Misir mifologiyası — Vikipediya

Horun gözü

Qədim Misir mifologiyasıQədim Misirdə Xristianlığa qədərki dövrdə etiqad edilən dini baxışların məcmusu. Misir mifologiyasında əsas elementlər doğum, ölüm, yenidən canlanma, və bərəkət idi.

İnsanlar tayfaların hamisi hesab olunan heyvana - totemə sitayiş edirdilər. Ona görə də tanrılar təsvir olunarkən heyvan bədənlərinin hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə olunurdu. Bir çox tanrının boyundan aşağısı insan, başı isə müxtəlif heyvan başı (çaqqal, meymun, timsah, aslan və s.) şəklində təsvir olunurdu.

Tanrılar insanlar kimi təsəvvür edilirdi. Onlar yeyir, içir, müharibə edir, ovçuluqla məşğul olurdular. Tanrılar arasında kəskin ierarxiya mövcud deyildi və daha çox hakimiyyətdə olan firona görə dəyişirdi. Misir mifologiyasında adlar çox mühüm idi.

Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir. Misirlilərin tanrıları adətən heyvanbaşlı insan şəklində təsəvvür etmələri ovçuluq dövrlərindən qalması şübhəsizdir. Qədim misirlilərdə axirət dünyasına inam mühüm yer tuturdu. Elə buna görə də meyitləri mumiyalamaq geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində hər şey boldur. Onlar ölümdən sonra əbədi həyata inanırdılar. Buna görə ölənlərin yanına dirildikdən sonra istifadə üçün əşyalar qoyur, hətta ölənlərlə birlikdə ölənlərin heyvanlarını da mumiyalayaraq dəfn edirdilər. Lakin hər bir adamın ruhu əbədi səltənətə getmir. Ölənlərin ruhunu Osiris mühakimə edir o, allahların iradəsi əleyhinə gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Belələrinin ruhunu müdhiş, yırtıcı heyvanlar yeyir.

Qədim Misirdə fironlar ilahiləşdirilirdi. Ona görə də qədim dini kitabədə yazılırdı: "Tanrılar itaət edənləri sevir, itaət etməyənlərəsə nifrət edirlər". Bu ölkədə din fironlara danışıqsız itaət etməyi tələb edirdi. Əmri pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə, öləndən sonra Osirisin mühakiməsi ilə hədələnirdi.

Qədim insanlara belə gəlirdi ki, fironların ixtiyarında olan qeyri-məhdud hakimiyyəti insanlar yox, tanrılar müəyyən etmişlər. Təsadüfi deyildir ki, fironu "tanrının oğlu" və "böyük tanrı" adlandırır, onu belə vəsf edirdilər — "o, öz şüaları ilə görən günəşdir". Misirdə allahlara dualarla müraciət edir, onlara qurban verirdilər. Məbədlər tanrıların evləri hesab olunurdu. Orada tanrıların bütləri qoyulurdu. Məbədlərdə "tanrılar xidmətçiləri" – kahinlər olurdular. Hesab edilirdi ki, kahinlər tanrıları yedizdirirlər – onlar bütlərin qabağına yemək qoyurdular. Sonra tanrıların əllərini və ağızlarını silirdilər.

İnanca görə, Qırğı başı olan Günəş tanrısı Ra – tanrıların padşahı hər gün qızıl qayıqda Şərqdən yola çıxaraq göydə gəzir və Qərbdə yerə enir. Uzaq cənubda Nil tanrısı ilanların qoruduğu mağarada, küpələrdən su tökür. Nə qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə vəbanı göndərən aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca təhlükəli idi.

Misir mifologiyasında ən məşhur rəvayətlərdən biri belədir: Qum kimi kürən saçı, qırmızı gözləri olan kinli Set özü 50 xidmətçisi ilə gəlib bitkilərin və əkinçilərin himayəçisi Osirisi öldürür. Lakin İsidanın köməyi ilə Osiris dirilir. O, dirildikdən sonra axirət dünyasında padşah və hakim olur. Tanrı Seti çox vaxt eşşək başlı təsvir edirdilər.

Qeyd etmək lazımdır ki, Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir ki, həm bədii yaradıcılıqda, həm də digər sahələrdə, o cümlədən xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur.

Ümumiyyətlə, misirlilərin etiqadlarına görə, ruh heykəldə yaşaya bilərdi. Öləni əzəmətli pozada təsvir edirdilər. O, həyatda kim idisə, ölümdən sora da həmin adam, yəni firon və əyan olaraq qalmalı idi. Misirin tarixi, dini, mədəniyyəti, incəsənəti özünü bu və ya digər şəkildə Misir mifologiyasında göstərmişdir. Məsələn Günəş tanrısı Ra haqqında mifoloji hekayəni götürək. Hekayənin qısa məzmunu belədir: Günəş tanrısı – eləcə də insanların və tanrıların padşahı Ra qocaldıqdan sonra öyrənir ki, Nilin yuxarı hissəsində və səhrada adamlar onun əleyhinə nə isə fikirləşirlər. O zaman Ra kişi tanrıları Şu, GebNunu, eləcə də qadın tanrıları Tefnut, NutOko Ranın daxil olduğu allahlar şurasını çağırdı. Bu şura insanlardan gizli olaraq çağırılmışdı. Tanrıların məsləhəti ilə Ra Okonu Hathor ilahəsi simasında bəşəriyyəti məhv etməyə göndərdi. İlahə işinin bir hissəsini sevinclə yerinə yetirdikdən sonra Ranın hüzuruna qayıdarkən Ra peşman olaraq hələ məhv edilməyən insanların günahından keçməyə qərar verdi. Onun əmri ilə gecə sahələrə qırmızı pivə qoydular. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü və içməyə başladı. Hathor sərxoş oldu və adamları görə bilmədi. Hekayəni nəql edən əlavə edir ki, Hathor bayramına məstedici içkilər hazırlanması adəti belə yaranmışdır.

Qeyd etmək lazımdır ki, Misirdə Günəş tanrısı kultu ŞumerAkkad rituallarına nisbətən daha mühüm rol oynamışdır. Şamaş ədalət qoruyucusu olsa da, onun adı heç vaxt tanrılar üçlüyünə daxil olmamışdı və o, yaradılış mifi ilə əlaqədar göstərilməmişdir. Misirdə isə Ra ənənəyə əsasən Misirin birinci padşahı olmuş Atum kimi dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq dövründə elə həmin şəhərdə Osiris kultu ilə günəş tanrısı kultunun birləşməsi baş vermişdir. Elə həmin zamandan başlayaraq fironların tanrı Ranın oğlu olması mərasimi keçirilmişdi. Firon Xafranın heykəlində onun başının qoruyucusu Qor – şahin Qor və Ranın eyniliyini və padşah hakimiyyətinin Ra ilə əlaqəsini göstərir. Osiris – Qor mifologiyası Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması qaydasını müəyyən edirdi. Ölən padşah Osirisə çevrildi və o, həm də Ra ilə birləşdi. Məlum olur ki, Ra ilə Osiris haqqında miflər tamamilə bir birinin içərisində əriyərək birləşir. Lakin qədim Misirdə "Günəş" mifologiyasının elə elementləri vardır ki, onlar Osiris haqqında mifdən köklü surətdə fərqlənir.

Misir panteonundakı tanrılar

[redaktə | mənbəni redaktə et]
  • Amonet — Amonun dişi qarşılığı idi.
  • Amon — Adətən küləklə vəya gizli qüvvələrlə əlaqələndirilir.
  • Hathor — Eşq, rəqs və şərab tanrıçası inəklə simvolizə olunurdu.
  • Ra — Heliopol şəhərinin günəş tanrısı hesab olunurdu. Beşinci sülalədən etibarən o milli tanrı sayılmış və Amonla eyniləşdirilmişdir.
  • Sobek — Fəyyum şəhərinin tanrısı. Timsah şəklində təsəvvür edilirdi.
  • Şu — Ən qədim kosmik qüvvə sayılırdı. Hava tanrısı və cənnətin yaradıcısı hesab olunurdu.
  • Tot — Meymunla təmsil olunurdu. Müdriklik və müqəddəs yazıların tanrısı hesab olunurdu.