III Bohemond (Antioxiya knyazı) — Vikipediya
III Bohemond | |
---|---|
1163 – 1201 | |
Əvvəlki | Konstansa |
Sonrakı | IV Bohemond |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən tezi 1142 və ən geci 1149[1] və ya 1144[2] |
Vəfat tarixi | 1201[3][2] |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | Puatyeli Raymond |
Anası | Konstansa |
Həyat yoldaşı | Teodora Komninos |
Uşaqları | IV Raymond IV Bohemond |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
III Bohemond (it. Boemondo III) və ya Pəltək Bohemond (it. Boemondo il Balbuziente) (ən tezi 1142 və ən geci 1149[1] və ya 1144[2] – 1201[3][2]) — 4-cü Antioxiya knyazı.[4][5]
O, Antioxiya knyaginası Konstansanın Puatyeli Raymondla baş tutan ilk evliliyindən dünyaya gəlmişdir. 1163-cü ildə anası ölüm yatağında ikən yerli əsilzadələr tərəfindən hakimiyyətə gətirildi. Çox keçmədən anası vəfat etdi.
1164-cü ildə zəngilərlə mübarizədə məğlub oldu və əsir alındı. Ancaq Bizans imperatorunun vasitəçiliyi ilə Hələb atabəyi Nurəddin Zəngi tərəfindən azadlığa buraxıldı. Buna təşəkkür məqsədilə Konstantinopola gedən III Bohemond Antioxiyada Yunan Provaslov nümayəndəliyi yaratmağı öhdəliyinə götürdü. Yerli Katolik kilsəsi rəhbərliyi buna qarşı çıxsa da, yunan patriarxının 1170-ci ildə baş verən zəlzələdə ölümünə qədər bu qərar qüvvədə qaldı.
III Bohemond daim Bizans imperiyası ilə mehriban münasibət saxladı. Bizans imperiyasının Kilikiyadakı təsirini artırmaq məqsədilə uzun illər Kilikiya çarları ilə mübarizə apardı. Digər tərəfdən müsəlman əmirliklərini birləşdirən və səlibçilərə qarşı müqavimətə hazırlaşan Səlahəddin Əyyubiyə qarşı Hələb və Dəməşq əmirləriylə ittifaq qurdu. III Bohemond öz ikinci xanımını boşayıb, Anioxiyalı sadə bir xanımla evləndikdən sonra 1180-ci ildə yerli katolik patriarxı tərəfindən aforoz edildi.
1180-ci illərdə Erməni Kilikiya çarlığı ilə mübarizə daha da alovlandı. 1187-ci ildə oğlu Bohemondu Tripoli qraflığında hakimiyyətə gətirməsi və ertəsi il Səlahəddin Əyyubinin Antioxiyanın böyük bir hissəsini işğal etməsi bölgədəki siyasi tarazlığı pozdu. Səlahəddin Əyyubiylə bağlanan müvəqqəti sülhü qorumaq məqsədilə, III Bohemond Üçüncü səlib yürüşünə dəstək vermədi. Erməni Kilikiya çarı I Levonun 1190-cı illərdə apardığı genişləmə siyasətinin nəticəsində Antioxiya və Kilikiya çarlıqları arasında uzunmüdətli münaqişə yarandı. III Bohemond 1194-cü ildə məğlub oldu və əsir alındı. Ancaq yerli əhali toplanaraq bölgəyə soxulmağa çalışan erməni hərbi birliklərini Antioxiyadan qovdular. Yalnız I Levonun Kilikiyadakı hakimiyyətini tanıdıqdan sonra III Bohemond azadlığa buraxıldı.
Böyük oğlu Raymondun 1197-ci ildə vəfatından sonra bölgədə siyasi tarazlıq yenidən pozuldu. Belə ki, varis Erməni Kilikiya çarı I Levonun qohumu ilə evli idi və öldüyü əsnada xanımı hamilə idi. Doğulan Raymond-Rupen adlı oğlan uşağının adına hakimiyyət iddiası irəli sürən Kilikiya çarı knyazın ikinci oğlu və yeni varisi olan Bohemondla mübarizəyə başladı. III Bohemondun 1201-ci ildə vəfatı ilə bu mübarizə daha da alovlandı və 1219-cu ilə qədər davam etdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Asbridge, Thomas (2000). The Creation of the Principality of Antioch, 1098–1130. Boydell Press. ISBN 978-0-85115-661-3
- Barber, Malcolm (2012). The Crusader States. Yale University Press. ISBN 978-0-300-11312-9
- Brown, Gordon S. (2003). The Norman Conquest of Southern Italy and Sicily. McFarland&Company, Inc. ISBN 978-0-7864-1472-7
- Lilie, Ralph-Johannes (1993). Byzantium and the Crusader States, 1096–1204. Oxford: Oxford University Press. ISBN 978-0-19-820407-7
- Runciman, Steven (1989b). A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East, 1100–1187. Cambridge University Press. ISBN 0-521-06162-8
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.cachecoins.org/bohemondiiiantioch.htm.
- ↑ 1 2 3 4 https://www.biografiasyvidas.com/biografia/b/bohemundo_iii.htm.
- ↑ 1 2 http://www.muenzen-ritter.de/54455-kreuzfahrerstaaten-antiochia-fuerstentum-bohemund-iii-denar-1163-1201-fvz.html?___store=gb&___from_store=de.
- ↑ Fink, Harold S. (1969). "The Growth of the Latin States, 1118–1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years. The University of Wisconsin Press. pp. 368–409. ISBN 0-299-04844-6
- ↑ Hailstone, Paula Z. (6 Dec 2019). Recalcitrant Crusaders?: The Relationship Between Southern Italy and Sicily, Crusading and the Crusader States, c. 1060–1198. Routledge. ISBN 9781000764628