Ərk qalası — Vikipediya

Ərk qalası
ارگ تبریز
Ərk qalası 2021-ci ildə
Ərk qalası 2021-ci ildə
Xəritə
38°04′20″ şm. e. 46°17′19″ ş. u.HGYO
Ölkə  İran
Şəhər Təbriz
Yerləşir Təbriz şəhristanı
Aidiyyatı Elxanilər dövləti
Sifarişçi Əlişah Təbrizi
Tikilmə tarixi 1338-1345
Hündürlüyü 28 m
Material kərpic
Ərk qalası (İran)
Ərk qalası
Ərk qalasının planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərk qalası (və ya Ərk-i Əlişah, Məscid-i Əlişah, Təbriz qalası, fars. ارگ تبريز‎) — Təbriz şəhərində yerləşən və XIV əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilən abidə. Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın (1316–1335) vəziri Əli şah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Tacəddin Əli şah tərəfindən tikdiriilən və sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir . Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Bundan başqa abidənin üzərində günümüzə qədər gəlib çatmış heç bir yazı yoxdur. 1931-ci ildə abidə Milli İrs siyahısına qeydə alınmışdır.

Tacəddin Əlişah haqqında

[redaktə | vikimətni redaktə et]

Elxanilər dövrünün məşhur şəxsiyyətlərindən biri olan Tacəddin Əlişah Gilani 1312-ci ildə vəzir olaraq təyin edilmişdir. Onun dəqiq doğum tarixi məlum deyil.[1] Elxanilərin xidmətində çalışmazdan əvvəl zərgərliklə məşğul olan Tacəddin Əlişah bu peşənin onu saraya daxil edəcəyindən xəbərdar idi. Vəzir Tacəddin Bağdadda Firdovsi adlı iş yeri, Təbrizdəki məsciddən başqa Sultaniyyədə bazar yeri tikdirmişdir.[2] Tacəddin Əlişah Olcaytu xanın rəğbətini qazanmaq üçün 1316-cı ildə məscidin planını şəxsən özü tərtib etmiş və inşaasına başlamışdır.[3] Binanın məsciddən çox elm irfan mərkəzi kimi istifadə edilmək xüsusiyyəti də var. Binanın həyətində baxça və mərkəzində hovuz yerləşirdi. Bağçadaki ağaclar qruplar halında əkilmişdi. Abidənin yaşı 700 ildir. O 500 ildir ki, məscid 200 ildir qala olaraq fəaliyyət göstərir.[4]Türkiyədə Səlçuqlar tarixindən bəhs edən ən əhəmiyyətli əsərlərdən biri sayılan Müsamərətül Əhbər adlı əsərdə yazıçı bu məscidin təməli haqqında məlumat verərək bildirir ki, Şam Əməvi məscidindən başqa dünyada bu məscidin bir bənzəri yoxdur.[5]

Məscidin xronologiyası aşağıdakı kimidir:

İlkin tikinti 1316–1339-cu illər arasında, Elxanilər dövründə aparılmışdır. Tikinti zamanı əsas çəllək tonozu çökdü və daha sonra tikinti dayandırıldı.

  • 1322-ci ildə bir qrup dövlət xadimi Qahirədən gələrək məscidi ziyarət etdi. Onlar məscidin mehrabının qotiq kəmər və minarələrin hər birinin 54 metr hündürlükdə olduğu barədə öz qeydlərində məlumat vermişdilər.[6]
  • 1323–1324-cü ildə tonozun çökməsi ilə tikinti yarımçıq qalır.[6]
  • 1324-cü ildə Tacəddin Əlişah vəfat edir və məscid kompleksi daxilində dəfn edilir.[7]
  • 1533–1536-cı ildə Sultan Süleymanın Səfəvi dövləti üzərinə yürüşləri zamanı Matraqçı Nasuh Təbrizin miniatürasında Əlişah Məscidini də təsvir etmişdir.
  • 1641-ci ildə baş verən zəlzələ məscidə böyük zərərlər vurmuşdu.
  • 1673-cü ildə Şarden məscidin vəziyyəti haqqında öz qeydlərində bəhs edərək bildirir:" Demək olar ki, tamamilə dağılan məscidin alt qismi bərpa edilmişdir. Xalq bu hissədə namaz qılıb ibadətlər edir. Məscidin çox hündür bir minarəsi var. İrəvandan gələrkən ilk bu məscid gözə çarpır."[8]
  • 1786-cı ildə Qacarların hakimiyyəti illərində abidə uzun illər dərviş və təkkələrin ibadət mərkəzinə çevrilir. [9]Zənd xanədanlığının hakimiyyəti zamanı isə məscid qalaya çevrilərək ibadətə bağlanılır. Həmin illərdə qala taxıl və silah anbarı kimi fəaliyyət göstərirdi və ətrafı dəmir tellərlə hasarlanmışdı.
  • 1804–1828-ci illər Rus-İran müharibələri zamanı məscid şəhərin qalasına çevrilmişdi. Bu dövrdə qalaya yeni əlavələr edilmişdi. Beləki quruluşa qarnizon daxması, silah və top tökmə zavodu, ordu qərargahı və kazarma əlavə edilərək məscid ordu bazasına çevrilmişdi. Rus əsilli Qacar generalı, Samson Makintsev (daha çox Samson Xan kimi tanınır) Gürcüstan şahzadəsi Aleksandrın qızı olan həyat yoldaşı ilə birlikdə uzun illər qala içərisində yaşamışdır.
  • 1850-ci ilin iyul ayının 9-da özünü peyğəmbər elan edən Mirzə Əli Məhəmməd Ərk qalasından atılaraq edam edilmişdir.[10]
  • 1911-ci ildə rusların Təbrizi işğal etməsi nəticəsində qalanın divarları bombalandı. Şəhəri ələ keçirən rus ordusu buranı komanda mərkəzi kimi istifadə etdilər. İşğal zamanı ehtiyatsız davrandıqları üçün istifadə etdikləri artilleriya qurğuları qalanın bəzi hissələrini də yandırmışdır.[11]
  • 1925–1941-ci illərdə Rza şah Pəhləvinin hakimiyyəti dövründə binanın ətrafında bir neçə bağ salınmış və ona "Milli Bağ" adı verilmişdir.
  • 1971-ci ildə aparılan arxeoloji qazıntılar zamanı Qacarlar sülaləsinə aid olan hərbi memarlıq qalıqları və qədim silahlar aşkar edildi.[12]
  • 1979-cu il İran İslam İnqilabından sonra bina yenidən cümə namazları üçün məscidə çevrildi.
  • 1980-ci illərin əvvəllərində Müsəlman Xalq Cümhuriyyəti Partiyası tərəfdarlarının dini və dövləti qarışdıran, azərbaycanlı azlıqlara etinasızlıq göstərən yeni quruluşa qarşı üsyanı yatırıldıqdan sonra Müslüm Məlakuti Təbrizin Cümə məscidinə imam seçildi. O, Təbrizdə işlədiyi müddətdə Ərkin Qacar dövründən qalma əlavə divarını, mədəniyyət institutlarını və Ərk teatrını dağıdıb, onların yerinə cümə namazları üçün yeni məscid tikdirdi. Bəziləri hesab edir ki, yerli irsin bu şəkildə məhv edilməsi yerli azərbaycanlı kimliyinin sistematik şəkildə yox edilməsidir.
  • 1990–2000-ci illərdə İran Mədəni İrs Təşkilatı tərəfindən reabilitasiya və yenilənmə layihəsi həyata keçirildi. Lakin bu reabilitasiya zamanı Qacar dövründən qalan bütün qalıqlar strukturdan çıxarılmışdır. Həmin dövrdə Ərk qalasının yanında yeni böyük məscid tikilmişdir. Yeni məscidin üst quruluşu Ərk qalasının memarlığına xələl gətirməkdədir. İran Mədəni İrs Təşkilatının qaydalarına və bir neçə məhkəmə qərarlarına baxmayaraq, yeni strukturun tikintisi tamamlanmışdır. Bu tikinti Ərkin yer altındaki qədimi əsaslarını da tamamilə məhv etdi. Beləliklə yeni İslam rejimi Ərkin əsaslarını aradan qaldırmaqla sonraki illərdə baş verə biləcək yenidən qurma fəaliyyətləri şansını da məhv etmiş oldu. Bundan başqa məscidin müqəddəs və toxunulmaz hesab edilən ibadətgahı da Quran qaydalarına zidd gedilərək dağıdılmış və avtomobil dayanacağına çevrilmişdir. Yeni dayancaq 700 illik məscidin əsas ibadət zalının qalıqları üzərində fəaliyyət göstərməkdədir.
Ərk qalasının qarşısında Təbriz cümə məscidinin tikintisi, 2013

Abidənin memarlıq xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Binanın arxitekturası ilk zamanlar U formalı quruluşda olmuşdur. U formasının açıq hissəsi qurbangahın yerləşdiyi binanın cənub divarıdır. Şərq və qərb divarları cənub divarından daha qalın tikilmişdir. İlk dövrlərdə şərqdə mədrəsə tikililəri, qərbdə zaviyə, şimalda isə divarlarla əhatə olunmuş çox böyük həyət var idi. [13]Mədrəsə və zaviyənin açıq həyəti və tək eyvanı var idi. Məscid kimi tikilən bu bina 1809-cu ildə qalaya çevrilib.[14]

Məşhur iranlı memar Ostad Pirnianın sözlərinə görə, bu bina Azərbaycan memarlığını təmsil edən üslubda tikilib. Şərq və qərb divarları dağıldıqdan sonra qalan hissələr bir-birinə simmetrikdir. Ehtimal olunur ki, bu hissədən sağ və sol tərəfdə mədrəsə və zaviyələrə keçidin təmin olunduğu böyük bir darvaza və ya keçidi varimiş.

Əlişah məscidinin eni 30,15 metr, dərinliyi (giriş qapısı ilə mehrab arasında) 65 metr, divarlarının qalınlığı 10,4 metr, yerdən hündürlüyü 25 metrdir.[15] Tacəddin Əli şahın tikdirdiyi bu bina Dəməşq, Rum, Təbriz və Bağdaddakı bütün binalardan yüksəkdir. Eyvan sərdabəsinin eni 30,5 metr, dərinliyi 48 metr və yerdən hündürlüyü 24 metr idi. Eyvan sərdabəsi tikildikdən bir qədər sonra dağılmışdır. Binanın 25 metr hündürlüyünün üzərinə əlavə edilən 35 metrlik gövdə ilə minarənin ümumi uzunluğu 60 metrə çatır.[16] Divarların küncləri (bir fasaddan digərinə birləşdirən səthlər) yonulmuş, beləliklə daha hamar bir keçid təmin edilmişdir. Binanın minarəli fotoşəkili bu gün mövcud olmasa da, Matraqçı Nasuh Təbrizin təsvirində binanın minarə əsası kimi qəbul edilə bilən iki memarlıq elementini də təsvir etmişdir.[14]

Məscidin həyəti 285 x 225 metr ölçüdə idi. İsfahan Cümə Məscidi kimi onun da dörd eyvanı var idi və orta eyvanın eni təxminən 30 metr idi. Həyətdə mərmər dayaqlardan istifadə edilmişdir.

Məscid transsendent ölçülərinə uyğun olaraq kifayət qədər böyük pəncərələrə malikdir. Məscidin pəncərələrinin eni 5.5 metr, uzunluğu isə 16 metridi. Mehrabın ölçüləri 9m x 30 m idi. Mehrabın nişləri isə 4 m olmuşdur.

Məscidin divarlarının bu qədər hündür və qalın inşa edilməsinin səbəbləri aşağıdakılar ola bilər:

  1. Məscidi monqol istila və dağıntılarından qorumaq
  2. Olcaytu vəzirləri arasında memarlıq fəaliyyəti uğrunda rəqabət [17]
  3. Köçəri həyat tərzindən yenicə oturaq həyata keçən Elxanilərin memarlıq sahəsində o qədər də peşəkar olmaması [18]
  4. Abidənin ağır qübbəsini saxlaya bilmək üçün qalın divarlara olan ehtiyac
  5. Tacəddin Əlişahın öldürülməmiş yeganə İlxani vəziri olması faktı ilə dəstəklənən əzəmət aldanması belə bir quruluşa öz əksini tapmış olması ehtimalı
  6. Təbrizdə tez-tez baş verən zəlzələlər. 1273-cü ildə az qala bütün şəhəri yerlə-yeksan edən zəlzələ qorxusundan belə divar qalınlığına üstünlük verilməsi mümkündür.

Məscidin dekorasiyaları

[redaktə | vikimətni redaktə et]

Təbrizin simvolu sayılan Əlişah məscidində suvaq, mərmər və kirəmit bəzəkləri olmuşdur. Bu bəzəklərin heç biri günümüzə qədər gəlib çatmamışdır.[19] Bu yaxınlarda bərpa edilmiş binada külli miqdarda gips və kafel materialları, həmçinin mərmər və ondan törəmə daş materialları aşkar edilmişdir. Lakin belə bir kafel tətbiqi binanın ilk tikintisindən qalma ehtimalı azdır.[20]

Əlişah məscidi nəhəng ölçülərinə baxmayaraq bəzək elementlərini qoruyub saxlaya bilməmişdir. Binanın qalıqlarının hamısı kərpic materialıdır. Kərpicin uzun və qısa tərəflərinin istifadəsi ilə üfiqi, əyri və şaquli düzülüşü binaya hərəkətlilik qazandırmışdır. Binada ümumilikdə 5 iti tağ vardır. Kərpiclər bu tağların yuxarısına sağ tərəfdə sağa meyilli, sol tərəfdə isə sola meyillik şəkildə düzülmüşdür. Mehrabda heç bir bəzək ünsürünə rast gəlinmir. Qiblə divarında müəyyən ardıcıllıqla düzülən pillələr düzbucaqlıdır. Mehrab haşiyəsində bu pillələr maili bucaq altında inşa edilmişdir. Mehrabı əhatə edən düzbucaqlı kameranın yuxarı kənarı ardıcıl boşluqlarla bəzədilib. Hərəkətlilik eyni kənarda taxta material ilə təmin edilir.

Əlişah məscidinə cənubdan baxdıqda mehrab çıxıntısının kifayət qədər yüksək olduğu, ziyarətgahdan baxdıqda isə mehrab yuvasının göründüyü qədər dərin olmadığı görünür. Bu Səlçuqlu memarlıq elementlərinin binanın tikintisində istifadə edildiyini göstərir.

Binanın ziyarətgah hissəsində şərq və qərb divarlarındakı iki pilləli panellərin düzbucaqlı və ya kvadrat formada inşa edilmişdir . Bu lövhələrin yuxarı kənarları ardıcıl boşluqlarla canlandırılmışdır.

Əlişah Məscidinin cənub divarına kənardan baxdıqda qalanın görünüşünü dəstəkləyən bəzi memarlıq elementləri görünür. Mehrab çıxıntısının yuxarı hissəsində üç dairəvi tağlı pəncərə vardır. Bunların ortasından yağış suyu xaricə uzanan nov ilə axıdılırmış. Mehrabın yuxarı hissəsinin sağında və solunda daha dörd uclu tağlı pəncərə var idi. Bu pəncərələr arasında üç uzun, nazik düzbucaqlı arakəsmələr var. Çöldən baxanda məscidin şərq divarı ilə cənub divarının kəsişməsində başqa bir pəncərə var. Simmetrik olmalı olan pəncərə qərb fasadındadır və ön fasaddan görünmür. Qərb divarında üç uzun nazik düzbucaqlı arakəsmələrdən sonra iti uclu tağlı, düzbucaqlı pəncərə var. Yenə də binaya kənardan baxanda şərq divarında iti uclu tağlı üç pəncərə və onların arasında üç uzun, nazik dördbucaqlı arakəsmələr görünür. Ziyarətgahdan şərq və qərb divarlarının yuxarı hissələrinə baxdıqda onun simmetrik inşa olunduğu nəzərə çarpır.

Qərb divarının yuxarı hissəsində görünən boşluğun qapı və ya pəncərə olması ehtimal edilir. Eyni memarlıq elementi şərq divarının yuxarı hissəsində mövcud olsa da, o, günümüzə qədər gəlib çıxmamışdır.

  1. Ərdəm, 2018. səh. 107
  2. "Arxivlənmiş surət". 2017-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
  3. Wilber, 1969. səh. 855
  4. Malakouti, 2003
  5. Aksarayi, 2000. səh. 254
  6. 1 2 Mansouri, 2016. səh. 2
  7. Wilber, 2016. səh. 2
  8. Chardin, 2014. səh. 324
  9. Marandi, 2015. səh. 173
  10. Browne, 1959. səh. 63
  11. Iran Metropolises Agency, 2019
  12. Ajorloo and Babayloo, 2014. səh. 58
  13. Karrenk, 1968. səh. 241
  14. 1 2 Eyince, 1993. səh. 73
  15. Beksac and Cobanoglu, 2000. səh. 106
  16. Pourtajrishi, 2014
  17. Blair, 1986. səh. 146
  18. Yetkin, 1965. səh. 140
  19. Mərəndi, 2015. səh. 173
  20. Bülbül, 2012. səh. 149
  • Melville, Charles. "Historical Monuments and Earthquakes in Tabriz". Iran. Taylor & Francis. 19. 1981: 159–177. doi:10.2307/4299714. ISSN 0578-6967. JSTOR 4299714.
  • Beksaç, E., Çobanoğlu, A.V. İlhanlılar”. Diyanet İslam Ansiklopedisi (DİA). XXII. İstanbul. 2000. 105–108.
  • M. Aksarayi. Müsameretü-l Ahbar (tərcümə Mürsəl Öztürk). Ankara. 2000.
  • S,S. Blair. The Mongol Capital of Sultâniyya: The İmperial. Journal of Persian Studies. 1986. 139–151.
  • J. Chardin. Chardin seyahatnamesi (tərcümə Ayşe Meral). Kitab yayınevi. 2014.
  • S.Bülbül. İran İlhanlı Dönemi Mimari Süslemesi XIII.-XIV. yy. Van: Yüzüncü yıl Üniversitesi. 2012.
  • S.Eyice. Cami. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 1993. 56–90.
  • A.Karrenk. Asar ve Ebniyeye Tarihi Tebriz. Təbriz. 1968.
  • H.S.Marandi. İlhanlıların İran’daki Siyasi Faaliyetleri ve Eserleri. Erzurum: Atatürk Üniversitesi. 2015.
  • S.A. Mansuri və B.Ajarloo. Alişah Tebriz Erg’inin Yeniden Tanıtımı ve Uygulamaları. Hoberhaye Ziba Dergisi. 2004.
  • Ş.Beyani. Din Ve Devlet Der Iran Akhd-ı Mogol. Merkez-ı Nesr-ı Danis Gahi. (Hukumet-i Ilhanli). Tehran. 1389.
  • O.G. Özdügənli. Olcaytu Han. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2007. 345–347.
  • A.Kaşani. Tarih-e Padişah Said Gıyasedünya ve Din Olcaytu. Heftomin Numayişhgah Beynelmileli. Tehran. 1384.
  • K.S.Yetkin. İslam Mimarisi. Ankara: Ankara Universitesi Basımevi. 1965.
  • E.G.Browne. A Year Amongs The Persians: Adam and Charles Black. London. 1959.