Seyfəddin Qəndilov — Vikipediya

Seyfəddin Qəndilov
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1930(1930-09-26)
Doğum yeri
Vəfat tarixi 20 iyul 2010(2010-07-20) (79 yaşında)
Vəfat yeri
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti alim
Uşağı
Elmi fəaliyyəti
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Təltifləri "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı

Seyfəddin Mirtağı oğlu Qəndilov (26 sentyabr 1930, Tərtər20 iyul 2010, Bakı) — əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru (1999–2010).

Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1953–1956-cı illərdə aspiranturada təhsilini davam etdirmiş, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-cu ildə professor, sonrakı illərdə "Respublikanın Əməkdar Təbliğatçısı" və "Respublikanın Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülmüşdür.

Professor Seyfəddin Qəndilov uzun illər tarixçi-politoloq kimi dərin siyasi biliyi, elmi-pedaqoji səriştəsi, təşkilatçılıq qabiliyyəti ilə tanınan mütəxəssis olmuşdur. O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışmışdır.

Elmi-pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

S. Qəndilovun tədqiqatlarının nəticələri 400-ə qədər elmi məqalədə, bir çox monoqrafiya və dərsliklərdə əks olunmuşdur. Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilmişdir. Professorun elmi-tədqiqatlarının mühüm bir istiqamətini siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil etmişdir. O, bu sahədə də geniş fəaliyyət göstərərək xarici siyasət məsələlərinə dair çap olunmuş kitabların və çoxsaylı elmi məqalələrin müəllifi və redaktoru olmaqla bərabər, həm də peşəkar və yüksək ixtisaslı siyasi icmalçı, politoloq kimi respublikada və onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmışdır.

Alimin müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərinə dair yazıb çap etdirdiyi "Avropa Təhlükəsizliyi", "Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə", "Milli azadlıq hərəkatı və müasir dövr" kitabları, Yaxın Şərq, Latın AmerikasıAfrika qitəsinin problemlərinə dair elmi məqalələri, Azərbaycan tarixinə dair və eləcə də beynəlxalq aləmdə baş verən hadisələrin şərhi ilə əlaqədar müntəzəm televiziya çıxışları, respublikanın müxtəlif guşələrindəki məruzə və mühazirələri ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Professor S. Qəndilovun səmərəli yaradıcı fəaliyyətinin vacib və əhəmiyyətli istiqamətlərindən birini də onun elmi-metodik işləri təşkil etmişdir. 1989-cu ildən Azərbaycanın ali məktəblərində tədris olunan "Siyasi tarix" fənninin geniş işçi proqramı və ilk dərsliyinin hazırlanması məhz onun adı ilə bağlıdır. Seyfəddin Qəndilov respublikada ali təhsilin təkmilləşdirilib elmi əsasda yenidən qurulması sahəsində görülən işlərdə də yaxından iştirak etmişdir. Onun bilavasitə rəhbərliyi altında 1995-ci ildə Təhsil Nazirliyinin işçi qrupu tərəfindən "Ali məktəblərdə humanitar elmlərin tədrisi və tədqiqinin təkmilləşdirilməsi konsepsiyası", 1997-ci ildə isə Nazirliyin ekspert qrupu tərəfindən "Humanitar elmlər üzrə ali təhsilin istiqamət və ixtisaslarına dair dövlət standartları" barədə sənədlər işlənib hazırlanmışdır.

Təşkilatçılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə prof. S. Qəndilov 1999-cu il fevralın 19-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, 2001-ci il oktyabrın 1-də isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilmişdir. O, dəfələrlə mötəbər beynəlxalq konfrans və elmi simpoziumlarda Azərbaycanı təmsil etmiş, müxtəlif elmi-metodiki və siyasi problemlərə dair məruzə və mühazirələrlə çıxış etmişdir. S. Qəndilov tanınmış ziyalı və ictimaiyyətçi alim kimi də ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

Professor S. Qəndilovun təşkilatçılığı və rəhbərliyi altında kadr hazırlığı istiqamətində mühüm işlər görülmüşdür.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (1999–2003). 424 səh., "Çaşıoğlu" nəşriyyatı, 2004.
  2. Dövlət İdarəçilik Akademiyası Heydər Əliyev dühasının bəhrəsidir. 444 səh., "Çaşıoğlu" nəşriyyatı, 2005.
  3. Müstəqillik illərinin düşüncələri. 501 səh., "Naksiana" nəşriyyatı, 2006.
  4. Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm: İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2003–2006) I Kitab −944 səh., "Azərbaycan" nəşriyyatı, 2007.
  5. Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm: İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2003–2006) II Kitab – 754 səh., "Azərbaycan" nəşriyyatı, 2008.
  6. Dövlətçilik təfəkkürü, idarəçilik məharəti. 432 səh., "Azərbaycan" nəşriyyatı, 2009.
  7. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (1999–2009). 304 səh., "Azərbaycan" nəşriyyatı, 2009.
  1. Avropa Təhlükəsizliyi. Bakı.
  2. Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə. Bakı.
  3. Milli azadlıq hərəkatı və müasir dövr. Bakı.
  4. Azərbaycanda partiya quruculuğu məsələləri. Bakı, 1971, 292 səh.
  5. Dövrümüzün zəkası. Bakı, 1971, 85 səh.
  6. Milli azadlıq hərəkatı və müasir dövr. Qəndilov S., X. Əhmədov. Bakı, 1980, 72 səh.
  7. Coşqun yüksəliş illəri. Bakı, 1984, 180 səh.
  8. Siyasi tarix. Bakı, 2000, 177 səh.
  9. Dövlət idarəçilik nəzəriyyəsi. Bakı, 2010, 552 səh.