Orxan Pamuk — Vikipediya

Orxan Pamuk
türk. Orhan Pamuk
Doğum adı Orhan Ferit Pamuk
Doğum tarixi 7 iyun 1952(1952-06-07)[1][2][…] (72 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı, romançı, ssenarist, esseist, jurnalist, akademik[d]
Fəaliyyət illəri 1974-cü ildən
Əsərlərinin dili türk dili
İstiqamət naturalizm
Janrlar avtobioqrafiya, esse
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeninin zabit dərəcəsi
İmza
orhanpamuk.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orxan Pamuk (türk. Orhan Pamuk; 7 iyun 1952[1][2][…], İstanbul) — Türkiyə roman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006).

Türk yazıçısı Fərid Orxan Pamuk İstanbulda doğulmuşdur. Hazırda Nyu-Yorkda yaşayır, Kolumbiya Universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır"biography". orhanpamuk.net. 27 Eylül 2008 tarihinde kaynağından arşivlendi.[3][4] İyirmidən çox dildə yaradılan, zəngin tarixə və ənənələrə malik olan türk ədəbiyyatlarının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir[5] Orxan Pamuk həm də ədəbiyyat sahəsində XX əsrin ikinci yarısında doğulmuş ilk və yeganə Nobel sahibidir.

Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çox nüfuzlu ədəbi mükafat qazanmışdır[6] Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri ödüllər var. Dünyanın 100-dən çox ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatmışdır[7] "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxildir. Orxan Pamuk İstanbulda, imkanlı və ziyalı ailədə dünyaya göz açmışdır.Ailəsi Qərb yönümlü, varlı orta təbəqəyə mənsub idi. Pamukun ata tərəfdən olan babası mühəndisdəmiryolları çəkən sənayeçi kimi varlanmışdı. Atası Gündüz Pamuk da mühəndis olub. Pamukun böyük qardaşı və kiçik ögey bacısı var. Pamuk Ailəsi İstanbulun Şişli səmtinin Nişantaşı səmtində Boğazın şimalında yerləşən beş mərtəbəli yaşayış binasında baba, əmi və bibiləri ilə birlikdə yaşayırdılar. Ailə Atatürkün modernləşmə səylərini dəstəkləyib. Təhsilini şəhərin elitar məktəblərindən sayılan Robert Kollecdə almışdı. İstanbul universiteti yanındakı Jurnalistika institutunu bitirmişdi. Yazmağa 22 yaşından başlasa da, "Cövdət bəy və oğulları" adlı ilk romanı 1982-ci ildə çapdan çıxmışdı və dərhal da diqqəti çəkərək Orxan Kamal roman mükafatını almışdı.

Tarixi mövzuda yazılmış "Ağ qala" (1985) romanı isə yazıçıya beynəlxalq miqyasda şöhrət qazandırmışdı. Əsərin çapından az sonra "Nyu-York Tayms" qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orxan Pamukdur".

ŞərqQərb mədəniyyətlərinin üz-üzə gəldiyi mistik XVI əsr İstanbulunun bitib-tükənmək bilməyən əsrarlarından söz açan "Mənim adım qırmızı" romanı ilə Orxan Pamuk dünya ədəbiyyatının tanınan simalarından birinə çevrildi. Tək bir il ərzində bu əsər 24 dilə tərcümə olundu. "Mənim adım qırmızı" dünya miqyasında postmodern romanın ən yaxşı nümunələrindən biri sayılmaqdadır.

Orxan Pamuk "Səssiz ev" (1983), "Qara kitab" (1990), "Yeni həyat" (1994), "Qar" (2002) romanlarının, "İstanbul. Xatirələr və şəhər" (2003) memuarlarının və "Başqa rənglər" (1999) adlı esselər kitabının da müəllifidir. "Qar" romanında müəllif Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-də ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdı.

90-cı illərin ortalarından etibarən Qərbdə yaxşı tanınması və nüfuz qazanması nəticəsində Orxan Pamuk Türkiyədə cərəyan edən ictimai və siyasi proseslərlə bağlı daha sərt açıqlamalar vermişdir. 2005-ci iln fevralında onun İsveçrədə çıxan "Das Maqazin" jurnalına müsahibədə Türkiyəni nəzərdə tutaraq dediyi "Bu torpaqlarda 30 min kürd və bir milyon erməni öldürüldü. Amma məndən başqa kimsə bu haqda danışmağa cəsarət etmir" - sözləri yazıçının vətənində əsl fırtına yaratmışdı. Mətbuatın fəal iştirakı ilə Orxan Pamuk Türkiyə Cəza Qanununun 301-ci maddəsi ilə "türklüyə həqarət" ittihamı ilə məhkəməyə verilmişdi. Günahkar sayılacağı təqdirdə yazıçını 6 aydan üç ilə qədər həbs cəzası gözləyirdi.

Lakin Türkiyə Ədliyyə Nazirliyinin müvafiq razılığı olmadığından məhkəmə yarımçıq buraxıldı. Şübhəsiz, çağdaş dünyanın Joze Saramaqo, Qabriel Qarsiya Markes, Günter Qrass, Umberto Eko, Karlos Fuentes, Xuan Qoytisalo, Con Apdayk, Mario Varqas Lyosa kimi tanınmış sənətkarlarının Pamuka dəstək aksiyasının da mühüm rolu oldu. Məhkəmənin hazırlıq iclasının keçirildiyi 19 dekabr 2005-ci il tarixində Erol Manisalının "Cümhuriyyət" qəzetində çap etdirdiyi "Orxan Pamuk Nobeli qarantiledi" məqaləsi yazıçını məhz bu mükafata görə vətəninə böhtan atmaqda gunahlandırılanların əlində ən yaxşı dəstəvüz oldu.

2006-cı ilin Nobel seçimində Orxan Pamukun rəqibi suriyalı şair Əli Əhmən Səid (Adonis) idi. İsveç Akademiyasının bəzi üzvlərinin əvvəllər də nominant olmuş ərəb şairinə rəğbət bəslədikləri sirr deyildi. Lakin gizli səsvermə qələbənin Orxan Pamuka qismət olduğunu üzə çıxardı. Akademiyanın qərarının preambulası həmişəki kimi bəlağətli idi. Türk romançısı "doğulduğu şəhərin melanxolik ruhunun izlərini axtararkən mədəniyyətlərin bir-birləri ilə qarşılaşması və bir-birinə nüfuz etmələri üçün yeni rəmzlər tapdığına görə" Nobel mükafatı qazanmışdı. Pamuk 2006-cı il dekabrın 7-də İsveç Akademiyasında türk dilində "Babamın bavulu" adlı Nobel mühazirəsi oxumuş, dekabrın 10-da isə İsveç kralı Qustavın əlindən Nobel mükafatının qızıl medalını və diplomunu almışdı.

Təbiidir ki, türk yazıçısının mükafatlandırılması Türkiyənin siyasi və ədəbi camiəsini laqeyd buraxmadı. Orxan Pamukun uğuruna sevinənlər olduğu kimi onu milli-mənəvi dəyərlərə arxa çevirmək hesabına Nobel ödülü qazanmaqda suçlayanlar da tapıldı. Tənqidçi Dəmirdaş Ceyhun Nobel mükafatının təkrarsız ədəbi yaradıcılığına deyil, Qərb qarşısındakı "xidmətlərinə görə Pamuka verilmiş ödənc" olduğunu söyləmişdi. Türkiyə Cümhurbaşkanı Necdet Sezerin yazıçını təbrik etməməsi ehtirasları daha da alovlandırmışdı.

Son vaxtlar Türkiyədə Orxan Pamuku ədəbi oğurluqda, başqa müəlliflərin fikir və ideyalarından istifadədə suçlayanlar da tapılmaqdadır. Məsələn, Murat Bardakçı adlı müəllif "Mənim adım qırmızı" romanının şəkil və üslub baxımından amerikan yazıçısı Norman Meylerin "Ancient evenings" ("Köhnə axşamlar") romanından əxz olunduğunu iddia edir. Bəziləri isə "Bəyaz qala" romanında türk yazıçısı Fuat Çarımın "Qanuni dövründə İstanbul" əsərindən götürülmüş parçaların yer aldığını yazırlar. Maraqlıdır ki, Orxan Pamuk indiyə qədər bu iddialara heç bir münasibət bildirməmişdir.

Orxan Pamuk 1982-ci ildə tarixçi Aylin Turegenle evlənmişdi. 1985-1988-ci illərdə xanımı Kolumbiya universitetində dissertasiya yazdığı dövrdə Pamuk da Nyu-Yorkda yaşamış və "Qara kitab" romanını burada tamamlamışdı. Onların 1991-ci ildə doğulmuş Röya adlı qızları var. 2001-ci ildə yazıçı ilə xanımı boşanmışlar.

Türkiyədə həyatına hər an təhlükə gözlədiyini iddia edən Orxan Pamuk 2007-ci ilin fevral ayından ABŞ-də yaşayır. Amerikan telekanallarından birinə verdiyi müsahibədə o, demişdir: "İndi Türkiyədə vəziyyət çox gərgindir. Ziyalıların başı üzərində həmişə məhkəmə təqibləri, hətta ölüm təhlükəsi var. Mənim yazıçı, jurnalist dostlarımdan çoxu ya məhbəsdə, ya da istintaq altındadırlar".

Orxan Pamuk Azərbaycan Yazıçılarının XI qurultayında (2004) iştirak etmişdi. Yazıçının bir sıra əsərləri Azərbaycan dilinə çevrilmiş, yaradıcılığı haqqında namizədlik dissertasiyasıməqalələr yazılmışdır.

  • Cövdət bəy və oğulları (roman). İstanbul, Can Yayınları, 1982.
  • Səssiz ev (roman). İstanbul, Can Yayınları, 1983.
  • Bəyaz qala (roman). İstanbul, Can Yayınları, 1985.
  • Qara Kitab (roman). İstanbul, Can Yayınları, 1990.
  • Gizli üz (ssenari). İstanbul, Can Yayınları, 1992.
  • Yeni həyat (roman). İstanbul, İletişim Yayınları 1994.
  • Mənim adım qırmızı (roman). İstanbul, İletişim Yayınları 1998.
  • Digər rənglər (bir hekayə və məqalələrindən seçmlər). İstanbul, İletişim Yayınları, 1999.
  • Qar (roman). İstanbul, İletişim Yayınları, 2002.
  • İstanbul: Xatirələr və şəhər (roman). İstanbul, Yapı Kredi Yayınları (YKY), 2003.
  • Atamın çemodanı (Nobel nitqi). İstanbul, İletişim Yayınları, 2007.
  • Məsumiyyət muzeyi (roman). İstanbul, İletişim Yayınları, 2008.
  • Mənzərədən parçalar: Həyat, küçələr, ədəbiyyat (məqalələr). İletişim yayınları, 2010.
  • Saf və düşüncəli romançı (İngiliscə: "The Naive and the Sentimental Novelist"). 2011.
  • Məsumiyyət muzeyi (roman). İstanbul, İletişim Yayınları, 2012
  • Qırmızı saçlı qadın (roman) İstanbul, Yapı Kredi Yayınları, 2016
  • Quliyev V.M. Ədəbiyyatda Nobel mükafatı laureatları / Elmi redaktor: Kamal
    Abdulla. – Bakı: “Kitab aləmi” NPM, –2009. – 384 s.
  1. 1 2 Orhan Pamuk // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Orhan Pamuk // Brockhauz Ensiklopediyası (alm.).
  3. (#empty_citation)
  4. a b "Orhan Pamuk". İletişim Yayınları. 15 Aralık 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Kasım 2007. (#empty_citation)
  5. "Pamuk'un Nobeli'ne tepkiler..." ntvmsnbc.com. 21 Ocak 2007. 24 Aralık 2007 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 29 Ocak 2008. (#empty_citation)
  6. "The Nobel Prize in Literature 2006". NobelPrize.org (İngilizce). 22 Mart 2019 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2021. (#empty_citation)
  7. "The Istanbul Declaration of The European Writers' Parliament 2010". Three Monkeys Online Magazine (İngilizce). 19 Ocak 2011. 1 Şubat 2022 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Şubat 2022."Election of New Members at the 2018 Spring Meeting". American Philosophical Society (İngilizce). 2 Mayıs 2018 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 31 Ocak 2022. (#empty_citation)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]