Livanın dövlət quruluşu — Vikipediya

Livan
اَلْجُمْهُورِيَّةاَللُّبْنَانِيَّة
El Cumhuriyyet'ül Lübnaniyye
Bayraq Gerb
Bayraq Gerb
Tarixi
 • Elan 26 Noyabr 1941
 • Tanınma 22 Noyabr 1943
Paytaxt Beyrut
İdarəetmə forması parlament respublikası
Prezident Mişel Süleyman
Baş Nazir Tammam Salam
Sahəsi
 • Ümumi 10400 km²
Əhalisi
 • Əhali 4 480 min nəfər (125-ci)
 • Sıxlıq 430 nəf./km²

Livanın dövlət quruluşu - 1926-cı ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Livan parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1943) 22 noyabr tarixində qeyd olunur. Ölkə Konstitusiyası 23 may 1926-cı ildə qəbul edilmişdir.

Bütün dini konfessiaların dövlətin idarə edilməsində iştirakını təmin etmək məqsədilə, xristianmüsəlman icmaları liderlərinin 1943-cü ildə imzaladıqları Milli Pakta əsasən ölkənin Prezidenti yalnız xristian maronit, Baş nazir sünni-müsəlman, Parlamentin sədri şiə-müsəlman, onun müavini isə pravoslav olmalıdır.

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Livan Respublikası - hər biri bir şəhəri (Beyrut, Cubeyl, Tripoli, Bəaləbək, Sayqa, Nəbatiyyə) və bir neçə kəndi birləşdirən 25 qəzadan ibarət olan 6 əyalətə [1](Beyrut, Dağlıq Livan, Şimali Livan, Cənubi Livan, Bəqa və Nəbatiyyə mühafazalarına) bölünür.

Livanın siyasi xəritəsi

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Prezident Parlament tərəfindən, bir dəfədən çox olmamaqla 6 il müddətinə seçilir. Dövlət başçısı Milli Məclisin təqdimatı ilə Baş naziri və onun 1-ci müavinini təyin edir.

Livanda tolerantlığın və milli birliyin rəmzi olan Prezident - Milli Məclisin hazırladığı və qəbul etdiyi qanunvericilik aktlarını dərc etmək, qanunların icrası məqsədilə əlavə qaydalar müəyyən etmək, beynəlxalq saziş və müqavilələri ratifikasiya etmək və s. mühüm səlahiyyətinə malikdir.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Livanın ali qanunverici orqanı bir palatadan – dini icmalardan olan nümayəndələrin ümumxalq səsverməsi yolu ilə, proporsional sistem əsasında 4 il müddətinə seçilən 128 üzvü olan (64 müsəlman və 64 xristian) Milli Məclisdən ibarətdir.

Parlamentin Livan prezidentini seçmək, Hökumətin (Nazirlər Kabineti) tərkibini formalaşdırmaq, dövlət büdcəsini təsdiq və qanunları qəbul etmək və s. məsələlərlə bağlı Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətləri vardır.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Baş nazirin rəhbərliyi ilə Nazirlər Kabinetinə məxsusdur. Baş nazir və müavinləri Milli Məclis ilə məsləhətləşmələr nəticəsində Prezident tərəfindən, Nazirlər Kabinetinin digər üzvləri isə Prezident və Milli Məclis ilə məsləhətləşmələrdən sonra Baş nazir tərəfindən təyin edilir.

Konstitusiyaya görə, Livan Hökuməti geniş səlahiyyətlərə malik olsa da, dövlət məsələlərini yalnız Prezidentin razılığı ilə həll edə bilər. Hökumət, yalnız dövlət başçısı ilə razılaşdırıldıqdan sonra, qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Parlamentə qanun layihəsi təqdim edə bilər. Livan Hökuməti, zəruri hallarda ona etimadsızlıq göstərmək və istefaya göndərmək səlahiyyətinə malik olan Parlament qarşısında kollektiv məsuliyyət daşıyır.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Napoleon Məcəlləsinə əsaslanan Livan məhkəmə sistemi Ali Məhkəmədən, Konstitusiya Şurasından, 4 Kasasiya (3 mülki və 1 cinayət işləri üzrə) məhkəməsi və Hərbi məhkəmələrdən ibarətdir. Livan məhkəmələrində münsiflərdən istifadə olunmur.

Öz icmaları daxilində nikah, boşanma kimi məsələlərə dair qaydaları və miras və digər şəxsi statuslu məsələləri həll etmək səlahiyyətinə malik olan dini məhkəmə sistemi də mövcuddur.

  • Ливан, Сирия, Израиль, Палестинские территории, Иордания // Атлас мира / Главный редактор Г. В. Поздняк. — Москва: Оникс, Роскартография, 2010.
  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007.
  • John C. Rolland. Lebanon: Current Issues and Background. — Nova Publishers, 2003.
  1. Haddad, Elias. "Definitions of Terms used". USAID Lebanon. Retrieved 17 January 2013