Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2011) — Vikipediya
Azərbaycanda təkrar, əlavə və yəni bələdiyyə seçkiləri | ||||
---|---|---|---|---|
30 noyabr 2011 | ||||
Seçici fəallığı | 23.46%[1] | |||
Rəhbər | İlham Əliyev | |||
Partiya | Yeni Azərbaycan Partiyası |
Azərbaycanda təkrar, əlavə və yəni bələdiyyə seçkiləri (2011) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilərdə nəticəsi ləğv olunmuş 9 bələdiyyəyə və digər bələdiyyələrdə müxtəlif səbəblərdən boşalmış üzv yerləri üçün keçirilmiş seçkilər. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.
Zəmin
[redaktə | vikimətni redaktə et]23 dekabr 2009-cu il tarixli bələdiyyə seçkiləri yekunlaşdıqdan sonra, 11 yanvar 2010-cu il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının iclası baş tutmuş, iclasda 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsinin nəzərə alınması haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə (Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələri) seçkilərin etibarsız hesab edilməsi, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilmiş bütün 1709 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə alınması haqqında qərar çıxarılmışdır.[2]
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 29 sentyabr 2011-ci il tarixli iclasında alınan qərarla bələdiyyələr üzrə boş qalan yerlərə seçkilər 30 noyabr 2011-ci il tarixinə təyin olunmuşdur. Bəzi bələdiyyələrdə üzv sayı kvorum sayından aşağı düşdüyü üçün boşalan yerlərə seçkilər də keçirilməsi qərara alınmışdır. Belə bələdiyyələrin sayı 330, üzv sayı isə 460 olmuşdur.[3]
2010-cu il parlament seçkilərində bitərəf deputat seçilmiş Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyası 31 may 2011-ci il tarixində qeydiyyata alınmışdır.[4]
Seçki sistemi
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.[5]
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.[5]
Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. Əgər ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmışsa həmin bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.[5]
Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkilərini baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə və həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə seçki nəticələri etibarsız sayılır.[5]
Bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrae seçkilər təyin olunur. Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.[5]
Partiyalardakı vəziyyət
[redaktə | vikimətni redaktə et]Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası bundan öncəki seçkilərdə total saxtakarlıq faktlarının olduğunu iddia etmiş və seçkilərdə iştirakdan imtina etmişdir. Müsavat Partiyası öz üzvlərinə fərdi təşəbbüslə seçkilərdə iştirakda sərbəstlik tanımışdır.[6]
Ana Vətən Partiyası seçkilərdə 10 namizədlə iştirak qərarı almışdır.[6]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə 30-a yaxın namizədlə iştirak qərarı almışdır.[7]
Namizədlər
[redaktə | vikimətni redaktə et]7 noyabr 2011-ci il tarixində bələdiyyə üzvlüyünə namizədlik prosesi yekunlaşmış, təbliğat-təşviqat prosesi başlamışdır. Bu proses 29 noyabr saat 08:00-da yekunlaşmışdır. 7 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, seçki dairəsi və 330 bələdiyyə üzrə 1567 nəfərin namizədliyi qeydə alınmış və onlardan 6 nəfərin namizədliyi geri götürülmüşdür.[8]
Seçki Məcələssinə əsasən bələdiyyə seçkilərinə ən az 48 saat qalanadək namizədliyin geri götürülmə prosesinə izin verilir.[9]
Seçki günü 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər yarışmışdır. Namizədlərdən 305-i qadın, 1244-ü kişi olmuşdur. Namizədlərdən 709-u bitərəf, 840-ı isə Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Yeni Azərbaycan Partiyası üzvləri olmuşdur.[10][11]
20 noyabr 2011-ci ildə keçirilən bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin partiya mənsubiyyəti aşağıdakı kimi olmuşdur:[12]
Ümumilikdə 86 seçki dairəsinin[13] 1169 seçki mənqətəsi üzrə keçirilən seçkilərdə qeydə alınmış seçicilərin sayı 1 milyon 155 min 864 nəfər idi. Seçkilərə hazırlıq prosesi başlanan gündən boş qalan yerlərə seçilmək üçün 1627 nəfər müraciət edərək imza vərəqələri götürmüşdür. Onlardan 1588-i imza vərəqələrini qaytarmış, 1567 nəfərin isə namizədliyi qeydə alınmışdır. Bu şəxslərdən 11-i namizədliyindən imtina etmiş, 10 nəfər isə sənədlərində ciddi çatışmazlıqların olduğundan qeydiyyata alınmamışdır. Daha sonra qeydə alınmış namizədlərdən 16-sı öz ərizəsi ilə mandatından imtina etmiş, 2 nəfər isə ölmüşdür.[14]
Seçkilər
[redaktə | vikimətni redaktə et]30 noyabr 2011-ci il tarixində Azərbaycanda təkrar, əlavə və yəni bələdiyyə seçkiləri keçirilmişdir. Bu seçkidə 9883 müşahidəçi dairə seçki komissiyalarında, 40 müşahidəçi isə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişdir.[10]
Ümumilikdə ən aşağı seçici aktivliyi 14,43% ilə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə, ən yüksək seçici aktivliyi isə 38,70% ilə 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə qeydə alınmışdır.[15]
Saat | Ümumi |
---|---|
10:00 | 6.89%[10] |
12:00 | 13.79%[10] |
15:00 | |
17:00 | 21.75%[16] |
Yekun | 23.46%[1] |
Nəticələr
[redaktə | vikimətni redaktə et]İlkin seçki nəticələri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunmuşdur. Komissiya tərəfindən 329 bələdiyyə üzrə keçirilmiş seçkilər etibarlı hesab olunmuş, lakin 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi üzrə Bədəlli bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələri etibarsız hesab olunmuşdur.[17]
Yekun seçki nəticələri 12 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunmuşdur. Belə ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 11 saylı, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 15 saylı, 62 saylı Saatlı seçki dairəsinin 1 saylı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 46 saylı,86 saylı İsmayıllı seçki dairəsinin 31 saylı və 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir. 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi üzrə 15 saylı seçki məntəqəsindəki səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı Bədəli bələdiyyəsinə keçirilmiş yeni seçkilərin də etibarsız hesab olunması barədə qərar qəbul edilmişdir.[18]
Ümumi
[redaktə | vikimətni redaktə et]Seçkilərin ümumi nəticəsi aşağıdakı kimi olmuşdur:[19]
Etibarlı | Etibarsız | Ümumi | |
Bələdiyyə sayı | 329 | 1 | 330 |
Üzv sayı | 433 | 1 | 434 |
Dairə sayı | 86 | 0 | 86 |
Seçici sayı | - | - | 1 155 864 |
Səslər | 270 454 | 1 055 | 271 509 |
Seçici fəallığı | - | - | 23.46% |
Qanun pozuntuları və etirazlar
[redaktə | vikimətni redaktə et]Azərbaycan Ümid Partiyası seçki nəticələri açıqlandıqdan sonra 6 namizədindən heç birinin bələdiyyə üzvü seçilmədiyi məlum olmuşdur. Partiya bələdiyyə seçkilərinin "ədalətsiz və qeyri demokratik" hesab etməsi ilə bağlı bəyanat yaymışdır.[20]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "Azərbaycanda bələdiyyə seçkilərində seçicilərin 23,46 faizi səs verib". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "MDB PAA DİMBİ-nin Bakı filialının 2009-cu il Azərbaycanda Bələdiyyə seçkiləri haqqında ümumi məlumatı". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.
- ↑ "Azərbaycanda boş qalan bələdiyyə yerlərinə seçkilər noyabrın 30-da keçiriləcək (ƏLAVƏ OLUNUB)". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
- ↑ "2022-ci il üzrə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar haqqında məlumat". 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ 1 2 3 4 5 "AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ". 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- ↑ 1 2 "Müxalifət təkrar bələdiyyə seçkilərinə qatılmır". 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ ""Gültəkin Hacıbəylinin etirazı qisasa oxşayır"- Müsahibə". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Bələdiyyə seçkilərinin təşviqat kampaniyası başlandı". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ". 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- ↑ 1 2 3 4 "Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilir". 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
- ↑ "Mərkəzi Seçki Komissiyasının sədri mətbuat konfransı keçirmişdir". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "AZƏRBAYCAN RESPUBLİKASI BƏZi BƏLƏDİYYƏLƏRƏ TƏKRAR, ƏLAVƏ VƏ YENİ SEÇKİLƏR 30 noyabr 2011-ci il "DEMOKRATİYANI ÖYRƏNMƏ" İCTİMAİ BİRLİYİNİN SEÇKİLƏRİN MÜŞAHİDƏSİNƏ DAİR YEKUN HESABATI Bakı, dekabr 2011-ci il". 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "30 noyabr 2011-ci il tarixdə təkrar, əlavə və yeni seçkilər keçiriləcək bələdiyyələr haqqında M Ə L U M A T". 2013-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "Bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər şəffaf, demokratik keçmişdir". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "Dairələr üzrə seçici aktivliyi". 2013-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı müşahidə olunur". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "Azərbaycanda bir bələdiyyədə keçirilən seçkilərin nəticələri ləğv olunub". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI BƏZİ BƏLƏDİYYƏLƏRƏ KEÇİRİLMİŞ TƏKRAR, ƏLAVƏ VƏ YENİ SEÇKİLƏRƏ YEKUN VURMUŞDUR". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "TƏKRAR, ƏLAVƏ VƏ YENİ BƏLƏDİYYƏ SEÇKİLƏRİ 30 noyabr 2011-ci il Səsvermənin ümumi yekunlarına dair MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ PROTOKOLU" (PDF). 2022-07-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-13.
- ↑ "ümid Partiyasından seçki saxtakarlığına etiraz bəyanatı". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.