Çandarlılar — Vikipediya
Çandarlı ailəsi — XIV əsrin birinci yarısında Osmanlı sülaləsi ilə birlikdə tarix səhnəsinə çıxan və Osmanlı dövlətinin böyüməsində önəmli rol oynayan türk əsilli ailə.
Haqqında
[redaktə | vikimətni redaktə et]I Orxan dövründən başlayaraq II Səlimin taxta çıxışının ilk illərinə qədər üləma və siyasətçi zümrəsinə nüfuzlu şəxslər yetişdirmiş ailədir. Hal-hazırda əldə olan şəcərə sənədlərinə görə, bu ailənin bəzi nümayəndələri günümüzdə İznik bölgəsində yaşayır.
Çandarlı ailəsinin banisi olan Qara Xəlil Əfəndi ilk Osmanlı padşahı Osman Qazinin qaynatası Şeyx Ədəbalı ilə bacanaq idi və Osmanlı dövlətinin qurulmasında önəmli rol oynamışdı. Qara Xəlil Əfəndidən sonra gələn oğulları və nəvələrindən Əli Paşa, İbrahim Paşa, Xəlil Paşa və II İbrahim Paşa sədrəzəmliyə qədər yüksəlmiş dövlət adamlarıdır. Xəlil Xeyrəddin Paşanın 3 oğlundan ikincisi olan İlyas Paşa isə atası və qardaşları kimi elm sahəsinə yönəlməmiş, bəylərbəyliyinə qədər yüksələrək İldırım Bəyazid dövründə vəfat etmişdir. Məzarının harada olduğu bilinmir. Ailənin Serez kəndində yaşayan qolu İlyas Paşanın nəslindən irəliləyərək günümüzə qədər gəlmişdir. İlyas Paşanın İznikdə bəzi əsərləri və vəqf torpaqları olmuşdur. Onun 1482-ci ilin noyabrında vəfat edən oğlu Davud Çələbi İznikdə babası Xeyrəddin Paşanın türbəsində dəfn edilib. Davud Çələbinin bu şəhərdə Süleyman Paşa məscidi yaxınlığında bir çeşməsi də olduğu bilinir.
Xəlil Xeyrəddin Paşanın böyük oğlu sədrəzəm Əli Paşanın övladı olmadığından ailənin bu qolu ondan sonra sona çatmışdır. Ailə daxilində önəmli rolu olan kiçik oğlu sədrəzəm İbrahim Paşanın isə Dədəbali qızı Xanım Xatundan Mahmud Çələbi, Mehmed Çələbi, Fatma Xatun və Xədicə Xatun adında övladları dünyaya gəlmişdir. Böyük oğlu olan sədrəzəm Xəlil Paşanın anası isə başqadır.
İbrahim Paşanın oğlu Mahmud Çələbi II Murad dövründə padşahın bacısı Hafsa Sultanla evlənərək Osmanlı sülaləsinə kürəkən oldu və Bolu sancaqbəyliyinə gətirildi. Ancaq macarlarla mübarizə əsnasında Niş şəhəri yaxınlığında pusquya salınaraq əsir düşmüş, 1444-cü ildə Segedin sülhü ilə 70 min duka qızıl qarşılığında təslim alınmışdır. Mahmud Çələbinin sonrakı həyatı isə bilinmir. 1442-ci ildə İznikdə bir məscid inşa etdirmiş, vəfat etdikdə isə bura dəfn edilmişdir. Xanımı Hafsa Xatun isə onun vəfatından sonra Məkkədə vəfat etmiş, cənazəsi vətənə gətirilərək atası Çələbi Sultan Mehmedin Bursadakı türbəsinə dəfn edilmişdir.
II Murad dövrü sədrəzəmlərindən olan digər oğlu Xəlil Paşanın isə Əhməd, Yusif, Mehmed, Süleyman, Mustafa və İbrahim adından 6 oğlu, İlaldı və Esləmə adlı 2 qızı vardı. Övladlarından ilk ikisi atalarının sağlığında vəfat etmiş, üçüncü oğlu Mehmed Çələbi isə təriqətə qoşularaq dərviş həyatı yaşadı. Ancaq onun digər oğlu Süleyman Çələbi atası kimi mədrəsə təhsili alaraq atasının sağlığında başqazılığa qədər yüksəlmişdir. Ancaq atasının edamından sonra vəzifədən alınmış, 1455-ci ildə vəfat etmişdir. Məzarı İznikdə atasının türbəsində yerləşir. Süleyman Çələbinin XVI əsrin əvvəllərinə qədər yaşayan övladlarından Xeyrəddin Çələbi və 1490-cı ildə vəfat edən Mehmed Çələbinin və bunun oğlu Cəfər Çələbinin yalnız adları bilinir.
Xəlil Paşanın ən kiçik oğlu İbrahim Paşa da atası və qardaşı kimi mədrəsədə yetişdi və Ədirnə qazısı oldu. II Bəyazid dövründə sədrəzəmliyə yüksəldi. Xəlil Paşanın qızlarından Esləmə Xatun dövlət zümrəsindən Həmzə bəyin oğlu Yahşi bəylə, İlaldı Xatun isə yenə dövlət zümrəsindən Bali bəylə evləndi. Ailədən çıxan sonuncu sədrəzəm İbrahim Paşanın isə 3 xanımı və 7 uşağı vardı. Bunlardan Xızır bəyin qızı Hundi Xatundan İshaq və Xədicə Xatun adlı iki uşağı oldu. İshaq bəy daha sonra atasının və anasının Ədirnədə olan mülklərini idarə etdi və özündən sonra bu mülklər oğlu Əli bəyə keçdi.
İbrahim Paşanın ikinci xanımı olan, Belqrad mühasirəsində vəfat edən Qaraca Paşanın qızı Hundi Xatun isə Şahı-Huban Xədicə Sultan adlı bir qız uşağı dünyaya gətirdi. Bundan başqa İbrahim Paşanın Muhiddin Mehmed Çələbi, Süleyman, İsa və Hüseyn adlı 4 oğlu da oldu. Bunlardan Muhiddin Mehmed Çələbinin anası Çələbi Sultan Mehmedin qızlarından Səlcuq Sultanın qızı Xanzadə xanım Sultan idi.
Digər oğlu Hüseyn Çələbi Konya, Hələb və Diyarbəkir bəylərbəyliklərində vəzifələndirilmiş, hicri 940-cı ildə (1533-1534) vəfat etmişdir. Kiçik oğlu İsa Paşa isə mədrəsə təhsili almış, 1511-ci ildə divanda nişançı vəzirliyə qədər yüksəlmişdir. Yavuz Sultan Səlimin taxta çıxması ilə Anadolu başqazılığına gətirilmişdir. 1523-cü ildə Mentəşə, 1527-ci ildə Hələb, Qaraman və Şam bəylərbəyliyinə gətirilmişdir. Bu əsnada Hələbdə baş verən bir üsyanı qəddarcasına yatırdığı barədə şaiyələr yayılmış, bu səbəblə Sivasa sürgün edilmişdir. Ancaq Sultan Süleymanın sədrəzəmlərindən Parqalı İbrahim Paşanın dəstəyi ilə yenidən Şam bəylərbəyliyinə gətirildi və 1549-cu ildə vəfat edənə qədər bu vəzifədə qaldı.
İsa Paşanın İbrahim, Əhməd, Mehmed və Xəlil adlı 4 oğlu dünyaya gəlmişdi. Ancaq bunlardan yalnız Xəlil Çələbi haqqında məlumat var. Xəlil Çələbi 1508-ci ildə dünyaya gəlmiş, mədrəsə təhsili alaraq İstanbulda babasının mədrəsəsində müdərris olmuşdur. Daha sonra elm sahəsindən uzaqlaşaraq siyasətə qarışmışdır. 1558-ci ilin martında Afyonqarahisar sancaqbəyi oldu və eyni zamanda Şahzadə Bəyazidin oğlu Şahzadə Orxana lələ təyin olundu. Ancaq Şahzadə Bəyazidin və övladlarının edamından sonra bir müddət dövlət vəzifəsindən uzaqda qaldı. Daha sonra Budin əyalətinə dəftərdar təyin edildi. Ancaq 9 sentyabr 1565-ci ildə öz istəyilə bu vəzifədən ayrıldı. İstanbula döndükdən sonra 1570-ci ildə vəfat edənədək burada qaldı.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ahmedî, Dâstân ve Tevârîh-i Mülûk-i Âl-i Osmân (Osmanlı Tarihleri içinde, nşr. N. Atsız), İstanbul 1949, s. 14, 36-37;
- Âşıkpaşazâde, Târih, s. 40;
- Şükrullah Çelebi, Behcetü’t-tevârîħ (Osmanlı Tarihleri içinde, Osmanlılar’la ilgili kısım, nşr. N. Atsız), İstanbul 1949, s. 55;
- Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 20-22, 92-94;
- Neşrî, Cihânnümâ (Unat), I, 154, 190;
- Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 69, 90, 321;
- Âlî, Künhü’l-ahbâr, İstanbul 1277, V, 52;
- Hammer (Atâ Bey), II, 214;
- Gökbilgin, Edirne ve Paşa Livası, s. 100;
- İ. Hakkı Uzunçarşılı, Çandarlı Vezir Ailesi, Ankara 1986;
- a.mlf., “Çandarlı”, İA, III, 351-357;
- Fr. Taeschner # P. Wittek, “Die Vezirfamilie der Ğandarlyzāde (14./15. Jhdt.) und ihre Denkmäler”, Isl., XVIII/1-2 (1927), s. 60-115;
- V. L. Ménage, “Djandarlı”, EI² (İng.), II, 444-445.