Azərbaycan Konstitusiyası — Vikipediya
Azərbaycan Konstitusiyası | |
---|---|
Növ | konstitusiya |
Ölkə | |
İmzalanıb | 12 noyabr 1995 |
İlk nəşr | 27 noyabr 1995 |
Cari nəşr | 26 sentyabr 2016 |
Elektron versiya Vikimənbədə |
Azərbaycan Respublikasının Konstitusiyası — Azərbaycan Respublikasının əsas qanunu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycan konstitusiyaları
[redaktə | mənbəni redaktə et]Azərbaycan SSR Konstitusiyası — Azərbaycan SSR-nin ictimai və dövlət quruculuğunu, dövlət hakimiyyəti və idarə orqanlarının təşkilat və fəaliyyət prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini, bu vəzifələrin həyata keçirilməsinin maddi və hüquqi təminatlarını, seçki sistemini müəyyən edən əsas qanun, bütün qanunların hüquqi əsası.
Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Sosializm cəmiyyəti qurmaq vəzifəsini qarşıya qoyan bu Konstitusiya respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyəti simasında şəhər və kənd proletariatın diktaturasını, torpaq, sənaye, bank, nəqliyyat və s.-nin milliləşdirilməsini qanuniləşdirdi, əməkçi kütlələrə demokratik hüquq və azadlıqlar vermişdir.[1]
Respublikanın ictimai-siyasi və iqtisadi-mədəni sahədə inkişafı ilə əlaqədar 14 mart 1925-ci ildə 4-cü, 26 mart 1927-ci ildə 5-ci, 14 fevral 1931-ci ildə 7-ci və 11 yanvar 1935-ci ildə 8-ci Ümumazərbaycan Sovetlər qurultayında Konstitusiyayada dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan SSR Konstitusiyası SSRİ Konstitusiyası əsasında, 14 mart 1937-ci ildə Fövqəladə 9-cu Ümumazərbaycan Sovetlər qurultayında qəbul olmuşdur. İstismarçı siniflərin ləğvi ilə respublikada antaqonist ziddiyyətlərin aradan qalxması, fəhlə sinfi ilə kəndlilərin ittifaqı və xalqın mənəvi-siyasi birliyinin möhkəmlənməsi nəticəsində yaranmış ictimai və dövlət quruluşunu əsasları Konstitusiyada təsbit edilmişdir.[1]
Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.[mənbə göstərin]
1995-ci il konstitusiyası
[redaktə | mənbəni redaktə et]Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi.
Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı — respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi[2]:
- İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir);
- Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır;
- Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib;
- Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur;
- Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir;
- Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir;
- İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz;
- Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir[3]:
- Birinci bölmə. Ümumi müddəalar;
- I fəsil. Xalq hakimiyyəti.
- II fəsil. Dövlətin əsasları.
- İkinci bölmə. Əsas hüquqlar, azadlıqlar və vəzifələr;
- III fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları.
- IV fəsil. Vətəndaşların əsas vəzifələri.
- Üçüncü bölmə. Dövlət hakimiyyəti;
- V fəsil. Qanunvericilik hakimiyyəti.
- VI fəsil. İcra hakimiyyəti.
- VII fəsil. Məhkəmə hakimiyyəti.
- VIII fəsil. Naxçıvan Muxtar Respublikası.
- Dördüncü bölmə. Yerli Özünüidarəetmə;
- IX fəsil. Bələdiyyələr.
- Beşinci bölmə. Hüquq və qanun;
- X fəsil. Qanunvericilik sistemi.
- XI fəsil. Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər.
- XII fəsil. Azərbaycan Respublikasının konstitusiyasına əlavələr.
Keçirilmiş referendumlar
[redaktə | mənbəni redaktə et]2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur.[4]
2002-ci il referendumu
[redaktə | mənbəni redaktə et]1995-ci ildə qəbul olunmuş konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ilk referendum 2002-ci ildə keçirildi. Azərbaycan Respublikası prezidentinin 22 iyun 2002-ci il tarixli 722 saylı fərmanına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası referendum aktının yeni layihəsi 24 avqust 2002-ci ilə təyin olunmuş ümumxalq səsverməsinə (referenduma) çıxarıldı. Azərbaycan Respublikası Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, ümumxalq səsverməsinin göstərilən tarixdə keçirilməsini təmin etdi.
2009-cu il referendumu
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlı ikinci referendum 2009-cu ildə keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Referenduma hazırlıq və onun keçirilməsi prosesi sistemli, mütəşəkkil, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş təqvim planı əsasında aparılmışdır. Bu işlərə əsasən seçki təşkilatçılarının beynəlxalq qurumlarla yanaşı və onların təklifi ilə respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi respublikanın Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin bütün yerli icra hakimiyyəti başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə referendum prosesinə müdaxilənin yolverilməzliyinə dair regional məlumat sessiyaları keçirmişlər.
Referendum təyin edildikdən sonra aktiv seçki hüququna malik olan 600 mindən çox vətəndaşı əhatə edən referendum üzrə təşviqat qruplarının 9-u Mərkəzi Seçki Komissiyasında, 124-ü isə dairə seçki (referendum) komissiyalarında qeydə alınmışdır. Səsvermənin lazımi səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, seçki (referendum) məntəqələri kifayət qədər kabinə və səsvermə qutuları ilə təmin edilmişdir. Səsvermə seçicilərin 70,83%-nin iştirakı ilə keçmişdir[5].
2016-cı il referendumu
[redaktə | mənbəni redaktə et]18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı[6]. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi.
Həmin tarixlə Prezident sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi[7].
Azərbaycan Respublikasının Konstitusiya günü
[redaktə | mənbəni redaktə et]1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi[8]. Azərbaycanda 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum (2016)
- Azərbaycan Respublikasının Konstitusiya günü
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Азәрбајҹан ССР Конститусијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 174.
- ↑ "Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
- ↑ "e-qanun.az". 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
- ↑ ""Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
- ↑ "Azərbaycan Konstitusiyası". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.
- ↑ "Azərbaycan Respublikasının prezidentinin rəsmi internet səhifəsi". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.
- ↑ "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.
- ↑ "Azərbaycan Respublikasının Əmək Məcəlləsi". 2017-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.