Yalama döyüşü — Vikipediya
Yalama döyüşü | |||
---|---|---|---|
Tarix | 28 aprel 1920 | ||
Yeri | Xaçmaz rayonunun "Yalama" stansiyası | ||
Nəticəsi | XI Qızıl Ordunun qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
|
Yalama döyüşü — 1920-ci ilin aprel ayının 28-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş[2].
Tarixi
[redaktə | mənbəni redaktə et]1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər[2].
Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əsgərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir[2].
Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir. Belə ki, qarnizonu süvari patrullar xəbərdar etmişdirlər. Ancaq qüvvələr həddən artıq qeyri-bərabər idi. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, kiminsə köməyə yetişəcəyinə ümid yox idi[2].
İlk toqquşma stansiyaya bir kilometr qalmış baş verir. Azərbaycanlılar Yalamadan zirehli qatarlara qarşı parovoz yola salır. Məqsəd qəza törədib dəmiryolunu sıradan çıxarmaq və qatarların önünü kəsməkdir. Lakin "III İnternasional"dan iki sərrast top atəşi ilə buxar maşınının qazanı partladılır. Parovoz sürətini azaldaraq qatara çatmamış dayanır, onu itələyə-itələyə ehtiyat yola keçirirlər. Bundan sonra ağır döyüş başlanır. Zirehli qatarlardan fuqas mərmilərlə azərbaycanlı topçuların mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir[2].
Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. 350 döyüşçü son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir[2].
Rus desantı da döyüşdə ciddi itki verir. Məsələn, XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə ölür[2][3].
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Döyüş barəsində jurnalist Arif Əliyev "Yalama" povestini yazmışdır[4].
Yalama döyüşü barədə 2018-ci ildə "Əsgərlər unudulanda ölürlər" adlı sənədli film çəkilmişdir[5][6].
Mənbə
[redaktə | mənbəni redaktə et]- "ayna.az" "YouTube" kanalının "Əsgərlər unudulanda ölürlər" adlı verilişinin videosu (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Гражданская война и военная интервенция в СССР: Энциклопедия (2-ci nəşr). Sovet Ensiklopediyası. səh. 50.
- ↑ 1 2 3 4 5 6 7 Arif Əliyev. Yalama stansiyasının platformasında qatar gözləyən 350 ruha ithaf Arxivləşdirilib 2018-04-07 at the Wayback Machine. ayna.az, 11.11.2016 (az.)
- ↑ Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 76. ISBN 978-9952-36-521-4.
- ↑ "Əsgərlər unudulanda ölürlər" — "Yalama" ekranlaşdırılır Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine. aznews.az, 20.08.2018 (az.)
- ↑ Əsgərlər unudulanda ölürlər Arxivləşdirilib 2020-05-07 at the Wayback Machine. azertag.az, 11.10.2018 (az.)
- ↑ "Əsgərlər unudulanda ölürlər" sənədli filminin təqdimatı Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine. turan.az, 19.11.2018 (az.)