Kirmanşah sülh müqaviləsi — Vikipediya
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Kirmanşah sülhü | |
---|---|
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 1732-ci il 16 yanvar |
İmzalanma yeri | Kirmanşah İran |
Qüvvəyə minməsi | |
• şərtləri | İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlılara verildi, Osmanlı dövləti Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi Səfəvilərə qaytarmağa razılıq verdi. Araz çayı bu dövlətlər arasında sərhəd oldu. |
Tərəflər | Osmanlı İmperiyası Səfəvilər |
Kirmanşah müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanmış sülh müqaviləsi.
Kirmanşah müqaviləsinin bağlandığı tarixi şərait
[redaktə | mənbəni redaktə et]XVIII əsrin 30-cu illərində Azərbaycanda siyasi vəziyyət kəskin şəkildə dəyişmişdir. Ölkə ərazisi Osmanlı və Səfəvi imperiyaları arasında gedən qanlı mübarizə meydanına çevrilmişdir. Ərazisinin bir hissəsi əfqan tayfaları, digər bir hissəsi (Xəzəryanı vilayətlər) Rusiya tərəfindən işğal edilmiş Səfəvi dövlətinin qərb hissəsini Osmanlılar zəbt etdikdən sonra onun bir dövlət kimi varlığı üçün ciddi bir təhlükə yaranmışdır.
Şah II Təhmasib (1722-1732) və yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. Düşmənlərə qarşı mübarizədə yeganə çıxış yolu qüvvvələrin birləşdirilməsi idi. Bu mühüm vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürmüşdür. 1730-cu ildə o, əfqanları ölkədən qovaraq Heratı ələ keçirdi. Bu qələbə Nadirin nüfuzunu xeyli artırdı.
Osmanlı imperiyası ilə müharibə
[redaktə | mənbəni redaktə et]Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı. O zaman Osmanlılarla düşmən münasibətdə olan Rusiya bu müharibədə Səfəvilərin qalib gəlməsində maraqlı idi. Belə bir əlverişli şəraitdə II Təhmasib Osmanlılardan işğal edilmiş Səfəvi torpaqlarının geri qaytarılmasını tələb etdi. Lakin Osmanlıların rədd cavabı bu iki dövlət arasında müharibəyə səbəb oldu. Azərbaycan ərazisi yenidən müharibə meydanına çevrildi. Nadir xan Osmanlı qoşunu üzərində ilk böyük qələbəsini Marağada qazandı. 1730-cu ilin sentyabrında Ərdəbili, daha sonra Təbrizi Osmanlılardan azad etdi. 1730-cu ilin sentyabrında Osmanlı imperiyasında baş vermiş Patron Xəlilin üsyanı nəticəsində I Mahmud (1730-1754) hakimiyyətə gəldi. Osmanlı hakim dairələrinin başlarının ölkənin daxili işlərinə qarışmasından məharətlə istifadə edən Nadir xan Azərbaycanın digər ərazilərində olan türklərdən bu yerləri tərk etmələrini tələb etdi. Lakin İrəvana qarşı yürüşə hazırlaşarkən Xorasanda üsyanın baş verməsi xəbəri onu təcili qayıtmağa məcbur etdi. II Təhmasib öz nüfuzunu qaldırmaq məqsədilə Nadir xanın qayıtmasını gözləmədən 1731-ci ildə Naxçıvanı və İrəvanı Osmanlılardan geri almaq üçün hərbi əməliyyatlara başladı. Onun qoşunu Üçkilsə (Üçmüədzin) yaxınlığında müvəffəqiyyət qazansa da, İrəvan istiqamətində ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyətdən sonra II Təhmasibin qoşunu xeyli zəiflədi. Osmanlı komandanlığı yaranmış fürsətdən istifadə edərək, itirilmiş əraziləri qaytarmaq qərarına gəldi. 1731-ci ilin aprelində Qazıqumuqlu Surxay xan da Şirvandan öz dəstəsilə Təbrizə tərəf yeridi və Gəncədən göndərilən Osmanlı qoşunu ilə birləşdi. Osmanlılar əvvəlcə Urmiyanı, oktyabrın ortalarında Təbrizi, daha sonra Ərdəbili ələ keçirdilər. Həmədan yaxınlığındakı döyüşdən sonra Osmanlı qoşunları üçün İsfahana yol açılmış oldu. Lakin Səfəvi imperiyasının paytaxtını ələ keçirmək üçün kifayət qədər qüvvə olmadığından Osmanlılar tutduqları ərazilərlə kifayətləndilər.
Kirmanşah sülhü
[redaktə | mənbəni redaktə et]Nadir xan tərəfindən geri alınan torpaqların da itirilməsindən qorxuya düşən II Təhmasib Osmanlılara sülh təklif etdi və Osmanlı komandanlığının düşərgəsinə nümayəndə göndərdi. Sülh müqaviləsininin imzalanmasında Osmanlı dövləti də maraqlı idi. İsfahandan xeyli uzaqda olan Nadir xan buna etiraz etsə də, 1732-ci il 16 yanvarda Kirmanşahda Səfəvilərlə Osmanlılar arasında sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən, İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlılara verildi, Osmanlı dövləti Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi Səfəvilərə qaytarmağa razılıq verdi. Araz çayı bu dövlətlər arasında sərhəd olmalı idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Məktəblinin tarix lüğəti. Bakı,2011.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |