Volfqanq Amadey Motsart — Vikipediya

Volfqanq Amadey Motsart
alm. Johann Chrysostomos Wolfgang Gottlieb Mozart
Ümumi məlumatlar
Doğum adı Joannes Chrysostomus Wolfgangus Theophilus Mozart[6][1]
Doğum tarixi 27 yanvar 1756(1756-01-27)[1][2]
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1791(1791-12-05)[3][4][…] (35 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bilinmir
Dəfn yeri
  • Müqəddəs Mark qəbiristanlığı[d][9]
Həyat yoldaşı
Uşaqları
Atası Leopold Motsart[10]
Anası Anna Mariya Motsart
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqi pedaqoqu, pianoçu, musiqiçi, orqan ifaçısı[d], skripkaçı
Fəaliyyət illəri 1761–1791
Janrlar Sardana, kamera musiqisi, opera, simfoniya
Musiqi alətləri orqan, klavikord[d], klavesin, fortepiano, skripka, alt, piano
Mükafatları Qızıl mahmız ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volfqanq Amadey Motsart (alm. Wolfgang Amadeus Mozart‎; 27 yanvar 1756[1][2], Zalsburq, Zalsburq arxiyepiskopluğu[d], Müqəddəs Roma imperiyası[7][8][…]5 dekabr 1791[3][4][…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası[7][8][…]) — dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri.

Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müəllifin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.

Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir.

Motsartın doğulduğu ev

Volfqanq Amadey Motsart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır. Motsartın özündən savayı sağ qalmış "Nanerl" Mariya Anna adlı bacısı da olmuşdur. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verilmişdir. Motsart isə özünü sonralar "Volfqanq Amadey Motsart" kimi adlandırmağı üstün tutmuşdur.

Motsartın atası Leopold Motsart Salzburq arxiyepiskop sarayının kapelmeyster müavini və bəstəkar idi. O həmçinin təcrübəli müəllim olmuş və oğlunun doğum ilində "Versuch einer gründlichen Violinschule" adlı skripkada ifaya dair əsər nəşr etdirmişdir.

Qızı Nannerlin yeddi yaşı olanda Leopold ona klavişdən dərslər verməyə başlayır. Üç yaşlı Volfqanq bu musiqi alətinə heyrətlə tamaşa edərdi. Bacısı sonralar deyirdi: "Dörd yaşında atamız onu əyləndirmək naminə ona klavişdə bir-iki parça ifa etməyi öyrədərdi. Körpə bir qədər sonra bu parçaları heç bir səhvə yol vermədən və böyük nəfislikə ifa edirdi. Beş yaşında isə o özü kiçik parçalar bəstələməyə başladı və atamız heyrət içində onları nota yazırdı. Belə erkən əsərlər arasında Andante (K. 1a) və Allegro C də (K. 1b) var idi."

Motsartın bioqrafı olmuş Meynard Solomon Leopoldun uşaqlarına sidqi-ürəklə dərs verməsinə baxmayaraq, balaca Volfqanq atasının öyrətdiklərindən də uzaqlara getməyi qərarlaşdırır. Atası körpəsinin inanılmaz fitri istedadına və yaratdığı xarüqələrə sevindiyindən göz yaşlarını saxlaya bilmirdi. Nəticədə körpəsinin ilahi istedadı qarşısında atası bəstəkarlıqdan əl çəkir və özünü uşaqlarına dil və digər fənlərdən dərs deməyə həsr edir.

1762–1773: Səyahət illəri

[redaktə | vikimətni redaktə et]
Mosartın uşaqlıq portreti

Motsartın uşaqlıq illərində ailəsi Avropa boyu bir neçə səyahətlər etmiş və Leopold Motsart bu səyahətlərdə uşaqlarının istedadını nümayiş etdirmişdir. İlk belə nümayiş Münhendə Bavariya elektor sarayında baş tutur. Növbəti belə bir konsert həmin il Vyana kral sarayında və Praqada keçirilir. Uzun konsert turları düz üç il yarım davam edir və ailəni Münhen, Manhaym, Paris, London, Haaqa və yenidən Paris kral saraylarına gətirib çıxarır. Geriyə — Vyanaya döndükdə Motsartlar ailəsi Sürix və Donoşingen şəhərlərindən də keçirlər. Bu səfərlər zamanı Motsart çox sayda musiqiçilərlə görüşür və onların əsərləri ilə tanış olur. Belə yaddaqalan görüşlərdən biri də Londonda olarkən İohann Sebastyan Baxla görüş olur. Motsartlar ailəsi 1767-ci ilin sonunda yenidən Vyanaya dönür və 1768-ci ilin dekabr ayına kimi burada qalırlar. Bu səyahət zamanı Motsart çiçək xəstəliyinə tutulur, lakin atası oğlunu peyvənd edilməsinə qəti etiraz edir və bunu Allahın iradəsi sayır.

Zalsburqda keçən bir ildən sonra növbəti illəri İtaliyaya üç səfərə çıxırlar. Lakin bu dəfə yalnız Mosart və atası səfərə yollanırlar. Bu səfərlər 1769-cu ilin dekabrından 1771-ci ilin martına, 1771-ci ilin avqustundan dekabrına qədər və 1771-ci ilin oktyabrından 1773-cü ilin martına qədər davam edir. İtaliyaya ilk səfər ilkin səyahətləri xatırladır. Bu səfərlərdə məqsəd artıq yeniyetməlik illərinə qədəm qoymuş Motsartın ifaçı və sürətlə inkişaf edən bəstəkar kimi qabiliyyət və istedadını nümayiş etdirmək idi. Motsart Boloniyada C. B. Martni ilə görüşür və məşhur Accademia Filormonica-ya üzv qəbul olunur. Romada Sikstin kapellasında Qreqorio Alleqrininin Miserere əsərini görür və onu əzbərləyərək sonradan kağız üzərinə köçürür. Bununla Motsart Vatikanın ən ciddi şəkildə mühafizə etdiyi əsərinin ilk qeyri-qanuni sürətini çıxarır.[11]

Milanda Motsart Mitridate Re di Ponto(Pont çarı Mitridat) adlı operanı müvəffəqiyyətlə nümayiş etdirir. Bu operadan sonra Motsarta opera yazmaq sifarişləri daxil olur. Leopold və Volfqanq iki dəfə Ascano in Alba (1771) və Lucio Silla (1772) operalarını bəstələmək və premyerasında iştirak etmək üçün Zalsburqdan Milana qayıdırlar.

İtaliyaya sonuncu səfərinin sonlarında Motsart "Exsulate jubilate", K. 165 solo kantatasını yazır.

1773–1777-ci illər: Zalsburq sarayı

[redaktə | vikimətni redaktə et]
Leopold, Volfqanq və Nannerl

İtaliyaya sonuncu səfərindən (13 mart 1773-cü il) sonra Motsart Zalsburq hakimi şahzadə-arxiyepiskop İeronim Kolloredonun saray musiqiçisi kimi işə götürülür. Motsart Zalsburqda özünə çox sayda dost və pərəstişkar toplayır. O musiqinin bir çox janrlarında simfoniya, sonata, simli kvartet, serenada və ara-sıra opera əsərləri yazır. Bu ilkin dövrdə yaratdığı əsərləri indi də ifa olunmaqdadır. Məsələn, 1775-ci ilin aprel-dekabr ayları arasında Motsartda skripka üçün konsert yazmaq arzusu baş qaldırır və o hər biri əvvəlkindən mükəmməl olmaqla beş belə konsert bəstələyir. Bunlardan sonuncu üçü (K. 216, K. 218, K. 219) repertuarların əsas nömrələri sayılır. K. 271 E bemol piano konserti, başlanğıcda solist tərəfindən orkestranın gözlənilməz fasiləsi ilə klassik musiqinin kəşfi sayılır.

Bununla belə, Mosart tədricən Zalsburqu tərk edib başqa yerdə iş axtarmaq qərarına gəlir. Buna səbəb kimi qazandığı 150 florinlik az məvacibi görünür. Bundan əlavə, Mosart operalar yazmağı çox sevir və Zalsburq buna ən yaxşı halda nadir imkanlar yaradırdı. Vəziyyət 1775-ci ildə saray teatrının bağlanması ilə daha da gərginləşir. Şəhərin digər teatrları isə səfər truppalarını qəbul etmək üçün olduqca dar idi.

İki uzun müddətli səfər axtarışları onların Zalsburqda uzun müddətli yaşayışlarında fasilə yaradır: Volfqanq və Leopold 1773-cü ilin 14 iyulundan 12 sentyabrına kimi Vyanaya və 1774-cü ilin 6 dekabrına 1775-ci ilin martına qədər Münhenə səfər edirlər. Hər iki səfərin müvəffəqiyyətsiz nəticələnməsinə baxmayaraq, Motsart Münhendə "La finta giardiniera" adlı operasının premyerasını böyük uğurla həyata keçirir.

1777–1778-ci illər: Paris səfərləri

[redaktə | vikimətni redaktə et]

1777-ci ilin 23 sentyabrında Motsart bu dəfə anasının müşayiəti ilə başqa bir turneyə çıxır. Bu dəfəki turneyə Münhen, Manheym və Paris şəhərləri daxil idi. Manheymdə Motsart o vaxtlar Avropanın ən yaxşı orkestri hesab olunan Manheym orkestrinin üzvləri ilə tanış olur. O həmçinin bu şəhərin musiqiçi ailələrinin birinin qızı Aloysa Veberə aşiq olur. Motsart buradan Parisə gedir və orada iş axtarışlarını davam etdirir. Lakin Paris səfəri uğursuz olur (bununla belə, Versalda ona orqanist işi təklif olunur, lakin bu iş xoşuna gəlmədiyi üçün imtina edir). Parisə səfərinin digər xoşagəlməz nəticəsi anasının xəstələnməsi və ölümü olur. Zalsburqa qayıdarkən Motsart yenidən Münhendə qərar tutur və artıq opera səhnəsində ifaçı olmuş Aloysa ilə görüşür. Lakin bu dəfə qız Motsarta heç bir maraq göstəmir. Motsartın Salzburqdakı narazıçılıqla dolu günləri onun bu səfərlərindən sonra da davam edir.

Belə bir sual meydana çıxır ki, Motsart bütün istedadlarına baxmayaraq niyə səfərləri zamanı iş tapa bilmir. Meynard Solomonun fikrincə, problem Motsartın atası ilə iş barədə razılığa gələ bilməməsində olmuşdur. Belə ki, atası Motsartın bütün ailəni saxlaya biləcək əmək haqqı almasına israr etmişdir, Motsart isə böyük şəhərlərin birində azad musiqiçi kimi fəaliyyət göstərib vacib bir işə lazım bilinən qədər aristokrat ailələrlə dostluq saxlamaq barədə düşünürdü. Bu strategiyadan vaxtilə Haydn uğurla istifadə edə bilmişdi. Görünür, Leopoldun planı və Motsartın gəncliyi onun bu istəklərini həyata keçirməyə imkan verməmişdir.

1781-ci il: Vyana

[redaktə | vikimətni redaktə et]

1781-ci ilin yanvarında Motsartın Idomeneo operası Münhendə böyük uğurla səhnəyə qoyulur. Həmin ilin martında isə bəstəkar Vyanaya çağırılır. Bu vaxt Motsartın bir vaxtlar sarayında işlədiyi Salzburq şahzadəsi imperator II İosifin tacqoyma mərasimində iştirak edir. Münhendə qazandığı uğurlar fonunda arxiyepiskopun onunla nökər kimi davranmasından və ələlxüsus qrafinya Tunun qonağı olan imperator qarşısında ifa etməsini qadağan etməsindən bərk qeyzlənir (belə ki, yalnız bu görüşdən əldə edə biləcəyi mənfəət onun Salzburqda qazandığı məvacibin tən yarısı qədər ola bilərdi). May ayında bu mübahisə daha da intensivləşir. Motsart işindən çıxmaq istəyir, lakin rədd cavabı alır. Buna baxmayaraq növbəti ay o, nəhayət ki, işindən azad edilir. Lakin bu olduqca xoşagəlməz bir halda baş verir. Belə ki, Motsart arxiyepiskopun eşikağası qraf Arko tərəfindən təşkil olunmuş qaydada alçaldıcı tərzdə saraydan qovulur. Bu arada Motsart Vyanaya getmək və orada yaxşı məvacib almağın mümkünlüyü barədə düşünür.

Arxiyepiskopla mübahisənin onun üçün ağrıdıcı tərəfi atasının arxiyepiksopu dəstəkləməsi olur. Atası nəyin bahasına olursa olsun, Motsartın əvvəlki iş yerinə qayıtmasını və arxiyepiskopla barışmağı israr edir. Volfqanq isə eyni inadkarlıqla öz fikirlərində israr edib gələcəyini təkbaşına, özü də Vyanada davam etdirəcəyini bildirir. Mübahisə Motsartın əzazil arxiyepiskopun caynaqlarından qurtulması və atasının dönmək tələblərinə rədd cavabı verməsilə bitir. Bunu Motsartın bioqrafı Solomon "inqilabi addım" kimi səciyyələndirir və bu addımın onun gələcək həyatına böyük təsir göstərəcəyini yazır.

Vyanadakı ilk illər

[redaktə | vikimətni redaktə et]

Motsartın Vyanaya gəlişi çox uğurlu alınır. O əvvəlcə piano ifaçısı kimi çıxış edir və 1781-ci ilin 24 dekabrında İmperator sarayında təşkil olunmuş piano müsabiqəsində Muzio Klementi ilə yarışır və tezliklə özünü mahir piano ifaçısı kimi doğruldur. Motsart bəstəkar kimi də böyük nailiyyətlərə imza atır. 1781–1782-ci illər arasında Die Entgührung aus dem Serail operasını yazır. Bu əsər 16 iyul 1782-ci ildə səhnəyə qoyulur və müəllifə böyük uğur gətirir. Əsər tezliklə Avropanın alman dilli bölgələrində də nümayiş etdirilir və Motsartın bəstəkarlıq şöhrətini daha da artırır.

Motsart bu arada arxiyepiskop Kolloradoyla münaqişələrinin kulminasiyasına yaxın Manheymdən Vyanaya köçmüş Veberlər ailəsi ilə yaşayır. Ailənin başçısı Fridoplin Veber vəfat etmiş, Veberlər ailəsi evlərini kirayə verməklə dolanırdılar. Motsartın sevgisindən imtina etmiş Aloysa isə Jozef Lanj adlı aktyorla evlənmişdi. Motsart bu dəfə Veberlər ailəsinin üçüncü qızı Konstansiya ilə maraqlanmağa başlayır. Cütlük 1782-ci ilin 4 avqustunda atası Leopoldun həvəssiz razılığı ilə evlənirlər. Konstansiyanın Motsartdan altı uşağı dünyaya gəlir. Körpələrdən yalnız ikisi sağ qalır: Karl Tomas (1784–1858) və Franz Xaver Volfqanq (1791–1844). Sonuncu özü də bəstəkar olur.

1782–1783-cü illərdə Motsart barokko musiqiçilərinin əsərlərinin əlyazmalarının əksəriyyətinə sahib çıxmış baron Qotfrid van Süitenin təkidiylə Bax və Handelin əsərləri ilə yaxından tanış olur. Motsartın bu bəstəkarların əsərlərini öyrənməsi ilk əvvəl onun barokko janrını təqlid etməsi, daha sonralar isə öz şəxsi üslubunu kəşf etməsinə təsir gostərir. "Sehrli fleyta" (Die Zauberflote) əsərində və 41-ci simfoniyasının sonundakı fyuqal keçidlər buna misaldır.

1783-cü ildə Volfqanq və Konstansiya Salzburqa, Motsartlar ailəsinə baş çəkirlər. Lakin səfər uğursuz alınır. Belə ki, Leopold və Nannerl ən yaxşı halda Konstansiyaya qarşı mülayim davranırlar. Bununla belə Salzburqa səfər Mosartın ən gözəl liturgik parçalarından biri olan C minorda mass kompozisiyasının yaranması ilə yadda qalır. Əsər tamamlanmasa da, Salzburqda səhnəyə qoyulur və əsərin premyerasında Konstansiya ifa edir.

Vyanaya qayıdışdan bir müddət sonra Motsart Haydnla tanış olur və iki böyük bəstəkar tezliklə dostlaşırlar. Haydn Vyanaya gələndə Motsartla görüşər və onlar birlikdə kvartetdə ifa edərdilər. Motsartın altı kvarteti Haydna həsr olunub (K. 387, K. 421, K. 428, K. 458, K. 464, and K. 465) və bunların 1781-ci il Haydnın Opus 33 əsərinə cavab olaraq yazdığı söylənilir. Haydn ilk dəfə bu kvartetlərdən son üçünü dinlədikdən sonra Motsartın atasına deyir: "Bir olan Allah qarşısında tam səmimiyyətimlə sizə deyirəm ki, sizin oğlunuz mənim nə vaxtsa gördüyüm və ya adını eşitdiyim bəstəkarlardan ən istedadlısıdır. Onun musiqi duyumu var və bundan əlavə bəstəkarlığın incəliklərini onun qədər ikinci bir kəs bilmir".

1782–1785-ci illər ərzində Motsart piano üçün konsertlər seriyası yazır və bu konsertlərdə özü solo ifaçı kimi çıxış edir. O hər konsert mövsümü üçün üç-dörd konsert yazır. Şəhər teatrında yerin məhdudluğu səbəbindən o konsertlər üçün nəzərdə tutulmayan, lakin kifayət qədər böyük olan yaşayış evinin qonaq otağını və restoranını görüş yerləri olaraq sifariş verir. O vaxtlar konsertlər Vyanada olduqca dəbdə idi və Motsartın belə konsertlər üçün bəstələdiyi musiqiləri onun ən yaxşı əsərləri hesab etmək olar. Solomon Motsartın bu konsertlərdə ehtiraslı bəstəkar-ifaçı ilə şad-xürrəm tamaşaçı arasında harmonik əlaqə yaratmaqla böyük bir musiqi janrına keçidi və onun mükəmməlliyini təmin etmişdir.

Konsertlərində qazandığı yüksək məbləğdə pullarla Motsart və Konstansiya dəbdəbəli həyat tərzi keçirirlər. Onlar 460 florinlik kirayə haqqı olan mənzilə köçürlər. Motsart Anton Valter adlı şəxsdən 900 florin dəyərində gözəl fortepiano və 300 florin dəyərində bilyard masası da alır. Motsart həmçinin oğlu Karl Toması bahalı internat-məktəbə qoyur və evdə qulluqçular saxlamağa başlayır. Beləliklə gənc ailə həddən artıq bədxərclik edir və qismən bu səbəbdən növbəti illərdə gənc Motsartlar ailəsinin üzləşəcəyi çətin maliyyə probləmləri qarşısında dayana bilməyəcəkdilər.

1784-cü ilin 14 dekabr tarixində Motsart mason olur və "Zur Wohltätigkeit" (Xeyriyyəçilik) lojasına üzv qəbul olunur. Masonluq Motsartın qalan illərdə həyatında ciddi rol oynayır. O cəmiyyətin bir çox görüşlərində iştirak edir, özünə çoxlu mason dostlar tapır və bəzi hallarda mason musiqiləri də bəstələyir.

1786–1787-ci illər: Operaya dönüş

[redaktə | vikimətni redaktə et]

"Die Entführung aus dem Serail" operasının uğurlarına baxmayaraq Motsart sonrakı illərdə iki natamam və bir-səhnəli "Der Schauspieldirektor" operalarından savayı bu janra çox nadir hallarda müraciət edir. Əvəzində o diqqətini daha çox piano ifaçılığı və konsertlər bəstələməyə yönəldir. Lakin 1785-ci ilin sonlarına yaxın o piano konsertlərinə ara verir və "Lorenzo da Ponte" adlı librettosu ilə özünün opera fəaliyyətinə başlayır. 1786-cı ildə "Fiqaronun toyu" operası Vyanada uğurla səhnəyə qoyulur. Əsər Praqada da böyük uğur qazanır. Əsərin Praqa uğuru "Da Ponte" operasının sifarişi ilə nəticələnir və nəticədə "Don Ciovanni" operası yaranır. Praqa opera sevərləri əsərin 1787-ci il premyerasını həddindən çox bəyənirlər və əsər bir il sonra Vyanada da uğurla nümayiş olunur. Hər iki opera Motsartın ən vacib əsərlərindən sayılır və müasir dövrümüzün opera repertuarının əasasını təşkil edir. Bu operaların musiqi mürəkkəbliyi onların premyeralarında həm tamaşaçılara, həm də ifaçılara çətinlik törədirdi.

1787-ci ilin dekabrında Motsart zadəgan himayəsi altında davamlı iş alır. İmperator II Cozef saray kamera bəstəkarı Qakın vəfatından sonra Motsartı özünün kamera bəstəkarı təyin edir. Lakin bu bütün günlük iş deyildi. Motsart il ərzində cəmi 800 florin əməkhaqqı alsa da, bu ondan yalnız Redoutensaalda keçirilən illik ballara rəqslər bəstələmək tələb edirdi. Motsart Konstansiaya şikayətlənərək aldığı məvacibin onun etdikləri müqabilində çox, lakin edə biləcəkləri müqabilində isə həddən artıq az olduğunu deyirdi. Bununla bu cüzi gəlir mənbəyi növbəti illərdə nə dərəcədə gənc ailəyə lazım olacağını təsdiqləyəcəkdi. Saray arxivləri imperatorun əsl niyyətinin sadəcə Motsartın Vyananı tərk edib başqa yerlərdə iş axtarışlarına çıxmasının qarşısını almaq idi.

Bu arada, daha dəqiq desək, 1787-ci ildə Lüdviq van Bethoven Motsartla görüşmək arzusu ilə iki həftəlik Vyana gəlir. Bu görüşdə baş verənlərə dair dəlillər olduqca mübahisəlidir və ən azı üç fərziyyəyə istinad olunur: Motsart Bethoveni dinləyir və onu tərifləyir; Motsart Bethovendən tələbə kimi imtina edir və ya sonuncusu — onlar heç vaxt görüşmürlər.

1788–1790-cı illər

[redaktə | vikimətni redaktə et]

Motsart 1791-ci ildə imperatorun Praqada tacqoyma mərasimi ilə bağlı şənliklərdə nümayiş etdirilən "La clemenze di Tito" operasının 6 sentyabr premyerasında xəstələnir. O bir müddət vəzifəsinin öhdəsindən gələ bilir. Motsart "Sehrli fleyta" əsərinin sentyabrın 30-u premyerasında dirijorluğun öhdəsindən gəlir. Lakin xəstəliyi noyabrın 20-dən etibarən şiddətlənməyə başlayır. O artıq yataq şəraitində keçmək məcburiyyəti qarşısında qalır, köpmə, ağrılar və intensiv qusmadan əziyyət çəkir.

Motsarta bu vaxt həyat yoldaşı Konstansiya, onun kiçik bacısı Sofi və ailə həkimi Tomas Frans Kloze qulluq edirdilər. Onun xəstəliyinin belə ağır bir vəziyyətində Rekviyemi tamamlamağa cəhd etməsi barədə dəlillər var. Lakin onun bunu Züsmayerə diktə etməsi barədə söhbətlər ağlabatan səslənmir.

Motsart dekabr ayının 5-i gecə saat 1-də keçinir. Onun dəfn mərasimi belə təsvir olunur: "Motsart dekabrın 7-si o dövr Vyanada mövcud olan adət-ənənələrə uyğun olaraq adi bir qəbirdə, şəhər kənarındakı Müqəddəs Mark qəbirstanlığında dəfn olnur. "Sonralar onun dəfnində heç kəsin iştirak etməməsi barədə söylənilən fikirlər həmin dövrdə Vyanda dəfn mərasimlərinin keçirilməsi adətlərinə uyğun gəlir. Sonrlar Yan (1856-cı ildə) dəfn mərasimində Salyeri, Züsmayer, van Sviten və digər iki musiqçinin də iştirak etməsini yazırdı. Dəfn günün qarlı-çovğunlu keçməsi barədə söylənilənlər yanlışdır. Həmin gün sakit və mülayim olmuşdur.

Motsartın ölüm səbəbini yəqinliklə təyin etmək mümkün olmamışdır. Ölümü barədə rəsmi sənədlərdə "hitziges Frieselfieber" ("kəskin miliar qızdırması", darı toxumu rəngində səpgiyə işarə olunur) kimi xəstəliyin əlamətləri təsvir olunur. Bu cür təsvir isə xəstəliyin səbəbini müəyyənləşdirməyə kifayət etmir. Səbəb kimi isə onlarla fərziyyə irəli sürülmüşdür: trixinellyoz, zökəm, zəhərlənmə və nadir böyrək xəstəliyi. O dövr təbabətində adi hal almış xəstələrdən çoxlu miqdarda qan axıtma kimi müalicə metodu da ölümü sürətləndirə biləcək səbəb sayılır. Lakin ən geniş qəbul olunmuş versiya Motsartın kəskin revmatizmdən ölməsidir. Belə ki, uşaqlıqda da Motsartın üç-dörd dəfə revmatizmin ağrılarından əziyyət çəkmişdir. O da məlumdur ki, revmatizm vaxtaşırı təkrarlanan və hər tutmanın özündən sonra şiddətli infeksiya və ürək klapanlarını zədələmək kimi ciddi fəsadlar qoyması məlumdur.

Motsartın sakit dəfn mərasimi onun cəmiyyətədə bəstəkar kimi tutduğu mövqeyi heç cür əks etdirmir. Ölümündən sonra Vyana və Praqada xatirəsinə həsr olunmuş konsertlər daha böyük kütlələri cəlb etmişdir. Həqiqətən də, ölümündən sonra bəstəkarın şöhrəti görünməmiş bir tərzdə artır. Solomon bu dövrdə Motsartın əsərlərinə qarşı "görünməmiş entuziazmın" baş qaldırdığını yazır. Bəstəkar haqqında bioqrafiyalar ərsəyə gəlir və müəlliflər onun yarımçıq qalmış əsərlərini tamamlamaq uğrundə rəqabətə girişirlər.

Ömrünün son ili böyük məhsuldarlıq və şəxsi dirçəlişi ilə yadda qalır. Bu ildə Motsart çoxlu sayda musiqi əsərləri yaradır: "Sehrli fleyta", sonuncu piano konseri (K. 595 B bemolda), Klarnet konserti (K. 622), simli kvartet seriyasından son kvarteti (E bemolda K. 614), Ave verum corpus kilsə nəğməsi (K. 618) və bitirə bimədiyi Rekviyemi (K. 626).

1790-cı ildə onun hədsiz narahatlıqlarına səbəb olmuş maddi vəziyyəti də yavaş-yavaş düzəlməyə başlayır. Bəzi mənbələrdə MacarıstanHollandiyadan olan və onun sənətini sevən bəzi zəngin adamlar ara-sıra onlar üçün bəstələdiyi musiqilər qarşılığında ona illik məvacib vəd edirlər. Motsart, güman ki, kral sarayında kamera bəstəkarı işlədiyi dövrdə bəstələdiyi rəqs musiqlərini də satmaqla böyük gəlir əldə edir. O Püxberqdən borc pul almağa da ara verir və borclarını geri qaytarmağa başlayır.

Motsart ölümündən az öncə yazdığı "Sehrli fleyta" və kiçik mason kantatsı K. 623-ün uğurlu premyeralarndan hədsiz fərəh hissi keçirir.

Son araşdırmalara görə, Volfqanq Amadey Motsartın ölümünə səbəb Antonio Salyeri yox, bakteriya xəstəliyi olmuşdur.

Bəstəkarın görünüşü və maraqlı məlumatlar

[redaktə | vikimətni redaktə et]
Bakıda Volfqanq Amadey Motsart heykəli

Motsartın zahiri görünüşünü tenor Maykl Kelli özünün memuarlarında belə təsvir edir: "Çox arıq və solğun, bir qədər qürrələndiyi gur, zərif və açıqrəngli saçı olan son dərəcə alçaqboylu bir insan". Onun ilk bioqrafı olmuş Nimetşek yazırdı: "Zahiri görünüşü barədə elə bir fövqəladə bir cəhəti yoxdur. O, alçaqboylu, iri gözləri istisna olmaqla, çöhrəsində dahiliyinə dəlalət edəcək heç bir əlamət yoxdur". Üzü uşaqlıqda yoluxduğu çiçək xəstəliyi səbəbindən çil-çil idi. O, qəşəng paltarlar geyməyi sevərdi. Kelli onu məşqlərinin birində belə xatırayır: "Əynində moruğu rəngli plaş, başında isə qızılı-haşiyəli üçkünc şlyapa səhnədə orkestr ilə məşq edirdi". Səsi barədə isə Konstansiya sonralar bunları deyirdi: "Səsi tenor, danışdığı an bir qədər yumşaq, oxuduqda isə incəlirdi. Lakin onu bir şey narahat etdikdə və ya lazım gəldikdə səsini qaldırır və təsirli edirdi".

Motsart olduqca çox və gərgin işləyirdi. Musiqilər bəstələdiyi vaxt eskizlər çəkir, lakin bu eskizlər günümüzə gəlib çıxmamışlar. Ölümündən sonra Konstansiya hamısını məhv edir.

Motsart bilyard oynamaqdan və rəqs etməkdən böyük zövq alardı. Bülbül, sığırçın, it və əyləncə məqsədilə at da saxlayırdı.

Motsart Vyananın musiqi həyatının mərkəzində yaşayır və saysız-hesabsız insanlarla münasibətdə olmuşdur. Bunlar arasında təkcə musiqiçi həmkarları deyil, teatr xadimləri Vyanaya köçmüş Salzburqdan olan yerliləri və imperator II Yozef özü də daxil olmaqla, çoxsaylı aristokrat ailələri var idi. Solomonun yazdığına görə isə ən yaxın dostları Qotfrid Yanekin, Qraf Avqust Hatsfeld və Ziqmund Barisani olmuşlar. Bunlardan əlavə müğənnilər Frans Xaver Gerl və Benedikt Şak, Haydn və truba ifaçısı İqnaz Letqeb də Motsartla kifayət qədər yaxın olmuşlar (sonuncu həmişə Motsartın qəribə, lakin dostyana zarafatlarının hədəfi olmuşdur).

Motsartın əmisi qızı Mariya Anna Teklanın Motsarta və bacısı Nannerlə ədəbsiz zarafatlarla dolu məktubları hələ də qalmaqdadır. Bu məktublar onun xüsusən də uşaqlıq illərində bu cür əxlaqsız yumor hissinə hədsiz marağından xəbər verir. Hətta onun "Leck meim Arsch" adlı kanonu da skatoloji mövzudadır.

Əsərləri, musiqi üslubu və innovasiyaları

[redaktə | vikimətni redaktə et]

Haydn kimi Motsart musiqisi də klassik musiqinin başlıca nümunəsi sayılır. Motsartın musiqisi style galant musiqi üslubundan Barokko dövrünün sonlarına xas kontrapunk elementlərini də özündə birləşdirən yeni bir üsluba keçid dövrünü əhatə edir. Motsartın öz şəxsi üslubundakı tərəqqi isə bütövlükdə klassik üslubda baş verən dəyişikliklərlə müqayisə edilir. Bundan əlavə, hərtərəfli bəstəkar olmaqla simfoniya, opera, solo konsertlər, simli kvartet və simli kvintet də daxil olmaqla kamera musiqisi və piano sonataları kimi demək olar, bütün janrlarında yazıb-yaradırdı. Bütün bu janrların yeni olmamasına baxmayaraq, piano üçün konsertləri Motsart təkbaşına inkişaf etdirmişdi. O, həmçinin külli miqdarda dini musiqilər, eləcə də rəqs musiqiləri divertismentlər, serenadalar və digər əyləncəli musiqi əsərləri də yazmışdır.

Motsart musiqisində klassik üslubun anlaşıqlılıq, balans, şəffaflıq kimi əsas səciyyəvi xüsusiyyətlərini görmək olar. Musiqisindəki nəfisliyin bəsit təzahürü onun C minorda 14 saylı piano konserti, K.491, G minorda 40 saylı simfoniyası, K. 550 və "Don Covanni" kimi möhtəşəm əsərlərindəki müstəsna və qeyri-adi əzəməti bir qədər gizlədir. Çarlz Rozen yazır (1997): "Yalnız MoTsart musiqisinin mərkəzində qərarlaşmış qəzəb və ehtiraslar duymaqla biz Motsart musiqisinin quruluşunu və onun əzəmətini tam dərk etməyə ilk addım ata bilərik. Paradoksal da olsa, Şumanın G minorda simfoniyaya səthi təhlili bizə Motsartın istedadını daha da yaxşı anlamağa imkan yaradır. Motsart musiqisində iztirab və dəhşətin bütün növ tərənnümlərində nə isə anlaşılmaz cismani ehtiras var". Xüsusilə də ömrünün son on ilində Motsart o dövr üçün nadir sayılan xromatik harmoniya tərzini ortaya çıxarmışdır. Haydnın çox sevdiyi "Dissonant " adlı kvartetinə, K. 465, ləng girişindəki bir anda onun yüngül və xoşagəlimli olması barədə dayaz fikirlərə yol açır.

Motsartda hələ uşaqlıq illərindən ilk dəfə eşitdiyi musiqiləri bir dəfədən təqlid etmək istedadı var idi. Çıxdığı səfərlər zamanı əldə etdiyi nadir təcrübə sayəsində özünəməxsus bəstəkarlıq üslubu işləyib hazırlayır. Londona səfəri zaman o, Bax ilə tanış olur və onun musiqisini dinləyir. Paris, Manheym və Vyanaya səfərləri zamanı o dövrün ən böyük bəstəkarlarının musiqilərini eşidir və misilsiz Manheim orkestrinə də qulaq asır. İtaliyaya səfərləri zamanı isə sonralar onun yaradıcılığına böyük təsir göstərəcək italyan uvertürası və operası ilə tanış olur. Həm London, həm də İtaliyada o vaxlar qalant üslubu özünün sadə, yüngül musiqisi kadensiyaya olan hədsiz maraq, tonik, dominant və subdominat açarları üzərinə düşən vurğu, simmetrik frazaları və aydın ifadə olunmuş strukturasına görə çox dəbdə idi. Bu üslub son Barokko musiqisinin mürəkkəbliklərinə cavab olaraq əmələ gəlmişdir və özündən sonra klassik musiqi ənənələrinin formalaşmasına gətirib çıxarmışdır. Motsartın bir neçə erkən simfoniyaları italyan uvertürası olmuşdur. Digər erkən əsərləri isə Baxın əsərlərinin təqlidi və bir qayda olaraq, o dövr Vyana bəstəkarlarına xas dairəvi ikili formalı əsərlərdir. Motsart musiqisinin ən çox ayırd edilə bilən səciyyəvi cəhəti harmoniyalar ardıcıllığı və ya tonallığıdır ki, bu da dominantın və tonik aşarlarda kadensiyaya aparmışdır. Bu harmonik ardıcıllıq başlıca olaraq Barokko janrından, xüsusən də İ. S. Baxın əsərlərindən götürülmüşdü. Lakin Motsart ardıcıllığı elə bir qaydada dəyişir ki, kadensiya daha güclü yarıda bitir, başqa cür desək, taktın ilk zərbəsində. Motsartın Frigiya kimi üslublarla tanışlığı bu kimi keçidlərdə özünü aydın göstərir.

Motsart daha da yetkinləşdikcə Barokko üslubundan daha çox elementləri öz musiqilərində istifadə edir. Buna misal olaraq, A majorda 29 saylı simfoniyasınının (K. 201) giriş hissəsində kontrapunkt səciyyəli əsas mövzudan və qeyri-müntəzəm fraza uzunluqlarında eksperimentlərdən istifadə edir. 1773-cü ildən sonra bəstələdiyi kvartetlərində Haydndan təsirlənərək fuqal sonluqlardan istifadə edir. Haydn kimi Motsartın əsərlərində də yetişməkdə olan romantizm erasının gəlişindən xəbər verən Sturm und Drang ("Fırtına və stress") mərhələsinin təsiri aydın sezilir. G minorda 25 saylı simfoniyası (K. 183) bu üslubda yazılmış ən gözəl əsərlərindən biridir.

"Güzgü Duet" əsəri

Yaradıclığı müddətində Motsart diqqətini instrumental musiqidən operaya və əksinə çevirmişdir. O, opera buffo üslubunda "Fiqaronun toyu", "Don Covanni və ya Cosi fan tutte", opera seriya üslubunda isə "İdomoneo və Sinqspeil" kimi operalar seriyaları yazmışdır ki, bunların sırasında "Die Zauberflöte" operası yəqin ki, ən yaxşısıdır. Sonrakı operalarında psixoloji və emosional halları və dramatik dəyişiklikləri ifadə etmək məqsədilə o, musiqi alətlərinə, orkestr və ton çalarlarına nəfis dəyişikliklərdən istifadə etmişdir. Burada onun opera və instrumental bəstəkarlıqda nailiyyətləri qovuşur. Simfoniya və konsertlərində istifadə etdiyi mürəkkəb orkestr kombinasiyası onun opera orkestrinin tərtibatına və operalarında psixoloji anların ifadəsində əsas vasitə rolunu oynayır.

Motsartın "Güzgü duet" əsəri iki skripkaçı üçün bəstələnib. İfa etmək üçün iki skripkaçı qarşı-qarşıya dayanır və notları öz aralarına qoyurlar. Notlara əks tərəfdən baxdıqları üçün hər skripkaçı öz partiyasını ayrı sonluqlardan başlayaraq ifa edib yarıya çatır və yenidən uzaqlaşırlar. Nəticədə gözəl improvizə yaranır.

Motsartın ən tanınmış tələbəsi çox güman ki, klassik era ilə romantizm arasında keçid musiqiçilərdən olmuş İohan Nepomuk Hummel olmuşdur. Motsart onu uşaq ikən iki illik öz himayəsinə götürmüşdü.

Lakin daha böyük təsiri əsərləri vasitəsilə sonrakı bəstəkarlara olmuşdur. Ölümündən sonra əsərləri hər bir klassik bəstəkarın əsas tədqiqat mənbəyinə çevrilmişdir.

Lüdviq van Bethoven Motsart musiqisindən bəhrələnən ən böyük bəstəkarlardan biridir. Bethoven Motsartın əsərləri ilə yeniyetməlik illərində tanış olur və 1787-ci ildə Motsartla görüşmək arzusu ilə Vyanaya yollanır. Tədqiqatçılar Bethovenin bəzi əsərləri ilə Motsartın əsərlərini müqayisə etmiş və oxşarlıq müəyyən etmişlər. Məsələn, Çarlz Rozen Motsartın C minorda piano konsertinin (K. 491) Bethovenin Üçüncü Konsertinin modeli olduğunu göstərir. Piano üçün kvinteti (K.452) ilə isə Bethovenin Op.16 əsərini və A majorda simli kvarteti ilə (K. 464) Bethovenin A majorda Op. 18. No. 5 sərlərini müqayisə edir. Motsartın 40-cı simfoniyasının Bethovenin beşinci simfoniyasında oynadığı rol Bethovenin səxsi qaralama dəftərində də göstərilmişdir. Bethoven həmçinin Motsartın D minorda piano konsertinə K. 466. kadensiyalar bəstələmişdir.

Bir çox bəstəkarlar isə Motsarta olan ehtiramlarını onun əsərlərinin süjetləri əsasında variyasiyalar seriyası yazmaqla bildirmişlər. Bethoven dörd belə seriya yazmışdır (Op. 66, WoO 28, WoO 40, WoO 46). Frederik Şopen "Don Covanni" operasından "Là ci darem la mano" parçasına solo piano üçün variyasiyalar (1827), Makx Recer isə K. 331 piano sonatasında variyasiya süjeti əsasında "Motsartın süjetləri əsasında variyasiyalar və fuqalar" seriyasını (1914) yazmışdır. Pyotr İliç Çaykovski isə G minorda "Mozartiana" əsərində orkesr üçün 4 saylı süitasını dahi bəstəkara ithaf etmişdir.

Mosartın əsərləri müasir dövr pop və digər musiqi janrlarında da tez-tez istifadə olunur.

Köxel kataloqu

[redaktə | vikimətni redaktə et]

Motsartın əsərləri Köxel kataloqunda toplanmışdır. Xronoloji qaydada tərtib olunmuş bu kataloqda hər bir əsər Köxel kataloq rəqəmi adlı spesifik rəqəmlə təyin edilir. Köxel kataloqunun ilk nəşri 1862-ci ildə Lüdviq fon Köxel tərəfindən tamamlanmışdır. O dövrdən etibarən kataloq ayrı-ayrı əsərlərin tarixi və müəllifə aid olduğunu dəqiq təyin etdikcə, təkrar-təkrar nəşr edilir.

Motsart bədii ədəbiyyatda

[redaktə | vikimətni redaktə et]

Bellestristkal janrında yazan yazıçılar Motsartın həyatını əvəzolunmaz bədii mənbə saymış və geniş şəkildə müraciət etmişdlər. Mosart və Salyeri arasında guya mövcud olmuş gərginlik isə xüsusi maraq predmeti olmuşdur.[12] Motsartın məhz Salyeri tərəfindən zəhərlə öldürülməsi isə Aleksandr Puşkinin "Motsart və Salyeri" pyesində və Nikolay Rimski-Korsakovun eyniadlı operasında əsas süjet xətti olmuşdur. Bununla belə, tədqiqatçılar Motsart və Salyeri arasında ehtimal olunmuş bu ədavətin heç vaxt olmadığını qeyd etmişlər.

Piter Şafferin "Amadeus" adlı pyesində dahi bəstəkarın həyatı haqqında yazılanlar onu sevənlərin diqqətini cəlb edir. Az sonra əsərin süjeti əsasında televiziya filmi də çəkilir. Şaffer bu əsərdə Motsartın davranışındakı kobudluq və musiqisindəki əsrarəngiz cizgilərini qarşıya qoyur. Mosartın ölüm ayağında Salyeriyə musiqi diktə etməsi isə tamamilə müəllifin təxəyyülündən irəli gəlir.

Maraqlı faktlar

[redaktə | vikimətni redaktə et]
  • Motsart təkzib verməkdən və italyanlar tərəfindən zəhərlənməkdən qorxurdu.
  1. 1 2 3 https://data.matricula-online.eu/de/oesterreich/salzburg/salzburg-dompfarre/TFBIX%252F2/?pg=8.
  2. 1 2 Mozart, Wolfgang Amadeus, 1756-1791 // Olomouc City Library regional database (çeş.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Wolfgang Amadeus Mozart // RKDartists (nid.).
  5. RKDartists (nid.).
  6. (unspecified title). ISBN 978-1-61669-768-6
  7. 1 2 3 4 Моцарт Вольфганг Амадей // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  8. 1 2 3 4 http://www.oxfordreference.com/view/10.1093/oi/authority.20110803100213606.
  9. Find a Grave (ing.). 1996.
  10. Риман Г. Моцарт (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 2. С. 877–882.
  11. "Kayzen.az — Böyük musiqiçilər: Volfqanq Amadey Mosart". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
  12. "Kayzen.az — Böyük musiqiçilər: Mosart (Motsart)-dahi bəstəkar". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-09.