Belarus iqtisadiyyatı — Vikipediya
Belarus iqtisadiyyatı — Dünya iqtisadiyatında Alıcılıq qabiliyyəti paritetinə əsasən Ümumi Daxili Məhsulun dəyərinə görə 73-cü ölkə (2016) .[1] SSRİ-nin dağılması və onun nəticəsi kimi iqtisadi əlaqələrin kəsilməsi istehsal səviyyəsinin aşağı düşməsinə (1990–95 il — lərdə ÜDM-in həcmi təxminən 40% azalmışdır) səbəb olmuşdu; istehsalın azalması templəri bütün MDB ölkələrindəki, o cümlədən Rusiyadakı analoji göstəricilərdən xeyli aşağı idi. Ən iri sənaye müəssisələri dövlət mülkiyyətində qalmışdı (dövlət müəssisələrinin payı təqribən 60%); mineral gübrələrin alınmasına çəkilən xərclərin təqribən 80%-i, yanacaq və elektrik enerjisinə çəkilən xərclərin isə təqribən 50%-i dövlət hesabına ödənilən iri k.t. müəssisələri də (kolxoz və sovxozlar, damazlıq təsərrüfatları) saxlanmışdı. 1997-ci ildən iqtisadiyyatın sabit artımı müşahidə olunur; kiçik və orta sahibkarlıq biznesi inkişaf edir; ticarət müəssisələrinin əksəriyyəti, xidmət sferası, kiçik və orta sənaye müəssisələri özəl sektora aiddir.
ÜDM-in həcmi 131,2 mlrd. dollardır (alıcılıq qabiliyyəti pariteti üzrə, 2010; adam başına 13909 dollar); ÜDM-in artımı 5,3%. İnsan inkişafı indeksi 0,756-dır (dünyanın 194 ölkəsi arasında 73-cü yer, 2011). ÜDM-in strukturunda (%) sənayenin payı 31,7, ərzaq üzrə xalis vergilərin payı 13,3, ticarətin və ictimai iaşənin payı 19,9, nəqliyyat və rabitənin payı 7,2, k.t. nın payı 8,6, tikintinin payı 6,8, digər sahələrin payı 19,9-dır (2011). ÜDM-in ölçüsünə görə MDB ölkələri arasında Belarus Rusiyadan və Ukraynadan sonra 3-cü yerdədir; ağıryüklü avtomobillərin, traktorların, dəzgahların, elektron cihazların və komponentlərin, kimyəvi liflərin, qatranların və plastik kütlələrin, k.t. məhsullarının istehsalı ilə seçilir.[2]
Sənayesi
[redaktə | vikimətni redaktə et]Diversifikasiya olunmuş və əsasən, ixrac yönümlü maşınqayırma, kimya və neft-kimya aparıcı sənaye sahələridir. Sənaye istehsalınında maşınqayırma və metal emalı 23,2%, yanacaq 21,3%, yeyinti 14,6%, kimya və neft- kimya 13,4%, elektroenergetika 5,5%, yüngül 3,6%, meşə, ağac emalı və sellüloz-kağız 4,4%, tikinti materialları sənayesi 5,1% təşkil edir (2008). Yanacaq-energetika resursları ehtiyatı məhduddur. Neft çıxarılır (2009-cu ildə 1,7 mln. t.; ölkə tələbatının təqribən 15%-ni ödəyir). İdxal edilən nef tin əsas hissəsi Rusiyanın neftçıxarma rayonlarından magistral neft kəmərləri sistemi vasitəsilə gətirilir. Elektrik enerjisi istehsalı – 32,0 mlrd. kVt·saat (2011), əksər hissəsi İES-lərdə hasil olunur (ən iriləri: Lukoml – 2400 min kVt, Smoleviçi – 987 min kVt, Beryozovka DRES-i – 920 min kVt, Qrodno İEM-2 – 170 min kVt). Belarusun enerji sisteminin istifadə etdiyi yanacağın 80%-indən çoxu Rusiyadan idxal olunan təbii qazın payına düşür. SES-lər respublikanın enerji təminatında mühüm əhəmiyyət kəsb etmir (21 SES-in ümumi gücü 11 min kVt təşkil edir). Energetikası daxili tələbatın təqribən 75%-ini ödəyir. Enerjinin çatışmayan miqdarı isə İqnalina (Litva) və Smolensk (Rusiya) AES-lərindən alınır.[3]
Belarusun metallurgiyası miqyasına görə böyük deyildir (2003-cü il də qara metallar prokatı 1,5 mln. t). Əsas metallurgiya zavodları: poladlıq çuqun zavodu (Jlobin), metal ovuntularından məmulatlar istehsalı zavodu (Molodeçno), alüminium ərintiləri zavodu (Qlubokoye) və s. Belarus maşınqayırma kompleksinin əsas sahəsi ağıryüklü avtomobillərin (2011-ci il — də 22,3 min ədəd) istehsalı üzrə ixtisaslaşan avtomobil istehsalıdır. "Belavtomaz" istehsalat birliyinə Minsk avtomobil zavodu (baş müəssisədir, 7,5–30 t yükqaldırma qabiliyyəti olan avtomobillər, yarımqoşqulu dartı maşınları, yükünü özüboşaldan maşınlar, taxta-şalban daşıyan maşınlar, qoşqular, xüsusi texnika və avtobuslar), Belarus avtomobil zavodu (Jodino; karyerlərdə faydalı qazıntıların açıq işlənilməsi üçün 40, 75, 110, 130-tonluq "BelAZ"-lar), Mogilyov avtomobil zavodu (karyerlər üçün yükünü özüboşaldan maşınlar, güclü dartı maşınları və skreperlər), Minsk təkərli yedəkçi maşınlar zavodu (yükqaldırma qabiliyyəti 25–70 t olan avtoqatarlar, seysmik kəşfiyyat və qazıma qurğularının montajı üçün və müxtəlif yük qaldırma qabiliyyətli şassilər), həmçinin avtomobil detallarının istehsalı üzrə ixtisaslaşmış müəssisələr (Minsk ressor, Baranoviçiaqreqat, Qrodnokardanvalları, Jodino ağır ştamplar zavodları və s.) daxildir.
Kimya və neft- kimya sənayesi mineral gübrələrin (2011-ci il də 6,3 min t.; əsasən, Starobinsk yatağındakı kalium duzlarının həqiqi resursları əsasında), yanacağın və sonrakı kimyəvi emal üçün yarım fabrikatların, sintetik qatranların və plastik kütlələrin (491,7 min t.), texniki rezin məmulatlarının, avtomobil şinlərinin (3,2 mln. ədəd) və s. istehsalında ixtisaslaşır. Aparıcı müəssisələri "Belaruskalium" kombinatı (Soliqorsk), Qomel fosfor gübrələri zavodu, "Azot" (Qrodno), Novopolotsk və Mozır neft emalı zavodları (ümumi gücü 45 mln. t.-dan artıqdır; 2004-cü il də 18,5 mln t. emal olunmuşdur),
Novopolotsk kimya kombinatı, "Belarus rezin-texnika" (Bobruysk). Plastik kütlə məmulatları (Borisov və Polotsk), lavsan (Mogilyov), kaprolaktam (Qrodno), laklar və boyalar (Lida), süni dəri (Pinsk) zavodları var. Bobruysk şəhərində Rusiya kauçuku əsasında şin istehsal edilir ("Belşina"). Respublikanın kimya kompleksində yeni isti qamət biotexnologiyaların intensiv inkişafıdır.
Meşə, ağac emalı və sellüloz-kağız sənayesi yerli meşə ehtiyatlarına əsalanır. Oduncağın sənaye tədarükü Qomel, Vitebsk, Minsk vilayətlərində və Brest vilayənin şəhərləində aparılır. Emal üçün yararlı oduncağa olan tələbatın təqr. 75%-i ehtiyatlar hesabına ödənilir. Ağac emalı (Bobruysk, Qomel, Mozır, Qrodno, Borisov); faner, kibrit (Peçitsa, Mostı, Pinsk), sellüloz-kağız (Svetloqorsk) istehsalı inkişaf etmişdir. İri dövlət konsernləri "Bellesbumprom", "Mozırdrev" xammalın tədarükündən hazır məhsulun satışına qədər olan bütün mərhələləri birləşdirir.
Yüngül sənaye müəssisələri trikotaj tikiş məmulatları (Minskdə "Milavitsa", "Alesya", Baranoviçi və Brestdəki fabriklər), ayaqqabı (Vitebskdə "Belvest"), xəz və dəri məmulatları istehsal edir. Yeyinti sənayesi müəssisələri ət, süd, yağ- piy məhsulları, makaron, çörək-bulka, şirniyyat məmulatları və s. istehsaledir. Belarus yüksək keyfiyyətli xörək duzunun iri istehsalçısıdır (Mozır yatağından çıxarılan daş duz əsasında).
Kənd təsərrüfatı
[redaktə | vikimətni redaktə et]Kənd təsərrüfatı yerlərinin sahəsi 9,11 mln. hektardır (ölkə ərazisinin 43,9%- i), o cümlədən 6,1 mln. ha (67%) əkin yeri, 2,8 mln. ha (31%) – biçənək və otlaqlardır. Bitkiçilik məhsulları üstünlük təşkiledir (2010-cu il də 55,2%). Çovdar, arpa, buğda, kartof, tərəvəz, şəkər çuğunduru, kətan və s. bitkilər becərilir. Həddindən artıq rütubətli torpaqların meliorasiyası vasitəsilə k.t. yerləri çoxaldılır. Qurudulmuş torpaq fondu 3 mln. ha-dan çoxdur, bitkiçilik məhsullarının 1/3 hissəsi onlardan alınır. Heyvan darlığın əsasını südlük-ətlik maldarlıq təşkil edir; şəhər ətrafı zonalar – südlük, bəzi meşəlik rayonlar isə – ətlik- südlük maldarlıq üzrə ixtisaslaşmışdır; hər yerdə donuzçuluq (ətlik və bekonluq kökəldilmə üstünlük təşkiledir) və quşçuluq var. Mal-qara növü üzrə ət istehsalının strukturu: mal əti və da na əti 44%, donuz əti 44%, quş əti 10%. Mal-qaranın və quşların ümumi sayı və heyvandarlıq məhsullarının istehsalı 1990-cı illərin əvvəlinə nisbətən aşağı düşmüşdür.
Kənd təsərrüfatı məhsullarının əsas növləri, min t
1991 | 2003 | 2011 | |
---|---|---|---|
Taxıl | 6296 | 5449 | 8375 |
Şəkər çuğunduru | 1147 | 1920 | 4485 |
Kartof | 8958 | 8649 | 7721 |
Tərəvəz | 918 | 2002 | 1979 |
Ətlik mal-qara və quş | 1065 | 605 | 1020 |
Süd | 6812 | 4683 | 6504 |
Yumurta (mln. ədəd) | 3718 | 2815 | 3752 |
Kənd təsərrüfatı məhsullarının təqribən yarısı əhalinin şəxsi təsərrüfatlarında və fermer təsərrüfatlarında istehsal olunur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "ВВП по ППС стран мира за 2016 год". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.
- ↑ "Экономика Республики Беларусь в цифрах" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.
- ↑ IEA statistics: Belarus 2012 Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine (ing.)