Xan Qərvənd — Vikipediya
Xan Qərvənd | |
---|---|
40°29′55″ şm. e. 46°54′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 145 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4014 (2009) nəfər (2009) |
Xan Qərvənd — Azərbaycan Respublikasının Goranboy rayonunun Xan Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Xan Qərvənd kəndinin daxil olduğu Xan Qərvənd kənd ərazi nümayəndəliyinin mərkəzi. Bakıdan 343 km qərbdə, rayon mərkəzindən 16 km cənub-şərqdə, Goranboy-Tərtər avtomobil yolu kənarında, Qarabağ düzündədir. Şimal-qərbdən Naftalan, şimaldan rayonun Ballıqaya kəndi, cənub-şərqdən və cənubdan Tərtər rayonu ilə həmsərhəddir. Sahəsi 5431 ha, əhalisi 4014 (2009) nəfər olmaqla pambıqçılıq və taxılçılıqla məşğuldur. "Xan Qərvənd" kolxozunun əkin sahəsi 2656, otlaq 2270, dövlət aktı ilə təhkim olunmuş 5084 (ictimai torpaq 4865, həyətyanı torpaq 219) olmaqla ümumi sahəsi 7354 ha olmuşdur (1996). Mirzə Məmmədov adına orta məktəb, klub, kitabxana, xəstəxana var.
Kəndin adını erkən orta əsrlərdə Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış türkdilli tayfa olan xəzərlərlə bağlayırlar. Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri də kəbər (kəbərli, kəbirli) tayfasıdır. Kəbərlər (kəbirlər) Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar. Həmin ərazi Kəbirli mahalı adlanmışdır. Qarabağ xanlığının təşkilində (XVIII əsrin ortalarında) rol oynayan kəbirlilər XIX əsrin ortalarında Qərvəndli, Ulubabalı, Qızıl Məhəmmədli, Arıq Məhəmmədli adlı dörd qoldan və qırxa yaxın tirədən ibarət olmuşdur. Başqa mənbədə isə Kəbirlilər qərvəndli və xoruzlu kimi iki hissədən, Qızıl Məhəmmədli və Arıx Məhəmmədli isə qərvəndlilərin şaxələri olduğu göstərilir. Əvvəllər Kəbirlilər Kəbirli torpağında (İmişli, Ağcabədi, Cəbrayıl və Xocavənd rayonlarında) 850 ailə olmuşdur. Kəbirlilərin bir qolu olan qərvəndlilər-ətyeməzlər, yusifli, sofular, ballılar, mərəbasanlar, bozallar, amiralılar, ağahüseynlər, dəymədağıldılar, hacıtapdıqlar, xanilər kimi hissələrə ayrılmışlar.
Bəzi tədqiqatçılar kəndin adını Qarabağın maldar ellərindən olmuş Kolanı tayfasının Qərvənd tayfasının adı ilə bağlayırlar. Mirzə Camal Cavanşir Kolanını Qarabağın böyük ellərindən biri sayır. Qarabağda və Gəncə qəzasında Qərvənd tayfasının yaratdığı kəndləri biri-birindən fərqləndirmək üçün fərqləndirici əlamət bildirən sözlər əlavə olunurdu: Ayaq Qərvənd, Hacı Qərvənd, Kəkilbəyli Qərvənd, Baş Qərvənd, Xan Qərvənd və s.
Bəzi mənbələrdə isə Xorasan ətrafından kolanı tayfasından 282 ailə XIX əsrin ortalarında Cavad qəzasına köçdüyü, Şıxavənd, Stonavənd, Papravənd, Qərvənd kimi kəndlərin əsasını qoyduqları göstərilir. Bəzi müəlliflər isə bu cür etnonimlərin Azərbaycan dilində uşaq, boy ("Nəsil, tirə" mənasında) və İran dillərinə məxsus eyni mənalı "vənd" formantı əsasında yarandığını göstərir: Qərvənd (Gərayvənd), Əlvənd, Xocavənd və s.
Azərbaycan ərazisində Qərvənd komponentli — Xanqərvənd (Goranboy), Ayaq Qərvənd, Orta Qərvənd, Baş Qərvənd (Ağdam), İmarət Qərvənd (Ağdərə), Hacı Qərvənd (Tərtər), Qərvənd (Füzuli) kimi kəndlər qeydə alınmışdır.
Xanqərvənd kəndinin Qarabağ xanının köçərilərə verdiyi ərazidə salındığı söylənilir. Kəndə Tərtərdən arx çəkilmiş, həmin arxa Xanarxı adı verilmişdir. Kənddə aşağıdakı yaşayış sahələri vardır: Eynalxanlı, Orta Qışlaq, Təklə, Əhmədxanlı, Seyidlər, Alırzalı, Mollaqaraşlar, Hacılar, Səfərli.
Təklə adını Qızılbaşların təkəli tayfası ilə bağlayırlar. Qızılbaşlar Azərbaycan, Kiçik Asiya və Suriyada yaşamış türkdilli tayfa ittifaqı olmaqla əvvəl şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsağ, qaradağlı, sonra isə bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı və s. türkdilli tayfaları birləşdirmişdir. Təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil olmuş, Türkiyə ərazisində yaşamışlar. Sonralar tayfa başçısı Qazı xanın başçılığı ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul etmiş, indiki Salyan və Mahmudabad ərazisində məskunlaşmışlar (XV əsrdə). XIX əsrin axırlarında Azərbaycanda yaşayan təklələr aşağıdakı hissələrə bölünürdü: I Təklə, II Təklə, III Təklə, Təklə-mirzəbabalı, Təklə-sofu, Təklə-şatullı, Təklə-abdulla, Təklə-xal, Təklə-axsaqlar, Təklə-ağamollalar, eyvazlılar (yaxud əmiralılar), boşçalar, talıbxanlı, budaqlı, ağamalılar, murtulu, Əli-pənahlı, avdallar, sarxanlı, bulutlu, hacılı, bozçalar, xəlfəqulular, aşıqlı. XVI əsrdə Şah Abbasın tərəfdarları tərəfindən əvvəl mövcud olmuş, əsasən türkdilli tayfaların (təklə, qədirli, ilxıçı, beydili, qaradağlı, əhmədli və s.) birliyi yaradılmış, həmin birliyə Şahsevənlər adı verilmişdir. Təklə tayfası da həmin birliyə daxil olmuşdur. Keçən əsrin əvvəllərində Mil-Qarabağ düzündə yaşayan təklələr 14 tirədən və müxtəlif nəsillərdən ibarət olmuşdur: aşıqlı, əli-pənahlılar, avdallar, əliqulular, budaqlar, bulutlu, talıbxanlı, boşçalar, hacılı, evdələr, xəlfəqulular, ağamalılar, muradxanlı, murtulu.
Azərbaycanda 6 Təklə kəndi (Goranboy, Ağsu, Cəbrayıl, Kürdəmir, Masallı, Şamaxı), Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi, Təklə diki, Təklə dərəsi (Cəlilabad rayonu. Təklə kəndi) qeydə alınmışdır. Hazırda Gürcüstan ərazisində (Borçalıda) Qaratəhlə, Təhləli kəndləri vardır. Seyidlər adını Azərbaycan tayfalarından biri olan, şahsevən tayfa qrupuna daxil olan Seyidlilərlə bağlayırlar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla maldarlıq və əkinçiliklə məşğuldurlar. Azərbaycanda olan Seyidlər və Seyidli kəndləri adlarının Seyidlilərlə bağlı olduğunu ehtimal edirlər.
Kəndin adı ərəb sözü "seyyid" sözündən olub, "ağa, cənab, tayfa başçısı" mənasını verir. Seyid — mənşəcə Məhəmməd Peyğəmbərin nəslindən (Qureyş tayfasından) olanların fəxri titulu olmuş, Ərəbistanda qəbilə və tayfa başçıları nümayəndələrinə deyilmişdir. Seyid komponentli kəndlər də seyidlərlə bağlıdır.
Respublikada Seyidlər (Zəngilan, Zərdab (2), Goranboy, Kəlbəcər, Laçın, Salyan, Xanlar, Xaçmaz), Seyidlər, Seyidsadıqlı (Salyan), Seyidli (Ağdam), Seyidbazar (Cəlilabad), Seyidqışlaq (Qutqaşen), Seyidişen (Əsgəran), Seyidlikəndyeri (Xaçmaz), Seyidmahmudlu (Füzuli) kəndləri, Seyidyurd dağı (Şəki), Seyidliçay (Gədəbəy rayonunda Zəyəmçayın sol qolu), Seyid yurdu zirvəsi (Baş Qafqaz silsiləsində) qeydə alınmışdır.
Xanqərvənddə aşağıdakı nəsillər vardır: Heydərli, Mollalar, Qaraşlar, Eynalxanlı, Xəlilli, Qara Cavadlı, Eyvazlı, Hacılar, Seyidlər, Niyazallar, Çıraqlar, Əhmədxanlı, Turabxanlı, Kolanı, Kövər, Qulular, Əlifxanlı, Hacı Hüseynli, Yusifli, Qara Muradlı, Alırzalı, Kürdbaxşalılar, Təklə, Alıqulular, Yağvallar, Qazaxlar, Dəmirbəyli, Babaşlar, Mədinəli, Davudlar, Behbudalılar, Adıgözəllilər, Zamanxanlılar, Molla Qaraşlı.
Əhməd bəy, Qaçaq Salah, Mirzə Məmmədov, Sərvər Aslanov, Vahid Çıraqzadə, İlyas Həsənov, Həşim Hüseynov, Vüqar Həşimov bu kənddə doğulmuşlar.[mənbə göstərin]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kənd Qarabağ düzündədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın göstərişi ilə Qərvənd adlı ərazidə salındığına görə belə adlandırılmışdır. "Xanın saldırdığı, xana məxsus Qərvənd kəndi" mənasındadır. Oykonimin birinci komponenti bu kəndi Qərvənd adlı digər yaşayış məntəqələrindən fərqləndirməyə xidmət edir.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4014 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
- Youtube-da bax :Bir kəndin nağılı. Qərvənd (film)
- http://www.dgtyb.org/news/1651.html Arxivləşdirilib 2012-04-22 at the Wayback Machine
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |