Kamil Cəlilov — Vikipediya

Kamil Cəlilov
Kamil Cəlil oğlu Cəlilov
Ümumi məlumatlar
Doğum tarixi 29 yanvar 1938(1938-01-29)
Doğum yeri
Vəfat tarixi 22 fevral 2022(2022-02-22) (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı Sənubər Cəlilova
Uşaqları Sevinc Cəlilova
Gülşən Cəlilova
Gülər Cəlilova
Atası Cəlil Cəlilov
Anası Sürəyya Cəlilova
Musiqiçi məlumatları
Fəaliyyəti qoboyçalan
Fəaliyyət illəri 1953
Janrlar Azərbaycan xalq musiqisi, muğam
Musiqi aləti Qoboy
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989 Ümumittifaq Lenin komsomolu mükafatı
"Şərəf" ordeni — 2018 "Şöhrət" ordeni — 2008
kamilcelilli.pb.online

Kamil Cəlil oğlu Cəlilov (29 yanvar 1938, Bakı22 fevral 2022, Bakı) — Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu. 1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub..

O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.[1]

Uşaqlığı və erkən illəri

[redaktə | mənbəni redaktə et]

Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub.[2] Atası Cəlil İkinci Dünya müharibəsində ayaqlarını itirmişdi.[2] Əlil arabası ilə gəzirdi.[2] Sənəti dülgərlik idi.[2] Musiqiyə də xüsusi maraq bəsləyirdi.[2] O, oğlunun musiqi məktəbində təhsil almağını istəyirdi.[2] Hətta Kamilə balaca bir nağara da düzəltmişdi.[2]

Kamil Cəlilov qışı Bakının Yuxarı məhəlləsində, yayı isə Buzovnada keçirirdi.[2] Orta təhsilini Bakıdakı 176 nömrəli tam orta məktəbdə almışdır.[3] Eyni zamanda o, 1955-ci ildə Bakı şəhər 1 saylı musiqi məktəbində dərs almış, onun istedad və bacarığı müəllimlərinin diqqətini cəlb etmişdir.[2] Kamil Cəlilov musiqi məktəbinə oxuyana qədər qoboy haqqında heç bir təsəvvürə malik deyl idi.[2] Təsadüfən eşitdiyi bu musiqi alətinin səsi onu cazibəsinə salmış, məhz bu musiqi alətinin ifaçısı olmaq qərarına gəlmişdir.[2] Onun bu alətə olan bağlılığı atasının qəzəbinə səbəb olub və o, oğlunun qoboy sinfində təhsil almasına iradını bildirib.[2] Kamil Cəlilov isə atasının təkidinə baxmayaraq, sevdiyi alətdən ayrılmayıb.[2] 2017-ci ildə Kamil Cəlilovun xatirələrindən:

" Qoboy çalmağa başladığım dövrlərdə elə bəzi zərbələri də məhz atamdan almışam. Nə bilim, gah qoboyumu sındırıb, gah məni zirzəmiyə salıb. Bütün bunlar məni sarsıtmadı. Əvvəla atam idi. O, nə etsəydi, haqqı vardı. Digər tərəfdən də mən o qədər bu qoboya aludə olmuşdum ki, onsuz da vaxt tapıb onu çalırdım. Bir də ki, atamın əlil olması təbii ki, onun əsəblərinə də təsir etmişdi. Görünür, bəzən qoboyun səsi onu narahat edirdi. Hətta buna görə mən evin zirzəmisində özümə bir balaca şərait yaradıb orada çalırdım. Təbii ki, orada nəmişlik olduğundan bu alətin səsinə mənfi təsir edirdi. Nəhayət, bu çətinliyimi görən anam Sürəyya xanım atamdan xahiş etdi ki, evdə çalmağıma icazə versin. Beləliklə, anam məni o zirzəmidən çıxartdı.[2] "

Erkən yaşlarında gənc bacısının ölümü onu çox sarsıtmışdır:

" Bacım xəstə olanda anam deyirdi ki, o, müvəqqəti qonaqdır. Sonra bildim ki, öləcək. Evimizin zirzəmisinə girib o qədər ağlayırdım ki... Sonralar da xalqımızın başına gələn faciələr mənə çox pis təsir elədi...[4] "

O, bilik və bacarığı ilə beş il nəzərdə tutulmuş proqramı iki ilə mənimsəyib. 14 yaşında ikən musiqi məktəbini bitirib. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə, Fuad Sadıqbəyovun sinfinə daxil olub və 1959-cu ildə orada təhsilini başa vurub. İmtahanda Azərbaycan və Qərb bəstəkarlarının bir neçə əsərlərini çalaraq konservatoriyaya daxil olub.[2] İmtahan verərkən konservatoriyanın rektoru Cövdət Hacıyev Kamil Cəlilovun ifasına qulaq asandan sonra ona rusca "У него природный звук" (azərb. Onda təbiət səsi‎) qiymət vermişdir.[2] Müəllimi Üzeyir Hacıbəyovun vaxtilə Kazandan dəvət etdiyi Vasiliy Aleksandroviç Knyazkov idi. Sonra müəllimi Knyazkovun tələbəsi Azər Abdullayev oldu.[2]

Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub.[2] Ona dərs deyən, ifa tərzinə, duyumuna bələd olan müəllimlərinin təkidi ilə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Kamil Cəlilov 1965-ci ildən ixtisaslı qoboy ifaçısı kimi sənətə vəsiqə alıb.[2]

Yaradıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1960-cı ildə Latviyada keçirilən "Komsomol dostluğu" həftəliyində Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olan Müslüm Maqomayev və tələbə Kamil Cəlilov təmsil ediblər.[2] Həmin festivalda Kamil Cəlilov I yer üzrə mükafata layiq görülüb.[2]

1965-ci ildə Nazim Rzayevin rəhbərlik etdiyi indiki Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə solist təyin olunub.[2] Həmin illərdə Kamil Cəlilov həm də Azərbaycan Televiziya və Radiosunun simfonik orkestrində solist olaraq çalışıb.[2]

Bu orkestrdə bir müddət çalışdıqdan sonra Gülarə Əliyeva onu yenicə təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblına dəvət edib.[2] Kamil Cəlilov hər iki yaradıcı kollektivlə birgə çalışaraq, sənət yolunun ilk uğurlu illərini yaşayıb.[2]

Kamil Cəlilov beynəlxalq müsabiqələrdə də iştirak etmişdir. 1976-cı ildə Filippinin paytaxtı Manilada keçirilən AfrikaAsiya ölkələrinin IV Beynəlxalq musiqi müsabiqəsində "Çahargah" muğamın ifa edərək I dərəcəli "Büllur mükafat"a layiq görülmüşdür. Bu ifanın UNESCO nəzdində IV Beynəlxalq musiqi müsabiqəsinin şurası tərəfindən dünyanın radiostansiyalarının proqramında səsləndirilməsi tövsiyə edilmişdir.

Voyacer qızıl plastinkası

1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.[5] Kamil Cəlilovun sözlərinə görə:

" Mənim "Çahargah ahəngi"m 1976-cı ildə Filippində birinci yerə layiq görüldü. Bundan sonra həmin ifam plastinkaya salındı. Onsuz mənim Moskvanın ümumittifaq radiosunda mahnılarım yazılmışdı. Buna görə də təzədən ifamı yazmağa ehtiyac qalmadı. UNESCO da mənim ifamı bəyənmişdi. "Çahargah ahəngi" əsərimi onlar özü seçdilər, mən heç bir təklif vermədim.[6] "

Voyacer qızıl plastinkası haqqında məlumatlarda Kamil Cəlilovun o melodiyanı balabanda ifa etməsi qeyd olunsa da, musiqiçi bunu inkar edir:

" Mən o mahnını balabanda yox, qoboyda ifa etmişdim. Kimlərsə bilərəkdən, ya bilməyərəkdən yazırlar ki, guya orda balaban səslənir.[7] "

1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.[8][9] "Zəminxarə" musiqisinin ifasından danışan Cəlilov deyib:

" Bu mənim ideyam oldu. Faciələrin şahidi idim. Bu təsirdən sonra yalnız həmin muğamı ifa edə bilərdim. Lakin "Zəminxarə" qəmli mahnıya çevrildi. Əslində isə insanları nəticə çıxarmağa, cəsarətli olmağa çağırırdım.[10] "

Konservatoriyada Azər Abdullayevin sinfini bitirən ifaçı hələ tələbə ikən Əhməd Bakıxanovun ansamblında çıxış etmiş və "Bayatı Kürd" muğamı 1963-cü ildə onun ifasında lentə alınmışdır.[2] O, tələbə həmkarlarından çox fərqlənirdi. Onun qoboy ifaçılığı sənətində yeniliyi ilk dəfə muğamları bu alətdə tətbiq etməsidir.[2] "Bayatı Kürd", "Segah", "Zəminxara", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Hümayun", "Qarabağ şikəstəsi", "Kəsməşikəstə" muğamları Kamil Cəlilovun ifaçılıq sənətinə bəxş etdiyi dəyərli incilərdi.[2] "Rahab", "Yanıq Kərəmi", "Kəsməşikəstə", "Səmayi-şəms", "Baş sarıtel", "Cəlili" və bu kimi musiqi nümunələrini özünün tərzində ifa edərək qoboy alətini yenidən şərqləşdinnəyə nail olmuşdur.[2]

Onun ifasında "Apardı sellər Saranı", "Sarı bülbül" və birsıra digər xalq mahnıları çox yanıqlı və kövrək səslənir.[2] Kamil Cəlilovun ifasında Nikolay Rimski-Korsakovun "Çar Soltan haqqında nağıl" operasından "Arının uçuşu", Üzeyir Hacıbəyovun "Firuzə" operasından "Firuzənin ariyası", Fikrət Əmirovun "Mən səni araram", "Göygöl" mahnıları, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindən bir sıra fraqmentlər səslənərək, dinləyicilərin yaddaşına əbədi həkk olunmuşdur.[2] Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısı da Kamil Cəlilovdur.[2]

Fikrət Əmirov onun çalğısını yüksək qiymətləndirirdi. Niyazi isə Kamil Cəlilov çalğısına xas olan sadəlik və təbiiliyi xüsusilə vurğulamışdır.[2] Qara Qarayev "Üçüncü simfoniya"sının Dövlət Kamera Orkestrində məşqi zamanı Kamil Cəlilovun bu əsərdə texniki cəhətdən mürəkkəb qoboy partiyasını məharətlə ifa etdiyini, eləcə də onun ifasında buradakı solo epizodlara heyran qaldığını bildirmişdir. Qarayev bu əsərdə ifaçının simfoniyanın solo epizodlarını mükəmməl ifa etməsini xüsusi vurğulamışdır. Kamil Cəlilov Aqşin Əlizadənin də bir sıra kamera əsərlərinin qoboy partiyasını ifa edib. Bəstəkar Oqtay Rəcəbov Kamil Cəlilovu "qoboyun Paqaninisi" adlandırıb.[2]

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, pedaqoji fəaliyyətə qarmon müəllimi kimi başlamışdır. Daha sonra Bakıda 12 və 15 saylı uşaq musiqi məktəblərində, Respublika İncəsənət Gimnaziyasında 25 ildən artıq müəllimlik edib, qaboyu gənc nəslə öyrətmişdir.

2022-ci il fevralın 22-də Bakı şəhərində vəfat edib. Bakı şəhərində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunub.[11]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
Kamil Cəlilov və həyat yoldaşı Sənubər xanım

O, Sənubər Cəlilova ilə ailə qurmuşdur.[2] Həyat yoldaşı Sənubər Cəlilova 17 sentyabr 2012-ci ildə 65 yaşında vəfat etmişdir. Üç qızı var. 2003-cü ildə Həcc ziyarətində olmuşdur, daim namaz qılırdı.[9]

1985-ci ildə Dağıstanda Bəstəkarlar İttifaqının plenumunda bəstəkar Maqomed Hüseynovun "Qoboy və simfonik orkestr üçün konserti"ni Kamil Cəlilova həsr etmişdir.[2] Bu konsert Dağıstan bəstəkarlarının XX plenumunda səslənmişdir.[2] Ümumittifaq radiosunda Kamil Cəlilovun 45 dəqiqəlik çıxışı lentə yazılmışdır. Lent yazısına "Arşın mal alan", "Çahargah ahəngi", "Şirvan şikəstəsi", "Sarı gəlin", "Məhəbbət təranəsi", "Əfqan melodiyaları" və başqa musiqi parçaları daxildir.[2]

1997-ci ildə "Azərbaycantelefilm" tərəfindən Kamil Cəlilov haqqında sənədli televiziya filmi çəkilib.[2]

2017-ci ildə Səadət Təhmirazqızı Kamil Cəlilovun həyatına aid "Kamilin sənət dünyası" kitabını nəşr edib.[12]

2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində Kamil Cəlilovun 80 illik yubiley gecəsi keçirilib.[13] Tədbirdə opera rejissoru Hafiz Quliyev, musiqişünas Zemfira Qafarova, akademik Vasim Məmmədəliyev çıxış edərək sənətkarın yaradıcılığından danışıblar.[14]

Kamil Cəlilovun yaradıcılığına bir sıra şerlər həsr olunmuşdur. Bunlardan 2006-cı ildə yazılan Qabilin "Kamilin qoboyu", Zivər Ağayevanın "Ağlama, qoboy", Vüqar Əhmədin "Sən susma, qardaş" şeirlərini qeyd etmək olar.[2]

Kamilin qoboyu ahu-nalədir,
Həm göz yaşlarıdır... Həm şəlalədir.

O, dərin düşüncə...O, fikir-xəyal,
O, həzin bir ovqat, xəfif bir məlal.

"Kamilin qoboyu", Qabil[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Musiqi repertuarı

[redaktə | mənbəni redaktə et]
  • "Apardı sellər Saranı" (Azərbaycan xalq mahnısı)
  • "Arı uçuşu" (Nikolay Rimski-Korsakov)
  • "Arşın mal alan" operettasından "Gülçöhrənin naləsi" (Üzeyir Hacıbəyov)
  • "Arşın mal alan" operettasından mahnı (Üzeyir Hacıbəyov)
  • "Arşın mal alan" operettasından "Tellinin rəqsi" (Üzeyir Hacıbəyov)
  • "Aşıq bayatıları" (Azərbaycan xalq mahnısı)
  • "Aşıqsayağı" (Fikrət Əmirov)
  • "Baş sarıtel" (Azərbaycan xalq mahnısı)
  • "Bayatı" (Azərbaycan xalq mahnısı)
  • "Bayatı-kürd" (Azərbaycan xalq mahnısı)
  • "Bayatı-Şiraz" (Azərbaycan xalq mahnısı)
  • "Bayramda" (Külçarov)
  • "Bəstə Nigar" (Azərbaycan xalq mahnısı)
  • "Bulaq başında" (Fikrət Əmirov)
  • "Cəlili" (Azərbaycan xalq mahnısı)
  • "Cütçü rəqsi" (Azərbaycan xalq mahnısı)
  • "Dügah" (Azərbaycan xalq mahnısı)
  • "Dügah-Zəminxara" (Azərbaycan xalq mahnısı)
  • "Əfqan melodiyası" (Əfqanıstan xalq mahnısı)
  • "Faust" operasından vals (Şarl Quno)
  • "Firuzə" operasından "Firuzənin ariyası" (Üzeyir Hacıbəyov)
  • "Hümayun" (Azərbaycan xalq mahnısı)
  • "Kərəm gözəlləməsi" (Azərbaycan xalq mahnısı)
  • "Kəsməşikəstə" (Azərbaycan xalq mahnısı)
  • "Qarabağ havası" (Aqşin Əlizadə)
  • "Qarabağ şikəstəsi" (Azərbaycan xalq mahnısı)
  • "Qaytağı" (Adil Gəray)
  • "Qoboy ilə simfonik orkestr üçün konserti (M.Hüseynov)
  • "Lay-lay" (Fikrət Əmirov)
  • "Melodiya" (Asəf Zeynallı)
  • "Melodiya" (Ə.Abbasov)
  • "Məhəbbət təranəsi" (Azərbaycan xalq mahnısı)
  • "Məhəbbət təranəsi" (Azərbaycan xalq mahnısı)
  • "Peşro və döymə kərəmi" (Azərbaycan xalq mahnısı)
  • "Popurri" (Fikrət Əmirov)
  • "Rahab" (Azərbaycan xalq mahnısı)
  • "Sarı gəlin" (Azərbaycan xalq mahnısı)
  • "Sarıbülbül" (Azərbaycan xalq mahnısı)
  • "Sarıköynək (Aşıq havası)" (Azərbaycan xalq mahnısı)
  • "Sarıtel (Aşıq havası)" (Azərbaycan xalq mahnısı)
  • "Sevdiyim qız" (Tofiq Quliyev)
  • "Şəki yallısı və cəngi" (Azərbaycan xalq mahnısı)
  • "Şərq melodiyası" (Azərbaycan xalq mahnısı)
  • "Şirvan şikəstəsi" (Azərbaycan xalq mahnısı)
  • "Simayi-şəms" (Azərbaycan xalq mahnısı)
  • "Süleymani (Rəqs)" (Azərbaycan xalq mahnısı)
  • "Şərili (Aşıq havası)" (Azərbaycan xalq mahnısı)
  • "Şüştər rəngi" (Azərbaycan xalq mahnısı)
  • "Tarantella" (Süleyman Ələsgərov)
  • "Təbriz bayatıları" (Oqtay Kazımi)
  • "Türk qızlarının rəqsi" (Arif Məlikov)
  • "Uvertüra ("Arşın mal alan")" (Üzeyir Hacıbəyov)
  • "Üç xalq mahnısı" (Azərbaycan xalq mahnısı)
  • "Yanıq Kərəmi" (Azərbaycan xalq mahnısı)
  • "Zabul" (Azərbaycan xalq mahnısı)

Kamil Cəlilovun bəstələdiyi əsərlər

[redaktə | mənbəni redaktə et]

O, "Azərbaycan təranələri" melodiyanı 1972–1978-ci illərdə bəstələyib.[2] Kamil Cəlilovun bəstələdiyi əsərlər aşağıda qeyd olunmuşdur:[2]

  • "Azərbaycan təranələri"
  • "Çahargah ahəngi"
  • "Kənani"
  • "Naxçıvan təranələri"
  • "Nuranım rəqsi"
  • "Şur ahəngi"
  1. ""Ömrüm yetənədək yaradacam!"". www.anl.az. www.anl.az . 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 Təhmirazqızı, Səadət. Kamilin sənət dünyası (az.). Bakı: Təhsil. 2017. 216. (#accessdate_missing_url)
  3. "Ruhumuzu ovudan, çağladan və təmizləyən səs". www.anl.az. www.anl.az. 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  4. "Kamil qaboy çalanda..." www.anl.az. www.anl.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  5. "81 yaşınız mübarək, Kamil Cəlilov!". modern.az. modern.az. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  6. "Bu azərbaycanlının ifası kosmosa göndərilib". www.arazinfo.com. www.arazinfo.com. 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  7. "81 yaşlı Kamil Cəlilov: "Təbriklər dayanmaq bilmir, sağ olun ki, unutmursuz"". www.moderator.az. www.moderator.az. 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  8. "Kamil Cəlilov: "20 yanvar hadisələrində mənim çalğım olmasaydı" - VİDEO". modern.az. modern.az. 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  9. 1 2 "Sənətdə söz-söhbət həmişə olub..." www.anl.az. www.anl.az. 2020-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  10. "Kamil Cəlilov: "20 yanvar hadisələrində mənim çalğım olmasaydı" - VİDEO". modern.az. modern.az. 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2022.
  11. "Xalq artistinin dəfn olunacağı yer açıqlandı - YENİLƏNİB + VİDEO". oxu.az. oxu.az. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2022.
  12. "Qoboyun Azərbaycan hekayəsini yazan sənətkar". medeniyyet.az. medeniyyet.az. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  13. "Kamil Cəlilovun 80 illik yubiley gecəsi keçirilib". www.anl.az. www.anl.az. 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.
  14. "İstedadı və zəhmətsevərliyi ilə ifaçılıq zirvəsinə yüksələn sənətkar". www.anl.az. www.anl.az. 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]