Kiçik Məcidiyə məscidi — Vikipediya

Kiçik Məcidiyə məscidi
Xəritə
41°02′43″ şm. e. 29°01′01″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir İstanbul, Beşiktaş
Memar Karpet Balyan və ya Nikoqos Balyan
Tikilmə tarixi 1848
Üslubu Barokko memarlığı
Vəziyyəti Fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiçik Məcidiyə məscidiİstanbulda XIX əsrə aid məscid. Əsas adı Çırağan məscidi olan bu bina İstanbul boğazının Rumeli sahilində, Ortaköy yaxınlığında, Çırağan sarayının qarşısında və Yıldız sarayını əhatə edən meşənin boğaz girişində yerləşir. Məscidə “kiçik” deyilməsinin səbəbi isə eyni padşah tərəfindən inşa etdirilən və Ortaköy məscidi olaraq da bilinən Böyük Məcidiyə məscidindən fərqlənməsidir.

Giriş qapısının üstündə yerləşən və dövrün şairlərindən Əhməd Sadiq Zivər bəy tərəfindən yazılan 4 sətirlik mənzum kitabəyə görə, məscid 1848-ci ildə Osmanlı padşahı Sultan Əbdülməcid tərəfindən inşa etdirilmişdir. Erməni yazar Parsek Tuğlacıyana görə, məscidin memarı Dolmabağça sarayının memarlarından Nikoqos Balyandır. Ancaq Nikoqosun qardaşı Sarkis Balyan, 1857-ci ildə nəşr olunan bir məqalədə Çırağan məscidinin Karpet Balyan tərəfindən inşa olunduğunu qeyd edir. Bu məsələylə bağlı dəqiqi məlumat olmasa da, məscidin dövrün erməni əsilli məşhur memar ailəsi Balyan ailəsi tərəfindən inşa olunduğu dəqiqdir. Dövrün tarixi qeydlərində, məscidin təməlinə müsəlmanların müqəddəs hesab etdiyi Kəbədən torpaq gətirilib qarışdırıldığı qeyd olunur.

Məscid, qarşısındakı sahildə yerləşən və yenə Sultan Əbdülməcid tərəfindən sökülüb yenidən inşa etdirilən Çırağan sarayının bir bölümü olaraq inşa etdirilmişdir. Ancaq həm yerləşim yerini, həm də strukturunu nəzərə alsaq, məscidin Çırağan və yaxınlıqdakı Yıldız sarayının xidmətçiləri tərəfindən istifadə edildiyini qeyd edə bilərik.

Memarlıq xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Kiçik Məcidiyə məscidi sadə kvadrat planlı, üzəri tək gümbəzli və tək minarəli barokko üslubunda inşa edilmişdir. Biri önündəki meydana, digəri isə birbaşa məscidə açılan 2 qapısı var. Ümumilikdə 1600 m2-lik ərazini əhatə edən məscidə həyətə açılan qapıdan girdikdə sağda və solda bir ədəd olmaq üzrə 2 qəsr-i hümayun yerləşir. Qəsr-i hümayun Osmanlı memarlığına xas olan, padşahın istirahəti və önəmli görüşlərin keçirilməsini nəzərdə tutan binadır. Məscidin ümumi görüntüsü klassik türk memarlığına uyğun deyil. Məscidin ən qeyri-adi tərəfi isə minarəsidir. Belə ki, sadə və yuvarlaq tipli gövdəni taclandıran şərəfə bölümü sadə çıxıntılar və qotik uslübdakı sütunlarla bəzədilmişdir.

Məscidin inetryeri isə qəsr-i hümayunlar kimi dövrün memarlıq xüsusiyyətlərinə uyğun bəzədilmişdir. Minbər və kürsü çəhrayı daşdan hazırlanmış, mehrab isə sadə üslübda inşa olunmuşdur.

  • Mehmed Râif, Mir’ât-ı İstanbul, İstanbul 1312, s. 290;
  • Konyalı, İstanbul Âbideleri, s. 62-63;
  • Semavi Eyice, “İstanbul Minareleri”, Türk San‘atı Tarihi Araştırma ve İncelemeleri, İstanbul 1963, I, 31-132, rs. 122;
  • Tahsin Öz, İstanbul Camileri, Ankara 1965, II, 46;
  • Pars Tuğlacı, Osmanlı Mimarlığında Batılılaşma Dönemi ve Balyan Ailesi, İstanbul 1981, s. 196-198;
  • Kevork Pamukçiyan, “Nikoğos Balyan”, İst.A, IV, 2092-2093.