Yakobinlər — Vikipediya
Yakobinlər (fr. Jacobins) — Fransanın inqilab tarixində mövcud olmuş fransız siyasi cərəyanının — yakobinlər klubunun (club des Jacobins) üzvüləri. 1793–1794-cü illərdə yakobinlər diktaturasının qurucuları. Klub 1789-cu ildə milli şuranın bretonlu deputatlar fraksiyası əsasında, Parisin Müqəddəs Yakob dominikan kilsəsində yaradıldığı üçün yakobinlər adlandırılmışdır. Yakobinlər klubu fransız inqilabının gedişində böyük təsir qüvvəsinə malik olmuşlar. Məhz fransız inqilabı yakobinlər klubunun təsiri ilə inkişaf etmiş və onun taleyi ilə birlikdə məğlub olmuşdur. Yakobinlərin hakimiyyəti dövründə bir sıra radikal reformlar və kütləvi terrorlar həyata keçirilmişdir. Yakobinlər klubuna 3 cərəyan (partiya) daxildir:
- Jorj Jak Dantonun rəhbərlik etdiyi sağlar;
- Maksimillian Robespyerin başçılıq etdiyi mərkəzçilər;
- Jan Pol Maratın (ölümündən sonra Jak Rene Eberin və Pyer Qaspar Şomettin) rəhbərlik etdiyi sollar.
1791-ci ilə qədər yakobinlər ələlxüsus Maksimillian Robespyerin başçılıq etdiyi mərkəz konstitusiyalı monarxiyanın, ölkənin bütövlüyünün, milli müdafiənin əksinqilabçılara və daxili terrora qarşı gücləndirilməsinin tərəfdarı olaraq, 2 iyun 1793-cü ildə əvvəl jirondistləri sonra isə ebertistlər və dantonistləri devirərək, Maksimillian Robespyerin 9 termidor çevrilişinə qədər mühüm siyasi qüvvəyə çevrilmişlər. Yakobinlər Maksimillian Robespyerin edamından sonra termidorlar və royalistlər tərəfindən təqiblərə məruz qalırlar. 1794-cü ilin noyabrında yakobinlər klubu bağlanılır. Yakobinlər klubunun rəsmi adı: "Tam və bölünməz respublika dostları cəmiyyəti", devizi: "Azad yaşamaq və ölmək" — fr. "Vivre libre ou mourir". XIX əsrdə yakobinlər termini nəinki klub mənsublarına, hətta onları müttəfiqlərinə, eləcə də radikal siyasi cərəyanlara da şamil edilirdi.
Yaranması
[redaktə | vikimətni redaktə et]Yakobinlər klubu öz mənbəyini Breton klubundan — Baş ştatların açılışına qədər Versalda bir neçə Bretani deputatlarının yığıncağından götürmüşdür. Kral və Milli şura Parisə köçdükdən sonra Breton klubu dağılır və ona daxil olan deputatlar Parisdə şəxsi evlərdə yığıncaqlarını keçirirlər. Daha sonra yığıncaqlar Milli şuranın toplandığı manejin yaxınlığındakı kirayə götürdükləri dominikan ordeninə məxsus Müqəddəs Yakob monastrında keçirilir. Yığıncaqlarda bir neçə monaxın iştirak etdiyinə görə royalislər onları lağa qoyaraq yakobinlər adlandırmağa başlamışlar. Yakobinlər özləri isə klublarını "Konstitusiya dostları cəmiyyəti" adlandırırdılar. Əslində isə yakobinlərin siyasi amal və idealları konstitusiyalı monarxiya olmuşdur. Onlar monarxist olsalar da qanunu oz devizləri hesab edirdilər. Klubun açılma tarixi 1789-cu ilin dekabrına təsadüf etsə də onun nizamnaməsi Barnav Antuan tərəfindən tərtib edilərək 8 fevralın 1790-cı ildə qəbul olunmuşdur.
Qəzeti
[redaktə | vikimətni redaktə et]Klub öz qəzetini nəşr etdirir. Onun redaktorluğu Orlean hersoqunun oğlu Şoderlo de Lakloya tapşırılır. Qəzet isə orlanizm "Manitoru" adlandırılır. Burada XVI Lüdovikə müxalif fikir və məlumatlar dərc edilir.