Nadir İbrahimov — Vikipediya

Nadir İbrahimov
Doğum tarixi 28 dekabr 1932(1932-12-28)[1]
Doğum yeri
Vəfat tarixi 1 yanvar 1977(1977-01-01)[1] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Elm sahələri astrofizika, astronomiya
İş yeri
Təhsili
Elmi rəhbəri Hacıbəy Sultanov
Tanınmış yetirməsi Ədalət Ətayi

Nadir Baba oğlu İbrahimov (28 dekabr 1932[1], Quba, Azərbaycan SSR, SSRİ[1]1 yanvar 1977[1], Azərbaycan SSR) — Azərbaycan astronomu və astrofiziki. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirəndən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir.

Nadir İbrahimov Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, VeneraYupiterin İo peyki) öyrənilməsində böyük nailiyyətlər əldə etmişdir. O, Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir.[2]

1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında onun şərəfinə Mars səthindəki krater adlandırılmışdır.

Nadir İbrahimov 1932-ci il dekabrın 28-də Qubada anadan olub. Peşəcə misgər olan atası Baba kişi Lahıc qəsəbəsindən köçmüşdü.[3]

Elmi tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır. O, rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. Nadir İbrahimov 1966-cı ildə Ukrayna EA-nın akademiki N. P. Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiyanı müdafiə edir.[3]

1968-ci ildə "Bakinski raboçi" qəzetində Baba kişi ilə onun sənəti haqqında dərc olunan müsahibədə ailəsi barədə suala fəxrlə belə cavab verir: "Oğlum Nadiri kim tanımır? O, Şamaxıda ulduzları öyrənir".[3]

O, əvvəlcə kiçik teleskoplarla Marsın tam diskinin parlaqlığının dəyişməsini öyrənmiş və bu müşahidələr əsasında planetin atmosferinin bir neçə optik parametrini təyin etmişdir. Şamaxı Astrofizika Rəsədxanasında 2 metrlik teleskop işə düşdükdən sonra İbrahimov bu planetin atmosferinin kimyəvi tərkibini öyrənmək məqsədilə Marsın yüksək dispersiyalı spektrini almışdır. 1971-ci ildə Nadir İbrahimov kiyevli həmkarları iıə birlikdə 2 metrlik teleskopda Mars planetini böyük qarşıdurma zamanı müşahidə etmişdir.[3]

Nadir İbrahimov öz həmkarlarıyla birgə müxtəlif işıq süzgəcləriylə Marsın iki mindən artıq fotoşəklini çəkmişlər. Bütün bu müşahidələrin nəticələri planetin səthində detalların parlaqlığının müntəzəm dəyişdiyini, onun atmosferində toz hissəciklərinin əmələ gəlib — yox olmasını göstərdi. Marsda bənövşəyi rəngli buludların planetdə gecə və gündüzün bərabərləşdiyi vaxtda daha güclü olması müəyyənləşdirildi. Alimlər bu fikrə gəldilər ki, bənövşəyi buludlar xırda toz hissəciklərinin müəyyən həcmdə toplanmasından başqa bir şey deyil. Elə həmin il İbrahimov 2 metrlik teleskopda Marsın o dövr üçün ən qiymətli olan şəklini çəkdi. Bu şəkildə Marsın hər 7 yüz kilometrinə 1 millimetrlik ölçü uyğun gəlir.[3]

O, Marsın spektral müşahidələrini yerinə yetirərək planetin atmosferində azot oksidi molekullaının nəzərə alınmayacaq miqdarda olduğunu göstərmişdir. Bu, sonradan "Vikinq 1" və Vikinq 2 ABŞ kosmik aparatlarının verdiyi nəticələrə uyğun gəlir. Onun Marsla bağlı araşdırmaları planetin topoqrafik xəritələrinin qurulmasında, onun atmosferinin şəffaflığı problemi və planetin təkamülü ilə bağlı digər hadisələrin öyrənilməsində mühüm rol oynayıb.[3]

Nadir İbrahimovun əhəmiyyətli elmi işlərindən biri Venera planetinin qaranlıq tərəfinin spektrini almaq və şüalanma xətlərinin varlığını göstərmək olub. Bu şüalanma xətlərini yaradan müsbət ionlar sovet "Venera" planetlərarası kosmik aparatlarının topladığı materiallarda müşahidə edilib.[3]

Nadir bəy nəhəng planetlərin tədqiqində də bir sıra əhəmiyyətli işlər görmüş, onların hər birinin atmosferində molekulyar qazların olub-olmamasını araşdırmışdır. O, Yupiterin atmosferində ammonium və hidrogen qazlarının miqdarını təyin etmiş, Saturnun spektrində metan qazına məxsus zəif udulma xətlərini aşkar etmiş, UranNeptunun spektrində isə hələlik heç bir xətlə eyniləşdirilməmiş udulma zolaqlarının olduğunu müəyyənləşdirmişdir.[3]

O, Yupiterin peyklərindən olan İoda fəal proseslərin baş verməsini müşahidə materialları əsasında ilkin söyləyənlərdən biri idi. Bu peyk Yupiterin ətrafında 42 saata dövr edir və planetin maqnit sahəsinin daxilində qalır.[3] O, öz aspirantı Ədalət Ətayi ilə birlikdə kütləsi Ayın kütləsinə bərabər olan bu müəmmalarla dolu peyki tədqiq etmişdir.[3]

B. İ. Silkinin 1982-ci ildə "Nauka" nəşriyyatı tərəfindən nəşr edilmiş "V mire mnojestva lun" (azərb. Dünyada çoxlu ay var‎) kitabında qeyd olunur ki:

" 1974-cü ildə Azərbaycan alimləri Ə.Ə.Ətayi və N.B.İbrahimov (Şamaxı Rəsədxanası) İonun spektrində natrium, maqnezium, dəmir, kalsium şüalanmaları üçün səciyyyəvi olan xətlər tapdılar. Onlar hardandır? Vulkanik qaz və buxar şırnaqlarıyla birgə planetin təkindən çıxmırlar ki? Lakin belə nəticə o zaman hələ sübut edilə bilməzdi.[3]

"

Bu nəticənin doğruluğu 1979-cu il martın 4-də Yupiterin yaxınlığından keçən "Voyacer 2" planetlərarası kosmik aparatının verdiyi nəticələrlə sübut edildi.[3]

Nadir İbrahimov 1977-ci il yanvarın 1-də ürək çatışmazlığından vəfat etmişdir.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Onun ilk sevgisi Lahıcdan qıvrım saçlı qız olsa da, qız onu bəyənməyərək digəri ilə ailə qurmuşdur.[3] Şamaxı Astrofizika rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətayi deyir:

" Nadir İbrahimov tədqiqat işinə böyük həvəs və ciddiyyətlə yanaşan alim idi. O, aldığı nəticələri geniş müzakirə etməyi, onlar barədə başqalarının da fikrini öyrənməyi çox sevirdi. Nadir müəllim bir insan kimi özünə və başqalarına çox tələbkar idi. Eyni zamanda qayğıkeş, səmimi bir yoldaş idi. Möhkəm işləməyi sevdiyi kimi, şənlənməyi deyib-gülməyi də yaxşı bacarırdı. O, başqalarında da yumor hissini başa düşür və qiymətləndirirdi.[3]

"

Ailəli idi, üç övlad və nəvələri var.[3]

İbrahimov krateri

1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında onun şərəfinə Mars səthindəki krater adlandırılmışdır.[4] Diametri 87 km olan krater, Plato Tavmasiyanın şərqində yerləşir.[5]

  1. 1 2 3 4 5 6 Атаи А., Зейналов Р. А. Академическая биография Н. Б. Ибрагимова (rus.). // Астрономический журнал Азербайджана НАНА, 2008. Т. 3, вып. 1—2. С. 32–35.
  2. "Şamaxı Astrofizika Rəsədxanasında yüksək səviyyədə elmi-tədqiqat işləri aparılır". shao.az. shao.az. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2018.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "Səyyarəyə dönən oğlan". www.anl.az. www.anl.az. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2018.
  4. Fuad Alakbarov & Robert Inglis. "Azerbaijan Looks Toward Space". intpolicydigest.org. intpolicydigest.org. 2018-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2018.
  5. "Азербайджанские имена на карте Вселенной". www.trend.az. www.trend.az. 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]