Həsənlitəpə yaşayış yeri — Vikipediya
Həsənlitəpə | |
---|---|
fa/تپه حسنلو | |
37°00′17″ şm. e. 45°27′32″ ş. u.HGYO | |
Ölkə | İran |
Yerləşir | Qərbi Azərbaycan ostanı |
İran | |
Region | Asiya |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həsənlitəpə yaşayış yeri — İranın Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşən qədim yaşayış yeri. Manna dövlətinə aid arxeoloji abidə kompleksi.
Adı və etimologiyası
[redaktə | vikimətni redaktə et]Bu yaşayış məskəni yaxınlıqdakı Həsənli kəndinin adı ilə adlandırılıb. Təpə sözü isə qədim türk dilində oronimlər üçün istifadə edilən sözdür.[1][2] E.A.Qrantsovski güman edir ki, e.ə. IX əsrə aid assur mənbələrində də təsadüf edilən İdi adı Həsənlinin qədim adıdır. O, qeyd edir ki, Həsənliyə aid onomastik material e.ə.IX əsrin sonlarınadək Həsənli əhalisinin irandilli olmadığını sübut edir.
Yerləşmə yeri
[redaktə | vikimətni redaktə et]Həsənlitəpə yaşayış yer vadidə yerləşir. Qərbdən Zaqroş dağları, cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq qərbdən, Kəlyaşin və Rəvanduz aşırımı, şərqdən isə Kadar çayı boyunca daxil olmaq mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan vermişdir.[3][4][5]
Tarixi
[redaktə | vikimətni redaktə et]Həsənli ərazisi e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859–824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir. Tikinti qurğularının qalıqları göstərir ki, Həsənli xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E.ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl statiqrafiyasını verən Həsənli təpəsi 27,5 metr dərinliyə qazılmışdır. Bu statiqrafiya tarixi məlum olan abidələrlə keramika qalıqlarının, həmçinin radio-karbon təhlilinin nəticələrindən istifadə vasitəsilə müəyyənləşdirilmişdir. M.Salvini Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın Meişta şəhəri və Manna ölkəsi əleyhinə yürüşlərindən bəhs edən Taştəpədəki (Həsənlidən 40 km şərqdə) qayaüstü kitabələrini şərh edərkən belə nəticəyə gəlir ki, Meişta Həsənli təpəsindəki qədim qalanın Urartu dilində adıdır və Həsənli təpənin IV mədəni təbəqəsi də məhz Urartu yürüşləri zamanı dağıdılmışdır.
Mədəni təbəqələri
[redaktə | vikimətni redaktə et]R.Dayson Həsənlidə qazılmış materialları 10 dövrə ayırır. X-VI dövr materialları Həsənli təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdir.
Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V–IV təbəqələrdir.
Keramika məmulatı dibinin formasına görə "Əsas təbəqənin dibi" adlanan V dövr e.ə. 1200–1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənli təpəsi kiçik binalarla abadlaşdırılır. E.ə.1100–800-cü illərə aid IV dövr "boz gil məmulatları dövrü" əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili-əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aid edilir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binaların qalmış daş və ağac hissələrindən istifadə edərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaq yolu ilə bərpa olunmuşdur.
Bu dövrün binalarından bir neçə yazılı əşya da aşkar edilmişdir: daş farqment üzərində "Kadaşman-Enlil"in adı, zədələnmiş toppuz başı üzərində "Aşşurballitin sarayı" və daş qab üzərində "Uşişi Günəş tanrısına həsr edilmiş İdi ölkəsi hökmdarının Bauri sarayı" yazılmışdır.
R.Daysonun fikrincə IV dövrün mədəniyyətinə urartulular tərəfindən qalanın dağdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur.
III dövr "Üçbucaqlı tapıntılar təbəqəsi" xarabalıqlarının toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki – erkən III B (e.ə. 750–600-cü illər) və son III A (e.ə.600–400-cü illər) təbəqəsinə bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (III B dövrü) və açıq sarı rəngli keramika (III A dövrü) hazırlamışlar.
Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr "Üçbucaqdan sonrakı tapıntılar təbəqəsi" və I İslam dövrü gəlir.
Həsənlidə qazılmış arxeoloji material Güney Azərbaycanın və ümumiyyətlə İran yaylasının qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənli qazıntıları özündən əvvəlkilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır vəə onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lövhəsini yaşadır. Müasir tədqiqat metodları sayəsində buradan ədə edilmiş materialın dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur.
Həsənli materialları qonşuluqdakı qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş materiallarla tamamlanır.
Həsənli təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənlidə qazılmış dövr etibarilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adları ilə adlandırılmışdır.
Həsənlidən 1,5 km Cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar Həsənli X dövrə uyğun gələn daha qədim dövr (e.ə.VI-V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar bərkidikdən sonra onların üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar bəzən həndəsi şəkillərlə bəzədilirdi.
IX və VIII dövrlər müvafiq olaraq Dəlmətəpə və Pişdəlitəpə qazıntıları ilə təmsil edilmişdir.
Dəlmətəpə, Həsənlitəpədən təxminən 5 km cənub-qərbdə, Dəlmə mədəniyyətinin bir növü olan müasir Dəlmə kəndinin yaxınlığında yerləşən kiçik bir kurqandır. Onun diametri təxminən 50 m-dir. Abidə Çarlz Börni və T. Kayler Yanq tərəfindən 1958-1961-ci illərdə hər biri 1 ay davam etməklə 3 mövsüm tədqiq edilmişdir.[6] Dəlmətəpə tapıntıları e.ə. V minilliyin sonlarına aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və qara-qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effekli və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.
Pişdəlitəpə VIII dovr e.ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün Şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında oxşarlıqlar aşkar edilmişdir. Buraya qəhvəyi-qara rəngli, həndəsi rəsmli sarımtıl keramika, dəvəgözü və çaxmaqdaşından silahlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir.
Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin İraq, İran və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R.Dayson tərəfindən müəyyənləşdirilmişdir.
Həsənlidə tapılmış sümük qalıqlarının analizi T.A.Ratbunun tədqiqatinda aparılmışdır. Müəllif Həsənlidə yeddi dövrdə (I–V, VII, IX) aşkar edilmiş 120 kişi, uşaq və qadın skletlərini nəzərdən keçirmişdir. Onların böyük əksəriyyəti (83-ü) IV dövrə, 21 V dövrə aiddir. Qalan dövrlər isə iki-üç nümunə ilə təmsil edilmişdir. Bütün ölülər sağ böyrü üstə, bükülü vəziyyətdə basdırılmışdır. Müəllif qeyd edir ki, ölülərin 32 faizinin başı Şimala, 31 faizinin başı isə Qərbə doğru qoyulmuşdur.
Həsənli təpəsinin Şimal ətəyindəki nekropol ərazisində 1947–1948-ci illərdə mustəqil qazıntılar aparmış və M.Rad və A.Hakimi oz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənli sakinləri dəfn zamanı Günəşi əsas istiqamət götürürdülər. Ona görə də, ilin və günün vaxtından asılı olaraq dəfn zamanı istiqamətlər dəyişirdi.[7]
Tədqiqi
[redaktə | vikimətni redaktə et]Həsənlitəpə yaşayış yerində ilk arxeoloji tədqiqat 1936-cı ildə Aurel Ştayn tərəfindən aparılmışdır. Qazıntılar 1947 və 1949-cu illərdə İran Arxeoloji Xidməti tərəfindən aparılmış və tədqiqatın nəticələrinə dair hər hansı bir hesabat nəşr edilməmişdir. Həsənlitəpədə daha sistemli tədqiqatlar 1956-cı ildən 1974-cü ilə qədər 10 mövsüm davam etməklə Amerika arxeoloji cəmiyyəti və İran arxeoloji idarəsinin təşkilatçılığı ilə aparılmışdır. Qazıntılarda iştirak edən komanda Pensilvaniya Universiteti, Muzey Universiteti və Metropoliten Muzeyi tərəfindən formalaşdırılmışdır. Qazıntılara Robert Dayson rəhbərlik etmişdir. İlkin tədqiqatlar Uşnu-Sulduz vadisində əsasən bu yaşayış məntəqəsində neolit dövründən e.ə. 334-cü ilə qədər regional mədəni tarixi bərpası məqsədi ilə aparılmışdır. Lakin 1958-ci ildə qızıl camın tapılması bölgədə dəmir dövrünə diqqəti artırmışdır. Tədqiqatlar vaxtı gümüş qab da aşkar edilmişdir. Tapıntılar qazıntıların Dinhə təpə, Dəlmə təpə, Hacı Firuz təpə, Əqrəb təpə, Pişdəli təpə və Səh Girdan adlı ərazilər istiqamətində genişlənməsinə səbəb olmuşdur. 2007-ci ildə Həsənlidə aparılmış arxeoloji qazıntıların nəticələrinə aid yekun hesabatları ortaya qoymaq üçün monoqrafiya nəşrinə cəhd edildi.[8] İndiyə qədər 2 qazıntı hesabatı və bir sıra xüsusi tədqiqat əsərləri işıq üzü görmüşdür. [9][10][11][12]
Qalereya
[redaktə | vikimətni redaktə et]- Həsənlitəpə
- Həsənlitəpə
- Tunc içki qabı (b.e.ə. I minillik, İran Milli Muzeyi)
- Keramika, Həsənlitəpə, b.e.ə. I minillik
- Aypara şəkilli lövhə, Həsənlitəpə (b.e.ə. I minillik, İran Milli Muzeyi)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "معنی تپه | لغتنامه دهخدا". www.vajehyab.com.
- ↑ Clauson, Gerard (1972). "Töpü". An Etymological Dictionary of pre-thirteenth-century Turkishn. Oxford: Clarendon Press. p. 436.
- ↑ "М.И. Артамонов – К вопросу о происхождении скифского искусства, Сообщения Государственного Эрмитажа. [ Вып.] XXII. Л.: 1962. С. 30-35". 2012-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
- ↑ Крупнейший клад Ирана[ölü keçid]
- ↑ "Происхождение защитного доспеха". 2011-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-22.
- ↑ Hamlin, Carol. “Dalma Tepe.” Iran, vol. 13, 1975, pp. 111–27.
- ↑ Qaşqay, S. Manna dövləti. Bakı: Azərnəşr, 1993, s. 7-16
- ↑ Hasanlu Publication Project
- ↑ Irene J. Winter, Hasanlu Special Studies I: A Decorated Breastplate from Hasanlu, Iran, Monograph 39, University of Pennsylvania Museum of Archaeology and Anthropology, 1980, ISBN 0-934718-34-2
- ↑ Oscar White Muscarella, Hasanlu Special Studies II: The Catalogue of Ivories from Hasanlu, Iran, Monograph 40, University of Pennsylvania Museum of Archaeology and Anthropology, 1980, ISBN 0-934718-33-4
- ↑ Michelle I. Marcus, Hasanlu Special Studies III: Emblems of Identity and Prestige—The Seals and Sealings from Hasanlu, Iran, Monograph 84, University of Pennsylvania Museum of Archaeology and Anthropology, 1996, ISBN 0-924171-26-X
- ↑ Maude de Schauensee, Hasanlu Special Studies: Peoples and Crafts in Period IVB at Hasanlu, Iran, University of Pennsylvania Museum of Archaeology and Anthropology, 2011, ISBN 1-934536-17-2
Mənbə
[redaktə | vikimətni redaktə et]- S.Qaşqay. Manna dövləti. Bakı: Azərnəşr, 1993
- R. N. Dyson. The Architecture of Hasanlu. Period I to IV. AJA v. 81, №4, 1977