Qarabağlar (Kəngərli) — Vikipediya

Qarabağlar
39°25′31″ şm. e. 45°11′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Kəngərli rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.173 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.833 nəf.
Qarabağlar xəritədə
Qarabağlar
Qarabağlar

QarabağlarAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1]

Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tuncdəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar. Bəzi məlumatlara görə şəhərin əsasını XII əsrdə Şirvanşah Mənuçöhr qoyub. Şəhər kimi Elxanilər dövləti dönəmində (12561353) salınıb. Orta əsrlərdə Azərbaycanın qədim və iri şəhərlərindən biri hesab edilirdi. Mühüm ictimai – iqtisadi siyasi mərkəzlərindən biri olması məlumdur. Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından da göründüyü kimi çoxlu bağ və yaşıllıqlarla örtülmüşdü. Dağlardan axan kiçik çaylardan və bulaqlardan arxlar çəkilmişdi. Naxçıvanın ən qədim mədəniyyət mərkəzlərindən biri olub.

Alimlərin fikrincə, “Qarabağlar” sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub. Bu məlumat X əsr müəllifi Konstantin Baqruanarodnının Sibirdə yaşayan kəngərlərin bir tayfasının “qarabay” adlanması barədə dedikləri ilə uyğundur. Beləliklə, türk tayfası olan Qarabağlar Kəngərlərin bir qolu hesab edilirlər. Azərbaycan xalqının formalaşmasında, etnogenezində iştirak etmiş peçeneq-kəngərlərin bir qolu olan Qarabağlar öz adını bu yerlərə verib. Evliya Çələbi “Səyahətnamə” əsərində Qarabağlar kəndini belə təsvir edir: “Bu şəhərin özülünü Mənüçöhr qoyub. Şəhər çox qədimdir. İndi Naxçıvan torpağında ayrıca sultanlıq təşkil edir. III Mehtmet zamanında Türklərin əlindən çıxaraq farsların ixtiyarına keçib. Əmir Teymur Qarabağlarda böyük bir qoşun ilə beş ay qışlağa alıb. Şəhər çox abaddır, ətrafında ucsuz – bucaqsız münbit düzənlik yerləşir. Bizim xidmətçilər şəhərin içində 40-a qədər minarə sayıblar. Şükür Allaha, bu şəhərdə iqlimin və suyun yaxşılığı bizim əhvalımızı qaydaya saldı. Deyilənlərə görə, burada bağı və üzümlükləri olan 10 000-ə qədər ev, 70 mehrab, minarəli 40 cami var. Karvansaray, hamam və bazarlar da çoxdur. Onların sayı artmaqda davam edir. Bura bolluq diyarıdır. Şəhərdə gəzərkən bir bağban bizə 25 çeşid dadlı armud gətirdi. Bunları yeyərkən ağzında dondurma hiss edirsən. Yaqut rəngli nar yetişir. İrəvan düyüsündən bişirilən plov çox dadlıdır.

Tarixi Abidələri

[redaktə | vikimətni redaktə et]

Kənd ərazisində Son Tunc ilə Dəmir dövrlərinə aid olan Qalaçıq yaşayış yeri (E. ə II-I min illərdə), Qarabağlar qəbirstanlığı, Asnı Piri, Qoşa Minarə və başqa tarixi abidələr vardır.

Orta əsrlərdə (XII əsrdə) Qarabağlarda tikilmiş 16 metr hündürlüyündə olan qoşa minarəli məscidlə qəbirüstü türbə (1187-ci il) və başqa tarixi memarlıq abidələrini göstərmək olar. Tarixçi alimlər göstərirlər ki, Qarabağlar kəndindəki türbədə XIV əsrdə Elxan hökmüdarı Hülaki xanın arvadı Quti xatun dəfn olunmuşdur. Buna görə də, həmin abidəyə Quti xatun məqbərəsi deyirlər.

Qarabağlar kəndində yeddi sayda qəbrstanlıq vardır ki, onlardan üçü eramızdan əvvəlki dövrlərə aiddir. “Ocaq dibi” adlı qəbrstanlıqda üç sərdabə tipli “imamzada” kompleksi vardır. Kənddə haliyyədə iki məscid fəaliyyət göstərir ki, onlardan biri 109 il öncə İmam Musa Kazimin şəcərəsindən olmuş, xeyriyyəçi Məhəmməd ağa səyyid Yəqub oğlu tikdirmişdir. İndi isə məsciddə xeyriyyəçinin nəvəsi Məşhədi Mirağa Mir Hüseyn oğlu rövzəxanlıq edir. Kənddə əhaliyə mədəni sosial şərait yaradılmış, iki tam orta məktəb, mədəniyyət evi, kitabxana, istirahət parkı, 300 nömrəlik ATS, poçt-teleqraf qovşağı, həkim ambulatoriyası, gündəlik tələbat malları mağazaları, iaşə xidməti pavilyonları və sairə fəaliyyətdədir. Kənddəki istirahət parkını “Şöhrət” ordenli müharibə veteranı K. Kazımovun təşəbbüsü ilə salmışlar.

Qarabağlar kəndinin şimal-şərq hissəsində okean səviyyəsindən 1.280 metr yüksəklikdə qədim “Qalaçıq” şəhərinin xərabəlikləri qalır. Ora eramızdan əvvəl II-I min illiklərdə şöhrətli şəhərlərindən biri olmuşdur. Ərazidəki 2.000 metr yüksəklikdə “Pələng qayası” dağının cənub ətəklərində düzənlik sahədə Asnı bulağının suyu axmaqdadır. qırıntıları kolun budaqlarına bağlayarlar. Həmin bulaqdan 50 metr cənub istiqamətdə rayonda şöhrət tapmış “Asnı piri”nın binası vardır. Əvvəllər həmin yer (bina) 7x5x3 metr ölçüsündə dağ daşlarından hörülərək tək otaqdan ibarət olmuşdur. Otağın içərisində 3 metr ucalığında damın örtüyünə dayaq tirlər qoyulub. İki tağlı taxta qapı ilə pəncərəsi olan pir “evində” məzar yeri vardır. Həmin qəbir 1999-cu ildə bərpa olunaraq betonla üstü örtülmüşdür. Məzarüstü qədim sufi əlifbası ilə yazılmış daş kitabə oradakı çəkisi 4-5 kiloqrama çatan Qara daş (meteorit) yoxa çıxmışdır. Kənddəki yaşlı adamların söyləməsinə görə pirdəki məzar sahibi qədimlərdə Göycə gölündə itirdiyi əl ağacının içərisində gizlətdiyi qızıl sikkələri burada tapmış tacir (bivaris) Həmdullahınkıdır.(Həmin şəxsin adını əvvəllər pirdə mücövür olmuş mərhum Binət kişinin oğlu 90 yaşlı Qarabağlarlı [2] məşhədi Məhərrəm kişi bildirmişdir. ) 2005-ci ilin 6 dekabr tarixli Naxçıvan MR Ali Məclisi sədrinin imzaladığı sərəncamla Muxtar Respublikanın hər yerində olduğu kimi Qarabağlar kəndində də, tarixi və mədəniyyət abidələrinin qorunub saxlanması və passportlaşdırılması işləri sürətlənərək kənddəki orta əsrlərdən qalma memarlıq abidələri ilə bərabər Asnı piri də, yenidən təmir bərpa olunmuşdur.[2]

14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən İrəvan quberniyası, Naxçıvan qəzası, Əliabad şöbəsi, Xok kənd cəmiyyəti tərkibinə daxil olan Qarabağlar kəndində 192 evdə şiə etiqadlı müsəlman tatarlardan[3] (189 evdə 587 nəfəri kişilər və 458 nəfəri qadınlar olmaqla toplam 1.045 nəfər) və sünni etiqadlı müsəlman kürdlərdən (3 evdə 11 nəfər kişilər və 9 nəfəri qadınlar olmaqla toplam 20 nəfər) ibarət 1.065 nəfər (598 nəfəri kişilər, 467 nəfəri qadınlar) əhali yaşayırdı.[4]

Əhali əsasən taxılçılıq, tütünçülük və heyvandarlıqla məşğuldur. Qarabağlar kəndində qədim türk dilli oğuz tayfaları yaşayırlar. Onlar Bəydillilər (qədim Qalaçıq əhalisidirlər), Turxanlılar, Süleymanlılar, Cığallılar, Ağahəsənlilər, Alamədətlilər və sonradan məskunlaşmış “Daşməhəlləli” tayfalardırlar.

2009-cu il Azərbaycan Respublikasının əhalinin siyahıya alınmasına görə isə əhalinin sayı 5833 nəfərdir.[5]

Məşhur şəxsiyyətləri

[redaktə | vikimətni redaktə et]
  • Şahin Səfərov – Ədəbiyyatşünas, tənqidçi, Filologiya elmləri doktoru (1983), professor (1987), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Respublikasının əməkdar müəllimi. "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru (1972-1992), "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin eyni adlı nəşriyyatının direktoru (1993-1994), "Şəhriyar" qəzetinin redaktoru (1994-1995), Bakı Şəhər Sovetinin deputatı.
  • Qaraş Mədətov – tarixçi, Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941-1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor.
  • Kamran Rəhimov – Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor. Azərbaycan SSR Xalq Maarifi naziri, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi.Azərbaycan Kommunisti jurnalının baş redaktoru. Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
  • Şükür Sadıqov – Görkəmli Alim.
  • Qurban Qurbanov (dramaturq) – Dramaturq, 1939-cu ildən Yazıçılar Birliyinin üzvü.Naxçıvan Dövlət Teatrının direktoru.
  • Seyfulla Qurbanov – alim, texnika elmləri namizədi.
  • Növrəstə Quliyeva — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).
  • Əbülfəz Babayev – Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Sumqayıt şəhər bələdiyyəsinin sədri. Texnika elmləri doktoru, professor. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü.
  • Eldar NovruzovAzərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini. Biologiya elmləri doktoru, dosent. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü.[6].

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Qarabağlar kəndində 2008-ci ildə yaradılan və hazırda illik istehsal gücü 120 tona çatan “Asnı” Qızılxallı Alabalıq (forel) Yetişdirmə Təsərrüfatı nəinki Kəngərli rayonunun, eləcə də muxtar respublikanın balıq məhsullarına olan tələbatını ödəmək üçün bazarda təzə forel balığının satışını təşkil edir. Bundan əlavə, forel balığının konservləşdirilib ticarət şəbəkələrinə göndərilməsini də təşkil edir. Bu balığın 200 qramlıq qablarda tomatlı və zeytun yağlı konservləri də satışa çıxarılır. Hazırda konserv sexinin istehsal gücü ayda 10 min qutudur.[7]

Kənddəki şəxsi təsərrüfat sahibləri Naxçıvan diyarında şöhrət tapmış qırmızı rəngli “Qarabağlar soğanı”nı əkib becərirlər.[2]

  1.   Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. 1 2 3 "Arxivlənmiş surət" (PDF). 2012-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-14.
  3. Qeyd: azərbaycanlılardan
  4. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  6. "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.
  7. Abadlıq və quruculuğun yeni ünvanı: Kəngərli[ölü keçid]