Vəcihə Səmədova — Vikipediya

Vəcihə Səmədova
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti rəssam
Təhsili
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d]
Janr portret
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964

Vəcihə Əli qızı Səmədova (24 noyabr 1924, Bakı24 oktyabr 1965, Bakı) — Azərbaycanın ilk peşəkar qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib. Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.

Vəcihə Əli qızı Səmədova 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli ilə evdar qadın Rübabə Səmədovanın ailəsində anadan olmuşdur. Vəcihənin atası Kərbəlayi Əli Qars azərbaycanlısı idi. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olur. Rübabə xanım isə İranın Qum şəhərindən gəlmiş azərbaycanlı ailəsindən idi. Cütlüyün Vəcihədən başqa övladları olsa da, sadəcə Vəcihə və bacısı Solmaz yetkinlik yaşına çata bilmişdir. Vəcihə Səmədovanın uşaqlı illəri İçərişəhərdə keçib. Kiçik yaşından rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların çizimlərindən ibarət rəsm kitabları alır. Orta məktəbin 7-ci sinifini bitirdikdən sonra 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1944-cü ilə qədər təhsilini davam etdirən Vəcihə Səmədova gələcək həyat yoldaşı və müəllimi Lətif Feyzullayevlə məhz burada tanış olur. Məktəbi fərqlənmə ilə bitirdikədən sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq İnstitiunda davam etdirir. L. Feyzullayev də müharibə səbəbindən yarımçıq qalan təhsilini başa vurmaq üçün Moskvaya gəlir və çox keçmədən onlar burada ailə həyatı qururlar. 1945-ci il noyabrın 1-də Bakıda ilk övladları Nicat dünyaya gəlir. 1 il fasilədən sonra yenidən təhsilini davam etdirən Vəcihə Səmədova 1949-cu ildə təhsilini başa vuraraq Bakıya qayıdır.[1]

O, 1951-ci ildə azərbaycanlı bəstəkar "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimi Pavel Korinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova oğlu 7 yaşına gəldiyi üçün Bakıya qayıtmağa qərar verir və müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olur. Vətənə qayıtdıqdan sonra burada Əzim Əzimzadə adına Rəssamlıq Kollecində müəllim kimi işə başlayır. İlk illərdə maddi sıxıntılara görə bir müddət İçərişəhərdə yerləşən Vəcihə Səmədovanın ata evində yaşayırlar. Daha sonra 1958-ci ildə rəssamlar evinin tikintisi sona çatdıqdan sonra cütlüyə buradan mənzil verilir. Rəssamın emalatxanası da bu binada yerləşirdi.[2]

1962-ci ildə Vəcihə Səmədovaya ayrı bir emalatxana təqdim edilir. Lakin o, bu emalatxanada uzun illər yaradıcılıqla məşğul ola bilmədən ağır xəstəliyə yaxalanır.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
"Göy göl" — 20x35, karton, yağlı boya, 1956

1957-1963-cü illər Səmədovanın yaradıclıq fəaliyyətində ən məhsuldar illər olmuşdur. O, “Lənkəranda toy”, “Toya hazırlıq”, “Mahnı” kimi maraqlı əsərlərini bu dövrdə yaradıb. Vəcihə Səmədovanın 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verir. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü ” və başqalarını qeyd edə bilərik.[4]

Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Aktrisa Leyla Bədirbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranır.[5]

Vəcihə Səmədova yaradıcılığında portretlər xüsusi bir yerə malikdir. 1953-cü ildə aktrisa Leyla Bədirbəylinin portretini çəkir. Bu portret 59 ildir ki, Azərbaycan İncəsənət Muzeyində nümayiş etdirilir. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.[1]

Leyla Bədirbəylinin portreti, 1953

Rəssamın son tablosu olan "Xəbər Gözləyirəm" adlı rəsm əsərini 1963-cü ildə çəkmişdir. Əsər 1963-cü ildə Bakıda keçirilən "Bizim müasirimiz" adlı sərgidə nümayiş etdirilmişdir. Rəsmdə çimərlikdə dayanan və balıqçılardan xəbər gözləyən insanlar təsvir olunub. İsirdi qəzadan əvvəl yaranan gərginliyi hiss etmək mümkündür. Bu gərginlik ən çox ön planda dayanan qadının üzündə görünür. Rəssamın oğlu Nicat Feyzullayev deyir ki, bu qadın anasının obrazıdır. O ağır və sağalmaz xəstəliyindən xəbərdar olan zaman bu şəkli çəkib.[6]

1962-ci ildə Vəcihə Səmədova xərçəng xəstəliyinə tutulur. Həkimi rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edir. O ömürünü uzatmaq üçün yaradıcılığını sonlandırmalı idi. Lakin rəssam buna razılıq vermir. Nəticədə rəssamın vəziyyəti pisləşir. Daha sonra Moskvada əməliyyat edilsə də artıq rəssam üçün çox gec olur. 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına 1 ay qalmış vəfat edir. Mərkəzi Komitə Fəxri Xiyabanda ona yer ayırsa da rəssam vəsiyyəti üzrə müsəlman qəbiristanlığında dəfn edilir. Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib.[2]

Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr etdiyi “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vacihə Səmədovanın portreti” və “Səhər” tablolarını rəsm edir.[2]

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 29 iyun 1964
  • Azərbaycanın milli rəssamlıq sertifikatı
  • Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü və Rəngkarlıq Seksiyasının sədri olmuş (1960)
  • 1962-ci ildə Bakıda fərdi sərgisi keçirilir. Burada Bolqarıstan səyahəti təəssüratlarını rəsm etdiyi Qoca bolqar qadınları” , “Sofiyada bazar” , “Yağışlı gün” kimi əsərləri nümayiş etdirilir. Növbəti srəgiləri Moskva və Sofiyada keçirilir.[2]
  • 1963-cü ildə ”Bizim müasirimiz” sərgisində “Xəbər gözləyərkən” əsəri nümayiş etdirilir.[2]
  • 14 iyul 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində baş tutan "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində Festivallar və Konqreslər Sarayında Lətif Feyzullayev və Vəcihə Səmədovanın əsərlərindən ibarət "Məhəbbət tandemi" sərgisi keçirilib.[7]
  • 2020-ci ilin fevral ayında “Rolls-Royce Motor Cars Baku” sərgi salonunda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə cütlüyün 40 əsərindən ibarət sərgi keçirilib.[8]
  • 2024-cü ildə rəssamın 100 illiyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində "Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri" sərgisi təşkil olunub. Sərgidə rəssamın İncəsənət Muzeyi ilə yanaşı, Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri yer alıb.[9]

Bakının mərkəzindəki Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır. Rəssamın oğlu kinorejissor Nicat Feyzullayev Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə anasının həyat və yaradıcılığından bəhs edən sənədli film çəkib. "Azərbaycan rəngkarlığının kraliçası" adlı filmin premyerası 29 sentyabr 2010-cu il tarixində Bakıda, Azərbaycan Beynəlxalq Muğam Mərkəzin keçirilib.

Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.

  1. 1 2 ADRQ, 2017. səh. 32
  2. 1 2 3 4 5 "Queen of paintings". http://regionplus.az. 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  3. ADRQ, 2017. səh. 33
  4. "Vəcihə Səmədova (1924-1965)". Azərtac. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  5. Lider TV. "Vəcihə Səmədovanın doğum günüdür" (az.). Youtube.com. 29.11.2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.
  6. Nəcəfov, 1966
  7. AzərTAc. "Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb" (az.). Youtube.com. 15.07.2018. 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-16.
  8. "Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri başlayıb". mia.az. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  9. "Respublika" qəzeti. ""Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri"" (az.). "Respublika" qəzeti. 22.06.2024. 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Mürsəl Nəcəfov. Vəcihə Səmədova. Bakı. 1966.
  • Габибов Н., Наджафов М. Искусство Советского Азербайджана. Moskva. 1960. 199.
  • ADRQ. Azərbaycan Rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. 110.