Qədeş — Vikipediya
Qədeş[1] və ya balaqədeş[2] — Azərbaycanda submədəniyyət. Yalnız Bakı və Bakıətrafı yaşayış məntəqələri üçün xarakterik sayılır. 2010-cu illərin axırlarından bəri bu submədəniyyətə yalnız Bakının kənd yerlərində nadir hallarda rast gəlinir. Qədeşlik yalnız Azərbaycana, xüsusilə də Bakıya xas lokal submədəniyyət idi.
Etimologiya
[redaktə | vikimətni redaktə et]Bir neçə mənbəyə görə "qədeş" sözü bütün türk dillərində rast gəlinən və tat dili ilə Abşeron ləhcəsinə uyğunlaşdırılmış "qardaş" sözündən törəmişdir. Bu, qaraqalpaq və qırğız dillərində də "kiçik bacı" mənasındadır. Həmçinin, "karındaş//kerenteş//xərəntəş" başqırd sözü olub, dilin cənub dialektlərində "kiçik bacı" mənasını verir.[3]
Tarixi
[redaktə | vikimətni redaktə et]Qədeş submədəniyyəti 1950-ci illərdə yaranmışdır. Onlar Azərbaycana, əsas olaraq Bakı və ətraf ərazilərə xasdır. Qədeşlər ilə eyni dövrdə mövcud olmuş, qədeşlərin əks qütbü olan stilyaqalar arasında baş verən antaqonizm daha çox qədeşlərin stilyaqalara təzyiq etməsi və onlara qarşı zorakılıq tətbiq etməsi ilə özünü göstərirdi. Qədeşlər stilyaqaların milli-mənəvi ideallardan çox uzaq, mental dəyərlərə zidd hərəkət edən, öz köklərini tərk edən bir qrup kimi görürdü. Eynilə, Bakıda qədeşlər 1970-ci illərdə mövcud olmuş hippi və rokçulara qarşı eyni münasibəti bəsləyirdi. Bakının mərkəzində yerləşən müəyyən küçələr və qəsəbələr Qərb subkulturalarının yerli nümayəndələri üçün xüsusilə təhlükəli hesab edilirdi. Ümumiyyətlə, Azərbaycanda İkinci Dünya müharibəsindən 1980-ci illərin ortalarına – yenidənqurma dövrünə qədər mövcud olan subkultural modelləri bir araya gətirən yeganə anlayış meyxana olmuşdur.[3]
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Qədeşlər mühafizəkarlığı və maskulinliyi üstün tutmaq, milli ənənələrə sadiqliyi ilə xarakterizə olunur. Sovet dövründə ictimai təfəkkürdə onlara günlərini küçələrdə keçirən və davakar, xuliqan həyat tərzinə malik bir sosial qrup üzvləri kimi yanaşılırdı. Qədeşlər Qərb musiqisinə və mədəniyyətinə qarşı idilər.[3] Eyni zamanda, onların yayıldığı ərazilərdə böyüyən Vaqif Mustafazadənin ölkəyə caz musiqisini gətirməsi bu submədəniyyətin bəzi nümayəndələrini narahat edirdi.[4]
Onlar adətən bakılı ləhcəsi ilə danışırdı.[5] Əlavə olaraq, qədeşlər özünəməxsus jarqonu və ədəbi dilin standartlarından kənara çıxan terminlərdən istifadə edirdilər. Onların adları tez-tez mübahisələrdə və küçə davalarında, eləcə də bəzi xırda cinayətlərdə hallanırdı. Qədeşlərin fərqləndirici xüsusiyyətlərindən biri də onların cinayət aləmini və onun adət-ənənələrini tərənnüm edən mahnılara, eləcə də şanson musiqisi və meyxana kimi poetik-musiqili janrlara qulaq asmağa üstünlük vermələri idi. Onlar, xüsusilə də sovet dövründə, bəzi yazılmamış qanunların təsiri altına düşərək mübahisələr zamanı xüsusi xidmət orqanları və polislə əlaqə saxlamağın düzgün olmadığını düşünürdülər. Bu cür hallarda hadisə yerinə polisi cəlb etməkdənsə, onlar yaranan mübahisələri öz aralarında həll etməyi üstün tutdular. Qədeşlər həmçinin, dövlətin qanunlarına əməl etməyin düzgün olmadığını düşünür, dövlət məmurlarına aşağılayıcı adlar ilə xitab edirdilər. Qədeşlərlə rud-boylar, modlar, qrizerlər arasındakı oxşar cəhətlər mövcud idi.[3]
Qədeşlər daha çox klassik geyim tərzinə, xüsusən də geyimdə ağ və qara olmaqda iki rəngə üstünlük verirdilər. Onlar Qərb geyimlərini feminlik amili hesab edirdilər. Qədeşlərin əksəriyyəti adətən "aerodromlar" kimi tanınan böyük papaqlar taxırdılar və tez-tez təsbeh gəzdirirdilər. Bu iki atribut onlar üçün simvolik hesab olunurdu.[3]
Qədeş submədəniyyəti fərqləndirici xüsusiyyətlərinə görə sovet dövründə azlıq qrupu kimi qəbul edilirdilər. Bunun səbəbi onların heç bir ictimai dəyərə malik işlə məşğul olmayan, həm cəmiyyətdə, həm də dövlət səviyyəsində sovet ziyalılarına və zadəganlarına qarşı duran insanlar hesab edilmələri idi.[3] Jurnalist Xəzər Axundov qədeşləri "psixoloji olaraq urbanistik mühitlə əyalət mühiti arasında ilişib qalan zümrə" kimi təsvir etmişdir.[6]
Əslən bakılı olan rəssam Mir Teymur Məmmədov "qədeş" personajının istifadə edilməsini bakılılara yuxarıdan aşağı baxmaqla əlaqələndirmişdir.[7]
Populyar mədəniyyətdə
[redaktə | vikimətni redaktə et]Vaxtı ilə İçərişəhərdə təsbeh, kepka və "şəpşəpi"li bir qədeşin obrazına heykəli qoyulmuşdu, lakin bu heykəl sonradan yığışdırılmışdır.[7] Bakı qədeşlərinin düşüncə tərzini, yeniliklərə olan neqativ münasibətlərini kinorejissor Eldar Quliyev Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Bir cənub şəhərində" filmində əks etdirə bilmişdir.[8][9] Səid Riada görə, filmdə keçmişin qalıqlarının insanların düşüncələrində kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması ön plana çəkilmişdir. "Uşaqlığın son gecəsi"ndəki Davud obrazı və "Baladadaşın ilk məhəbbəti" filmindəki Baladadaş obrazı qədeş nümunəsinə uyğun gəlir.[3] Yazıçı Kamil Əfsəroğlunun "Sovet küçəsinin serenadası" əsərində qədeş submədəniyyətinə mühüm yer ayrılmışdır.[10] Gündüz Ağayevin "Azadlıq Radiosu" üçün çəkdiyi karikaturalarından birində "qədeş" ifadəsini işlədən bir obraz təsvir edilmişdir.[11]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Riad, Səid. "Sovet Azərbaycanında submədəniyyətlər". Baku Research Institute (az.). 11 may 2020.
- Axundov, Xəzər. "Гедеши - суперколоритные персонажи Баку 50-70-х годов ВИДЕО". Кавказский Узел (rus). 11 oktyabr 2017.
- İmanov, Vüqar. "Итальянский тренер стал "бакылы гедеш" – нарды, кепка-аэродором, чётки, чай в армуды (ФОТО)". Trend İnformasiya Agentliyi (rus). 12 oktyabr 2018.
- Abbaslı, Tahir. "Vaqif Mustafazadə". "Mədəniyyət" qəzeti (az.). 16 mart 2011.
- İmanquliyev, Bahadur. "Prezident İlham Əliyev Bakıya şöhrət, bakılılara qürur bəxş edib". Azərbaycan (az.). 5 iyul 2019.
- "Oğlu Eldəniz Zeynalov haqda şok faktı açdı - Video". Axar.az (az.). 5 noyabr 2015.
- "Qədeş, arağın var?". Azadlıq Radiosu (az.). 9 dekabr 2015.
- Əfsəroğlu, Kamil. "Lütfəli Abdullayevi "Sovetski"də öldürəcəkdilər... - XATİRƏ". Kulis.az. 2 iyun 2016.
- ""Bakinski Reynaldo" və ya "Qarabağ"ın "qədeş"i - FOTO". Sportarena.az (az.). 23 fevral 2015.
- Vahid, Nəzrin. "Bakılılar günü uydurmadır - İçərişəhərli rəssam hiddətləndi - "Qədeş"lə "çuşka"nı qəsdən ortaya atmışdılar!". Modern.az (az.). 1 iyul 2021.
- Pənahqızı, Telli. ""Onların bir çoxunun camaata əxlaq dərsi verməyə heç haqqı da çatmır, amma..." - FOTO". Modern.az (az.). 23 iyul 2013 – News.milli.az vasitəsilə.