Hüseynağa Hacıbababəyov — Vikipediya
Hüseynağa Hacıbababəyov | |
---|---|
Hüseynağa Sultan oğlu Hacıbababəyov | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | II Fəxri xiyaban |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Səs tembri | lirik tenor |
Mükafatları | |
Hüseynağa Sultan oğlu Hacıbababəyov (7 (19) may 1898, Şamaxı – 10 noyabr 1972, Bakı) — opera müğənnisi (lirik tenor).[1] Azərbaycanın xalq artisti (1938).[2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Hüseynağa Hacıbababəyov 1898-ci il may ayının 19-da Şamaxıda anadan olmuşdur. Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya köçmüşdür.
Hüseynağa burada əvvəlcə "Alekseyski" məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır.[3]
1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir.
Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Qəribin anasının ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Gülzarın ("Şah İsmayıl", Müslüm Maqomayev) partiyalarını ifa etmişdir.[4]
1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərmişdir: Çar Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko", Nikolay Rimski-Korsakov), Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad", "Arşın mal alan", "Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli), Lenski ("Yevgeni Onegin", Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini).[5]
Milli opera sənətinin nümayəndəsi, müğənni Hüseynağa Hacıbababəyov 1972-ci il noyabr ayının 10-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 may 1934
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 dekabr 1938
- "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan diskoqrafiyası — Hüseynağa Hacıbababəyov". 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.
- ↑ "Əfrasiyab Bədəlbəyli Hüseynağa Hacıbababəyov haqqda — Milli ənənələrlə qidalanan müğənni". 2015-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-02.
- ↑ Dadaşov, S. Azərbaycan SSR Xalq artisti Hüseynağa Hacıbababəyov: 60 illiyi /Soltan Dadaşov; red.M.Davudova. Bakı: Azərb. Teatr Cəmiyyəti, 1958.- 31, [2] s.
- ↑ Təhmirazqızı, S. Mayda xatırlananlar: [Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri olmuş Hüseynağa Hacıbababəyov və Şirzad Hüseynov haqqında] /Səadət Təhmirazqızı //Mədəniyyət.- 2010.- 19 may. — S.5.
- ↑ Təranə. "Eşidənlərin ruhunu təsvir edə biləcək bir qüvvə" /Təranə //Kaspi.- 2010.- 11 noyabr.- S.15.