Qazanzəmi — Vikipediya
Qazanzəmi | |
---|---|
39°25′40″ şm. e. 46°44′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.260 m |
Saat qurşağı | |
Qazanzəmi — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Qazanzəmi kəndi Dağ Tumas kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qazanzəmi kənd Soveti yaradılmışdır.[2] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kəndin adı Qazan (şəxs adı) və zəmi (əkin yeri) sözlərinden ibarət olub, "Qazanın yeri, əkin sahəsi" mənasındadır.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qazanzəmi kəndinin ətraf ərazisi Xocavənd və Qubadlı rayonlarının torpaqları ilə həmsərhəddir. Qazanzəmi kəndi Cəbrayıl bölgəsinin şimal-qərb sərhəddində yerləşən ən ucqar yaşayış məntəqəsi olsa da, çox abad kəndlərindən biri idi. Zəhmətdən, əməksevərlikdən qorxusu olmayan kənd əhalisi halal zəhmətləri hesabına özlərinə gözəgəlimli, abad, çox gözəl şərait, gün-güzəran düzəltmişdilər. Iki mərtəbəli və ya kürsülü, aynabəndli, damı dəmirli daş evlər tikdirmiş, qapılarına yaxın-uzaq məsafələrdəki bulaqlardan su xətləri çəkdirmiş, su kalonkaları, əsasən odunla qızdırılan hamamlar tiktirmişdilər. Evlərində bir çoxları isə istilik sistemləri quraşdıraraq müasir tələblərə və şəraitə uyğun həyat tərzi keçirməkdə qərarlı olmuşdular. Kənddə ümumi istifadədə olan təhsil, səhiyyə, mədəniyyət, ticarət və iaşə müəssisələri də fəaliyyət göstərirdi.
Sovet hakimiyyəti illərinədək uzun əsrlər boyu kənd seçkinləri ancaq mollaxana təhsili ilə kifayətlənmişdilər. Onlar da XVII əsrin ortalarından Nuxa mədrəsəsinin filialı kimi fəaliyyət göstərən Çələbilər kəndinin məsçid və hücrələrində çərəkə təhsili alanlar olmuşdular. Sovet hökuməti tərəfindən savadsızlığın ləğvi ilə bağlı 30-cu illərdə gecə kursları təşkil edilir, 1932-33-cü dərs ilində isə ibtidai təhsil verən müstəqil məktəb – Qazanzəmi kənd dördillik məktəbi açılır. 1947-ci ildə həmin məktəbin bazasında Qazanzəmi kənd yeddillik məktəbi, sonra isə həmin məktəb 1962/63-cü dərs ilində səkizillik, 1987-ci ildə isə ümum orta təhsil verən Qazanzəmi kənd orta məktəbinə çevrilir. Müxtəlif dövrlərdə isə bir-birinin ardınca kənd kitabxanası, klub, feldşer-mama məntəqəsi, mağaza, bufet-çayxana kimi ayrı-ayrı xidmət sahələri üzrə müvafiq müəssisələr fəaliyyətə başlayır. Bunu da qeyd etmək lazımdır ki, siyahıya almalarda Qazanzəmi kəndi sovet hakimiyyəti illərinədək ayrı bir yaşayış məntəqəsi və ya kənd kimi qeydə alınmamışdır. Siyahıya almalarda əhalisi Tumaslı tayfaları ilə qarışıq halda, bir sırada və bir tərkibdə siyahıya alınmışdılar.
Ancaq sovet hakimiyyəti illərində təsis edilən Dağtumas kənd sovetinın inzibati ərazi vahidində yerləşən yaşayış məntəqələrindən bir kimi adı ayrıca qeydə alınmışdır. Əhalisi başqa kənd icması kimi təsərrüfatbaşına kitablara salınmışdır. Söyüdlü, Xanağabulağı kimi ətrafındakı kiçik yaşayış məntəqələri də onun tərkibində göstərilmişdir. 1933-cü ildə Qazanzəmi, Söyüdlü, Xanağabulağı kəndlərini əhatə edən və mərkəzi malikanəsi Qazanzəmi kəndində yerləşən kolxoz qurulmuş və kolxoza Kalininin adı verilmişdir.
Ilk kolxoz sədri isə 30-cu illərdə "banditlərə" qarşı mübarizə aparmaq üçün təşkil edilən qırmızı partizan dəstələrinə qoşulan Məhəmməd Imiş oğlu seçilmişdi. Lakin üstündən az keçməmiş camaatın təzyiqi ilə onu Mustafa Molla Abasqulu oğlu əvəz etmişdir. Lakin rayon rəhbərliyi yenidən Məhəmməd Imiş oğlunu kolxoz sədri vəzifəsinə qaytarmağa cəhd göstərir. Seçki iclası keçirilərkən rayon nümayəndəsi kolxoz üzvlərinin ciddi müqavimətinə rast gəlir. Bu hadisə 1938-ci ilin qış aylarında baş vermişdir. Sözündən dönməyən rayon nümayəndəsi o zaman belə bir fikir ortaya atır. Kolxoz sədri nə biz deyən, nə də siz deyən şəxs olmayacaq. Özünüzə üçüncü bir şəxsi kolxoz sədri seçməyi məsləhət görürəm. Bu zaman çoxluğun razılığı ilə kəndin ilk komsomolçularından olan və öz diribaşlığı ilə seçilən Ələkbər Məhəmməd oğlu kolxoz sədri seçilir və 4 ilə yaxın daha doğrusu, haqq dünyasına köçənədək bu vəzifədə çalışır. Ələkbər Məhəmməd oğlu haqqında nəql edirlər ki, Böyük Vətən müharibəsi başlayan zaman gənc kolxoz sədri də hərbi səfərbərliyə alınır. Çağırış vərəqəsini alıb evinə gələn Ələkbər Məhəmməd oğlu həmin gün soyunub yatağına girərkən üzünü göylərə tutaraq deyir: "Ya Allahım, əgər mən sabah yola düşəcəyim o uzaq yerlərdə ölüb-qalacağamsa, od-alovun içindən sağ-salamat geri qayıtmayacağamsa elə bu gecə canımı al. Məni o qərib yerlərdə öldürmə". Deyilənə görə həmin gecə sağ-salamat yuxuya gedən Ələkbər Məhəmməd oğlu bir daha yuxusundan ayrılmır, haqq dünyasına köçür. Bir müddət isə həmin vəzifədə yerinə Əmrah Zülfüqar oğlu işləyir. Müharibədən sonrakı illərdə Mustafa Molla Abasqulu oğlu təkrar kolxoz sədri vəzifəsinə seçilir. Lakin bu dəfə onun bəxti gətirmir. Kənddə baş verən oğurluq hadisəsi ilə bağlı gözaltına alınır. Daha doğrusu, "Sovet müəlliminə şər atdığına görə" həbs edilir.
40-cı illərin sonunda Qazanzəmi, Söyüdlü, Xanağabulağı kəndlərini əhatə edən Kalinin adına kolxoz, Çullu kəndində təşkil edilmiş Jdanov adına kolxoz, Dağtumas kəndində fəaliyyət göstərən Vorosilov adına kolxoz, Qarağac, Sofulu, Çələbilər kəndində təşkil olunmuş Qara İlyasov adına kolxoz, Dağmaşanlıda təşkil edilmiş M.C.Bağırov adına kolxoz ləğv edilərək onların bazasında mərkəzi malikanəsi Dağtumas kəndində yerləşən iriləşdirilmiş Cdanov adına kolxoz yaradılır. Cdanov adına kolxozun da ömrü uzun olmur. 1963-cü ildə Cdanov adına kolxoz iki yerə bölünür. Sovet hökumətinin əhli-kef rəhbəri N.S.Xuruşovun iriləşdirilmiş kolxoz demokratiyası da özünü doğrultmur.
Yenidən kolxoz bölgüsü aparılarkən mərkəzi malikanəsi Çullu kəndində yerləşən və Qazanzəmi, Söyüdlü, Xanağabulağı kəndlərinin də daxil olduğu ikinci bir təsərrüfat – Xanlar adına kolxoz təşkil edilir. 1971-ci ildə Dağtumas kənd sovetinin inzibati ərazisində dövlət təsərrüfatı yaradılır. Jdanov adına Dağtumas üzümçülük savxozu təşkil edilərkən Xanlar adına kolxoz da ləğv edilərək ərazisi həmin sovxozun tərkibinə daxil edilir. 1980-ci illərin sonunda yenidənqurmanın gətirdiyi abı-hava ilə əlaqədar olaraq sovxozların ləğv edilməsi, xırda təsərrüfatlara bölünməsi prosesi başlayır. Jdanov adına üzümçülük sovxozunun da bazasında üç kolxoz yaradılır. Bunlardan biri də böyük Azərbaycan şairi Məmməd Hüseyn Şəhriyarın adını daşıyan kolxoz olur. Belə ki, mərkəzi malikanəsi yeni qəsəbədə bərqərar olan Dağmaşanlı kəndində yerləşən və Qazanzəmi, Söyüdlü, Xanağabulağı kəndlərini birləşdirən Şəhriyar adına kolxoz təsis edilir.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd rayon mərkəzindən 55 km qərbdə, Qarabağ silsiləsinin Araza sallanan əfsanəvi Gəyən düzündə ətəyi sonuc tapan, ən hündür zirvəsi, dəniz səviyyəsindən yüksəkliyi 1900 m olan Tumas-Ata dağının arxa hissəsində, onu Ziyarət və Topağac zirvələrindən ayıran Mardarıx dərəsinin quzey çevirməsində, daha doğrusu, günəvər üzündə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisinin sayı 01.01.2008-ci ilin statistik məlumatına görə 462 nəfərdir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq, bağçılıq, üzümçülük, bostan-tərəvəzçilik və arıçılıq təşkil edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
- ↑ "Bu kəndlər də işğaldan azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 28 oktyabr 2020. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2020.
- ↑ Qazanzəmi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |