Səməd Mənsur — Vikipediya
Səməd Mənsur Kazımzadə | |
---|---|
Səməd Hacı Əhməd oğlu Kazımov | |
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | |
Fəaliyyəti | şair, yazıçı, dramaturq, jurnalist, teatr xadimi |
Səməd Mənsur Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur[2]. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır[1] . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir[1].
Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir[1]. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir[1]. Səməd Mənsur ağır maddi çətinliklərə baxmayaraq, hələ 1917-ci ildə "Turan" adlı elektrik mətbəəsi təsis etmiş, burada ta 1920-ci ilin may ayına, bolşevik istilasına qədər naşirlik işiylə məşğul olmuşdur[3]. O, yaradıcılığının ən məhsuldar dövründə – 1918–1919-cu illərdə "Şeypur" satirik jurnalının naşiri olmuş, eyni zamanda "Hümmət" firqəsinin orqanı olan "Azərbaycan füqərası" qəzetinin çıxmasına yaxından köməklik göstərmişdir[4]. 1925-ci ildə maarifpərvərlər tərəfindən "Azərbaycan ədəbiyyat cəmiyyəti" təşkil edildiyi gündən etibarən Səməd Mənsur cəmiyyətin ən fəal üzvlərindən biri və təftiş komissiyasının üzvü idi. Səməd Mənsur ömrünün axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışmışdır.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Səməd Mənsur yaradıcılığa qəzəllə başlamış şairin əsasən əruz vəznində olan əsərləri klassik formalara və janrlara meyli ilə səciyyələnir. XX əsrin əvvəllərində poeziyada ictimai-siyasi mövqedən çıxış edən sənətkarlardan biri də Səməd Mənsur idi. Səməd Mənsur klassik sənət ənənələrini davam etdirməklə yanaşı, Azərbaycan poeziyasına original fikir, ifadə tərzi gətirdi[5] . Bakıda "Məcməüş-şüəra" ədəbi məclisinin məşğələlərində iştirak edib oxuduğu lirik şeirlərlə tanınmış şairlərin rəğbətini qazanan gənc şairə "Mənsur" (mənası: qalib gəlmiş, üstünlük qazanmış) təxəllüsünün verilməsi sənət aləminə yeni bir istedadın gəlişini göstərirdi[6]. O, realist mövqeyi ilə seçilərək dövrünün ən aktual məsələlərini poeziyasının mövzusu seçmişdir. İstedadı, yaradıcılığının fərdi üslub keyfiyyətləri şairin lirikasında açılmış, sənətkarın dünyagörüşü, fəlsəfi ümumiləşdirmələri, həyat haqqında düşüncələri bu janrda daha müvəffəqiyyətlə işlənmişdir. Zəngin satirik irsi və ciddi lirik əsərləri Səməd Mənsur yaradıcılığının lirik-satirik üslubunu müəyyənləşdirmişdir. Səməd Mənsurun şairlik fəaliyyəti iki istiqamət üzrə davam etmişdir: satirik və lirik. Lirik şeirlərində klassik poeziyamızın zəngin yaradıcılıq ənənələrini davam və inkişaf etdirən Səməd Mənsur həssas, zərif duyğuları, həmçinin narahat şair ovqatının nisgilli yaşantılarını, cəmiyyətdə müşahidə etdiyi haqsızlıqlardan qaynaqlanan bədbin düşüncələrini təsirli bədii vasitələrlə poetikləşdirmiş, qəzəl, müxəmməs, müsəddəs və digər janrlarda yazdığı lirik şeirlərin əksəriyyəti romantik qayəsi ilə seçilirdi[6]. Satirik şeirlərində şair Mirzə Ələkbər Sabirin yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. O, "Tuti", "Şeypur", "Molla Nəsrəddin" və digər mətbuat orqanlarında "Pampuşalı", "Kənarçı Pampuşalı", "Mütəşair" və s. imzalarla çoxsaylı satirik şeirlər və felyetonlar dərc etdirmişdir. Zəngin lirik və satirik irsi olan sənətkar məqalə və felyetonlar yazmış, iki il satirik "Şeypur" jurnalının naşiri olmuşdur. "Şeypur" imzası ilə yazmış olduğu "Altı ay", "Əsgərlik", "Qramofon", "Tiflis duması", "Barışırlar", "Nə var, nə yox", "Bir gün", "Gürcü-erməni vuruşması" kimi məqalə və felyetonları üslub cəhətdən sadə, müəllif təhkiyəsi aydın, ardıcıl və bitkindir. "Şeypur" jurnalının on üç nömrəsində dərc olunmuş "Ziyalılar" silsilə felyetonları günün siyasi məsələlərindən bəhs edən ictimai-satirik xarakterli felyetonlardır.[1] Səməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. "İçkilər, oflar", "Ey həkim", "Qarabağlı", "Qələmim" belə satirikşeirlərdəndir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbih və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır. Füzulinin çox məhzun və mütəəssir bir lirika ilə yazdığı məşhur "Ey həkim" rədifli qəzəli vardır. Burada aşiq həkimə müraciətlə eşq dərdindən şikayət edir:
Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Səməd Mənsur isə ayrı münasibətlə həkimə müraciət edir. O, Bakıda yoxsulluq, pulsuzluq ucbatından həkimə gedə bilməyən xəstələrin şikayətini qələmə almışdır. İnsafsız və pulpərəst həkimlər belə xəstələri qapıdan qovurdular. Şair həmin xəstələrin dilindən yazır:
Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!
Nəbzimi bihudə sıxma, çəkmə azar, eyhəkim!
Ət yemək pəhrizini əmr etmə kim bazardə,
Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim.
Səməd Mənsur ən məşhur "Həbsi rəngdir" şeirini 1919-cu ildə yazmışdır[7]. Bu şeir şairin yaradıcılığında xüsusi yer tutur. Şair əslində varlıq aləmini yoxluqla müqayisə edərək fəlsəfi anlamda hər şeyin rəngdən ibarət olduğunu yazır. Səməd Mənsurun "Həpsi rəngdir" şeiri riya və yalan aləmində yaşayan insanın inamsızlığını, ümidsizliyini göstərir.
Uyma, ey dil, xəlqidə yoxdur sədaqət, rəngdir,
Məscidü meyxanə rəng, eyşü-ibadət rəngdir.
Muyü riya, məşuqə gəş hüsnü vəcahət rəngdir.
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.
Müəllifin dramaturji yaradıcılığına "Maarif", "Cinayət", "Dərviş", "Rəzalət səbəbləri", "Mükafat", "Aktyor", "Dövlətin təhsili və təsiri" kimi pyeslərini göstərmək olar. Həcmcə kiçik olan bu əsərlərdə sosial-mənəvi problemlər diqqət mərkəzinə çəkilmişdir. Müəllif pyeslərində dramatik situasiyaların mahiyyətini, obrazların daxili aləmini, dünyagörüşünü daha dərindən təqdim etmək üçün mətn daxilində verilən müvafiq şeir parçalarından istifadə etmişdir. 1920-ci ildən sonrakı illərdə Səməd Mənsurun pyesləri müxtəlif teatrların səhnələrində tamaşaya qoyulmuşdu.
İrsinin tədqiqi
[redaktə | vikimətni redaktə et]Səməd Mənsurun yaradıcılığı müxtəlif tədqiqatçılar tərəfindən araşdırılmış və diqqət mərkəzində olmuşdur. Şair-alim Arif Abdullazadə "Sədaqət ümidli" esse-məqaləsində Səməd Mənsur yaradıcılığını öz baxış bucağından nəzərdən keçirir, lirikasını, satiralarını, pyeslərini araşdırmışdır[8]. Nazif Qəhrəmanovun "Bir ömrün rəngləri" monoqrafiyasında bol informasiya, xatirələrlə, dəqiq faktlarla Səməd Mənsurun şəxsiyyəti, əsərləri haqqında daha canlı təəssürat mövcuddur[9] . Professor Bədirxan Əhmədovun "Qəribə taleli şair" məqaləsi S. Mənsurun həyatına, əsərlərinə aydınlıq gətirmək, xüsusilə satirik şeirlərinin şərhi ilə oxucunu məlumatlandırmaq baxımından maraqlıdır[10] . Abbas Çingizin publisistik yazıları, M. Adilovun şairin irsinə aid elmi məqalələri şairin yaradıcılığını şərh edən dəyərli tədqiqatlardır.Təyyar Salamoğlu "Faciəli talelər" portretoçerkində Səməd Mənsurun həyat və yaradıcılığı haqqında qısa məlumat verərək lirik və satirik əsərlərini tədqiq etmiş, xüsusilə "Həpsi rəngdir" şeirinə dair mülahizələrini bildirmiş, təxmislərini araşdıraraq nümunələr təqdim etmişdir[11].
Akif Səmədin "Dünya özü rəngidir"[12], Səadət Bünyadzadənin şairin "Tuti" jurnalında fəaliyyətindən bəhs edən məqalələri, Ağamir Heydərovun, qeydləri də maraqlı nümunələrdir. Sona Xəyalın tərtibatında "Birinin bayramı, birinin matəmi"[13], "Seçilmiş əsərləri" kitabları Səməd Mənsurun xatirəsinə gözəl bir hədiyyədir. 2006-cı ildə Səməd Mənsurun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan "Seçilmiş əsərləri"ndə şairin bir neçə əsər istisna olmaqla, tam külliyyatı toplanmışdır. Tədqiqatçılar Təranə Hüseynova və Abbas Abdullayevin tərtib etdiyi bu kitabın ərsəyə gəlməsində mərhum mətnşünas Əliheydər Hüseynovun böyük əməyi olmuşdur. Filologiya üzrə fəlsəfə doktoru Yadigar Əsgərovanın Səməd Mənsurun anadan olmasının 140 illiyinə həsr edilmiş Səməd Mənsur. Həyat və yaradıcılığı monoqrafiyası da önəmli tədqiqatlardan biridir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Xəyal Sona. Səməd Mənsur: ədəbi irsə maraq. "Ədəbiyyat"
- Mehdiyeva Yadigar. Səməd Mənsurun həyat yolu. "Cümə axşamı" qəz., 2000, 13–19 yanvar qəz., 2006, 23 iyun.
- Rəhimli İlham. Azərbaycan teatr tarixi. Dərslik. Bakı: Çaşıoğlu, 2005, 156
- Sultanlı Əli. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1964, s.135.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 Əsgərova, Yadigar. Səməd Mənsur. Həyat və yaradıcılığı. Bakı. 2019. 16–17. ISBN ISBN 978-9952-526-04-2.
- ↑ İqtisadi xəbərlər. №1, (91), 92,54. 1927.
- ↑ Mehdizadə, İntiqam. "Qələmlə yaxılmış rənglər.YAXUD YADDAŞLARDAN SİLİNMƏYƏN SƏMƏD MƏNSUR HİKMƏTLƏRİ". 525-ci qəzet: s.30. 2024-01-29 tarixində arxivləşdirilib.
- ↑ Səməd, Mənsur. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb. 2006. 5–8.
- ↑ S.N.Əhmədova. SƏMƏD MƏNSUR. Bakı: Pedaqoji Universitetin Xəbərləri. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası. 2021. s. 18-28.
- ↑ 1 2 Həşimli, Hüseyn. "Mənəvi müasirimiz". Archived from the original on 2024-01-30. İstifadə tarixi: 2024-01-30.
- ↑ İlqar, Fəhmi. "İstiqlal nəğməsinə təşnə şair Səməd Mənsur-140". Mədəniyyət. 30 yanvar, 2019: s.6. 2024-01-29 tarixində arxivləşdirilib.
- ↑ Abudllazadə, Arif. Sədaqət ümidli. 1988.
- ↑ Ələkbərli, Nazif. Bir ömrün rəngləri. Bakı: Elm. 2000.
- ↑ Əhmədov, Bədirxan. Qəribə taleli şair. (Səməd Mənsur haqqında). Bakı. 1989.
- ↑ Salamoğlu, Təyyar. Faciəli talelər. (Azərbaycan repressiya və mühacirət şeirinə dair portret-oçerklər). Bakı: Elm. 1988.
- ↑ Ələkbərov, Faiq. Səməd Mənsur. Cəmiyyət və din. 2012.
- ↑ Mənsur, Səməd. Birinin bayramı, birinin matəmi. Bakı: Nurlan. 2007.