Sonrakı dövr (Misir) — Vikipediya
Sonrakı (Liviya-Sais, İran) dövr e.ə. təqr. 1070–332-ci illərdə XXI–XXVI sülalələr hakimiyyət dövrü. Bu dövrdə Misirin xarici qüdrətinin zəiflənməsi və qonşu ölkələrin siyasi hakimiyyəti altına düşməsi ilə saəciyyələnir. E.ə. X əsrin sonunda (e.ə. təqr. 950–920-ci illərdə) Liviya mənşəli Şeşonk Misirdə hakimiyyəti ələ keçirərək XXII sülalənin əsasını qoymuş olur. Bu sülalənin fironlarının Asiyada fəal hərbi siyasət yeritmək və Misiri vahid dövlətdə birləşdirmək cəhdləri boşa çıxdı. E.ə. VIII əsrin ikinci yarısında efiop hökmdarı Pianhi Misiri ələ keçirdi və e.ə. təqr. 715–664-cü illərdə hökmranlıq etmiş XXV sülalənin əsasını qoyur. Bu sülalənin fironu Şabaka Misiri vahid dövlətdə birləşdirməyə nail olur. E.ə. 671-ci ildə Misiri Assur hökmdarı Asarxaddon işğal edir. Sais hökmdarı I Psammetik e.ə. təqr. 663–610-cu illərdə Misir öz hakimiyyəti altında birləşdirərərk XXVI sülalənin əsasını qoydu və ölkəni Assuriya əsarətindən qurtardı. Bu dövr Misir dövləti və mədəniyyəti özünün son çiçəklənmə dövrünü yaşadı. Bu zaman məhsuldar qüvvələr, kənd təsərrüfatı, sənətkarlıq, ticarət daha da inkişaf etdi, dəmir əmək alətləri və silahları daha geniş yayıldı. Firon II Nehonun dıvründə e.ə. təqr. 610–595-ci illərdə Nil çayını Qırmızı dənizlə birləşdirən ilk kanalın inşasına başlanıldı. Fironun göstərişi ilə Finikiya dənizçiləri Afrika ətrafına səyahət etdilər. II Yaxmosun dövründə (e.ə. təqr. 569–525-ci illərdə) e.ə. 525-ci ildə Əhəməni hökmdarı Kambiz Misiri zəbt etdi və onu İranın satraplığına (vilayətinə) çevirdi. E. ə. 404–392-ci ildə Misir müvəqqəti istiqlaliyyət qazandı. Lakin e.ə. 341-ci ildə farslar Misirdə öz hakimiyyətlərini yenidən bərpa etdilər. E.ə. 332-ci ildə Misir Makedoniyalı İsgəndər tərəfindən zəbt edilir.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
- Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh. 596–599, Bakı, 1982