Hovard Zinn — Vikipediya

Hovard Zinn
ing. Howard Zinn
Doğum tarixi 24 avqust 1922(1922-08-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 yanvar 2010(2010-01-27)[3][1][…] (87 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[4]
Uşağı 2
Təhsili
Fəaliyyəti dramaturq, politoloq, tarixçi, yazıçı, universitet müəllimi[d], jurnalist, sülh aktivisti, insan hüquqları fəalı, kinorejissor
Tanınmış əsəri
howardzinn.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hovard Zinn (24 avqust 1922[1][2][…], Bruklin, Nyu-York, ABŞ[4]27 yanvar 2010[3][1][…], Santa-Monika, Kaliforniya, ABŞ[4]) — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964–1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır[6]. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan "Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən" (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır[7]. Hovard Zinnin "A Young People's History of the United States" kitabı azərbaycan dilinə "Başla Kitab" tərəfindən tərcümə edilmişdir.

Həyatı və karyerası

[redaktə | vikimətni redaktə et]

Erkən həyatı

[redaktə | vikimətni redaktə et]

Zinn, 1922-ci il avqust ayının 24-də Bruklində dünyaya göz açmışdır. Atası Eddie Zinn Avstriya-Macarıstan imperiyasında doğulmuş və Birinci dünya müharibəsinin başlamasından əvvəl qardaşı Samuel ilə birgə Birləşmiş Ştatlara köçmüşdür. Hovardın anası Cenni (Rabinovitz) Zinn[8] Şərqi Sibirdə yerləşən İrkutsk şəhərindən ABŞ-yə immiqrasiya etmişdir. Hər iki valideyn tanış olduqları və evləndikləri zaman çox aşağı təhsil səviyyəli fabrik işçiləri idi və uşaqlarını böyütdükləri mənzildə heç bir kitab və ya jurnal yox idi. Zinn’in valideynləri Çarlz Dikkensin 20 cilddə toplanmış əsərlərini almaq üçün New York Posta hər bir əsər üçün 10 sent və bir kupon göndərərək oğullarını ədəbiyyatla tanış etdi[9]. Zinn həmçinin direktor və şair olan Elias Liberman tərəfindən əsası qoyulmuş "Thomas Jefferson High School"da yaradıcı yazıçılıq üzrə təhsil aldı[10]. İkinci dünya müharibəsi ərəfəsində Zinn könüllü olaraq Hava qüvvələri qoşununa qoşuldu və 490-cı topçu alayında bombardmançı olaraq təyin edildi[11]. Berlin, ÇexoslovakiyaMacarıstan səmalarından düşmən hədəflərini bombaladı[12].1945-ci il aprel ayında Birləşmiş Ştatlar topçusu Zinn Fransanın cənub-qərbində yerləşən, dənizkənarı istirahət düşərgəsi olan Ruayana napalm bombası atdı[13]. Zinn’in müharibə əleyhdarı mövqeyi öz təcrübələrindən qaynaqlanan bu tip hadisələrdən sonra daha da inkişaf etdi. Doqquz il sonra, doktorluğunu müdafiə etdikdən sonrakı bir tədqiqatda Zinn, Bordonun yaxınlığındakı istirahət düşərgəsini ziyarət etdi. Orada sakinlərdən müsahibə götürdü, bələdiyyə sənədlərini nəzərdən keçirdi və yerli kitabxanada müharibə dövrünə aid qəzet materiallarını sürətlərini götürdü. 1966-cı ildə Zinn "Tarixin Siyasəti" (The Politics of History) kitabında araşdırma apararaq geniş məlumat verdiyi Ruayana qayıtdı. Ruayanda Zinn öyrəndi ki, özünün də iştirak etdiyi havadan bombalama əməliyyatı zamanı mindən çox siravi fransız və Ruayan yaxınlığında müharibənin bitməsini gözləyən bəzi alman əsgərlərinin ölümünə səbəb olub. "Bütün hesabatlar"da təsvir edilən bu hadisəni o, bu kiçik, amma qədim şəhərdə baş vermiş hadisəni "une trgeque erreur" (faciəvi səhv) kimi qiymətləndirdi. "Tarixin Siyasəti" kitabında Zinn bombardman əmrlərinin Avropada müharibənin bitməyindən üç həftə əvvəl hərbçilər tərəfindən hərbi məqsədlərdən çox öz karyeralarının inkişafı və motivasiyası üçün necə verildiyini təsvir edir.

"Əsgərlərin Yenidən Nizamlanması Qanunu"na (Servicemen's Readjustment Act) müvafiq olaraq Zinn İkinci dünya müharibəsindən sonra Nyu York Universitetinə daxil oldu və 1951-ci ildə bu universitetdən bakalavr pilləsi üzrə məzun oldu. 1952-ci ildə Kolumbiya Universitetində magistratura təhsili aldıqdan sonra 1958-ci ildə həmin universitetdə doktorluq müdafiə etdi. Onun magistratura təhsili aldığı zamanki elmi işinin mövzusu Ludlow Qətliamı kimi tanınan "1914-cü il Kolorado kömür mədənçilərinin tətili" idi[14]. Onun doktorluq dissertasiya mövzusu isə 1923–1933 illərdə Nümayəndələr Palatası üzvü olmuş Fiorello LaGuardia’nın konqressdəki fəaliyyətini tədqiq edən "LaGuardia in Congress" (LaGuardia Konqresdə) olmuşdur. LaGuardia nümayəndə olduğu dövrdə ictimai güc, tətil hüququ, vergi qoymaq ilə sərvətin yenidən bölüşdürülməsi üçün mübarizə aparmışdır. "LaGuardia in Congress" Amerika Tarix Assossasiyası (American Historical Association) tərəfindən ingilis dilində yazılmış ən yaxşı Amerikan Tarixi nominasiyası üzrə Beveridge mükafatına layiq görülmüşdür[15]. Kolumbiya Universitetində Zinnə Harry Carman, Henry Steele CommagerDavid Donald kimi tarixçi professorlar dərs demişdir. Amma kolumbiyalı tarixçi Richard Hofstadterin yazdığı "Amerika Siyasi Ənənəsi" (The American Political Tradition) kitabı Zinni ən çox təsirləndirən əsər olmuşdur. Zinn bu kitabı həmişə özünün "tövsiyə kitablar" siyahısına əlavə edirdi və Barak Obama Amerika Birləşmiş Ştatları prezidenti seçiləndə Zinn yazırdı: "Əgər Richard Hofstadter "Amerika Siyasi Ənənəsi" kitabına əlavə etsəydi, həm "mühafizəkar", həm də "liberal" prezidentlərin (Demokratlar və Respublikaçılar Partiyasından) olduğunu müşahidə edəcəkdi və Amerikan siyasi sisteminin ən əsas iki xüsusiyyətini – milliyyətçilik və kapitalizm – qorumaq üçün Obama bu sistemə tam uyğun bir modeldir"[16].

Sonrakı həyatı

[redaktə | vikimətni redaktə et]

1960–1961-ci illərdə Zinn Harvard Universitetində Şərqi Asiya üzrə tədqiqat apardı. Zinn 1956–1963-cü illərdə Atlantada Spelman kollecində tarix professoru və eyni zamanda Paris və Bolonya universitetlərində qonaq professoru işləmişdir. Cənubda vətəndaş hüquqları hərəkatında iştirak etdikdən və 2 kitab yazdıqdan sonra 1964-cü ildə Zinn Boston Universitetində ona təklif olunan vəzifəni qəbul etdi. Onun "vətəndaş azadlıqları sinfi" universitetdə digər siniflər arasında ən məşhuru idi. Belə ki, hər semestr tələb olunmayan fənn olunmasına baxmayaraq təxminən 400 tələbə bu sinifdə Zinndən dərs almaq üçün qeydiyyatdan keçirdi. Siyasi elmlər üzrə Boston Universitetində 24 il dərs deyən Zinn 1988-ci ildə təqaüdə çıxdı. Boston Universitetində jurnalistika üzrə professor olan Caryl Rivers Zinn haqqında deyirdi: "Onun məzlumlar üçün dərin ədalət hissi var, amma o həmişə öz zarafat qabiliyyətini qoruyur. O, xoşbəxt bir döyüşçüdür". Zinn və Rivers hər ikisi 1979-cu ildə Boston Universitetinin işçilərinin tətilini dəstəkləmiş və hətta bu dəstəklərinə görə universitetdən qovulmaqla təhdid olunmuşdular[17].

Zinn inanırdı ki, ümumilikdə ənənəvi tarix kitablarında ifadə azadlığı məhduddur. O, Amerikan tarixinə yeni nöqteyi-nəzər gətirmək və gələcəkdəki bu tip kitabları dəstəkləmək üçün "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"ni yazdı. Bu kitab yerli amerikalıların, hinduların, gəlmə avropalılarla arasındakı münaqişəni, ABŞ-nin işğallarını və təcavüzlərini, qulların quldarlığa, fəhlələrin və həmkarlar ittifaqları üzvlərinin kapitalizmə, qadınların patriarxallığa və afroamerikalıların vətəndaş hüquqlarını əldə etmək üçün hökumətə və irqçilərə qarşı olan hərəkətlərini təsvir edir. Kitab 1981-ci ildə Milli Kitab Mükafatı (National Book Award) finalçısı olmuşdur[18].

"Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin nəşr olunduğu 1980-ci ildən bəri bu kitab bir çox məktəblərdə və kolleclərdə dərslik vəsaiti kimi istifadə olunmağa başladı və tənqidi pedoqoqikaya aid ən geniş yayılmış nümunəyə çevrildi. 2006-cı ildə The New York Times Book Review’nun verdiyi məlumata görə kitab hər il davamlı olaraq 100 000 nüsxədən çox satılır[19].

2004-cü ildə Zinn Anthony Arnove ilə birgə "Voices of a People’s History of the United States" (Amerika Birləşmiş Ştatları Xalqlar Tarixinin Səsi) kitabını nəşr etdirdi. Bu kitabda insanların özlərinin "Xalqlar Tarixi" adlandırdığı nitqlər, məqalələr, esselər, şerlər və mahnı sözləri cəmlənmişdi.

2008-ci ildə Zinn Təhsil Layihəsi (Zinn Education Project)[20] çərçivəsində məktəblərin orta və yuxarı siniflərində "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"ndən dərslik kimi istifadə edilməsi üçün müəllimləri dəstəkləmək missiyası həyata keçirildi. Bu layihə Zinn’in keçmiş bir tələbəsinin öz müəlliminin bu kitabının ölkə miqyasında bütün məktəblərdə tədris olunmasını istəməsi və buna görə də başqa iki təşkilatı da bu layihəyə dəstək verməsi üçün maliyyələşdirməsi ilə başladı. Layihə çərçivəsində sayt yaradıldı və bu saytda pulsuz olaraq 100-dən çox hissəyə bölünmüş formada "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi" kitabını yükləmək mümkündür.

Vətəndaş Hüquqları Hərəkatı

[redaktə | vikimətni redaktə et]

1956-cı ildən 1963-cü ilə kimi Zinn Spelman Kollecində Tarix və Sosial Elmlər Departamentinin sədri vəzifəsini icra etmiş və bu dövrdə o, tarixçi Avqust Meyer’[21] in lobbiçilik etdiyi Vətəndaş Hüquqları Hərəkatında da iştirak etmişdir. Spelman Kollecində işlədiyi müddətdə Zinn "Zorakılığa Qarşı Tələbə Əlaqələndirmə Komitəsi"ndə (Student Nonviolent Coordinating Committee – SNCC)[22] məsləhətçi vəzifəsini icra etdi və SNCC’nın oturma aksiyaları və digər tədbirləri barədə The Nation və Harper’s jurnallarına məqalələr yazdı. 1964-cü ildə Beacon Press onun yeni kitabı olan "SNCC: The New Abolitionists"i (ZQTƏK: Yeni Abolisionist) nəşr etdirdi[23]. Baxmayaraq ki, Zinn nüfuzlu professor idi, 1963-cü ildə tələbələri ilə ayrı-seçkiliyə qarşı mübarizədə tərəfdaşlıq etdiyi üçün işdən çıxarıldı. Corciya ştatında yaşadığı müddətdə Zinn yazırdı ki, o ifadə azadlığı, sərbəst toplaşma azadlığı və qanun qarşısında bərabər müdafiə hüququnun da daxil olduğu Amerika Birləşmiş Ştatları Konstitusiyasına edilən Birinci və On Dördüncü düzəlişin pozulmasına dair Corciyanın Albany şəhərində 30 fakt aşkarlayıb. Albanydəki vətəndaş hüquqları hərəkatı barəsində yazdığı məqaləsində Zinn ayrı-seçkiliyə son qoymaq üçün mübarizə aparan Azadlıq Yolçularını və prezident Con Kennedinin qanunların icrasındakı istəksizliyini təsvir edirdi. Həmçinin Zinn Con Kennedi rəhbərliyi altındakı Ədalət Departamentinin və J. Edgard Hooverin başçılıq etdiyi Federal Təhqiqatlar Bürosunun vətəndaş hüquqları fəallarına qarşı edilən zorakılıq aktları barəsində demək olar ki, heç bir şey etmədiklərini də vurğulayırdı. Zinn vətəndaş hüquqları hərəkatındakı qarşıdurmalar barəsində həm iştirakçı, həm də tarixçi olaraq yazırdı[24]. 1964-cü ildə onun ikinci kitabı olan "The Southern Mystique"[25] nəşr olundu. Spelman Kollecindən qovulduqdan qırx bir il sonra, 2005-ci ildə Zinn Spelman’a "Humane Letters" fəxri doktorluğu verilməsi üçün dəvət edildi[26][27] və oradakı "Məyusluğa Qarşı" başlığı altındakı nitqində Zinn dedi:

'"Tarix dərsi sənə öyrədir ki, sən ümidsizliyə düşməməlisən, əgər sən haqlısansa və inadla öz yolunda davam edirsənsə dəyişikliyə nail olacaqsan. Hökumət xalqı aldatmağa cəhd edə bilər, qəzetlər və televiziya kanalları da eyni şeyi təkrarlaya bilər, amma həqiqət mütləq aşkara çıxacaqdır. Bir həqiqət yüz yalandan daha çox güclüdür"[28].

Siyasi ideologiyası

[redaktə | vikimətni redaktə et]

Zinn özünü "bir az anarxist, bir az da sosialist, bəlkə də demokratik sosialist" kimi xarakterizə edir[29][30]. O sosializmə onun məşhur və müsbət bir ideya kimi bütün tarixi boyu baxmağı təklif edir. Çünki sosializmin Sovet kommunizmi ilə bağlı pis bir əlaqəsi var. 2009-cu ildə Madison, Viskonsində Zinn dedi:

"Gəlin sosializmdən danışaq. Məncə keçən əsrdə Sovet İttifaqının sosializmə pis ad verməsindən sonra müasir dövrdə sosializmi yenidən milli müzakirə mövzusuna çevirmək çox əhəmiyyətlidir. Sosializmin bu ölkədə yaxşı adı olub. Sosializmin Eugene Debsi olub. Onun Clarence Darrowu olub. Onun Mother Jonesi olub. Onun ölkə miqyasında milyonlarla sosialist qəzet oxuyan xalqı olub. Sosializm təməl prinsip olaraq deyir ki, hey, gəlin kübar, alicənab cəmiyyət quraq. Gəlin əşyalarımızı paylaşaq. Gəlin elə iqtisadi sistem quraq ki, o əmtəəni hansısa korporasiyanın qazanc əldə etməsi üçün yox, insanların həqiqətən ehtiyacı olduğu üçün istehsal etsin. İnsanlar sosializm sözündən əl çəkməməlidir, çünki siz kapitalizm hüdudlarından kənara doğru getməlisiniz"

İnformasiya Azadlığı Qanununun (Freedom of Information Act) xahişi ilə 30 iyul, 2010-cu ildə Federal Təhqiqatlar Bürosu Hovard Zinnin həyat və fəaliyyəti barədə 423 səhifəlik məlumatı ictimaiyyətə açdı. 1949-cu ildə, Makkartizmin tüğyan etdiyi dövrdə ilk dəfə Zinnin haqqında FTBdə daxili təhlükəsizlik araşdırması başlanmışdır. Çünki FTB Zinnin Kommunist Partiyasının fəal üzvü olması və kommunistlərə müxbirlik etməsindən şübhələnirdi. Zinn Kommunist Partiyasına üzv olması barədə iddiaları rədd edirdi və qeyd edirdi ki, o müxtəlif təşkilatların aksiyalarında iştirak edib və bu təşkilatlar Kommunist Cəbhəsi hesab edilə bilər, amma onun iştirakı öz inancından qaynaqlanır, çünki o inanır ki, bu ölkədə hər bir kəsin öz idealarına müvafiq olaraq inanmağa, düşünməyə və hərəkət etməyə haqqı var.

1960-cı illərin sonunda Zinnin Vyetnam müharibəsi əleyhdarlığı və onun Martin Lüter Kinq üzərindəki təsirinin nəticəsi olaraq FTB Zinni ölkə üçün yüksək təhlükəli şəxslər siyahısına daxil etdi və bu kateqoriyaya görə əgər ölkədə fövqəladə vəziyyət elan edilsə, bu FTB-yə Zinni həbs etmək üçün səlahiyyət verirdi. FTB sənədləri göstərir ki, onlar Zinnin hər dəfə təkrarən FTB-ni ağ mafiya qruplarının hücumlarından qaraları müdafiə etməməkdə tənqid etməsindən çox narahat idilər. Zinnin qızı deyir ki, o gizli sənədləri gösrəndə təəccüblənmədi və atası haqqında dedi ki, "O, həmişə FTB-nin onun haqda gizli sənədlərinin olduğunu bilirdi".

"Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən" — "You Can't be Neutral on a Moving Train"

[redaktə | vikimətni redaktə et]

İkinci dünya müharibəsində bir topçu kimi gördüklərini və ölən minlərlə insandan bəhs etmək üçün… bir neçə insanın əlində hədsiz dərəcədə böyük sərvət olduğu halda dünyada milyardlarla insanın ac, xəstə, evsiz olduğu reallığını aşkara çıxararaq sinfi şüuru yaratmaq üçün… bərabər ədalət uydurmasının maskasını aşağı salmaq və terrora qarşı müharibə adı altında yaradılan isteriyaya qarşı çıxmaq üçün… yazdı. Gördükləri onu ümidsizliyə düçar edə bilərdi, lakin Zinn ona bütün bunların qarşısında tab gətirəcək gücü verən vicdanı və ümidi ilə yazdı. "Ümidsiz olmağa haqqım yoxdur. Ümiddə inadkaram. Bəli, bu bir hissdir. Amma məntiqsiz deyil, insanlar hisslərə hörmət edər, lakin mütləq səbəblər istəyərlər. Davam etmək üçün səbəblər, təslim olmamaq üçün, rahatlığa və ya ümidsizliyə öyrəşməmək üçün sübut istəyərlər. Səbəblərin olduğunu dedim. Sübutların olduğuna inanıram. Amma bunlar o gecə Kalamazoo’da mənə sual verən adama göstərə bilməyəcəyim qədər çoxdur. Bir kitabı dolduracaq qədər çoxdur".

"Gənclər üçün Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi" — "A Young People's History of the United States"

[redaktə | vikimətni redaktə et]

"İllər boyu həmişə bu sualla qarşılaşdım: "Amerika Birləşmiş Ştatlarının vərdiş edilmiş tarixindən olduqca fərqli olan bu kitabınızın gənclərə uyğun olduğunu düşünürsünüzmü? Bu hal ölkəmizlə bağlı məyusluq yaratmazmı? Hökumətin siyasətini bu şəkildə tənqid etmək doğrudurmu? Xristofor Kolumb, Endrü CeksonTeodor Ruzvelt kimi xalqın ənənəvi qəhrəmanlarını bu cür alçaltmaq doğrudurmu? Köləlik və irqçiliyə, Hindu qətliamına, işçi sinfinin istismarına və ABŞ-nin Amerikanın aborigenlərini məhv edərək genişlənməsinə diqqət çəkmək vətən xainliyi deyilmi?

Bəzi insanların belə radikal və tənqidi fikirləri nəyə görə gənclərə uyğun görmədikləri məni çox maraqlandırır. Görəsən bu insanlar gənclərin bu mövzuları dərk edə bilməyəcəklərini düşünürlər? Mənə görə gənc oxucuların öz ölkələrinin siyasətinə vicdanlı yanaşacaq yetkinlikdə olmadıqlarını düşünmək yanlışdır. Bəli, bu bir vicdan məsələsidir. Necə ki, fərdlər olaraq öz xətalarımızı düzəltmək üçün vicdanlı olmağımız lazımdır. Milli siyasətimizi qiymətləndirərkən də vicdanlı olmaq labüddür. Mənə görə vətənpərvərlik hökumətin hər etdiyini sorğulamadan qəbul etmək deyil. Hökumətimizin hər etdiyini sorğulamadan qəbul etmək demokratiyaya aid bir xüsusiyyət də deyil. Tələbəliyimin ilk illərində hökumətlərin etdiklərini sorğulamayan bir xalqın diktator və totalitar rejimlərin bir işarəsi olduğu öyrədildi. Əgər demokratik ölkədə yaşayırsınızsa, deməli hökumətin siyasətini tənqid etmək haqqınız vardır.

Demokratiyanın fundamental prinsipləri kaloniyaların bundan etibarən ingilis idarəçiliyini qəbul etməyəcəyini açıqlayan 1776 tarixli İstiqlaliyyət Bəyənnaməsində qeyd olunub. Bəyənnamə dövlətlərin müqəddəs olmadığını, tənqid edilə biləcəyini, çünki "həyat, azadlıq və xoşbəxtliyin davamı" üçün hər bir fərdin bərabər hüquqlarını qorumaq məqsədilə insanlar tərəfindən yaradılmış süni bir sistem olduğunu açıq bir şəkildə sərgiləyir. Bəyənnaməyə görə əgər hökumətlər öhdəliklərini yerinə yetirməsələr "xalq hökuməti dəyişdirmə, ya da ləğv etmə haqqına sahibdir".

Əgər hökuməti "dəyişdirmək və ya ləğv etmək" xalqın əlindədirsə, hökuməti tənqid etmək də əlbəttə onların haqqıdır. Həmçinin tarixi qəhrəmanların xətalarını göstərərək gəncləri məyus etmə məsələsində narahat deyiləm. Qəhrəman olaraq bizə öyrədilən və bu gözlə gördüyümüz insanların əslində bu heyranlığa layiq olmadıqlarını sərbəstcə deyə bilmək haqqımızdır. Kolumbun bu qitəyə qızıl axtarmaq üçün gəlməsi və ətrafı yandırıb dağıtması nəyə görə qəhrəmanlıq olsun? Qitə aborigenlərini öz torpaqlarından qovdu deyə niyə Andrew Jackson’ı qəhrəman etməliyik? Teodor Ruzvelt İspaniya-Amerika müharibəsinə daxil olduğu, ispanları Kubadan qovduğu və bu arada ABŞ-nin gələcəkdə Kubanın idarəsini ələ keçirməsini asanlaşdırdığı üçün onu nəyə görə qəhrəman etməliyik?

Bəli, hər birimizin qəhrəmanlara, heyran qalacağımız adamlara və insanlara necə yaşamalı olduqlarını göstərən nümunəvi şəxslərə ehtiyacımız var. Lakin mən Kolumbun Baham adalarındakı aborigenlərə qarşı vəhşicə hərəkətlərini gün işığına çıxardan Bartolome de Las Kasası qəhrəman olaraq görməyə üstünlük verirəm. Ana yurdlarından qovulmaqlarına müqavimət göstərən Çeroki hindularını qəhrəman olaraq görməyi üstün tuturam. Mənə görə Filippin adalarında yüzlərlə insan qətl edən Teodor Ruzvelti qınayan Mark Tven də qəhrəmandır. Prezident Vudro Vilsonun amerikalı gəncləri Birinci dünya müharibəsinə göndərməsini protest edən Helen Keller də mənə görə qəhrəmandır. Müharibəyə, irqçiliyə və iqtisadi ədalətsizliyə qarşı olan bir insan kimi bu gün ABŞ-də qarşılaşdığımız vəziyyət keçmişdəkindən heç də fərqli deyil".

"Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi" – "A People’s History of the United States"

[redaktə | vikimətni redaktə et]

ABŞ-ni necə tanıyırsız? Əlbəttə ki, İkinci dünya müharibəsindən və xüsusilə də Sovet İttifaqının süqutundan sonra dünyaya hökm edən, öz qanunlarını bütün millətlərə mərhəmətsizcəsinə dirəməyə çalışan, kapitalizmin və texnologiyanın ən yüksək səviyyəsinə çatmış, imperialist ölkə olaraq. Amma bir də digər Amerika var. Bu kitabda Howard Zinn məhz bu "digər" Amerikadan bəhs edir. Columbus’un bu böyük qitəni "kəşf etməsi"ndən sonra, bakir torpaqlara köçən xalqların, qırılan və qovulan hinduların, çox böyük sürətlə inkişaf edən kapitalizmin əzib istismar etdiyi işçilərin, torpaqları əllərindən alınan əkinçilərin, irqi-ayrıseçkiliyə məruz qalan qaraların, etiraz musiqisinin və ədəbiyyatın, müharibələrin əleyhinə mübarizə aparan kütlələrin, liberterianların, sosialistlərin və feministlərin apardığı mübarizələr "digər" Amerikanın tarixini, "Amerikan Xalqlarının Tarixi"ni təşkil edir. Howard Zinn bu epik kitabda Amerikanın qəddar mənfəət mübarizəsi içində, sinfi və irqi müharibələrdən keçərək, dövrlərə bölərək necə ABŞ-yə çevrildiyini göstərir; "digər" Amerikanın dərin humanist formatı, fəlsəfəsi, şiddətli ağrılarını bəzən bir tarixçinin detallarda göstərdiyi diqqətlə, bəzən sosioloqun təhlil metodları ilə, amma həmişə sənətkar həssaslığı və səlis dillə sərgiləyir. Howard Zinn hadisələrin gedişatını müasir dövrə qədər gətirir və ənənəvi tarixçilərin, diplomatların, dövlət xadimlərinin, TV seriallarının, Holloywood filmlərinin göstərdiyindən çox fərqli Amerikanı zahirə çıxardır. Amerikan domokratiyasının, iki partiyalı sistemin, Ağ Ev fırıldaqlarının daxili mahiyyətini aşkara çıxardaraq bu günkü işsizlərin, evsizlərin, hər il sosial hüquqları daha da ixtisar olunan fəhlələrin, təqaüdçülərin, qadınların Amerikasından bəhs edir.

"Soyuq Müharibə və Universitet" – "The Cold War and the University"

[redaktə | vikimətni redaktə et]

Immanuel Wallerstein/ Noam Chomsky/ Howard Zinn/ Ira Katznelson/ R. C. Lewontion/ David Montgomery/ Laura Nader/ Richard Ohmann/ Ray Siever "Soyuq Müharibə" universitetlərin strukturunu və akademik fənlərin məzmununu təkrarən formalaşdırdı. Siyasi və intellektual həyatın bütün toxumalarına nüfuz etdiyi kimi. Bu kitabdakı məqalələr bir-birindən fərqli mövzuları nəzərdən keçirir: texniki və humanitar elmlərdəki tədqiqatların transformasiya edilməsi, siyasi nəzəriyyəçilər tərəfindən liberal demokratiyanın yenidən müəyyənləşdirilməsi, Güc-qüvvənin bütün dünyada istifadə edilməsindən qaynaqlanan təkəbbür və ölkənin həyatında akademik müxaliflərin yolu…

"Marks Soho’da – Marx in Soho"

[redaktə | vikimətni redaktə et]

Tamaşa

Hadisə Marksizmin öldüyünün elan edilməsindən sonra Karl Marksın London, Soya’ya bir saatlıq müddətə enmək üçün yuxarıdakıları razı salması, amma bürokratik bir səhv ucbatından New York şəhərindəki Soho’ya enməsi ilə başlayar. Marks bu dünyaya qayıtdığı müddətdə arayışlar verərək özünü və yazdıqlarını müdafiə edər, eyni zamanda həm şəxsi həyatından bölmələr təqdim edər, həm də özünə tənqidi yanaşar. Böhranla sarsıntılar keçirdən kapitalist sistemi Karl Marksın nöqteyi-nəzəri ilə teatr səhnəsində nəzərdən keçirilir. Bu kitab və Zinn’lə bağlı Elizabeth Martinez belə deyir: "Howard Zinn demək olar ki, tək-tənha Amerika Birləşmiş Ştatları tarixini xalqın nəzərindən tədqiq edərək populyar hala saldı. O, bizi maarifləndirmək üçün daima yeni üsullar tapır. İndi də qarşımıza "Marks Soho’da" ilə çıxır. Bu oyunda yumorla qarışıq əsaslı məlumatlar, iti siyasət və böyük bir zövq var. Düzü, Zinn başdan-başa milli xəzinədir!"

"Amerikan Müxalifləri" – "American Dissidents"

[redaktə | vikimətni redaktə et]

Noam Chomsky/ Micheal Albert/ Howard Zinn/ Barbara Ehrenreich/ Bell Hooks/ Manning Marable

Bu gün "inqilab" sözü bir çox insanda gülüşə səbəb olur. Bəzən rişxəndli, bəzənsə kədərli təbəssümlər artıq çox uzaqlarda qalmış xəyalı ya da qarabasmanı xatırladır. Halbuki çox yox, hələ 25–30 il əvvəl dünyada milyonlarla insan "inqilab"ın çox yaxında olacağına inanırdı və bunun naminə qətiyyətli şəkildə döyüşürdü. İnsan həyatı üçün 25–30 il əlbəttə ki, uzun bir dövrdür, amma insanlıq üçün çox qısa müddətdir. 1960-cı illərin sonlarında meydana gələn inqilabı hərəkatların demək olar ki, hamısı birbaşa dövlət terroru və ya hökumət tərəfindən dəstəklənən terror qruplaşmaları tərəfindən əzildi, lakin yenə də insanın azadlıq, ədalət və bərabərlik ehtirası məhv edilə bilmədi…

Şəxsi həyatı, ailəsi və ölümü

[redaktə | vikimətni redaktə et]

Zinn 1944-cü ildə Roslin Şexter ilə evlənmiş və 2008-ci il həyat yoldaşının vəfatına qədər də evli qalmışdı. Onların Mayla adında bir qızı və Jeff adında bir oğulları olmuşdu. 27 yanvar, 2010-cu ildə Zinn Santa Monika, Kaliforniyada bir hotelin üzgüçülük hovuzunda üzərkən infarkt keçirərək vəfat etdi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Howard Zinn // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 http://www.boston.com/news/local/breaking_news/2010/01/howard_zinn_his.html.
  4. 1 2 3 4 5 6 7 https://www.howardzinn.org/about/biography/.
  5. 1 2 http://howardzinn.org/.
  6. Howard Zinn, Historian, Is Dead at 87, January 28, 2010
  7. "Howard Zinn Dead, Author Of 'People's History Of The United States' Died At 87 by Hillel Italie, The Huffington Post, January 27, 2010". November 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2014.
  8. "Howard Zinn Critical Essay - Introduction - Volume 199 - Contemporary Literary Criticism - Zinn, Howard. Enotes.com. Retrieved on 2013-08-04". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  9. "Howard Zinn – One Step Ahead of the Landlord". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  10. "Appel, Jacob M. Howard Zinn: Chronicling Lives from Spelman College to Boston U. Education Update, April 2004". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  11. The Politics of History 2nd ed. by Hovard Zinn (University of Illinois Press, 1990) pp. 258–274) ISBN 978-0-252-01673-8
  12. ""Film clip of Zinn". Retrieved 2010-01-28". 2014-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  13. Zinn, Howard (1990). Declarations of Independence. New York, NY: HarperPerennial. Arxivləşdirilib 2021-08-14 at the Wayback Machine ISBN 978-0-06-092108-8
  14. "Appel, JM. Howard Zinn: Chronicling Lives from Spelman College to Boston U., April 2004r". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
  15. January 29, 2010 "Howard Zinn, Historian, Is Dead at 87"
  16. ["What next for struggle in the Obama era?" The Socialist Worker November 5, 2008, Issue 684]
  17. "Activist, historian Howard Zinn dies at 87 by Ros Krasny at Reuters January 28, 2010. Retrieved 2010-03-09". 2013-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  18. [The National Book Awards Winners & Finalists. Retrieved 2010–03–09.]
  19. "Backlist to the Future" by Rachel Donadio, July 30, 2006
  20. "Zinn Education Project, 2013". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  21. "Biography of August Meier". Oah.org. Retrieved 2010–01–28
  22. Carol Polsgrove, Divided Minds: Intellectuals and the Civil Rights Movement (2001), pp. 115, 196; "In Memory: Howard Zinn and the Civil Rights Movement," Carol Polsgrove on Writers' Lives
  23. Carol Polsgrove, Divided Minds, p. 238
  24. Library of America. Retrieved 2010–01–28
  25. ""Interview with Zinn". Identitytheory.com. Retrieved 2010-01-28". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  26. ""Exodus News article on Zinn". Atlanta Inquirer (Georgia) via Exodusnews.com. 2005-05-11. Retrieved 2010-01-28". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  27. "Brittain, Victoria (28 January 2010). "Howard Zinn's Lesson To Us All". The Guardian". 26 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
  28. "Tomdispatch.com. Retrieved 2010-01-28. full text of "Against Discouragement."". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  29. "By Paul Glavin & Chuck Morse, Perspectives on Anarchist Theory, Vol. 7, No. 1, Spring 2003". 2010-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  30. "Howard Zinn on Democratic Socialism". 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]