Qətər iqtisadiyyatı — Vikipediya
Ümumi iqisadi göstəricilər
[redaktə | mənbəni redaktə et]Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci illərinin "neft erasından" bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin "taleyini" əsaslı surətdə dəyişdirmiş, onun sosial iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatmışdır. XXI əsrin əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dolları ötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədə ən yeni texnika və avadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların çıxarılması və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr, metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar, müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir.[1] Yaxın vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. "Neft dolları" adlanan bu vəsait ilk növbədə sənaye obyektlərinin tikintisinə və dövlətin digər ehtiyaclarına istiqamətləndirilir.[2]
Qətər iqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Sosial-iqtisadi inkişafının indiki mərhələsinə çatmaq üçün Qətər uzun bir yol keçmişdir. 1929–1933-cü illərin dünya iqtisadi böhranına qədər əmirlik Paris və Bombey bazarlarında yüksək qiymətləndirilən mirvari hesabına dolanırdı. Dünya iqtisadi böhranı və yapon sahibkarı Mikimoto tərəfindən süni yolla mirvari əldə edilməsi ölkəni dolanacaq mənbəyindən məhrum etdi. Məhz həmin vaxtlarda İngiltərə–İran neft şirkəti yarımada və onun şelf sularının sərvətləri ilə maraqlanmağa başlamışdır.
1935-ci ilin mayında, Qətərin o vaxtkı hakimi Şeyx Abdulla ben-Kasim ilə uzun və çətin sürən danışıqlardan sonra İngiltərə–İran neft şirkəti 75 il müddətinə Qətərin 10 min km² ərazisində neft yataqlarının kəşfi və istismarı hüququnu "Petroleum development kompani of Katar" şirkətinə vermiş və 1938-ci ilin oktyabr ayından həmin şirkət Qətərin cənub-qərbində indiki Duhan şəhəri yaxınlığında ilk neft buruğunu qazmışdır. Artıq 1940-cı ilin müharibəsinin başlanması ilə əlaqədar bütün işlər dayandırılmış və yalnız 1947-ci ildə neftçıxarma işləri bərpa olunmuşdur. 1949-cu ilin yanvarında isə 15 min ton neftlə yüklənmiş ilk tanker Qətər sahillərindən Avropaya yola salınmışdır.
1952-ci ildə "Petroleum development kompani of Katar" şirkətinin neft-qaz kəşfiyyatı və istismarı hüququnu "Katar petroleum kompani" (KPK) şirkəti ələ keçirmiş və həmin ilin dekabrında ingilis şirkəti "Şell" yarımadanın şərq sahilindən şelf bölgəsinin 75 il müddətilə ona konsessiya verilməsi barədə Qətərin şeyxi ilə müqavilə imzalamışdır. 1953-cü ildə "Şell-Katar" neft şirkəti fəal axtarış işlərinə başladı. Yeddi ildən sonra isə sənaye əhəmiyyətli zəngin yataqlar kəşf edilmiş və neft çıxarılmasına başlanılmışdır. 1935-ci ildə bağlanan ilk müqaviləyə əsasən xarici şirkətlər ölkədən çıxarılan hər ton neftə görə Qətər şeyxinə bir dollar verməli idilər. 1951-ci ildə bu rəqəm 3 dollara çatdırılmış, bir ildən sonra isə qonşu İranda neft sənayesinin milliləşdirilməsindən qorxuya düşən KPK "gəlirin bərabər bölüşdürülməsi" Prinsipi ilə razılaşmağa məcbur olmuşdur.[3]
1973-cü ilin oktyabr hadisələri ilə bağlı maye yanacağın qiyməti nəinki bir neçə dəfə qaldırılmış, həm də neft hasil edən Ərəb ölkələrinin sərvətləri üzərində xarici kapitalın bilavasitə nəzarəti azalmış, regionun bir sıra ölkələrində isə xarici şirkətlərə məxsus olan müəssisələrin milliləşdirilməsi prosesi başlanmışdı. Qətər də bu prosesdən kənarda qalmamışdır.[4]
Xarici neft şirkətləri ilə münasibətlərin dəyişdirilməsi barədə işgüzar danışıqlara başlayan Qətər bölgü nisbətini öz xeyrinə dəyişdirməyə nail olur. 1974-cü ilin iyulunda Qətər əmiri ölkədə baş Neft Korporasiyasının (Katar Ceneral Petroleum Korporeyşn) yaradılmasına icazə verir. Bu təşkilata neft sənayesinin bütün sahələrində fəaliyyət göstərmək, yerli və xarici şirkətlərin səhmlərini almaq, yeni şirkətlər yaratmaq hüquqları verilir.[5]
1976-cı ildə KPK, 1977-ci ildə isə "Şell of Katar" şirkətlərinin bütün kapitalı dövlətin əlinə keçir. 70-ci illərin axırlarında neft siyasəti sahəsində bütün məsuliyyət Qətər Baş Neft Korporasiyasına tapşırılır. 80-ci illərin əvvəllərində neftin hasilatı, nəql olunması, saxlanılması, təmizlənməsi, təbii qazın çıxarılması, emalı, satışı, neftqaz sənaye müəssisələrinin tikintisinə tam nəzarət bu təşkilata tapşırılmışdır. 70-ci illərin ortalarından başlayaraq Qətərin neft ixracatında əldə etdiyi gəlir bir neçə dəfə artmışdır. 1974–1975-ci maliyyə ilindən başlayaraq Qətər tarixində ilk dəfə olaraq "neft dollarlarının" böyük bir hissəsi sənaye istehsalının inkişafına və kənd təsərrüfatının yüksəldilməsinə ayrılır. Ölkənin ÜDM-da sənayenin payı 49 faiz, xidmət sahələrinin payı 50 faiz, kənd təsərrüfatınin payı isə 1 faizə bərabərdir.[6]
Sənaye
[redaktə | mənbəni redaktə et]Sənayenin aparıcı sahələri. Qətər iqtisadiyyatının əsasını neft-qaz hasilatı və onların emalı təşkil edir. Son illər neft ehtiyatının tükənməsi ilə əlaqədar onun hasilatı getdikcə azalmaqdadır. Çıxarılan neftin təxminən yarısı şelf zonasının payına düşür. Ötən əsrin 70-ci illərinin ortalarından 80-ci illərin əvvəllərinə qədər çox qısa müddətdə Qətər həm "neft sıçrayışını", həm də onun tənəzzülünü görmüşdür. Sıçrayışın əvvəlində neft ixrac edən digər ölkələr kimi, Qətər də əldə etdiyi "neft dollarlarını" iqtisadiyyatın sürətli inkişafına sərf etmişdir.
Ölkədə neft hesabına yaşamağın və varlanmağın uzun sürməyəcəyini yaxşı başa düşürlər. Gec-tez neft ehtiyatı az olan Qətər "neft dollarlarından" məhrum ola bilər. Bu səbəbə görə hakim dairələr neftdən əldə edilən gəlir hesabına həmişə ölkənin iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdirməyə təşəbbüs göstərmişlər. Bununla da onlar Qətərdə elə bir iqtisadi model yaratmaq istəyirlər ki, gələcəkdə ölkənin iqtisadiyyatı yalnız neft və qazdan asılı olmasın.
Ötən əsrin 90-cı illərinin əvvəllərində qətərlilər iqtisadiyyatlarının möhkəmliyinə yenidən arxayın olmağa başlamışlar. Onlar dövlətin gələcək inkişafını dünya bazarında təbii qaza olan tələbatın artması və Qətərin zəngin təbii qaz ehtiyatlarına malik olması ilə əlaqələndirirlər. Mütəxəssislərin hesablamalarına görə artıq XXI əsrin birinci rübündə Qətərdə təbii qaz nefti tam əvəz edəcəkdir. Mülahizələrə görə ölkədə aşkar edilmiş neftin ehtiyatı yalnız 20–30 ilə çata bilər. Qətər isə əvvəllər olduğu kimi, yanacaq ixracatçısı kimi öz mövqeyini saxlayacaq, sənaye sahələrini, o cümlədən neft-kimya, gübrə, alüminium və s. sahələri inkişaf etdirəcəkdir. Bununla yanaşı, Qətər, həm də Yaponiya və Avropa ölkələrini təbii qaz ilə təmin edəcəkdir.
Qətər ölkədə "əsrin layihəsi" adlandırılan Nord-Fild yatağından ildə 8 mlrd. kub m. təbii qaz çıxarır. Çıxarılan təbii qazın bir hissəsi ölkə tələbatı (elektrik stansiyalarında, su təmizləyici qurğularda, sənayedə) üçün sərf edilir, Bir hissəsi isə emal olunaraq butan, propan və yanacaq kimi ixrac edilir. İxrac edilən təbii qaz məhsullarından əldə edilən gəlirin qaz sənayesinin gələcək inkişafına sərf edilməsi nəzərdə tutulmuşdur. Artıq Qətər hökuməti bu sahənin inkişaf etdirilməsi üçün Fransanın "TOTAL", İtalyanın "ENİ", ABŞ-nin "XANT" şirkətləri ilə müvafiq müqavilələr bağlamışdır.
Xarici şirkətlərin köməkliyi ilə ölkədə təbii qazın mayeləşdirilməsi üzrə zavod, mayeləşdirilmiş qaz daşınması üçün tankerlər, okean gəmilərinin qəbulu üçün liman tikilir. Bu layihələrin həyata keçirilməsi Qətərə 5–6 mlrd. dollara başa gələcəkdir. Təbii qaz üzrə layihələrin həyata keçirilməsi Qətəri dünyanın iri təbii qaz ixracatçısına çevirmişdir. Yaponiya ilə bağlanmış müqaviləyə görə 1997-ci ildən etibarən Qətərdən Yaponiyaya hər il 8 mlrd. kub m-dən 12 mlrd. kub m-ə qədər mayeləşdirilmiş qaz göndərilməlidir. Qonşu Ərəb ölkələrini təbii qazla təmin etmək məqsədi ilə yeni qaz kəmərlərinin çəkilişi nəzərdə tutulur. Aydın məsələdir ki, bütün bu layihələrin həyata keçirilməsi üçün ilk növbədə regionda sabit vəziyyət, ədalətli sülh yaratmaq vacibdir.
Ölkədə neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin təməli ötən əsrin 70-ci illərin əvvəllərində qoyulmuşdur. Qətərdə yanacaq resursları bol olduğundan energetika sənayesi sürətlə inkişaf etmişdir. Buradakı istilik elektrik stansiyalarında ildə təqribən 7 mlrd. kvt/saat elektrik enerjisi istehsal edilir.
Ölkədə neft emalı və neft-kimya sənayesi inkişaf etdirilir. Umm-Səid şəhərində iri neft emalı müəssisəsi fəaliyyət göstərir. Neft emalı müəssisələrinin ümumi gücü 4 mln. tona yaxındır. Umm-Səiddə etilen istehsal edən neft-kimya kombinatı, təbii qazın mayeləşdirilməsi üzrə zavod, azot gübrəsi istehsal edən iki müəssisə, qara metallurgiya müəssisəsi tikilmişdir. Umm-Baba və Doha şəhərlərinin yaxınlığında yerləşən ölkənin ilk müəssisələrindən biri olan, lakin daima yeniləşdirilən sement sənayesinin, elektrik stansiyalarının, su təmizləyici qurğuların gücü artırılır.
Ölkədə əhalinin və sənaye müəssisələrinin sayının sürətlə artması ilə əlaqədar dəniz suyunu təmizləyən köhnə qurğuların gücü artırılır. Vüseylə şəhərində nəhəng su təmizləyici müəssisə tikilmişdir. Layihəyə görə zavodun tikintisi 1,3 mlrd. dollara başa gəlməlmişidir. Bu müəssisənin tikintisində Böyük Britaniya şirkəti də iştirak edir.
Onu da qeyd etmək lazımdır ki, Qətər kapitalının iştirakı ilə başqa ölkələrdə, məsələn Fransanın Dyünkerk şəhərində etilen istehsal edən neft-kimya müəssisəsi tikilmişdir. İdxal məhsullarının bəzilərinin yerli məhsullarla əvəz edilməsi üçün dövlət tərəfindən hər cür yardım göstərilir. Dövlət yüngül sənaye və xidmət sahələrinin inkişafı üçün sahibkarları həvəsləndirir. Ölkənin kustar sənaye müəssisələrində yun parça, gön-dəri məmulatı, metal və zərgərlik əşyaları istehsal olunur. Kustar sənaye müəssisələrinə ölkənin hər yerində rast gəlinir. Yeyinti sənayesinin inkişaf etdirilməsinə yerli sahibkarlar, xüsusi firma və şirkətlər cəlb olunmuşdur. Bu sahələrin müəssisələrində un, şəkər, spirtsiz içkilər və s. istehsal olunur.
Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Kənd təsərrüfatının aparıcı sahələri. Qətərdə kənd təsərrüfatı ümummilli məhsulun cəmi 1 faizini verir. Bu neft və qaz sənayesinin yüksək inkişafı ilə deyil, əsasən kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu ilə əlaqədardır. Kənd təsərrüfatına yararlı torpaq sahələri ölkə ərazisinin təqribən 3 faizini təşkil edir. Bu sahədə çalışanların sayı da ildən-ilə azalır. Balıqçılıq təsərrüfatı da daxil olmaqla aqrar bölmədə işlək əhalinin yalnız 3 faizi çalışır.
Onlar ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının cəmi 20 faizini ödəyir. Qətərdə torpaq sahibkarlığının tarixən iki forması: mülk (xüsusi torpaq sahibkarlığı) və dira (köçəri və yarımköçərilər arasında xüsusi torpaq sahibkarlığı) mövcud olmuşdur. Qətərin hakim dairələri aqrar siyasətdə xüsusi bölməni inkişaf etdirməyi üstün tutur və bu məqsədlə torpaq sahibkarlarına hər vasitə ilə kömək edir. Burada əsas məqsəd yerli istehsal hesabına ölkə əhalisinin ərzağa, xüsusilə meyvə-tərəvəzə, paxlalı bitkilərə olan təlabatını qismən ödəməkdir. Südlük istiqamətli heyvandarlıq, quşçuluq və balıqçılıq sahələri çox sürətlə inkişaf edir. Qətər kənd təsərrüfatı problemlərinin həlli ilə bağlı ümumərəb tədbirlərində yaxından iştirak edir.
Əkinçilik yarımadanın şimalında qrunt suları çox olan vahələrdə inkişaf etmişdir. Belə vahələrdə qarğıdalı, darı, yonca və tərəvəz yetişdirilir. Ölkənin şimal və mərkəz hissələrindəki vahələrdə hələ qədim zamanlardan xurma becərilir. Xurma ağaclarının kölgəsində nar, sitrus meyvələri, banan yetişdirilir. Əkin sahələrinin 30–35 faizi xurma plantasiyalarının və bağlarının payına düşür.
Vahələrdə tərəvəz və bostan bitkiləri də yetişdirilir. Köçəri təsərrüfatlarının əvvəlki əhəmiyyətini itirməsinə baxmayaraq Qətərdə 9 minə qədər dəvə, 7 mindən artıq qara mal, 80 minə qədər qoyun və keçi bəslənilir. Umm-Kafnda heyvandarlıq və quşçuluq, Əbu-Saildə qoyunçuluq fermaları tikilmişdir.
Dəniz ovçuluğu ölkə əhalisinin qədim peşələrindən biridir. Ölkədə ildə 2 min tona qədər müxtəlif növ balıq ovlanır. Doha şəhərində ər-Ruvay və əl-Vəkra qəsəbələrində hazırlanan ənənəvi yelkənli balıqçı qayıqları, ən müasir texnika ilə təchiz edilmiş balıq ovlayan gəmilərlə əvəz olunur. Balıq ovu üzrə yaradılmış milli şirkətin xüsusi donanması və balıqdondurma müəssisələri vardır.
Dənizdən mirvari çıxarılması əvvəlki əhəmiyyətini itirsə də bu ənənəvi peşə ilə məşğul olanlar da vardır. Mirvari Böyük Mirvari dayazlığında çıxarılır. Bu dayazlıq Bəhreynin sahil sularından Birləşmiş Ərəb Əmirliklərinin sahillərinə qədər 500 km-lik məsafədə uzanmışdır. Burada 220 dayaz yer və say (dəniz dibində hündürlük) yerləşir ki, həmin ərazilərdə mirvari molyuskaları törəyib artır.
Nəqliyyatı
[redaktə | mənbəni redaktə et]Ölkədə neft və təbii qaz hasilatının artırılması, yeni sənaye müəssisələrinin tikilməsi, köhnələrinin təkmilləşdirilməsi, müasir şəhərlərin salınması, kənd təsərrüfatının və xarici ticarət əlaqələrinin genişləndirilməsi nəqliyyat şəbəkəsinin inkişafına səbəb olmuşdur. Qətərdə, paytaxtı Duhan və Umm-Səid şəhərləri ilə birləşdirən ilk şose yolu hələ İkinci Dünya müharibəsindən əvvəl çəkilmişdir. Müharibədən sonra Doha–Umm-Səllal–Hor, Doha–Zikrik, Doha–Səlva, Doha–əl-Haur–ər-Ruvays–əz-Zübar istiqamətində mühüm avtomobil yolları çəkilmişdir. 60-cı illərin axırlarından XXI əsrin əvvəllərinə qədər şose yollarının uzunluğu 8 dəfə artaraq 1500 km-ə çatmışdır. Qətər şose yolları vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ və Omanla əlaqə saxlayır. Boru kəmərlərinin uzunluğu 2050 km-dir. Ölkədə dəmir yolu yoxdur.
Neft və mayeləşdirilmiş qaz ixracatının, ümumiyyətlə, xarici ticarət dövriyyəsinin genişlənməsi, ölkənin başlıca limanlarının yenidən qurulmasını tələb etmişdir. Doha və Umm-Səid limanlarında daha böyük işlər görülmüşdür. 1966-cı ildə tikilmiş Doha limanı yalnız kiçik dəniz gəmilərini qəbul edə bilirdi. Limanda yenidənqurma işləri aparıldıqdan sonra Doha limanına iri okean gəmiləri daxil olur. Metallurgiya və neft-kimya kompleksinə xidmət edən Umm-Səid dəniz limanı yenidən qurulduğundan o, müxtəlif tipli qapısı sayılan Umm-Səid limanında idxalat və ixracat məhsullarının çox böyük hissəsi keçir. Hor-Şakik limanında da yenidənqurma işləri aparılmışdır.
Ölkənin həyatında hava yolları getdikcə mühüm əhəmiyyət kəsb edir. Qətərin paytaxtında beynəlxalq əhəmiyyətli təyyarə limanı vardır. Bu limandan nəinki sərnişin, həm də ölkəyə gətirilən və tez xarab olan ərzaq məhsulları, bəzi qiymətli təcili yüklərin daşınmasında istifadə olunur.
Ölkə ən müasir rabitə əlaqələrinə malikdir. Yerin süni peyki vasitəsilə dünyanın 120-dən artıq ölkəsi ilə telefon əlaqələri saxlayır.
Xarici ticarət
[redaktə | mənbəni redaktə et]Asiyada getdikcə güclü maliyyə mərkəzlərindən birinə çevrilən Qətərin müasir infrastruktur sahələrinə malik olması onun bank işləri üzrə daha faydalı əməliyyatını təmin edir. Qətərdə xarici ölkələrlə əlaqədar olan 20-dən artıq bank fəaliyyət göstərir.
Xarici ticarət ölkənin iqtisadiyyatı üçün həyatı əhəmiyyətə malikdir. Qətər müstəqillik əldə etdikdən sonra ölkədə milli pul vahidindən – Qətər rialından istifadə olunur. Ölkənin sabit gəlir mənbəyinə malik olması, Qətərlə ticarət əməkdaşlığını yaratmaq istəyən xarici ortaqların sayını da artırmışdır. İxracatda neft, mayeləşdirilmiş qaz, metal, neft-kimya məhsulları, idxalında isə maşın və avadanlıq, ərzaq məhsulları, nəqliyyat vasitələri, əhali arasında geniş istifadə olunan sənaye məhsulları üstünlük təşkil edir.
Son illər Qətər, Bəhreyn və Küveyt kimi onunla qonşu olan ölkələrlə xarici malların geri ixracatçısına (reeksportçusuna) çevrilir.
Ölkənin tranzit-ticarət mərkəzi kimi mövqeyini gücləndirməyə çalışan Qətər hökuməti geri ixracat məhsullarına qoyulan bütün vergiləri ləğv etmiş və idxal malları rüsumuna yenidən baxmışdır.
Başlıca olaraq idxal olunan çəltik, şəkər, meyvə-tərəvəz, qəzet və ölkəyə gələn turistlər gömrük rüsumundan azad edilmiş, idxal olunan digər mallara isə olduqca aşağı vergi təyin edilmişdir.
Qətərin əsasən Yaponiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ-la ticarət əlaqələri saxlayır. Son vaxtlar İran körfəzi sahili dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəal çıxış edir və bu ölkələr arasında Ümumi Bazar və vahid valyuta yaradılması təklifini müdafiə edir.
Ölkədə nəzərdə tutulan iqtisadi inkişaf proqramının həyata keçirilməsi üçün tələb olunan ən yeni maşın və avadanlığını tankerlərin, sutəmizləyici qurğuların, bütöv sənaye komplekslərinin və s. Qərb ölkələrindən alınması üçün Qətər böyük məbləğdə vəsait sərf etmişdir. Qətər hökuməti elm, maarif və səhiyyənin inkişafına, istehlak xarakterli sənaye məhsullarının idxalına bolluca vəsait xərcləmişdir, lakin yanacaq ixracatından valyuta gəliri, xeyli müddət ölkənin idxalat xərcindən artıq olduğundan Qətərdə böyük miqdarda kapital yığılmışdır. Dövlət bu kapitalı inkişaf etmiş ölkələrin sənayesinə qoyur, iri Qərb şirkətlərinin səhmlərini alır, mehmanxalar və birgə müəssisələr tikir. Qətər hətta Qərbi Avropa ölkələrinə borc da verir.
Maliyyə sistemi
[redaktə | mənbəni redaktə et]1990-cı ilin başlanğıcında Qətərin qızılvalyuta ehtiyatı 13 mlrd. dollar, xarici dövlət avurları 12 mlrd. dollar, xarici kapital qoyuluşu isə 25 mlrd. dollar qiymətləndirilmişdir. O vaxt cəmi 400 min əhalisi olan bir ölkə üçün bu göstəricilər çox böyük rəqəmlərdir. "Neft dollarları" əldə edilməsinə görə Qətər region ölkələri arasında Səudiyyə Ərəbistanı, İran, BƏƏ və Küveytdən sonra 4-cü yerə çıxmışdır. Səhmlərin əldə edilməsi Qətər milli burjuaziyasının nümayəndələrini Qərbin işgüzar ortaqlarına çevirir.
Dövlət tərəfindən iri xarici şirkətlərin qiymətli kağızlarının alınması və Qərb ölkələrinə borc verilməsi Qətərin iqtisadiyyatını dünya təsərrüfatına bağlayır. Qətər də Əməkdaşlıq Şurasına daxil olan digər ölkələr kimi inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər verir. Qətər kapitalı Şura üzvü olan digər ölkələrin kapitalı ilə birlikdə dünya iqtisadiyyatının inkişafına və beynəlxalq münasibətlərin bəzi məsələlərinin həllinə xeyli təsir göstərir. Beləliklə, Qətər neft və təbii qaz ölkəsi olmaqla yanaşı, həm də böyük kapital ixracatçısıdır. Onun kapitalı dünya təsərrüfatının bir çox sahələrində dövriyyədədir. Kapital qoyuluşu dairəsini genişləndirmək, müştərək müəssisələrin tikintisi üçün yeni-yeni ortaqlar və sahələr axtarır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Soltanova H. B., Məmmədov C. A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Горный энциклопедический словарь, т. 3. / Под ред. В. С. Белецкого. — Донецк: Восточный издательский дом, 2004. — 752 с.
- ↑ Исаев В.А., Филоник А.О. Государство Катар: проблемы развития // Институт изучения Израиля и Ближнего Востока. Институт Востоковедения РАН. М., 1999. 145 с.
- ↑ El Mallakh Ragaei. Qatar: Development of an Oil Economy // Taylor & Francis, 1979. 183 p.; El Mallakh Ragaei. Qatar: Energy & Development // Croom Helm, 1985. 184 p.
- ↑ Максим Майорец, Константин Симонов. Сжиженный газ — будущее мировой энергетики. — М.: Альпина Паблишер, 2013. — 360 с.
- ↑ Nafi Zuhair Ahmed. Economic and social development in Qatar // F. Pinter, 1983. 145 p.
- ↑ "Qatar Poverty and wealth, Information about Poverty and wealth in Qatar". 9 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 March 2015.