Xaç atası (film) — Vikipediya
Xaç Atası | |
---|---|
ing. The Godfather | |
Janr | dram detektiv |
Əsas mövzu | mütəşəkkil cinayətkarlıq |
Rejissor | Frensis Ford Koppola |
Prodüser | Albert Ruddi |
İcraçı prodüser | Robert Evans[d] |
Əsərin müəllifi | Mario Püzo |
Ssenari müəllifləri | Mario Püzo Frensis Ford Koppola |
Baş rollarda | Marlon Brando Al Paçino Ceyms Kaan Con Kazale Robert Düvall Taliya Şayr Dayan Kiton |
Operator | Qordon Uillis |
Bəstəkar | Nino Rota |
Rəssam | Uorren Klaymer |
İstehsalçı | Paramount Pictures |
Distribütor | Paramount Pictures |
İlk baxış tarixi | 15 mart 1972 (Nyu-York premyerası) 24 mart 1972 (ABŞ-də geniş təqdimat)[1] |
Filmin növü | bədii film |
Müddət | 175 dəqiqə |
Büdcə | 6 milyon $[2] 7 milyon $[3] |
Gəlir | 268,5 milyon $[4][5] |
Ölkə | ABŞ |
Dillər | ingilis dili siciliya dili |
İl | 1972 |
Sonrakı film | Xaç atası 2 |
Texniki məlumatlar | Technicolor |
Rəng | rəngli |
Çəkiliş yeri | "Xaç atası" filminin çəkiliş yerləri |
IMDb | ID0068646 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Xaç Atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın mafiya dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş[6] eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "Rədd edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur.[7] IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur.[8]
Məzmun
[redaktə | mənbəni redaktə et]"Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945–1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi. Bu zaman "Xaç atası" kimi tanınan və Korleone mafioz qrupunun başçısı Vito və ailənin şəxsi hüquqşünası Tom Hagen (Robert Düvall) təbriklər qəbul edirlər və eləcə də dost və həmkarların xahişlərini dinləyirlər. Xahişə gələnlər çox gözəl bilirdilər ki, heç bir siciliyalı öz qızının toyunda kiminsə sözünü yerə salmaz. Bu vaxtlar donun sevimli kiçik oğlu, İkinci dünya müharibəsi qəhrəmanı Maykl (Al Paçino) öz dostu Key Adamsa (Dayan Kiton) öz atasının cinayət aləmində tanındığı haqqında danışır. Lakin Maykl qətiyyətlə bildirir ki, özünün ailəsinə qətiyyən heç bir oxşarlığı yoxdur.
Gələn qonaqlar arasında həm də Vito Korleonenin xaç oğulluğu, Hollivuddan təzə gəlmiş müğənni Conni Fonteyn (Al Martino) də var. O, dondan xahiş edir ki, itən şöhrətini yenidən qaytarmaq üçün təzə çəkilişlərinə başlanılmış bir filmdə rol almasına kömək etsin. Conni deyir ki, kinostudiyanın rəhbəri Cek Vols (Con Marli) ona rol vermir. Korleone bu problemi həll etmək üçün Hageni Kaliforniyaya göndərir. Cek Vols qətiyyətlə Hagenə deyir ki, heç bir vəchlə Fonteynə rol verməyəcək. Çünki Fonteyn onun sevgilisini əlindən alıb. Korleone ailəsinə etdiyi etiraza görə Vols səhər yuxudan duranda yatağının qan içində olduğunu görür: onun 600.000 dollarlıq sevimli atının başı kəsilərək yatağına qoyulmuşdu.
Hagenin qayıdışından sonra ailə Tattaliya ailəsinə qarşı rəqabət aparmaq üçün Vörcil Solosso (Al Lettyeri) ilə görüşür. O, don Korleoneyə heroin idxalına pul qoymağı, eləcə də bu işdə diplomatik və hüquqi müdafiəni təmin etməyi təklif edir. Lakin Korleone onun diplomatik nüfuzuna təhlükə törədə biləcəyini düşünərək narkotiklərlə bağlı çirkli işlərə girməyəcəyini deyir. Korleonenin oğlu Sonni bu işin Tattaliya ailəsilə əməkdaşlıq etdikləri zaman mümkün olacağını deyir. Don Vito yaranmış bu ciddi fikir ayrılığına görə Sonnini təklikdə tənbeh edir və daha sonra ən yaxşı döyüşçüsü olan Luka Brazini (Lenni Montana) hər şeyi yerli-yataqlı öyrənməyə göndərir.
Küçədə gedərkən don Korleoneyə sui-qəsd təşkil olunur. Ona tapançadan atəş açılır. Solosso və Tattaliya, Brazini öldürür və Sonniyə sazişi qəbul etmək barədə söz çatdırmaq üçün Hageni oğurlayırlar. Qəzəblənmiş Sonni təklifdən imtina edir və Tattaliya ailəsinə ultimatum göndərir: ya Solossonu ona verməlidir, ya da Korleone ailəsi müharibə yoluna əl atacaq. Tattaliya etiraz edir və bununla bərabər Santinoya Brazinin ölüm sübutunu göndərir.
Bir gün Maykl xəstəxanaya atasına baş çəkməyə gedir və bu zaman ona məlum olur ki, atasını qorumaq üçün xəstəxanada heç bir mühafizə təşkil olunmamışdır. Atasına yenidən sui-qəsd ediləcəyini düşünən Maykl don Korleonenin yatdığı palatanı dəyişdirir. Özü isə qapıdan çölü izləməyə başlayır. Özünü dona borclu bilən Enzo mühafizəni xəstəxananın artırmasında təsvir edərək Korleoneni öldürməyə gələn Solossonun adamlarının fikirlərini yayındırır. Onların ardınca kapitan Mark Makklaskinin (Sterlinq Heyden) rəhbərliyi ilə polis dəstəsi gəlir. Onlar Mayklı Solosso ilə əlaqədə olmağında ittiham edərək onun sifətinə möhkəm bir zərbə ilişdirirlər. Bundan dərhal sonra Hagen, Korleone üçün nəzərdə tutulmuş mühafizə xidməti əməkdaşları ilə xəstəxananın qarşısına təşrif gətirir. Sonni onların Bruno Tattaliyanı öldürdüyü barədə Maykla xəbər çatdırır. Beləcə, ailə başçılarının oğulları arasında "müharibə" başlayır.
Solosso Maykl Korleone ilə görüşmək istədiyini bildirir və Makklaskini öldürəcəyinə söz verir. Bu Sonni və Klemensoya müsbət təsir bağışlayır. Lakin Maykl onları ciddiyyətlə inandırır ki, burada şəxsi heç nə yoxdur. Bu yalnız və yalnız biznesdir. Solosso ilə görüşü zamanı Maykl ayaqyoluna getməyi bəhanə gətirir və ora gedir. Oradan gizlədilmiş tapançanı götürərək geri qayıdır. Maykl Solosso və Makklaskini güllələyir. Bundan sonra Siciliyaya gedir. Beləcə Korleone ailəsinin birləşmiş digər 5 ailəyə qarşı olan mübarizəsi ən qızğın çağlarını yaşamağa başlayır. Maykl Siciliyada don Korleonenin köhnə dostlarından olan don Tomazinonun (Korrado Qaypa) himayəsi altında yaşayır. O, orada Appoloniya (Simonetta Stefanelli) adlı bir yerli qıza aşiq olur və onunla evlənir. Bu evlilikdən çox keçməmiş Appoloniya maşın sürmək öyrənir. Bir gün həmin maşına Mayklı öldürmək üçün bomba qoyulur, lakin maşına Maykldan əvvəl minən və onu işə salan Appoloniya partlayış nəticəsində həlak olur. Və beləliklə, Maykl ölümdən xilas olur.
Nyu-Yorkda don Korleone xəstəxanadan evə buraxılır və Mayklın Solosso və Makklaskini öldürdüyündən xəbər tutur. Bir neçə ay sonra – 1948-ci ildə Karlo arvadı Konni Rissini hamilə olduğu üçün vəhşicəsinə döyür. Daha sonra isə xəbərdarlıq edir ki, bu bir də təkrar olunsa, onu öldürəcək. Bu hal bir də təkrar olunanda Sonni bundan xəbər tutur. Qəzəblənmiş Sonni özünü bacısının yanına çatdırmaq üçün yola düşür, ancaq şlaqbaumdan keçməmiş onu Tattaliya ailəsinin adamları güllələyirlər.
Don Korleone bu müharibəyə son qoymaq məqsədilə 5 ailə başçıları və nümayəndələri ilə bir yerdə görüş keçirir. Bu işi görməkdə don Korleone həm nahaq qana son qoymaq, həm də Mayklın sağ-salamat evə qayıda bilməsini təmin etmək istəyirdi.
Maykl Siciliyaya qayıdır. 1951-ci ildə (qayıdışından bir il sonra) o, keçmiş rəfiqəsi Keylə görüşür və tezliklə ona evlənmə təklifi edir. Sonninin ölümündən sonra don mafiya başçısı kürsüsünü tərk edir. Ortancıl qardaş Fredo bu işlərin öhdəsində gələ bilməyəcəyi üçün faktiki olaraq Maykl cinayətkar sindikatının rəhbəri olur. Amma o Keyə söz verir ki, qarşıdan gələn 5 il ərzində atasının biznesini tamamilə qanuniləşdirəcək.
Klemenso və Salvador Tessio Korleoneyə Barzini ailəsi tərəfdən sıxışdırıldıqlarını bildirirlər və onlara cavab zərbəsi vurmaq təşəbbüsü ilə çıxış edirlər. Lakin Maykl bu mövzuda onlara etiraz edir. O, öz ailə fəaliyyətini Nevada ştatına keçirmək istəyir və Konninin ərinin bütünlüklə onun sağ əli olacağına and içir. Tom Hagen işlərdən kənarlaşdırılaraq don Vitonun şəxsi vəkili olur. Hagen indiki yerindən və Mayklın siyasətindən narazılığını bildirir. Lakin don, Mayklın onun məsləhətilə iş gördüyünü deyir.
Maykl Las-Veqasda böyük bir sahibkarla tanış olur və ona Mo Qrinin (Aleks Rokko) kazinodakı payını almağı təklif edir. Amma Mo ona kobudcasına etiraz edir. Məlum olur ki, Mo Qrin zəng edib Fredonu ictimaiyyət arasında döyməyi deyib. Fredo Monun tərəfini tutur. Daha sonra Maykl Fredoya bildirir ki, bir də heç vaxt öz ailəsi əleyhinə getməyə cürət etməsin.
Maykl evə qayıdır. Don Vito düşmənlərin nə fikirdə olduğunu başa düşür və Barzininin Mayklı görüşə çağıracağını, elə oradaca onu öldürəcəyini bildirir. Təklif verən adam satqındır. Vito Mayklı heç vaxt ailənin başında görməyi arzulamadığını deyir. Əksinə, onun qanuni siyasətçi olmağını arzulayırdı. Tezliklə don nəvəsi Entoni ilə oynayarkən ürək tutmasından vəfat edir. Dəfn mərasimi zamanı don Vitonun dediyi doğru çıxır. Tessio Maykla Barzini ilə görüş təklif edir.
Maykl Karlo və Konninin oğlunun xaç atası olmağa razılıq verir. Bu mərasim zamanı Mayklın adamları düşmən ailələrin başçılarını öldürürlər: Don Kuneo qapının kandarında, don Straççi liftdə, don Tattaliya yataqda, don Barzini, eləcə də Mo Qrin (masaj zamanı) öldürülür.
Tessio Hagenə deyir ki, onun bu hərəkəti sadəcə biznesdir və Mayklın adamları ilə birlikdə öz ölümünü qarşılamağa gedir. Maykl Karlonu Sonninin öldürülməsində iştirak etdiyi üçün ittiham edir və bunu boynuna almasını istəyir. O, Karloya Las-Veqasa uçması üçün təyyarə bileti verir. Karlo hava limanına getmək üçün maşına oturanda Klemensonun ilgəyi ilə onu öldürürlər.
Konni ərinin ölümündə Mayklı günahlandırır. Key bu barədə öyrənmək istəyəndə Maykl cavabdan imtina edir. Lakin Key onu cavab verməyə məcbur edir və Maykl bu işdə əli olmadığını söyləyir.
Filmin finalında Key Karlonun və başqalarının ölümündə ərinin əlaqəsi olmamasına inanır. O, qapının arasından Klemensonun yeni don kimi Mayklın əlini öpməsinin şahidi olur. Key əri haqqında olan bütün şübhələrin yalan olduğunu başa düşür…
Nəsil ağacı
[redaktə | mənbəni redaktə et]Əkiz bacılar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Endrü | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Conni Fonteyn | Frenk | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Antonio Andolini | Ana | Tom Hagen | Tereza | ||||||||||||||||||||||||||||||||||||||||||||
Viktor | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Paolo Andolini | Vito Korleone | Karmella | Maykl Frensis | ||||||||||||||||||||||||||||||||||||||||||||
Santino Korleone | Sandra | Frederiko Korleone | Konstansiya Korleone | Karlo Rissi | |||||||||||||||||||||||||||||||||||||||||||
Apolloniya | Maykl Korleone | Key Adams | |||||||||||||||||||||||||||||||||||||||||||||
Entoni Korleone | Meri Korleone | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Filmin üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]Vəzifə | Şəxs |
---|---|
Rejissor | Frensis Ford Koppola |
Əsərin müəllifi | Mario Püzo |
Ssenari müəllifləri | Mario Püzo Frensis Ford Koppola |
Operator | Qordon Uillis |
Rəssam | Uorren Klaymer |
Bəstəkar | Nino Rota |
Prodüser | Albert Ruddi |
Geyim rəssamı | Anna Hill Conston |
Montaj | Uilyam Reynolds Peter Sinner |
Əlaqələndirici prodüser | Qrey Frederikson |
Dirijor | Karlo Savina |
Dekor rəssamı | Filip Smit |
Kastinq | Fred Roos Andrea İstmen Luis Diciamo |
Prodüser assistenti | Qeri Çazan |
Post-prodakşn məsləhətçisi | Volter Març |
Xarici post-prodakşn | Peter Sinner |
Rollarda
[redaktə | mənbəni redaktə et]Aktyor | Rol | Mövqeyi |
---|---|---|
Marlon Brando | don Vito Korleone | Korleone mafioz klanının başçısı, hər kəsin yanında "Xaç atası" kimi məşhurdur. Sonni, Fredo, Maykl, Konninin və qəbul edilmiş övlad Tom Hagenin atası, Karmella Korleonenin əri |
Al Paçino | Maykl Korleone | Korleone ailəsinin kiçik oğlu. Onun adi insandan mafiya başçısına qədər yüksəlişi filmin əsasını təşkil edir. |
Ceyms Kaan | Santino (Sanni) Korleone | Don Vitonun böyük oğlu, onun varisi hesab olunur. Qızğın xarakterli və son dərəcə qisasa meyillidir. |
Con Kazale | Frederiko (Fredo) Korleone | Don Vitonun ortancıl oğlu. Xarakter etibarilə qardaşlar arasında ən zəifi hesab olunur. |
Robert Düvall | Tom Hagen | Don Vitonun övladlığa qəbul etdiyi şəxs. Hüquqşünasdır. |
Taliya Şayr | Konstansiya (Konni) Korleone-Rissi | Don Vitonun yeganə qızı. Karlo Rissinin arvadıdır. |
Dayan Kiton | Key Adams | Mayklın rəfiqəsi, sonradan onun ikinci arvadı və uşaqlarının anası. |
Riçard Kastellano | Piter Klemensa | Korleone klanının kaporecimesi. |
Eyb Viqoda | Salvatore Tessio | Korleone klanının kaporecimesi. |
Al Lettyeri | Vörcil Solosso | Narkotik idxalçısı, Tattaliya ailəsi ilə əlaqəsi var. |
Canni Russo | Karlo Rissi | Konninin əri. Korleone ailəsinin yaxın adamı olsa da, Sonnini satır. |
Sterlinq Heyden | kapitan Mark Makklaski | Nyu-York polisinin kapitanı. Solosso ilə əməkdaşlıq edir. |
Lenni Montana | Luka Brazi | Muzdlu qatil. |
Riçard Konte | don Emilio Barzini | Barzini ailəsinin başçısı. |
Al Martino | Conni Fonteyn | Tanınmış müğənni. Don Vitonun xaç oğulluğu. |
Con Marli | Cek Vols | Hollivudda kinostudiya rəhbəri. |
Aleks Rokko | Mo Qrin | Korleone ailəsinin çoxdankı dostu. Las-Veqasda mehmanxana şəbəkəsinin və kazinonun sahibidir. |
Morqana Kinq | Karmella Korleone | Don Vitonun arvadı, Sonni, Fredo, Maykl, Konninin anası. Tom Hagenin qəbul edilmiş anası. |
Korrado Qaypa | don Tommazino | Vito Korleonenin köhnə dostu. Maykl Siciliyaya qaçanda onun gizlənməsinə kömək etmiş şəxs. |
Viktor Rendina | Filipp Tattaliya | Tattaliya ailəsinin başçısı. |
Simonetta Stefanelli | Apolloniya Vitelli-Korleone | Mayklın Siciliyada tanış olduğu birinci arvadı. |
Tom Roski | Rokko Lampone | Klemensanın döyüşçüsü. |
Co Spinell | Uilli Çiççi | Korleone ailəsinin döyüşçüsü. |
Riçard Brayt | Al Neri | Mayklın cangüdəni. Sonradan ailənin kaporecimesi oldu. |
Çəkiliş yerləri
[redaktə | mənbəni redaktə et]Filmin çəkilişləri, əsasən, Nyu-York ətrafında, Los-Ancelesdə, Nevadada və İtaliyada aparılıb.[9] Hətta o zaman Beşinci Avenyuda qapalı fəaliyyət göstərən Best & Company geyim mağazası da öz qapılarını filmin yaradıcı heyətinin üzünə açmışdı. Orada Al Paçino və Dayan Kitonun milad bazarlığı səhnələri lentə alınmışdı. Los-Ancelesdə yerləşən bir məkan Cek Uolsun evinin xarici görünüşü üçün istifadə olunmuşdu. Paçino və Kitonla olan səhnə Kaliforniyanın Ross şəhərində çəkilib. Savoka və Forsa d'Aqro kimi Siciliya şəhərləri, eləcə də Taorminanın arxa tərəfi zahiri görüntü kimi filmin bir neçə kadrında yer almışdır. İnteryerlərdə olan atəş səhnələri Nyu-Yorkda yerləşən Filmways studiyasında çəkilmişdi.
Bellvü xəstəxanasının (hazırda ing. Bellevue Hospital Center) yan girişində Mayklla polis kapitanı Makklaskinin görüş səhnəsi çəkilib.[10] 2007-ci ilə qədər pilləkənlər və xəstəxanaya giriş darvazası yerində idi. Lakin onlar baxımsızlıq ucbatından sıradan çıxaraq tarixə qovuşdu. Mayklın atasına baş çəkməyə gəldiyi səhnənin xəstəxana interyerləri Manhettenin 14-cü küçəsində yerləşən Nyu-York Göz və Qulaq Xəstəxanasında (ing. New York Eye and Ear Infirmary) çəkilmişdir.
Don Barzininin qətlə yetirildiyi səhnə Nyu-York Ali Məhkəməsinin yaxınlığında, Foli-Skverdəki bir tikilidə çəkilmişdir.
Korleone ailəsinin toy səhnəsi Staten-Aylendin Lonqfellou-Avenyu 110 ünvanında qurulmuşdu.[11] Çoxsaylı Tüdor üslublu evlər hazırlanmış çəkiliş məkanlarından heç də fərqlənmir və onların bir hissəsi kimi nəzərə çarpırdı.[12] Paramaunt studiyası "Plexiglas" adlı küçəni kəsib keçən "daş divar" inşa etmişdi. Bu, Santinonun kameranı sındırdığı həmin divar idi. Toy səhnəsindəki bir çox kənar şəxslər yerli italyanlar və amerikalılar idi. Koppola onlardan ev şəraitində hazırlanmış şərab içməyi, ənənəvi italyan yeməklərinin dadına baxmağı və bu səhnədə həqiqi toy şənliyində olduğu kimi iştirak etməyi xahiş etmişdi.
Xaç suyuna salınma səhnəsinin çəkilişi iki kilsədə aparılmışdır. İçəridə açılan bütün atəşlər Nyu-Yorkdakı St. Patrick's Old Cathedral kompleksində çəkilmişdir. Xaç suyuna salınma səhnəsində İohan Sebastyan Baxın Passacaglia and Fugue in C minor, BWV 582 əsəri və digər orqan üçün yazılmış əsərləri istifadə edilmişdi. Xaç suyuna salınmadan sonrakı bütün daxili səhnələr isə Staten-Aylenddəki Müqəddəs İoakim və Müqəddəs Anna kilsələrində lentə alınmışdır. 1973-cü ildə kilsənin böyük bir hissəsi yanğın zamanı məhv oldu.[13] Kilsənin orijinal variantından yalnız binanın ön tərəfi və yuxarıdakı uzun mil qalmışdı. Sonradan bu hissələr kilsənin yeni quruluşuna daxil edildi.
Don Korleonenin dəfnedilmə səhnəsi Kuinsin Vudsayd ərazisində yerləşən Calvary Cemetery qəbiristanlığında çəkilmişdir. Gömrük postu səhnəsi isə Nyu-Yorkun Yuniondeyl kəndindəki Nassau Veteranz Memorial Kolizeumda (ing. Nassau Veterans Memorial Coliseum) tikinti gedən zaman lentə alınmışdır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- "Xaç atası" filminin çəkilişləri 1971-ci ildə 4 ay ərzində aparılmışdır.
- Mario Püzonun sözlərinə görə, Conni Fonteyn personajı Frenk Sinatranın həyatından götürülmüş faktlar əsasında yaradılmayıb[14][15].
- Vito Korleone obrazı üçün seçimlər çox gərgin keçmişdi. Bu rolu əldə etmək üçün eyni zamanda Ernest Borqnayn və Deni Tomas mübarizə aparırdılar. "Paramaunt" studiyasının isə öz planları var idi. Onlar "potensial xaç ataları"nın siyahısına Edvard Robinson, Bert Lankaster, Orson Uells və Corc Skottu daxil etmişdilər. Lakin filmin rejissoru Frensis Ford Koppolanı onların heç biri qane etmirdi. O, studiya rəhbərlərinin qarşısında belə bir şərt qoymuşdu: "Bu rolu ya Marlon Brando, ya da Lourens Olivye ifa etməlidir". İş elə gətirir ki, Lourens Olivye roldan imtina edir. Buna baxmayaraq, studiya bu rolu yenə də Brandoya vermək istəmir. Onların fikrini yalnız sınaq çəkilişlərində aktyorun mükəmməl ifası dəyişə bilir.[16] Lorens Olivye Vito Korleone obrazından digər filmdə məşğul olduğu üçün imtina etmişdi. Sonradan hər iki aktyor eyni vaxtda, eyni nominasiyada "Oskar"a namizəd göstərilmişdi.[17]
- Studiya rəhbərləri Maykl obrazında Uorren Bitti, Cek Nikolson, Dastin Hoffman, Alen Delon, Robert Redford kimi tanınmış aktyorlardan birini görmək istəyirdilər. Lakin Kopolla buna qəti etiraz edir və həmin rola buna qədər filmlərdə yalnız ikinci dərəcəli rollar ifa edən Al Paçino dəvət olunur[18].
- Prodüserlər bütün gücüylə Frensis Ford Koppolaya Al Paçinonu çəkilişlərdən uzaqlaşdırmağa təzyiq edirdilər. Filmin hazır materiallarına baxan prodüserlər rejissora həmişə istehza ilə bir sual verirdilər: "Bəs o nə vaxt rolunu ifa etməyə başlayacaq?". Onlar bu fikirlərindən yalnız Mayklın Solosso və polis kapitanını öldürdüyü epizodu gördükdən sonra daşınmağa məcbur olublar. Beləcə prodüserlər Koppolanın dahiyanə uzaqgörənliyinə heyran olublar.
- Filmdə rejissor kürsüsü ilk olaraq, Serco Leoneyə təklif olunmuşdu. Lakin o, bu təklifdən imtina etmişdi. Sonradan Leone bu addımına görə olduqca peşman olmuş və özünəməxsus şəkildə bəhsə girərək 1984-cü ildə genişmiqyaslı "Bir dəfə Amerikada" filmini çəkmişdir[19].
- "Paramount Pictures" kino şirkəti çəkilişləri aparmaq üçün rejissor dəyişikliyi edərək Eliya Kazanı dəvət etmək istəyirdi. Lakin bu söz-söhbətə Marlon Brandonun "Əgər Koppola uzaqlaşdırılsa, onda mən də filmdən gedəcəyəm" deməsi ilə son qoyuldu[20].
- Vito Korleone roluna çəkilməyə Frenk Sinatra da namizədlərdən biri idi.
- Al Paçino Maykl obrazının öz yaradıcılığında ən mürəkkəb rol olduğunu demişdir.
- Filmin premyerası 24 mart 1972-ci ildə olmuşdu. Çəkilişlərinə 6 milyon dollar xərclənmiş film prokatda 250 milyon dollara yaxın qazanmışdı[21].
- Frensis Ford Koppola romanı oxuyandan sonra bu əsəri çəkmək haqqında düşünürdü. Onun sözlərinə görə, əgər bu ideya ilə Paramaunt şirkətinə cəmi 4 ay gec gəlsəydi, bu filmi ona həvalə etməzdilər. Kino şirkəti əvvəlcə bu layihəyə o qədər də ciddi yanaşmır[22] və onu kiçik qanqster dramı kimi nəzərdə tuturdu. Onların heç bir uğur gözləməməsinə baxmayaraq, yarım ildən sonra Mario Püzonun romanı böyük şöhrət qazanır. Yalnız bundan sonra hər kəs filmi böyük səbirsizliklə gözləməyə başlayır. Beləliklə, kino şirkəti çəkilişlərin ortasında rejissoru dəyişmək fikrindən əl çəkdi[23].
- Layihənin təsdiqi zamanı "Paramaunt" şirkəti Brandonu çəkilişlərə cəlb etməyi planlaşdırmırdı. O zamanlar aktyor çəkiliş meydançasında nəzakətsizlikləri və spirtli içkilərlə bağlı problemlərilə məşhur idi. Xaç atası roluna bir neçə aktyor sınaqdan keçirilmişdi. Lakin ən yaxşı nəticəni məhz Brando göstərə bilmişdi. Studiya bu faktı nəzərə alaraq, onun çəkməyə məcbur olmuşdu.
- Çəkiliş zamanı qrim üçün Brandonun çənəsinə xüsusi ağac materialı bərkidilmişdi. Məqsəd onun çənəsini buldoq çənəsinə bənzətmək idi.
- Bəzi ehtimallara görə müəllif Vito Korleone obrazını Karlo Qambinonun prototipi kimi yaratmışdı.
- Luka Brazi rolunu ifa edən aktyor Lenni Montana Marlon Brandonun görünüşü qarşısında elə həyəcan keçirirdi ki, tez-tez söyləyəcəyi mətni çaşırdı. Baş vermiş bu cür təbii əsəbilik Koppolanı qane edir və o, həmin səhnələri birbaşa filmə daxil edir.
- Atı da daxil etməklə, filmdə cəmi 18 cəsəd göstərilir.
- "Koppola" sözü (it. coppola) ənənəvi Siciliya şlyapasının adıdır. Bu cür şlyapaları filmin "italyansayağı" epizodlarında görmək olar. "Korleone" sözü isə (it. Corleone) Siciliyanın Palermo əyalətindəki dağ kəndinin adından götürülüb.
- Marlon Brando ona verilmiş "Oskar" mükafatını qəbul etməmişdi. Təqdimat mərasimində onun əvəzinə səhnəyə çıxan hindu nümayəndə qadın Saşin Littlfezerin izahından sonra aktyorun bu heykəlcikdən imtina etməsi məlum oldu. Aktyorun bu addımı atmaqda məqsədi Amerikanın əsl yerli əhalisinin hüquqlarının tapdalanmasına etirazını bildirmək idi[24][25].
- Filmdə göstərilən portağallar ölümə işarə kimi təqdim olunur. Belə ki, onların kadrda görünməsindən bir müddət sonra mütləq hansısa qəhrəman ölür. Yeganə istisna Vito Korleone hesab olunur. Çünki ona edilən sui-qəsd zamanı xaç atası ölümcül yaralanır.
- "Xaç atası"nın birinci və üçüncü hissələrində Pyer Paolo Pazolininin sevimli aktyoru Franko Çitti Siciliya səhnələrində epizodik rolda çəkilmişdir. Çitti daha çox "Çar Edip" filmindəki baş rolun ifaçısı kimi yadda qalıb.
- Film AFI-nin 10 ən yaxşı qanqster filmi siyahısında birinci yeri tutur.[26]
- Betmenin düşməni Karmayn Falkone don Korleone obrazının prototipidir.[27]
Filmlə roman arasındakı fərqlər
[redaktə | mənbəni redaktə et]Romanla ekran əsəri arasında ən əsas fərqlərdən biri don Korleonenin keçmişini əsk etdirən səhnələrlə bağlıdır. Bura həm də onun Amerikaya mühacirət etməsi, onun ailə həyatının təsviri, don Fanuççinin öldürülməsi və mafiya aləmindəki irəliləyişləri də daxildir. Bütün bunlar ilk hissənin davamı olan "Xaç atası 2" filmində öz əksini tapmışdır.
Filmin ilk hissəsi çəkilməmişdən əvvəl, don Korleone ilə yanaşı, digər qəhrəmanların da həyatından olan səhnələr çıxarılmışdır. Məsələn, filmdə Conni Fonteynin qadınlarla olan uğursuzluqları və səsi ilə bağlı problemləri göstərilmir. Bundan başqa filmdə ixtisara düşən səhnələr arasında Santino və Lüsi Mançini arasında olan sevgi macərası, eləcə də onun yeniyetmə yaşlarında törətdiyi küçə dələduzluğu, Cek Volsun pedofiliyaya olan meyili hissələri də var. Filmdə Makklaskinin zərbəsindən Mayklın zədələnmiş sifətini həkim Culius Seqalın müalicə etməsi xətti ümumiyyətlə yoxdur.
Film tabutçu Ameriqo Bonaseranın donun yanına gəlib həqiqət axtarması səhnəsilə başlayır. Sonra dondan çörəkçi Nazorin, Luka Brazi və Conni Fonteyn kömək istəyirlər. Kitabda isə bu ardıcıllıq belədir: çörəkçi, Luka, tabutçu və Fonteyn.
Filmdə prodüser Cek Vols şou-biznesin nüfuzlu və varlı nümayəndəsi kimi göstərilir. Romanda isə bununla yanaşı, onun dövlət dairələri ilə geniş əlaqəsi xüsusi vurğulanır. O, prezidentin kino ilə bağlı məsləhətçisi hesab olunur. Bundan başqa, böyük ehtimalla, yalan olsa da, FTB direktoru ilə dostluq əlaqələrinin olmasını təsdiq edir.
Romandakı sözlərə istinad etsək, Maykl öz qərarını Sonniyə bu sözlərlə çatdırır: "Onlar küçədə atəş açmaqla bunu şəxsi zəminə gətirdilər. Zorakılıq biznes deyil, şəxsi məsələdir". Lakin filmdə o atasının şüarı ilə cavab verir: "Şəxsi heç nə yoxdur. Bu yalnız biznesdir".
Xəstəxana yaxınlığında yaxalanmış Mayklın köməyinə dürüst ailə üzvləri gəlir. Filmdə bu səhnədə Tom Hagen donun oğlunu aparır və polis kapitanına başa salır ki, artıq bundan sonra Vito Korleoneyə şəxsi xəfiyyələr nəzarət edəcəklər. Lakin romanda Mayklın köməyinə vəkil Klemensa çatır. Tomu isə hadisənin üstündən müəyyən müddət keçəndən sonra xəstəxanada ayılanda görür.
Romanda Key Mayklın Siciliyadan qayıtması haqqında onun anasına zəng etməklə təsadüfən xəbər tutur. Bundan sonra Lonq Biçə gəlir və Mayklla görüşür. Kinofilmdə isə Keyi Maykl özü tapır.
Filmdə bəzi qəhrəmanların xarakterik cəhətləri xeyli kiçildilib. Həmin qəhrəmanların sırasına Conni Fonteyn, Lüsi Mançini, Rokko Lampone və Al Neri də daxildir. Hətta sonuncu iki obrazın filmdə heç bir replikası yoxdur. Həkim Culius Seqal, Nino Valenti və Siciliyalı həkim Tassi obrazları isə süjetdən tamamilə çıxarılıb. Filmlə roman arasında olan fərqlərdən biri də odur ki, əsərdə Mayklla Keyin iki oğlu, filmdə isə bir oğlu və bir qızı var.
Kitaba əsasən, Mayklın Siciliyadakı cangüdənlərindən biri Fabrisio "Xaç suyuna salınma" səhnəsində öldürülənlərlə bir sırada qətlə yetirilir.
Romanın sonu da kinofilmin yekun səhnələrindən fərqlidir: film Keyin Mayklın öz ailəsinə bənzədiyini başa düşdüyü 31-ci fəsildə bitir. Kitab isə 32 fəsillə başa çatır. Sonda Hagen əri haqqında olan bütün məsələlər barədə onun arvadına danışır. Filmin "Xaç suyuna salınma" səhnəsində dörd ailənin başçıları istisnasız olaraq qətlə yetirilir. Romanda isə yalnız Barzini və Tattaliya öldürülür.
Mario Püzo kinotrilogiyanın bütün hissələrinə ssenarini özü yazdığına görə hər bir dəyişiklikdən bilavasitə xəbəri olmuşdu.
Mükafatlar və nominasiyalar
[redaktə | mənbəni redaktə et]Mükafatlar və nominasiyalar | |||||
---|---|---|---|---|---|
İl | Mükafat | Kateqoriya | Namizəd şəxs | Nəticə | |
1973 | Oskar mükafatı | Ən yaxşı film | Albert S. Raddi | Qazandı | |
Ən yaxşı kişi roluna görə | Marlon Brando (mükafatdan imtina edib)[28][29][30] | Qazandı | |||
Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə | Mario Püzo Frensis Ford Koppola | Qazandı | |||
Ən yaxşı rejissor | Frensis Ford Koppola | Namizəd | |||
Ən yaxşı ikinci plan kişi roluna görə | Robert Düvall Ceyms Kaan Al Paçino | Namizəd | |||
Ən yaxşı geyimlər dizaynına görə | Anna Hill Conston | Namizəd | |||
Ən yaxşı səsə görə | Çarlz Qrensbax Riçard Portman Kristofer Nyuman | Namizəd | |||
Ən yaxşı montaja görə | Uilyam Reynolds Peter Sinner | Namizəd | |||
Ən yaxşı musiqiyə görə | Nino Rota (nominasiyadan çıxarılıb)[31] | Namizəd | |||
1973 | Qızıl Qlobus mükafatı | Ən yaxşı dram filmi | Qazandı | ||
Ən yaxşı dram aktyoru | Marlon Brando | Qazandı | |||
Ən yaxşı rejissor işi | Frensis Ford Koppola | Qazandı | |||
Ən yaxşı ssenari | Mario Püzo Frensis Ford Koppola | Qazandı | |||
Ən yaxşı saundtrek | Nino Rota | Qazandı | |||
Ən yaxşı dram aktyoru | Al Paçino | Namizəd | |||
Ən yaxşı ikinci plan kişi roluna görə | Ceyms Kaan | Namizəd | |||
1973 | BAFTA mükafatı | Filmə yazdığı musiqinin uğuruna görə Entoni Eskuit adına mükafat | Nino Rota | Qazandı | |
Ən yaxşı kişi roluna görə | Marlon Brando | Namizəd | |||
Ən yaxşı ikinci plan kişi roluna görə | Robert Düvall | Namizəd | |||
Ən yaxşı geyim | Namizəd | ||||
Ən yaxşı yeni sima | Al Paçino | Namizəd | |||
1973 | Müşahidəçilərin Milli Şurasının Mükafatı | Ən yaxşı ikinci plan kişi roluna görə | Al Paçino (mükafatı "Kabare" filmindəki roluna görə aktyor Coel Qreylə bölüşmüşdür)[32] | Qazandı | |
1973 | Qremmi mükafatı | Ən yaxşı musiqi | Nino Rota[33] | Qazandı | |
1973 | Devid di Donatello mükafatı | Ən yaxşı xarici film | Qazandı |
Bədii dəyəri
[redaktə | mənbəni redaktə et]Film ABŞ-də olduğu kimi bütün dünyada da şöhrət qazandı[34]. Koppolanın rejissor işi, görkəmli aktyorların ifası və son dərəcə gözəl ssenari həm kino tənqidçilərinin[35], həm də adi tamaşaçıların[36] arasında filmin uğurunu təmin etmişdi. Filmdə zorakılıq səhnələrinin çox olduğunu da demək olar[37]. Lakin indiki halda bu yalnız rejissor yozumunu əks etdirən və ekran əsərinin müvafiq mühitini yaradan bədii vasitədir. Filmin əsas gərginliyi gənc müharibə qəhrəmanı Maykl Korleonenin faciəsi üzərində dayanır. Onun həyatı və hətta ruhu belə şəxsi məsuliyyətinin, hakimiyyətin və ailə maraqlarının təzyiqi nəticəsində getdikcə sınır. Mayklın amansız və qəddar bossa çevrilməsi dünya kino tarixində ən məharətlə göstərilmiş metamorfozlardan biri hesab olunur.
"Xaç atası"nın ilk iki hissəsi müvafiq olaraq, 1990-cı və 1993-cü illərdə ABŞ Milli Filmlər Reyestrində (ing. United States National Film Registry) qorunulması üçün seçilmişdir. Beynəlxalq kino tənqidçiləri bu iki filmi kinematoqrafın ən uğurlu filmlərindən hesab edirlər. Bir çox hallarda bu iki filmə vahid bir iş kimi münasibət bildirilir. 2002-ci ildə Böyük Britaniyada nəşr olunan məşhur Sight & Sound jurnalının tanınmış kinorejissorlar arasında keçirdiyi səsvermənin nəticələrinə görə, "Xaç atası" demək olar ki, bütün zamanların ən yaxşı filmi hesab olundu.[38][39]
Musiqi
[redaktə | mənbəni redaktə et]- Speak Softly Love[40]
- Bəstəkar Nino Rota Ən yaxşı musiqi nominasiyasında "Oskar"a namizəd göstərilmişdi. Lakin tezliklə onu bu nominasiyadan çıxarırlar. Səbəb kimi bəstəkarın filmə bütünlüklə yeni musiqi yazmadığının aşkar olunması göstərilirdi. Belə ki, Rota "Fortunella" adlı köhnə bir filmə (1958) yazılmış musiqi üzərində sadəcə yenidən işləmişdi[41][42].
Kassa gəliri
[redaktə | mənbəni redaktə et]"Xaç atası" bir çox kassa rekordlarını keçərək blokbaster olmuşdur. Bu filmin başlanğıc buraxılışında 81,5 milyon dollar gəlir əldə etməsinə səbəb oldu.[43] 1973-cü ildə təkrar buraxılışdan sonra məbləğ 85,7 milyona qədər artdı.[44] Əgər bura 1997-ci ildə məhdud şəkildə reallaşdırılmış növbəti təqdimat da daxil edilsə, yekun nəticədə bu rəqəm ümumi olaraq 135 milyon dollar dəyərində olar.[45] O zamankı xəbər məqalələri xəbər verirdi ki, bu ekran əsəri Şimali Amerikada 100 milyon dollar civarında gəlir əldə edən ilk film oldu.[46] Lakin adətən belə faktlar 1965-ci ildə ekranlara çıxmış "Musiqi sədaları" filmində müşahidə edildiyi kimi yanlış xarakter daşıyır.[47] "Xaç atası" filmi ölkədən kənarda da öz uğurlarını təkrar edərək 142 milyon dollar kimi misilsiz gəlir rəqəminə imza atdı.[48] Los Angeles Times-in 13 dekabr 1972-ci ildə dərc edilmiş məqaləsinə əsasən, "Xaç atası"nın gəliri o dərəcəyə çatmışdı ki, Paramount Pictures studiyasında fəaliyyət göstərən Gulf & Western Industries, Inc. üçün vəsait bir il ərzində 77 sentdən 3,30 dollara qədər yüksəlmişdi. Bugünədək filmin beynəlxalq gəliri 245 milyon dollarla 286 milyon dollar arasında qərar tutur.[49]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Block, Alex Ben; Wilson, Lucy Autrey, eds. (2010). George Lucas's Blockbusting: A Decade-By-Decade Survey of Timeless Movies Including Untold Secrets of Their Financial and Cultural Success. HarperCollins. pp. 518 & 552. ISBN 978-0-06-177889-6.
- ↑ "The Godfather". 2014-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
- ↑ "The Godfather, Box Office Information". 2013-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
- ↑ ""Крестный отец" — все три части по воскресеньям". 2012-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
- ↑ ""The Godfather (1972) – Notes". Turner Classic Movies". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
- ↑ ""Xaç atası"na görə miras savaşı başladı". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-24.
- ↑ "Jordan Hoffman. Best Movie Ever: The Godfather". 2012-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
- ↑ "IMDb Top 250". 2012-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
- ↑ "Film locations for The Godfather (1972)". 2014-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ "The Godfather Trivia (Total Trivia Entries: 147) Leave the gun, take the cannoli.". 2014-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-23.
- ↑ Visit the Godfather House: The Godfather filming location: The Corleone Mansion. 110 Longfellow Road, Emerson Hill, Staten Island
- ↑ Kim Potts. "Famous Movie Locations: Corleone Mansion from 'The Godfather'". Moviefone. Staten Island, NY: Inside Movies — On the Scene. May 6, 2010. June 29, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 24, 2014.
- ↑ "Girls' orphanage at Mount Loretto gutted by fire. No injuries reported as 150 firefighters continue to battle the blaze. By MICHAEL SCHOLL". 2001-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.
- ↑ "The Problem with Sinatra. The Anniversary You Can't Refuse: 40 Things You Didn't Know About The Godfather". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ "FRANK SINATRA AND THE MOB". 2014-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ "Премия «Оскар» (1972-1976). 30 Years of Academy Awards Winners". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-08.
- ↑ "The 45th Academy Awards (1973) Nominees and Winners". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
- ↑ "Kino → Xaç atası". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-24.
- ↑ "Крестный отец / The Godfather / Дневник кино". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-24.
- ↑ "ФИЛЬМЫ ОСКАРОНОСЦЫ". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ "The Godfather — Plot, Details & Awards — Moviefone". 2013-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ "The Godfather Wars". 2015-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ "Biography of Francis Ford Coppola". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ ""Only the most talented actors have the nerve to tackle roles that push them to their physical and mental limits". The Irish Independent". 2014-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ "Самые откровенные и нелепые эпизоды «Оскара»". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
- ↑ "AFI's Top 10 Gangster". 2016-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
- ↑ "Fancast: The Long Halloween As a holiday treat. An entirely different cast for this mini series... The character is based on Marlon Brando's portrayal of Don Vito Corleone". 2011-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-12.
- ↑ Marlon Brando's Oscar® win for " The Godfather"
- ↑ "Catching up with Sacheen Littlefeather, 40 years after her controversial brush with Oscar history". 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
- ↑ ""Xaç atası" həyatda da bu rolu oynayırdı". 2014-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-24.
- ↑ "Cinemateka". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
- ↑ "Награды Крестный отец The Godfather, 1972". 2017-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
- ↑ "Rota received both a Grammy Award". 2016-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-11.
- ↑ "AFI's 100 Years... 100 Movies (10th Anniversary Edition)" (PDF). 2011-08-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-23.
- ↑ ""The Godfather". Metacritic. CNET Networks". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
- ↑ ""The Godfather" on Rotten Tomatoes". 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
- ↑ "FILM; Robert Towne's Hollywood Without Heroes". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ "10 Best Films of All Time Polls by Sight & Sound Magazine (by number of appearances in top 10, alphabetical order, including the top-ten ranking within each decade's poll)". 2010-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
- ↑ "SIGHT AND SOUND CRITICS' POLL (2002): TOP FILMS OF ALL TIME". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
- ↑ Andy Williams' Speak Softly, Love (from 'The Godfather')
- ↑ "Песня «Speak softly love». Часть 1. История песни. Авторы". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-23.
- ↑ "Saxon, Wolfgang (April 27, 1991). "Carmine Coppola, 80, Conductor And Composer for His Son's Films". The New York Times". March 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2014.
- ↑ Wedman, Len (January 24, 1973). "Birth of a Nation classic proves it's still fantastic". The Vancouver Sun. p. 39
- ↑ "Godfather 1 all-time earner". The Gazette (Montreal). Reuters. January 9, 1975. p. 21
- ↑ Block, Alex Ben; Wilson, Lucy Autrey (2010). George Lucas's Blockbusting: A Decade-by-Decade Survey of Timeless Movies Including Untold Secrets of Their Financial and Cultural Success. New York, New York: HarperCollins, pp. 518, 552. ISBN 978-0-06-177889-6.
- ↑ ""The Godfather (1972) – Notes". Turner Classic Movies. Archived from the original on October 29, 2013. Retrieved July 16, 2014". October 29, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2014.
- ↑ ""Robert Wise – The Sound of Music (1965)". American Film Institute. Retrieved November 20, 2012". November 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2015.
- ↑ Jacobs, Diane (1980). Hollywood Renaissance. Dell Publishing. p. 115. ISBN 978-0-440-53382-5. The Godfather catapulted Coppola to overnight celebrity, earning three Academy Awards and a then record-breaking $142 million in worldwide sales.
- ↑ "Box office 1991: Von Gunden, Kenneth (1991). Postmodern auteurs: Coppola, Lucas, De Palma, Spielberg, and Scorsese. McFarland & Company. p. 36. ISBN 978-0-89950-618-0. Since The Godfather had earned over $85 million in U.S.-Canada rentals (the worldwide box-office gross was $285 million), a sequel, according to the usual formula, could be expected to earn approximately two-thirds of the original's box-office take (ultimately Godfather II had rentals of $30 million). 1997 re-release: "The Godfather (Re-issue) (1997)". Box Office Mojo. Retrieved November 20, 2012. North America:$1,267,490 Total: "The Godfather". Boxoffice. Retrieved June 23, 2013. Worldwide Gross: $245,066,411". March 5, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 5, 2015.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Burr, T, The 100 Greatest Movies of All Time, New York: Time-Life Books ISBN 1-883013-68-2. Lists The Godfather as "the greatest film of all time."
- Peter Cowie, The Godfather Book, London: Faber and Faber, 1997
- Nourmand, Tony, The Godfather in Pictures, London: Boxtree, 2007 ISBN 978-07522-2637-8
- '"Xaç atası"' — Internet Movie Database saytında
- "Xaç atası" trilogiyası (ing.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Godfather Characters Ripped from the Headlines
- The directors’ top ten films Arxivləşdirilib 2017-06-20 at the Wayback Machine
- Films Selected to The National Film Registry, 1989–2010
- An Interview with Francis Ford Coppola
- Doing the impossible — Part 1 — The Godfather