Nuh — Vikipediya
Nuh | |
---|---|
ivr. נֹחַ | |
Doğum yeri | |
Xatirə günü | 18 noyabr, 11 dekabr |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir.
Nuhun adı, əxlaqı və onun xasiyyətləri
[redaktə | vikimətni redaktə et]Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər. Bir qrupu 1000 il, biri 1450, üçüncüsü 1470 il, dördüncüsü 2300 il, amma mötəbər rəvayətlərdə 2500 il gəlmişdir.
Nuh əfsanəsinin kökəni
[redaktə | vikimətni redaktə et]Tövrat və Quranda Nuhun yaşı ilə əlaqədar ifadələr Babil və Şumerlərin tufan əhvalatları (Qilqameş dastanı) Ziusudra və Utnapiştim obrazları ilə böyük bənzərliklər göstərir. Mesopotamiyada cəmiyyətə dərindən təsir edən bir sel fəlakəti üzərində yaradılan və cəmiyyət hafizəsinə həkk olunan dastanlarının İvritlərin babilistan sürgünü qayıdışında yazılan Tövrat nüsxələrinə ötürüldüyü güman edilir.
Nuhun peyğəmbər seçilməsi müjdəsi
[redaktə | vikimətni redaktə et]Nuh peyğəmbərin ömründən 460 il keçmişdi. O hələ də dağlarda yaşayır və Allaha ibadət edirdi. Arvad-uşaq sahibi də deyildi, yundan paltar geyinir və öz yeməyini bitkilərdən hazırlayırdı.
Bu yaşında Cəbrail onun yanına gəlib Allahın salamını ona çatdırıb nübüvvət məqamını müjdə verdi.
Onu Əmurə, Zəşran ibni Uxnunun qızı ilə evlənməyi əmr etdi. O, ilk şəxs idi ki, ona iman gətirmişdi".
Nuh ilahi məmuriyyətə əməl etmək üçün camaatın içərisinə daxil oldu. Onun əlində insanların batinindən xəbər verən əsası var idi. Nuhun gəlişi camaatın bayram gününə təsadüf edirdi.
Nuh qövmünün sərkərdələri yetmiş nəfər idi. O gündə onlar öz bütlərinin ətrafına yığışmışdılar. Nuh onların arasına varid olaraq "La ilahə illəllah" səsini ucaltdı. Özünün, ondan qabaq və sonra gələn peyğəmbərlərin nübüvvətini onlara çatdırdı. Bu anda idi ki, bütlər titrəməyə başladılar, yanan alovlar söndülər və camaat dəhşətli qorxuya düşdülər. Başçılar və sərkərdələr "Bu kişi kimdir?" -deyə soruşdurlar. Nuh dedi: -"Mən Allahın bəndəsiyəm. Allah taala məni sizləri onun əzabından qorxutmaq üçün göndərib".
Əmurə Nuhun sözlərini eşitcək ona iman gətirdi. Atası bu mövzudan xəbərdar oldu və onu məlamət edərək dedi: -"Nuhun sözləri bu tezlikdə səndə təsir qoydu. Qorxuram padşah xəbərdar olsun və səni öldürsün." Amma Əmurə atasının sözlərinə məhəl qoymadı və öz imanından əl çəkmədi. Ondan sonra da onu nə qədər qorxutdular, həbsdə saxladılar yenə də Nuhun Allahına olan imandan əl çəkmədi. Nəticədə Nuhla evləndi və Sam ibni Nuh ondan dünyaya gəldi.
Dinin təbliği
[redaktə | vikimətni redaktə et]Nuh uzun ömr etməsinə, kafir və müşrik camaat arasında hamıdan çox qalmasına və dinin təbliği yolunda etdiyi ağır mübarizələrə dözməsinə baxmayaraq ona çox az, barmaq sayına gələn kəslər iman gətirdilər.
Dini təbliğ etməsi müqabilində camaat Nuha çoxlu əziyyətlər verirdilər. Onu söyür, dəli, azmış və cinvurmuş deyə çağırır və müxtəlif növdə cismi işkəncələr verirdilər.
Nuhun öz qövmunə qarğışı
[redaktə | vikimətni redaktə et]Tabeçiləri düşmənlərin əzab-əziyyətindən təngə gəlmişdilər və Nuhdan istədilər ki, Allahdan bir qurtuluş yolu tələb etsin. Nuh onların xahişini qəbul etdi. Namaz qıldıqdan sonra əllərini Allah dərgahına qaldırıb dua etdi. Cəbrail nazil olub Nuha dedi: -"Allah-taala sənin duanı qəbul etdi. Get öz tərəfdarlarına de ki, xurma yeyib tumunu basdırsınlar. Hər vaxt xurma ağacı olub bəhər versə istəklərinə çatacaqlar.
Nuh Cəbrailin sözlərini möminlərə çatdırdı. Onlar hamısı sevincək Allahın fərmanına əməl etməyə başladılar. Ağaclar böyüyüb bəhər verdikdə Nuhun yanına gəlib dedilər: -"Xəbər verdiyin zaman gəlib yetişmişdir." Nuh Allahdan istədi ki, öz vədəsinə əməl edib əzabı nazil etsin. Vəhy gəldi ki, onlara de: -"Xurmalarını yeyib tumunu basdırsınlar. Ağaclar bəhər verəndə xilas olacaqlar." Bu sözdən sonra Nuha iman gətirənlərin üçdən bir hissəsi dindən əl çəkib mürtəd oldular. Amma qalan üçdən iki hissəsi isə xurma yeyib, tumunu əkdilər. Ağac böyüyüyənə qədər ona qulluq etdilər. Bəhər verdikdə Nuhun yanına gəlib Allahın vədəsinə vəfa etməsini istədilər. Yenə də vəhy oldu ki, onlara de: -Xurmasını yeyib tumunu əksinlər. Bu zaman digər üçdən bir hissə də dindən üz döndərdilər. Ancaq üçdən bir hissəsi qaldı. Allah tərəfindən yenə də əmr yetişdi. Tumu əkdilər, böyüdü və bəhər verdi. Nuhun yanına gəlib dedilər: -"Bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb. Əgər bu dəfə də təxirə düşsə biz də qorxuruq ki, dində həlak olanlardan və azmışlardan olaq." Nuh namaz qıldı, dua etdi və duasında belə dedi: -"Pərvərdigara, bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb, qorxuram əgər bu dəfə də təxirə salsan onlar da getsinlər. Bu anda Allahdan vəhy gəldi. "Duanı qəbul etdik, indi isə gəmi düzəltməyə başla."
Başqa bir hədisdə deyilir ki, imtahanlardan sonra 72 nəfərdən çox dindar qalmadı. Allah taala Nuha belə vəhy etdi: -"Bu ona görə idi ki, xalis, pak, əsl mömin bəndələr qalsınlar və napak insanlar sənin ətrafından təmizlənsinlər. İndi mən onlara dinlərində qüvvət verəcəyəm və qorxularını əmin-amanlıqla dəyişdirəcəyəm ki, mənə ixlasla ibadət etsinlər.
Beləliklə Nuh öz qövmündən tamamilə ümüdini üzdü. Onların düşmənçiliyini, əzab-əziyyətlərini görüb onlara şiddətlə nifrin edərək dedi: -"Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma. Çünki Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub törədəcəkdir!"
Allah taala Nuhun duasını qəbul etdi və əzabı o zalım camaata qəti etdi. Hətta Nuha belə onlar üçün kömək istəməməsini əmr edərək buyurdu:
-"Zülm edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!"
Nuhun gəmisi
[redaktə | vikimətni redaktə et]Allah-taala Nuha xəbər verdi ki, bu bir neçə nəfərdən başqa daha heç kəs sənə iman gətirməyəcək. Onun ardınca gəmi düzəltməyi ona əmr etdi. Nuh gəmini düzətməyə başladı. Hər tərəfdən taxta və mismar yığaraq onları bir-birinə birləşdirdi. Sürətlə taxtalar gəmi şəklinə düşürdü. Zəif düşüncəli insanların Nuhun qarşısında düzgün məntiqləri olmadıqlarına görə hər bir şeylə ona əziyyət vermək istəyirdilər. "ey Nuh, peyğəmbərlikdən əl çəkib xərratlığa keçmisən?", "Bu quru susuz yerdə bu uzunluqda gəmini niyə düzəldirsən? Quru səhrada gəmi sürmək istəyirsən?", "Bu gəmini quru yerdə düzəldirsən, bəs harda suya atacaqsan?" kimi sözlərlə məsxərəyə qoyurdular. Nuh onların cavabında ancaq bir cümləni təkrar edirdi: -"Əgər (indi) siz bizi məsxərəyə qoyursunuz, (vaxt gələcək) biz də sizi bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz". Bir hədisdə gəlmişdir ki, o, ağac əkməyə başladı. Bəziləri onun yanından keçərək ona gülüb, məsxərəyə qoyaraq deyirdilər: -"Ağac əkməklə məşğul olursan?" Ağaclar böyüdü. Onları doğrayaraq yonmağa başladı. Yenə gəlib deyirdilər: -"İndi də xərratlığa keçmisən?" Nəhayət gəmi düzəlib qurtardı. Bəziləri demişlər ki, uzunluğu 1200 (1 dirsək təxminən 50 sm-ə bərabərdir) dirsək, eni 800 dirsək, hündürlüyü isə 80 dirsək olmuşdur. Bəziləri isə uzunlunu 700 dirsək, eni 500 dirsək, hündürlüyünü isə 80 dirsək yazmışlar. Üçüncü fərziyyədə isə uzunluğu 300 dirsək, eni 800 dirsək, hündürlüyü isə 30 dirsək deyilir. İbni Abbasdan nəql olunur ki, gəminin üç mərtəbəsi var idi. Birinci mərtəbədə böyük və vəhşi heyvanları, ikincisində dördayaqlıları (dəvə, inək, qoyun və s.), üçüncü mərtəbədə isə insanların özü və bütün lazım olan yeməli, içməli şeyləri yerləşdirmişdi. Beləliklə gəmi tamamilə hazır oldu və Allahın əmri gəldi: -"Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedi: -"Hər heyvandan biri erkək, o biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümün) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir." "Zülm edənlər barədə mənə müraciət etmə (onların bağışlanmalarını məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar."
Tufanın başlanması
[redaktə | vikimətni redaktə et]Tufanın nişanəsi təndirdə suyun qaynaması idi. Bu təndir bir möminə qadının evində idi və ondan çörək bişirmək üçün istifadə olunurdu. Nuhun arvadı ya möminə qadın çörək bişirməklə məşğul idi. Birdən təndirdə su qaynamağa başladı. Dərhal hadisəni Nuha xəbər verdilər. Nuh gəlib bir az torpaq götürüb onun üstünü qapadı. Sonra gəmiyə qayıdıb lazım olan adamları və heyvanları gəmiyə yığdı. Yenə də qayıdıb torpağı təndirin üstündən götürdü. Bu an su qaynadı. Göy, su tuluğunun ağzı açılantək yağmağa, Fərat çayları və başqa bulaqlar daşmağa başladı. Göy guruldayıb dəhşətli yağış yağdı. Bir azdan bütün yer üzü, çöllər, səhralar, meşələr su ilə doldu. Ancaq gəmidə olan Nuh, onun ailəsi və iman gətirənlər nicat tapdılar.
Nuhun Kənan adlı oğlu düşmənlərin zümrəsilə yaşayır, atasından uzaq gəzirdi. O, hələ də atasının dininə iman gətirməmişdi. Su bütün yer üzünü basanda Nuh və onunla birlikdə gəmidə olanlar o dəhşətli mənzərəyə tamaşa edirdilər. Birdən Nuhun gözü, başqa zalımlar kimi özünü boğulmaqdan xilas etməyə cəhd edən oğluna sataşdı. Nuhda atalıq məhəbbəti coşaraq onu çağırıb dedi: -"Oğlum, bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!" O bədbəxt o qədər təkəbbürün əsiri idi ki, bu iztirablı halda atasının sözlərinə qulaq asmadan ona belə cavab verdi: -"Mən bir dağa sığınaram, o da məni sudan qoruyar." Amma bundan qafil idi ki, bu sel kiçik, adi sellər kimi deyil, bəlkə Allahın tufan və sel şəklində düşən qəzəbidir və bu tufan qudurmuş, zalım insanları udur. Ondan qurtarmaq üçün heç bir çıxış yolu yoxdur. Nuh da bu məsələni ona başa saldı və ürəyi yanaraq dedi: -"Allahın iradə etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz. Nəhayət, (onun sözləri qurtarıb-qurtarmamış) dalğa ata ilə oğlunun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu."
Xilas olanların sayı
[redaktə | vikimətni redaktə et]Nuhun tufanından xilas olanların sayı haqqında dəqiq məlumat yoxdur. Ona iman gətirənlərin sayını 72 nəfər olduğu qeyd olunur. Müfəssirlərin bəziləri 80 nəfərin olduğunu yazırlar. Başqa bir hissəsi isə 78 nəfərin, — 72 nəfəri öz qövmünün kişi və qadınları, 6 nəfər isə öz ailəsi, oğulları və qadınları olduğunu qeyd edirlər. İmam Sadiq (ə)-dan nəql olunan bir hədisdə onların cəmi 10 nəfər olduqları qeyd olunur. Başqa bir fərziyyədə isə 7 nəfər deyilir.
Hər halda çox az adam nicat tapdı. Onlardan Nuhun üç oğlu, Sam, Ham, Yafes və arvadları ki, indiki yer üzündə olan irqlər onlardandırlar.
Tufan bütün Yer üzünü tutdu
[redaktə | vikimətni redaktə et]Quran ayələrində və sair göstəricilərdən belə başa düşülür ki, Nuhun tufanı ümumi olub və bütün yer üzünü tutmuşdur. Necə ki, onun çağırışı ümumi olub və yer kürəsinə göndərilən ən böyük peyğəmbərlərdən biridir. İslam terminologiyasında onlara "Ulul-əzm" peyğəmbərlər deyilir. Qədim Yunan, İran və Hindistan dini-tarixi kitablarında tufanın bütün yer üzünü tutması haqqında dastanlar yazılmışdır.
Həmçinin İbni Əsir və başqalrı da tarixi nəzərdən tufanın ümumi olduğunu bilib və məcusilərin bunun əleyhinə olan sözlərini tarixlə inkar edir, yuxarıdakı ayədəki sözlərinə sübut gətirirlər. Məsudi də öz tarix kitabı "Murucuz-zəhəb"də qeyd edir ki, tufan bütün yer üzünü basmışdır.
Ancaq bir ehtimala yer qalır ki, bəziləri ayələrin də bu mənaya olmasını yazırlar. O ehtimal budur ki, mümkündür o zaman yer üzündə təkcə Nuhun qövmü olmuşdur və tənha Nuhun tayfası yaşayan yerləri su basmışdır. Yəni yer üzündə onlardan başqa insanlar, başqa canlı məxluq olmamışdır. Buna görə də tufan o zaman yaşayan bütün insanları və heyvanları məhv etmişdi. Nicat tapanlar ancaq gəmidə olanlar idi. İnsan nəsli Nuhun övladlarından və heyvanların nəsli isə gəmidə olan heyvanlardandırlar.
Tufandan sonra
[redaktə | vikimətni redaktə et]Nuhun və onun qövmünün salehlərinin nə qədər gəmidə həyat sürmələri barəsində müxtəlif nəzəriyyələr mövcuddur. Bəziləri deyirlər ki, yeddi gün keçdikdən sonra su çəkildi və gəmi Cudi dağında (İraqda Musil şəhərində) yerə oturdu. Bəziləri bu müddəti bir ay qeyd edirlər. Bir hədisdə altı ay gəlmişdir. Yəqubi öz tarixində Nuhun gəmiyə minməsindən düşənə qədər bir il on gün keçməsini yazmışdır. Quranda bu müddətin gəlməməsinə baxmayaraq suyun çəkilməsi və gəminin Cudi dağında oturması kiçik bir ayədə bəyan olunmuşdur. Bu kiçik ayə o qədər fəsahət-bəlağəti baxımından yüksəkdir ki, o zamanın ərəb ədəbiyyatçıları və İslam düşmənlərini heyrətə gətirmişdi. Onlar bu ayə kimisini gətirməkdə öz acizliklərini etiraf etdilər.
Nəhayət Nuh və onun qövmü gəmidən yerə endilər və Yer kürəsində yeni həyat üçün fəaliyyətə başladılar. Yavaş-yavaş əkin sahələri yaratdılar və evlər tikdilər.
Əzəmətli tufandan sonra Nuhun ömrü haqqında fikir ayrılığı vardır. Bəzisi 60 il, Yəqubi öz tarixində 360 il, Təbəri isə 348 il yazır. İmamlardan gələn bir neçə hədisdə isə 500 il qeyd olunur.
Tarix və rəvayətlərə əsasən Nuhun qəbrinin Nəcəfdə Əlinin (ə) məzarının yanında yerləşdiyi rəvayət olunur.
Hekayənin təhlili
[redaktə | vikimətni redaktə et]Sənədli fərziyyəyə görə, yaradılış da daxil olmaqla, Müqəddəs Kitabın ilk beş kitabı (Pentateuch/Tövrat) eramızdan əvvəl 5-ci əsrdə dörd əsas mənbədən toplanmışdır ki, onların özləri də eramızdan əvvəl 10-cu əsrə aiddir. Bunlardan ikisi, eramızdan əvvəl 10-cu əsrdə tərtib edilmiş cəhvist və eramızdan əvvəl 7-ci əsrin sonlarına aid olan kahin mənbəyi, yaradılış kitabının Nuha aid olan fəsillərini təşkil edir. 5-ci əsr redaktorunun iki müstəqil və bəzən bir-birinə zidd olan mənbəni yerləşdirmək cəhdi Nuhun hər heyvandan neçəsini götürdüyü və daşqının nə qədər davam etdiyi kimi məsələlərdə çaşqınlıq yaradır.[1][2]
Oksford Kitabları Ensiklopediyası qeyd edir ki, bu hekayə Eden bağı hekayəsinin bəzi hissələrini əks etdirir: Nuh ilk üzümçü, Adəm isə ilk əkinçidir; hər ikisinin məhsulu ilə bağlı problemləri var; hər iki hekayədə çılpaqlıq var; və hər ikisi lənətə səbəb olan qardaşlar arasında bölünməni ehtiva edir. Ancaq daşqından sonra hekayələr fərqlidir. Üzüm bağını salan və lənət söyləyən Allah deyil, Nuhdur, ona görə də "Allah daha az iştirak edir".
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Collins, John J. Introduction to the Hebrew Bible. Minneapolis: Fortress Press. 2004. 56–57. ISBN 0-8006-2991-4.
- ↑ Friedman, Richard Elliotty. Who Wrote the Bible?. New York: HarperCollins Publishers. 1989. səh. 59. ISBN 0-06-063035-3.