Şimal İES — Vikipediya
Şimal İES | |
---|---|
Şimal istilik elektrik stansiyası | |
| |
Ümumi məlumatlar | |
Sahibi | Azərenerji ASC |
Status | İşlək |
Tikilmə tarixi | 1950 |
İstismara verilib | 2002 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 800 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Əsas yanacaq | Qaz |
Turbin tipi | Buxar |
Yerləşməsi | |
40°29′56″ şm. e. 50°12′32″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Şimal İES (tam adı: Şimal İstilik Elektrik Stansiyası) — Şimal İstilik Elektrik Stansiyası Bakıda yerləşir.[1] İki elektrik stansiyasından ibarətdir: Şimal-1 və Şimal-2. Hər ikisi bir mərkəzdən idarə olunur. Ümumi gücü ildə 5.7 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. İki elektrik stansiyası Azərbaycan Respublikasında elektrik enerjisi istehsalının 20% -ni və Bakıda və Abşeron yarımadasında təxminən 40–50% -ni təmin edir.
1950-ci illərdə iki mərhələdə istifadəyə verilən "Şimal" Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq "Şimal-1" stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq "Şimal-2" Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq "Şimal-2" Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Ümumi qoyuluş gücü 800 MVt olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.
Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisisteminin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.
Stansiyada Yaponiyanın "Mitsubishi" şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, "Şimal" Elektrik Stansiyasının "Sumqayıt ES" və "Abşeron YS" ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.
"Şimal-1" və "Şimal-2" elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40–50 faizini təşkil edəcək. "Şimal" Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, "Şimal" Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur. Bu məqsədlə Xəzər dənizindən 140 metr uzunluğunda soyuducu su kanalı, hovuz, su xətti və ümumi məhsuldarlığı saatda 52 min kubmetr olan sahil nasos stansiyası, o cümlədən buxar turbininin kondensatorundan çıxan soyuducu suyun Xəzər dənizinə qaytarılması üçün boru xətti inşa olunub. Stansiyanın texniki və içməli suya olan tələbatının təmin edilməsi və su ehtiyatının yaradılması məqsədilə ərazidə duzsuzlaşdırma qurğusu və digər zəruri infrastruktur yaradılıb. Stansiyanın yanğın təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə yanğınsöndürmə sistemi də müasir səviyyədə qurulub.
Ətraf mühitin mühafizəsi məqsədilə stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi qurğuları inşa olunub. Stansiyanın avadanlıqlarının normal istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları, müxtəlif müasir dəzgahlarla komplektləşdirilmiş mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə sistemi yaradılıb.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycanda olan elektrik stansiyalarının siyahısı" (rus). ternopilinfo.in.ua. İstifadə tarixi: 2019-09-11.[ölü keçid]