Qərbi Azərbaycan — Vikipediya

Qərbi Azərbaycan — indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan.

XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır.

İrəvan xanlığı və Çuxursəəd bəylərbəyliyi

[redaktə | mənbəni redaktə et]

Qərbi Azərbaycan torpaqlarına ilk ermənilərin köçürülməsi 1441-ci ildə Cahanşahın qərarı ilə Erməni-qriqoriyan kilsəsini Kilikya ərazisindən indiki Üçkilsəyə köçürməsi ilə başladı. Bu torpaqlarda ilk bəylərbəylik 1410-cu ildə dünyasını dəyişmiş Əmir Səəd tərəfindən quruldu. Qərbi Azərbaycan torpaqları Əfşarlar imperiyasının yaranmasına kimi əsasən Çuxursəəd bölgəsi olaraq adlanmış və buranın öz inzibati hakimləri olmuşdur. 1747-ci ildə Mirmehdi xanın İrəvan xanlığını qurması ilə birlikdə bu bölgə yeni bir dövrə qədəm qoydu. 1749-cu ildə İrəvan xanlığını Qarabağ xanı Pənahəli xanın, sonra isə Kaxetiya çarı II İraklinin hücumuna məruz qaldı və gürcü çarlığından asılı vəziyyətə düşdü. 1755-ci ildə Həsənəli xanın başçılığı ilə saray çevrilişi üsyanı baş verdi. Bu tarixdən sonra isə İrəvan xanlığında Qacarlar sülaləsi hakimiyyətə gəldi. İrəvan xanlığı bir vaxtdan sonra, yəni 1765-1769 - cu illərdə Gürcü çarlığı tərəfindən bir çox hücumlara məruz qaldı. Hətta 1779-cu ildə Şörəyel ərazisini itirdi. Sonralar bu ərazilər yenidən geri qaytarıldı. 1795-1797 - ci illərdə Ağa Məhəmməd Qacar(xan və şah) İrəvan xanlığına bir çox yürüşlər etsə də, uğurlu alınmadı. 1806-cı ildə Hüseynqulu xan hakimiyyətə gəldi və xanlığın süqutuna kimi İrəvan xanı oldu. 1827-ci ildə xanlıq süqut etsə də, ilhaq edilməsinin rəsmiləşdirilməsi 10 fevral 1828-ci il tarixində Türkmənçay müqaviləsi ilə baş tutdu. [1]

Çar Rusiyası dövründə Qərbi Azərbaycan

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Xalq Cümhuriyyəti

Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qərbi Azərbaycan torpaqları rəsmən Çar Rusiyasının hakimiyyəti altına keçdi. Bu torpaqlar üçün ilk verilmiş qərar 21 mart 1828- ci il tarixində I Nikolayın(1825-1855) fərmanı ilə Erməni vilayətinin yaranması oldu. Hətta 1833-cü ildə bu vilayətin gerbi də qəbul olunur. İmperator I Nikolayın bu torpaqlar üçün verdiyi ən önəmli qərarlardan biri Alban kilsəsini ləğv etmək idi. Alban kilsəsini ləğv edərək həmçinin Erməni-qriqoriyan kilsəsinə müəyyən səlahiyyətlər verilir. 1837-ci ildə I Nikolay Qafqaza səfər edir. O, səfər zamanı Gümrüyə gəlir və Müqəddəs Aleksandr kilsəsinin təməlini qoyur. Elə bundan sonra Gümrü Aleksandropol adlanmağa başlıyır. 1840-cı ildə Qərbi Azərbaycandakı müsəlman əhalinin şikayətləri nəticəsində Erməni vilayəti ləğv edilir və Gürcü-İmereti quberniyasının tərkibində İrəvan qəzası yaranır. 1849-cu ildə isə,müəyyən qərara əsasən, İrəvan quberniyası təşkil olunur. 1905–1906 - cı illərdə “Erməni-müsəlman davası” dövründə ermənilər İrəvan quberniyası, o cümlədən İrəvan şəhərində yüzlərlə azərbaycanlını öldürdü və tarixi torpaqlarından qovdular. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə Qərbi Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan Respublikasına verildi. [2]

Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür. 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z. Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında təsdiq edərək yazır: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".[3]

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

10 may 2020-ci ildə ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda, mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib. Bu, respublika elan edilsə də, heç bir rəsmiyyət daşımır. Azərbaycan Respublikası və Qərbi Azərbaycan İcması bu respublikanı tanımır. [4][5][6]

  1. Yaqub, Mahmudov; Mustafayev, Nazim. Çuxursəd hakimləri və İrəvan xanları (az.). Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi. 2016. ISBN 978-9952-8268-5-2.
  2. Kərim, Şükürov. "Tarix". Virtual Qərbi Azərbaycan. 22.07.2024. 11.04.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.07.2024.
  3. "Arxivlənmiş surət" (PDF). 2021-01-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-05.
  4. "Qərbi Azərbaycan Respublikası elan olundu". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  5. "Qərbi Azərbaycan Respublikası YARADILDI — QƏRAR". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  6. "Qərbi Azərbaycan Respublikası fəaliyyətini dayandırdı!". 20.05.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.07.2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]