19. "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində arxivləşdirilib (PDF)
  20. Orxan Cəbrayıl. "Türkiyədə başqa adla çalışan generalımız" (az.). axar.az. 2016-03-30. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  21. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 60. ISBN 978-9952-5513-4-1.
  22. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 62. ISBN 978-9952-5513-4-1.
  23. Orxan Cəbrayıl. "Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal" (az.). qlobal.az. 2016-03-28. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  24. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 63. ISBN 978-9952-5513-4-1.
  25. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 62. ISBN 978-9952-5513-4-1.
  26. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 58. ISBN 978-9952-5513-4-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]