Bakı–Supsa neft kəməri — Vikipediya
Bakı–Supsa neft kəməri | |
---|---|
Ümumi məlumatlar | |
Başlayır | Bakı |
Bitir | Supsa |
İstismara verilib | 17 aprel 1999 |
Operatoru | Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti |
Uzunluğu | 837 km |
Diametri | 530 mm |
Yerləşməsi | |
Ölkələr |
Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri) — Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilmişdir. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanmış və 1999-cu ilin martına qədər davam etmişdir. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənmişdir. QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.[1]
Hazırlıq işləri
[redaktə | vikimətni redaktə et]1995-ci ilin oktyabr ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) rəhbər komitəsi ilkin neftin Rusiya və Gürcüstan ərazisi ilə ixracı üçün iki marşrut haqqında qərar qəbul etdikdən sonra neft boru kəmərlərinin çəkilişi ilə bağlı işlər intensivləşdi. Hər iki ölkənin hökuməti ilə danışıqlar paralel şəkildə aparılırdı. Rusiya ilə tranzit haqqında sənədlərin imzalanmasından bir ay keçməmiş, 1996-cı ilin mart ayının 8-də Azərbaycan Respublikası ilə Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəql olunmasına dair hökumətlərarası saziş imzalandı. Sazişin imzalanması ilə Bakı-Supsa neft boru kəmərinin keçəcəyi marşrutun texniki-iqtisadi aspektlərinin öyrənilməsi və layihələşdirilməsi prosesi sürətləndi. Boru kəmərinin buraxılış gücü ildə təxminən 5 milyon ton nəzərdə tutulurdu. Səngəçal terminalından Supsa limanınadək uzunluğu 926 km olan boru kəmərinin 788 km-lik hissəsi istifadə üçün yararlı hesab edilirdi. Qalan 138 km məsafədə isə yeni neft borusunun çəkilməsi planlaşdırılırdı. Marşrut boyu 6 nasos stansiyası və ixrac olunan neftin qeydiyyatı sistemi quraşdırılmalı idi.
1996-cı il oktyabrın 10-da ABƏŞ-in iki illik fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə xarici neft şirkətləri konsorsiumu nümayəndələrinin bildirdiyinə görə, Qərb marşrutu layihəsinin 1997-ci ilin birinci rübündə hazır olması gözlənilirdi. Boru kəmərinin tikinti işlərinə həmin ilin mart ayında başlanması və 1998-ci ilin sonunda yekunlaşdırılması planlaşdırılırdı. ABƏŞ 1996-cı ilin dekabr ayında Qərb boru kəmərinin inşası üçün müsabiqə elan etdi. Müsabiqədə ABŞ, İtaliya, Avstraliya, Türkiyə, Fransa, Böyük Britaniya, Azərbaycan və s. ölkələrin şirkətləri iştirak edirdilər. Şirkətlərdən daxil olan təklifləri öyrənən ABƏŞ 1997-ci ilin aprelində Bakı-Supsa boru kəmərinin tikintisi və bərpası üçün tenderin yekunlarını elan etdi. Verilən məlumata görə boru kəmərinin Azərbaycan hissəsini "Tekfen-Azfen" Azərbaycan-Türkiyə müştərək müəssisəsi, Gürcüstan hissəsini isə "Makkonnell Douell midl ist" şirkəti (Avstraliya) inşa etməli idi. Layihəyə görə, Səngəçal terminalından Gürcüstan sərhədlərinədək olan Azərbaycan ərazisində 421 km uzunluğunda mövcud boru xətti bərpa olunmalı və 47 km uzunluğunda hissəsi yenidən tikilməli idi. Gürcüstan ərazisində isə 340 km uzunluğunda boru kəmərinin bərpası, 39 km məsafədə isə yeni hissəsinin çəkilişi nəzərdə tutulurdu. ABƏŞ-in məlumatına görə Qərb boru kəmərinin tikintisinə 315 milyon dollar büdcə ayrılmışdı. Həmin vəsaitin 150 milyon dolları 1997-ci ildə, qalan hissəsi isə 1998-ci ildə inşa işləri başa çatanadək xərclənməli idi.
Tikintisi
[redaktə | vikimətni redaktə et]Beləliklə, tikinti işlərini yerinə yetirən şirkətlərin seçilməsi və büdcənin müəyyən edilməsindən sonra boru kəmərinin inşasına başlanıldı. Tikintinin başlanmasındakı ləngimə işlərin sıx qrafiklə aparılmasına sövq edirdi. Digər tərəfdən, gərgin iş rejiminin müəyyən olunması həm də onunla bağlı idi ki, Şimal boru kəmərinin gözlənilən vaxtda işə düşəcəyinə bəslənilən ümidlər də özünü doğrultmadı. Belə ki, 1996-cı ilin dekabrında Bakı-Novorossiysk boru xəttinə vurulmağa başlayan Azərbaycan nefti 1997-ci ilin fevral ayında iki ölkənin sərhədinə çatsa da, Rusiya onu qəbul edib Qara dəniz limanına ötürməyə hazır olmadı. Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinin əvvəlcə may ayına keçirilməsinə baxmayaraq, bu prosesə yalnız oktyabrın 25-də başlamaq mümkün oldu. Buna görə də Qərb boru kəmərinin nəzərdə tutulan vaxtda tikilərək istifadəyə verilməsi Azərbaycanın və xarici neft şirkətlərinin maraqlarına uyğun idi.
İlk dövrdə boru kəmərinin tikintisi tərtib olunmuş qrafikə əsasən aparılırdı. Lakin podratçı şirkətlər 1998-ci ilin əvvəlində boru xəttinin mövcud hissəsində sınaq işləri həyata keçirdiyi zaman vaxtilə çəkilmiş boruların təzyiqə davam gətirmədiyi üzə çıxdı. Buna görə də ABƏŞ nümayəndələri kəmərin həmin hissəsində yeni boruların çəkilməsinin zəruriliyini əsas götürərək, 1998-ci ilin mart ayında bildirdilər ki, Qərb boru kəmərinin inşası nəzərdə tutulduğu kimi, ilin sonunda başa çatmayacaq. Beləliklə, aydın oldu ki, tikinti işləri ərəfəsində Bakı-Supsa boru kəmərinin vəziyyətini öyrənən ABƏŞ-in podratçı şirkəti "Fluor Daniel" qiymətləndirmədə səhvə yol vermişdir. Aparılan sınağın nəticələri layihənin büdcəsinin artırılmasını zəruri edirdi.
1998-ci ilin aprelində ABƏŞ-in rəhbər komitəsinin iclasında Qərb boru kəmərinin çəkilməsi üçün nəzərdə tutulan büdcənin 315 milyon ABŞ dollarından 590 milyon dollara qədər artırılması haqqında qərar qəbul edildi. Layihənin texniki göstəriciləri dəyişmirdi. Yəni, kəmər 24 düymlük borularla inşa edilməli idi. ARDNŞ boru kəmərinin buraxılış qabiliyyətinin ildə 5 milyon ton həcmində saxlanmaqla büdcəsinin artırılmasına etiraz etdi. Həmin texniki göstəricilərlə Qərb boru kəmərinin öz xərclərini ödəməyəcəyini əsas götürən ARDNŞ onun tikintisinə tələb olunan əlavə 275 milyon dolların ABƏŞ-ə qaytarılmayacağını bildirdi. Bununla da ARDNŞ ilə xarici neft şirkətləri arasında fikir ayrılığı yarandı. Azərbaycan öz maraqlarını qoruyaraq tələb olunan əlavə maliyyə vəsaitinin səhvə yol vermiş podratçı şirkət tərəfindən ödənilməli olduğunu əsaslandırırdı. Xarici şirkətlər isə bu mövqe ilə razılaşmaq istəmirdilər. Belə halda layihənin reallaşması təhlükə ilə üzləşirdi.
Yaranmış vəziyyətdən çıxış yolu kimi, Azərbaycan boru kəmərinin buraxılış gücünün artırılmasını təklif etdi. Bu təklifə görə, boru kəməri diametrinin 24 düymdən 42 düymə qədər genişləndirilməsi məqbul hesab edilirdi. Belə şəraitdə layihənin büdcəsi 1 milyard dollara çata bilərdi. Amma ARDNŞ-in mövqeyi ondan ibarət idi ki, Qərb boru kəmərinin yeni variantda inşası gələcəkdə onun Bakı-Ceyhan Əsas İxrac Boru Kəmərinin bir hissəsi kimi istifadə olunmasına imkan verdiyi üçün əlavə maliyyə vəsaitinin sərfiyyatına haqq qazandırmaq olardı. Lakin xarici neft şirkətləri ARDNŞ-in təklifini qəbul etmədilər və mayın 27-də rəhbər komitənin iclasında Qərb boru kəmərinin tikintisini ABƏŞ-in öz maliyyə vəsaiti hesabına başa çatdırmaq haqqında qərar qəbul olundu. Beləliklə, ARDNŞ ilə ABƏŞ arasında fikir ayrılığına baxmayaraq, layihənin icrası davam etdirildi. Qərb boru kəmərinin xərclərinin ödənilməsi məsələsində razılıq əldə olunmasa da, konsorsium onun tikintisində qətiyyət göstərdi və 1998-ci ilin sonunda işi əsasən başa çatdırdı. Artıq dekabrın 10-da Bakı-Supsa kəmərinin "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş ilkin neft ilə doldurulmasına başlanıldı. Boru kəmərinin doldurulmasına bir neçə ay tələb olunurdu. Həmin müddət ərzində Supsa terminalının inşası başa çatdırılmalı idi. Bütün işlərin 1999-cu ilin aprelində yekunlaşdırılması nəzərdə tutulurdu.
Tikinti işləri qrafik üzrə aparılırdı. Gürcüstan boru kəməri şirkətinin 1999-cu il fevralın 20-də yaydığı bəyanatda Supsa limanında üzən neftvurma terminalının quraşdırılmasının sona çatdığı bildirilirdi (8). Sahildən 3 km aralı inşa edilmiş və dənizdə ən güclü qasırğaya davamlı olan terminalda tutumu 150 min tona çatan tankerlərin neftlə doldurulması mümkün idi. 1998-ci ilin dekabrında Səngəçal terminalından vurulan xam neft 1999-cu il martın 11-də Supsa terminalına çatdı (19). Burada neftin çənlərə doldurulması ilə Bakı-Supsa ixrac boru kəmərinin fəaliyyətə başlaması üçün son hazırlıq işlərinə start verildi. Aprelin 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi oldu.
Texniki göstəricilər
[redaktə | vikimətni redaktə et]Texniki göstəricilərinə görə regionda fərqlənən Qərb boru kəmərinin uzunluğu 827 kilometrdir. Diametri 530 mm olan kəmərin 772 kilometrlik hissəsi yeni polad borulardan çəkilmiş, qalan 55 kilometrlik sahəsi isə əsaslı təmir olunmuşdur. Boru kəmərinin sabit fəaliyyətinin təmin edilməsi üçün 6 nasos və 2 təzyiqazaldan stansiya quraşdırılmışdır. İllik nəqletmə gücü 5,1 milyon ton (gündəlik ötürmə qabiliyyəti 115 min barrel) olan Qərb boru kəmərindən axan neftin qəbul edilməsi məqsədilə Supsa terminalında hər birinin tutumu 250 min barrel (ümumi həcmi 400 min ton) təşkil edən 4 neft çəni tikilmişdir.
Əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Bakı-Supsa neft kəməri Azərbaycan və Gürcüstanın iqtisadi və siyasi inkişafında mühüm rol oynayır. Regionda investisiya qoyuluşunun artmasında, sosial rifahın yüksəlməsində, siyasi sabitliyin təmin olunmasında Qərb boru kəmərinin özünəməxsus yeri var. Onun inşa olunmasında iştirak edən 4 min nəfərdən artıq işçinin 70 faizi Azərbaycan və Gürcüstan vətəndaşları olmuşdur. Boru kəmərinin neft şirkətləri üçün iqtisadi səmərəliliyi müəyyən olunmuş nəqletmə tarifləri ilə şərtlənirdi. Əgər Novorossiysk limanına çıxan Şimal boru kəməri ilə hər ton neftə görə tarif 15, 67 dollar təşkil edirdisə, Bakı-Supsa Qərb ixrac marşrutu ilə 1 ton neftin nəqletmə tarifi 3,14 dollar (1 barrelə görə isə 0,43 dollar) idi. Həmin tranzit tarifinin hər ton neft üçün 1,20 dolları (hər barrel üçün 0,17 dollar) Gürcüstanın, qalanı isə Azərbaycanın payına düşürdü. Beləliklə, Şimal marşrutu ilə müqayisədə daşınma tariflərinin xeyli aşağı olması Qərb boru kəmərinin rəqabət qabiliyyətini ciddi şəkildə artırırdı. Buna görə də Bakı-Supsa ixrac boru kəmərinin istifadə olunması həm xarici neft şirkətləri, həm də Azərbaycan üçün iqtisadi baxımdan sərfəli idi. Hesablamalara görə, neftin Qərb boru kəməri ilə ixrac edilməsi o zamankı qiymətlərlə Azərbaycana ildə 70-100 milyon dollar qənaət etməyə imkan yaradırdı.
Bakı-Supsa boru kəmərinin texniki-iqtisadi baxımdan sərfəli olması ABƏŞ-in bu marşrutun imkanlarından maksimum istifadə etməsini şərtləndirirdi. Lakin 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi və son illərdə "Əsrin müqaviləsi" çərçivəsində hasilatın səviyyəsinin aşağı düşməsi Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin azlmasına səbəb oldu. Əgər 2012-ci ildə Bakı-Supsa marşrutu ilə 4 milyon ton neft ixracı planlaşdırılırdısa, həmin boru xətti ilə nəql olunan neftin həcmi 2 milyon 742 min ton təşkil etdi.[2]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Bakı-Supsa QİBK". 2014-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20.
- ↑ "İxrac marşrutlarının şaxələndirilməsi: Bakı-Supsa neft boru kəməri". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20.