Fit qalası — Vikipediya
Fit qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | İsmayıllı |
Yerləşir | Sulut kəndi |
Aidiyyatı | Şirvanşahlar dövləti Şamaxı xanlığı |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 4360 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır.
Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur. Bəzi tədqiqatçılar burada hələ XI–XII əsrlərdə müdafiə qalası olduğunu ehtimal edirlər.[1]
"Hüdud əl-aləm" əsərində Şamaxıdan bir fərsəng aralı Niyal adlı qalanın olduğu qeyd edilir və bəzi tədqiqatçılar onu Fit qalası ilə eyniləşdirirlər. Fit qalası barədə əlimizdə olan məlumatın bir hissəsi də Şirvan xanlığı dövrünə, yəni XVIII–XIX əsrlərə aiddir. Bu dövrə aid məlumatlardan birində deyilir ki, Şirvan xanı Mustafa xan Fit qalasına üç arşın enində divar çəkdirmişdi. Bu işə o, 3 min adamı cəlb edir. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın hücumu zamanı Mustafa xan Fit qalasına çəkilir. O, Ağsu şəhərinin əhalisini buraya köçürür. Bu iş Abbas Mirzənin zamanında da təkrar olur.[2] Məhz buna görə də Fit qalası tarixi arxeoloji ədəbiyyatımızda Şirvan hökmdarlarının son iqamətgahı kimi də qeyd edilir.
Arxeoloji tədqiqat vaxtı bu ərazidən tapılan materiallar içərisində Sasani şahı II Xosrovun gümüş sikkələri, orta əsrlər üçün xarakterik olan saxsı qab parçaları, XVI–XVII əsrlərə məxsus metal silah, tunc, gümüş zinət vasitələri, XVII–XVIII əsrlərə məxsus mis qablar vardır. Bunlar Fit qalası və onun ətraf ərazisində VI–VII əsrlərdən başlayaraq yaşayış olduğunu göstərir. Tikinti qalıqlarından aydın olur ki, bura yalnız Mustafa xan dövründə böyük istehkam halına salınmışdır. 1970-ci ildə qala ətrafından toplanmış saxsı məmulatı bunu təsdiq edir. Bu dövrdə məhz Fit qalası kimi əlçatmaz yerdə olan istehkam dövrün hərbi qüvvələrinə qarşı müqavimət göstərə bilərdi.[3]
Əfsanələr
[redaktə | mənbəni redaktə et]Qala haqqında xalq arasında yayılmış əfsanəyə görə, vaxtilə Şirvan hökmdarının gözəl bir qızı olmuşdur. Bu qız atasının iradəsi əksinə olaraq bir çobanı sevir. Çoban hər gün çöldə daş üstə oturub ney çalar, qız isə bu neyin sədası ilə onunla tapışardı. Bir gün sirrin üstü açılır. Hökmdar qızına çobanla görüşməyi qadağan edir. Lakin qız öz təmiz eşqini hər şeydən üstün tutur. Atasının əmrini rədd edir, qəsrdən uzaqlaşmaq qərarına gəlir. Ancaq bu işə müvəffəq olmur. Hadisədən qəzəblənən hökmdar Fit dağında bir qala tikdirib qızı orada həbs etdirir. Çoban bu işdən xəbər tutduqda çox çətinliklə özünü Fit dağına çatdırır. O, qala divarının arxasında neyini çalmağa başlayır.
Öz sevgilisinin ney sədalarına aşina olan qız bu səsi eşidən kimi qala divarının üstünə çıxıb özünü çobanının ağuşuna atır. Lakin onlar qaçmaq istədikdə hökmdarın adamları vasitəsilə tutulurlar. Çoban qalanın yaxınlığındakı bir təpədə öldürülür, qız isə özünü qayalardan atıb həlak edir. Bu vaxtdan etibarən çobanın öldürüldüyü təpə "Qanlı təpə" adlanır və onun çaldığı neyin sədası dağın qayalarında nəqş bağlayaraq həmişə səslənir. Məhz buna görə də bu qala Fit qalası adlanır. Bu əfsanə Fit qalasının coğrafi mövqeyinə uyğun gəlir. Doğrudan da külək əsəndə bu dağın qayalarından fit səsinə oxşar səda eşidilir ki, bu da çobanın ney səsləri ilə bir növ uzlaşır.[1]
Fit qalası haqqında söylənən başqa bir əfsanə də bu qalanın tikilməsi tarixi cəhətdən maraqlıdır. Həmin əfsanəyə görə vaxtilə bu dağın zirvəsində divlər yaşayıbmış. Heç kim bu dağın zirvəsinə çıxmaq qüdrətinə malik olmayıb. Bir gün Girdman hakimi həmin dağın zirvəsinə çıxmaq, divləri qovmaq qərarına gəlir. O, çox çətinliklə divlərlə vuruşa-vuruşa dağın zirvəsinə qalxır və öz məqsədinə çatır. Girdman hakimi bu qələbəsi münasibətilə həmin dağın zirvəsində möhkəm bir qala tikdirir. Fit qalası və onun ətrafında aparılmış ilk arxeoloji tədqiqatın nəticələri burada Sasani dövründən yaşayış olduğunu göstərir.[1]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Fit qalası Azərbaycan xanlıqları dövrünün müdafiə tikililərinin tipik xüsusiyyətlərini özündə cəmləşdirir. Qala, dövrümüzə yalnız xarabalıq şəklində çatmışdır.[4] 1915-ci ildə Fit qalasını ətraflı təsvir etmiş A. P. Fituni tikilinin memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat verir.[5] Qüllələrlə möhkəmləndirilmiş qala divarları 3 arşın enə, 6 arşın hündürlüyə malik olmuş, qalanın mərkəzində isə dördbucaqlı formaya malik qəsr yerləşmişdir.[5]
1945-ci ildə Fit qalasını tədqiq etmiş Ə. Salamzadə isə qeyd edir ki, qala, yaşayış məntəqəsinin qala divarları ilə əhatə olunmuş mərkəzi hissəsidir. Tədqiqtçı, fikrini Fit qalası ətrafında çoxlu sayda tikililərin olması ilə əsaslandırır.[4] F. Fituni isə yazır:
Qala divarlarının mərkəzində sonuncu Şirvan xanı Mustafa xanın sığınacağı olmuş qəsr yerləşir. Qəsr o hesabla tikilmişdir ki, hətta qalanın aşağı hissələri ələ keçirilsə də, əhali və xan ailəsi onun içində uzun müddət sığınacaq tapa bilsin. Qəsrin xarabalıqları onun əvvəlki möhtəşəmliyini yaxşı nümayiş etdirməsə də, tamamilə dağılmış çoxotaqlı tiklinin qalıqlarını görmək mümkündür. Ehtimal ki, bu, Şirvan xanının ehtiyat sarayıdır. Yerli əhali qala içindəki həmin tikilini Divanxana adlandırır.[6] |
Qaladaxili tikililər
[redaktə | mənbəni redaktə et]Geniş darvazadan içəri girəndə böyük bir binanın xarabaları diqqəti cəlb edir. Yerli əhali buranı Qalabəyi binası adlandırır. Bu binanı keçdikdən sonra, dağın qülləsinin səthi boyunca bir çox bina xarabaları görünür. Çox güman ki, bunlarda qala döyüşçüləri yaşamışlar.
Dağın ən hündür nöqtəsində Xan evi adlanan böyük bir bina vardır. Yerli əhali buranı Mustafa xanın qalası adlandırır. Fit qalası yerləşən dağın ətrafı müxtəlif tikinti qalıqları ilə örtülüdür. Bunlardan bir hissəsi karvansara, bir hissəsi hamam və bir hissəsi də divanxana adlanır. Yerli əhalinin söylədiyinə görə bura Fit şəhərinin xarabalarıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 А.П.Фитуни. Истории последней столицы Ширвана. АЗКОМСТАРИС, вып. III, Бaку, 1927.s. 75–140
- ↑ A. Bakıxanov. Gülüstani-İrəm. Bakı. 1970, səh. 175, 178, 189.
- ↑ H.Ciddi.Buğurt Qalası. Bakı : Azərnəşr, 1973. — s. 21
- ↑ 1 2 Саламзаде, 1964. səh. 86
- ↑ 1 2 Фитуни, 1927. səh. 95
- ↑ Фитуни, 1927. səh. 96
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Фитуни, А. П. История последней столицы Ширвана (Изв. Азкомстариса, вып. III). Баку. 1927. 95.
- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.