Gürcüstan iqtisadiyyatı — Vikipediya

1990-2012-cu illər arasında Cənubi Qafqaz ölkələrində adambaşına düşən ÜDM məbləği, ABŞ dolları ilə (Azərbaycan, ErmənistanGürcüstan)

Gürcüstan iqtisadiyyatı 90-cı illərdə baş verən kəskin tənəzzüldən sonra 2000-ci illərdə tədricən dirçəlməyə başlayıb. Gürcüstan aqrar-sənaye ölkəsidir. 2004-cü ildən etibarən iqtisadiyyatı sabit artım tempi, kiçikhəcmli büdcə kəsiri (2006-cı ildə ÜDM-in 0,3%-i həcmində), valyuta ehtiyatlarının sürətlə artması, xarici dövlət borcunun idarəolunan səviyyəyə düşməsi və inflyasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunur.

Makroiqtisadi göstəricilər

[redaktə | vikimətni redaktə et]

2006-cı ildə burada iqtisadi artım 9,6%, adambaşına düşən ÜDM 3153 lari (1771 ABŞ dolları) təşkil etmişdir. Son 3 ildə (2004-2006) büdcə xərclərinin orta illik 47% artması qiymətlərin bahalaşmasını stimullaşdıraraq 2006-cı ildə 8,8%-ə çatmasını şərtləndirmişdir. Xarici ticarət balansında irihəcmli kəsirə baxmayaraq, ölkəyə intensiv axıb gələn xarici investisiyalar daxili valyuta bazarında təzyiq yaradaraq ABŞ dollarına nəzərən larinin məzənnəsini 2002-ci ilin aprelindən etibarən davamlı olaraq bahalaşdırmaqdadır.

Gürcüstanın ÜDM istehsalı 1990-cı ildə 8,5 milyard dollar olduğu halda 2010-cu ildə 11,7 milyard dollara yüksəlib. Müqayisə üçün onu bildirək ki, 1990-cı ildə Ermənistanın ümumi daxili məhsul (ÜDM) istehsalı indiki (2010-cu il) qiymətlərlə 2,2 milyard dollar idisə, 2010-cu ildə 9,3 milyard dollar, Azərbaycanda isə 1990-cı ildə olan 6,5 milyardlıq ÜDM istehsalı 2010-cu ilin yekununda 54,3 milyard dollarlıq istehsala çatıb. 1990-cı ildə Gürcüstan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdi. 2010-cu ildə isə Gürcüstan Cənubi Qafqaz iqtisadiyyatının 15,5 faizini formalaşdırır. 2010-cu ildə Gürcüstanda adambaşına düşən ÜDM məbləği 2,6 min dollardır, 1990-cı ildə isə bu göstərici 2.400 dollar olub. Bu göstəricilər onu bildirir ki, ötən 20 il ərzində Gürcüstan iqtisadiyyatında artım çox cüzi olub. Proqnozlara görə 2015-ci ildə Gürcüstanın Ümumi Daxili Məhsulu 14,8 milyard dollar olacaq.[1] Son illərdə Gürcüstanda baş verən iqtisadi artıma əsasən xarici ticarət fəaliyyəti, turizm, eləcə də xarici maliyyə institutları tərəfindən Gürcüstanda müxtəlif layihələrə qoyulan sərmayələr yardım edib.

2019-cu ilin ilk rübündə Gürcüstan iqtisadiyyatına 281,1 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azdır. Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların azalmasının əsas 2 səbəbi var. Bunlardan biri magistral qaz kəmərinin tikintisinin başa çatması, ikincisi isə bir neçə müəssisənin Gürcüstan rezidentinin mülkiyyətinə çevrilməsidir. 2019-cu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkə 133 milyon dollar ilə İrlandiya olub. İkinci yerdə 42,4 milyon dollarla Böyük Britaniya, üçüncü yerdə isə 22,5 milyon dollarla ABŞ qərarlaşıb[2]. 2007-2012-ci illərdə Azərbaycan şirkətlərinin Gürcüstana qoyduqları investisiyaların ümumi həcmi $800 mln.-dan çoxdur. Bu dövrdə ARDNŞ şirkətinin investisiyaları $700 mln. təşkil edib.

Gürcüstan Milli Bankının məlumatına görə, ölkənin valyuta ehtiyatları 2019-cu il mayın 31-nə 3,7 milyard ABŞ dolları olub. May ayında valyuta ehtiyatları ilin əvvəlindən mayın 31-dək 428,2 milyon dollar və ya 13 faiz artıb. Beləliklə, Gürcüstanın valyuta ehtiyatları artaraq müstəqillik illərində ən yüksək həddə çatıb.[3]

2019-cu ilin IV rübü ərzində Gürcüstanın toplam xarici borcu 433,5 mln. ABŞ dolları azalaraq 17,797 mlrd. dollar təşkil edib. 2019-cu il sentyabrın 30-na olan göstəriciyə görə, Gürcüstanın ümumi xarici borcunun 5,323 mlrd. dolları dövlət sektoruna məxsus olub. Xarici borcda 404,6 mln. dollar isə Gürcüstan Milli Bankının payına düşüb. Hesabat dövründə Gürcüstanın kommersiya banklarının xarici borcu 4,249 mlrd. dollar təşkil edib.[4]

Faydalı qazıntılar

[redaktə | vikimətni redaktə et]

Gürcüstanın ən vacib faydalı qazıntı ehtiyatları marqans, mis, arsen, qurğuşun, sink filizi və digər metal filizi yataqları, həmçinin neftdaş kömürdür. Gürcüstanın əsas neft yataqları Kolxida düzənliyindəKaxetiya regionunun cənub hissəsində, Azərbaycanla sərhəd ərazilərdə yerləşir. Neft yataqları 350-1500 metr dərinliklərdə yerləşir. Daş kömür ehtiyatları əsasən qərbi Gürcüstanda yerləşir. Onun ehtiyatları bir neçə yüz milyon tondur. Dəmir filizi ehtiyatı 150 milyon ton, marqans yataqları ehtiyatı 50 milyon ton həcmində dəyərləndirilir.

Xarici ticarət

[redaktə | vikimətni redaktə et]

2019-cu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb. 5 ayda ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 959 milyon ABŞ dolları təşkil edib. Yanvar-may aylarında Gürcüstan 1 milyard 466,8 milyon dollarlıq məhsul ixrac edib. Hesabat dövründə idxalın dəyəri 3 milyard 492,3 milyon dollar olub. Müvafiq olaraq ixracda 14,2 faiz artım, idxalda isə 3,6 faiz azalma müşahidə olunub. Ölkənin xarici ticarət dövriyyəsində 2 milyard 25,5 milyon dollar mənfi saldo yaranıb.[5]

  1. "Cənubi Qafqaz iqtisadiyyatı son 20 ildə". 2011-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-30.
  2. "Birinci rübdə Gürcüstana investisiya qoyuluşu azalıb". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
  3. "Gürcüstanın valyuta ehtiyatları artıb". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
  4. "Ölkəmiz bu il xarici borcunu azaldıb". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
  5. "Gürcüstanın xarici ticarət dövriyyəsi artıb". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.